• cümə axşamı, 28 mart, 13:14
  • Baku Bakı 16°C

“Nəticə yaxşı olanda, zəhmət çəkənin bütün yorğunluğu çıxır”

01.08.19 20:23 17867
“Nəticə yaxşı olanda, zəhmət çəkənin bütün yorğunluğu çıxır”
"Şirkətlər tərəfindən xam pambığın tədarük qiymətinin artırılması, pambıq istehsalçılarına subsidiyaların verilməsi bu sahənin inkişafına stimul verdi. 2012-ci ildən pambıqçılıqla məşğulam. Həm zavodda işləyirəm, həm də əkin sahəm var. Əvvəllər qiymətlər çox aşağı idi. Daha sonra hər tona 100 manat subsidiya ayrıldı. Bu məbləğ fermerlərin kartına köçürülür. Əvvəl qazanc əldə edə bilmirdik. Əkirdik, ziyana gedirdik. Gübrələrdən səmərəli istifadə edə bilmirdik. Güzəştlər ayrılandan sonra dəyişiklik oldu. Zavodlardan 70 faiz güzəştlə gübrə götürüb istifadə edirik. İndi fermerlər qazanc əldə edə bilirlər”. Bu sözlər Sabriabad rayonunun Nizamikənd kəndinin fermeri Qeyrət Şükürova məxsusdur.
Fermer deyir ki, əvvəl hektara 200-300 manat əldə edirdisə, indi bu məbləğ xeyli artıb: "Bir neçə il öncə əkirdik, zavodun borcunu bağlayırdıq, əlimizdə heç nə qalmırdı. İndi camaatın da əkin-biçinə marağı artıb. Elə mən özüm 20 hektar əkmişəm. Hazırda bir hektara 2-3min qazanc əldə etmək olur”.
Məlumat üçün bildirək ki, bu ilin 6 ayı ərzində Azərbaycanın kənd təsərrüfatında 13 faiz artım qeydə alınıb.

Texnikanın qiymətində 30 faiz ucuzlaşma var

Srağagün Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu il nazirliyin əsas məqsədi fermerlərin yanında olmaq, onların üzləşdikləri problemlərin həllində yaxından iştirak etməkdir: "Bizim əsas qayğımız və vəzifəmiz əkin balansımızı təşkil edən taxılçılıqla bağlı olub. Bu il 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Həyata keçirilən tədbirlər nəticəsində əsas məsələ düzgün texniki təminatın təmin edilməsi olub. Belə ki, hər il fermerlərimiz bu sahə ilə bağlı çoxsaylı müraciətlər ediblər. Amma dislokasiya sisteminin qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da bu il daha yüksək olub. Ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner daha çox məhsul əldə edilib. Bununla yanaşı, hazırda qarşımızda duran əsas vəzifə pambıqçılığın inkişafı ilə bağlıdır. Pambığın tədarükü növbəti aydan - sentyabrdan başlayacaq. Həm texnika, həm də gübrə ilə tam təminat üçün işlər həyata keçiriləcək”.
Nazir qeyd edib ki, artıq dövlət tərəfindən tətbiq edilən güzəştlər və subsidiyalar bütün təchizatçı şirkətlərə tətbiq edilir. Bazarda texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma baş verib. Gübrənin həm əlçatanlığı təmin ediləcək, həm də qiymətində kifayət qədər ucuzlaşma baş verəcək: "Hazırda bizim qarşımızda duran vəzifə gübrənin əlçatanlığını daha da yaxşılaşdırmaqdır. Çünki bəzi hallarda fermerlərimiz gübrənin əldə edilməsi üçün böyük məsafələr qət etməyə çalışırlar. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi bu ildən gübrənin səyyar satışını həyata keçirib və onu fermerlərin birbaşa həyətlərinə və təsərrüfatlarına çatdırıb”.

Elektron kənd təsərrüfatı

Nazir müşavirədə elektron kənd təsərrüfatından da danışıb: "Hazırda 300 mindən çox fermer elektron kənd təsərrüfatında qeydiyyatdan keçib. Gələn ilin yanvar ayında artıq subsidiyaların verilməsi tam elektron formada həyata keçiriləcək. Elektron kənd təsərrüfatı sistemi, həmçinin imkan verəcəkdir ki, biz əvvəlcədən fermerlərimizin əkinlərini planlaşdıraq və proqnozlaşdıraq. Belə ki, fermerlərimiz mütləq qaydada öz əkin planlarını elektron kənd təsərrüfatında bəyan etməlidirlər”.

Statistika

Millət vəkili Eldəniz Səlimov son 6 ayın statistikasını bizimlə bölüşdü. Həmsöhbətimiz bildirdi ki, bitkiçilik məhsullarının həcmində 25,6% (1,77 mlrd.manat), heyvandarlıq məhsullarının həcmində 2,9% artım (1,9 mlrd. manat) qeydə alınıb: "Aqrar sahənin Ümumi Daxili Məhsulda payı 5,6 faizə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında kartof istehsalı 10,3%, taxıl istehsalı (qarğıdalı da daxil olmaqla) 40,7%, tərəvəz istehsalı 13,8%, meyvə və giləmeyvə istehsalı 21,1%, bostan məhsulları istehsalı 37,5% artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 2541,7 min ton taxıl (qarğıdalı da daxil olmaqla), 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunub”.
Millət vəkilinin sözlərinə görə, 2019-cu ilin 6 ayı ərzində 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub: "Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9% artıb. Yanvar-iyun aylarında ölkədən 181,3 milyon dollar dəyərində kartof və tərəvəz məhsulları, 137,2 milyon dollar dəyərində meyvə, 75,7 milyon dollar dəyərində pambıq lifi, 6,4 milyon dollar dəyərində tütün xammalı ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədən meyvə ixracı 42,2% artıb. 2019-cu ilin 1 iyul tarixinə kimi 798,1 min hektar taxıl sahəsində biçin aparılıb. Ümumi taxıl sahələrinin 76,6%-i, o cümlədən buğda sahələrinin 69,9%-i, arpa sahələrinin isə 94,5%-i biçilib. Sahələrdən 1,6 milyon ton buğda, 964,6 min ton arpa yığılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 60,0% və 18,9% çoxdur. 1 iyul tarixinə buğdanın məhsuldarlığı 33.2 sent/ha, arpanın məhsuldarlığı isə 29.9 sent/ha olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 sent/ha və 2,2 sent/ha çoxdur”.
Həmsöhbətimiz sonda vurğuladı ki, dövlət şirkətlərində korporativ idarəetmə sistemi yaradılmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verilib: "Hesab edirəm ki, biz tezliklə müasir korporativ qaydalarla idarə olunan şirkətləri görəcəyik. Bu çox önəmli məsələdir və iqtisadi sahədə bundan sonrakı inkişaf üçün xarici ekspertləri də cəlb etməliyik”.

Əkin ,biçin işləri gərgin əmək tələb etsə də...

Mehman Cəfərovun da Sabirabadda taxıl sahəsi var. O da kənd təsərrüfatı ilə bağlı aparılan son islahatların sosial vəziyyətini yaxşılaşdırdığını vurğulayır: "Taxıl sahəsinə güzəştli gübrələrin, buğdaların verilməsi böyük dəstəkdir. Əkin, biçin işləri gərgin əmək tələb etsə də, nəticə yaxşı olanda, zəhmət çəkənin bütün yorğunluğu çıxır. Gəliri yaxşı olanda isə, gələcəkdə də bu sahəni inkişaf etdirmək hissi artır. Hər kəs bilməlidir ki, halal zəhmətlə qazanılan çörək daha şirin, daha dadlı olur”.

"İstehsalçılar arasında dağınıq münasibət aradan qaldırılmalıdır”

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyir ki, Azərbaycanda həyata keçirilən islahatlar kənd yerlərində məşğulluq səviyyəsinin yüksəlməsinə də müsbət təsir göstərəcək. Ucqar bölgələrdə yaşayan, birbaşa aqrar istehsal fəaliyyəti ilə məşğul olanistehsalçıların iqtisadi aktivliyinin təmin olunması dövlət siyasətinin başlıca məqsədlərindən biridir: "Azərbaycan ənənəvi aqrar ölkədir. Əhalinin əmək vərdişləri bütünlüklə kənd təsərrüfatına əsaslanır, on milyonu ötən əhalimizin 47 faizi kənd yerlərində yaşayır, ölkədə məşğul əhalinin 36 faizi aqrar sahənin payına düşür. 863 min ailə təsərrüfatı çörəyini torpaqdan çıxarır”.
Ekspert qeyd edib ki, aqrar sığorta bazarının formalaşdırılmasıyerlərdə istehsalın şaxələnməsinə təkan verəcək: "Xüsusilə məşğulluğa ciddi mənfi təsir göstərən - istehsalçılar arasında dağınıq iqtisadi münasibət aradan qaldırılmalıdır. Xırda istehsalçıların kooperasiyalarda birləşməməsi, torpaqların meliorativ vəziyyəti haqqında məlumat bazalarının olmaması, peşəkar mütəxəssislərin çatışmazlığı həll olunması zəruri olan vacib məsələdən biridir. Təhlillər göstərir ki, regionlarda emal infrastrukturunun - taxıl anbarı kompleksləri, müasir suvarma sisteminin tətbiqi ilə yeni təsərrüfatlar, damazlıq yumurta və broyler təsərrüfatları, cins heyvandarlıq kompleksləri, intensiv bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatları, süd, ət emalı müəssisələri, kəsim məntəqələri, quru meyvə istehsalı müəssisələri, eləcə də digər yerli potensialı ifadə edən emal və sənaye məhsulları istehsalı müəssisələrinin yaradılması qarşıda duran hədəflərdəndir”.

Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər