• cümə axşamı, 25 aprel, 05:15
  • Baku Bakı 19°C

Nəşriyyata kimi 4 yol

24.08.15 12:13 1439
Nəşriyyata kimi 4 yol
Sadəcə bir yol kifayət etməyəcək
Emili Bernet 2014-cü il “Self-Publishing” konfransında özünütəqdimat və şəxsi yayım işini özü görmək istəyən yazıçılarla bağlı çıxışı ilə yadda qaldı. O özü də bu iki sahədə olduqca uğurla çıxış etmiş və qarşıya qoyduğu məqsədə tamamilə çatmış müəlliflərdəndir. Bernet sıxılmadan və həyəcana qapılmadan sosial mediadan necə istəfadə etmək yolları və şəxsi təcrübəsini “streetlib” oxucuları ilə paylaşıb. Ənənəvi nəşr mərhələsi, gündəlik bloq, “wattpad” sisteminin uğuru və şəxsi yayım təcrübəsi ilə bağlı hər yazıçının marağına səbəb olacağını düşündüyümüz bu söhbəti təqdim edirik.
Bəzən işə yeni girişən yazıçılar kömək mənimlə əlaqə yaradırlar. Onların həyəcan və narahatlıqları mənə təbii gəlir, çünki yeni yazıçılar sadəcə yazmaq prosesi ilə məşğul ola bilər, yəni naşir tapmaq, nəşriyyatlarla əlaqə qurmaq və ya şəxsi yayımla məşğul olmaq sahəsində heç bir təcrübə yoxdur. Eyni zamanda ictimai çevrəni yeni yazarın əsəri ilə bağlı həyəcanlandırmaq asan deyil. Əksər hallarda işin bu mərhələsindən keçmək üçün yazıçılar pula güvənirlər, açıq-aşkar bu işlərin görülməsi üçün nə qədər pul xərcləməli olacaqlarını soruşurlar, yəni bunun üçün vəsait sərf etməyə hazırdırlar, çünki bu nisbətən daha rahat və həyəcansız başa gəlir. Bu təkliflərə birmənalı şəkildə “yox” deyirəm. Başqa bir əsər yazmalarını məsləhət görürəm. Təbii ki, böyük əksəriyyət bu məsləhəti bəyənmir və mənimlə əlaqəni kəsir. Bəziləri isə bloqumda kitabları ilə bağlı təqdimat yazısı paylaşmağımı xahiş edir. Sadəcə anlayış gözləyirəm, bloqumun oxucularımın etibar etdikləri yer olduğunu, mənim bu etibar və diqqəti qazanmaq üçün 11 il durmadan əmək sərf etdiyimi və bundan reklam məqsədi ilə istifadə etməyəcəyimi anlamalarını gözləyirəm. Bu 11 illik yolda mən nəşr olunmaq, tanınmaq üçün saysız-hesabsız yollardan keçmişəm. Eynşteynin eyni üsulla sınayıb, müxtəlif nəticələr gözləməklə bağlı məşhur deyimini təcrübəmlə də təsdiqlədim, bir yol əsla fərqli nəticə vəd edə bilməz. Əgər bir yolu sınayaraq, məqsədə çata bilmirsinizsə, deməli, üsulu dəyişməyin vaxtıdır.
Bloqqerlik
2008-ci ildə döydüyüm hər qapıdan rədd cavabı alıb, keçə bilməyəcəyim əngəllərə baxmaq mərhələsindən çıxandan sonra anamın çil-çıraq mağazasında işləməyim haqqında yazdığım bir yazı ilə bloqqerliyə başladım. Kiminsə qəbul cavabından sonra yazar karyeramın başlayacağını gözləməkdən yorulmuşdum. Sadəcə yazmaq, insanlara çatdırmaq, oxucularım olmasını istəyirdim. Başladığım ilk gündən bu işə tam ciddi yanaşdım, həftəlik yazmağı planlaşdırdım, yazdıqlarımı nəşrə gedəcəkmiş kimi diqqətlə redaktə etdim.
Altı ay sonra “SaltPublishing”-in feysbuk səhifəsinə göndərdiyim link üçün cavab yazdılar və mənə bloq yazılarımı kitab halına salmağı təklif etdilər. “Qızların Alış-veriş günlükləri”i belə yarandı.
Bloqqerlik ədəbi karyeramın mayası olub, məni oxucularımla daimi əlaqədə saxlayır, virtual da olsa, varlığımı, mövcudluğumu qoruyur. Sırf bloqqerdən yazıçıya çevrilən o qədər uğurlu müəllif var ki, onların yolunu açan bu işə həvəslə yanaşmaları olub. Amma bloqqerliyə başlayanda sadəcə kitabınız haqqında yazmamalı olduğunuzu bilin. Oxucularınızı yaxşı zaman keçirməklə təmin etməyə çalışın.
“Amazon”da şəxsi yayım
Kitabınızı müqavilə imzaladığınız nəşriyyata verdiniz və bununla da işiniz bitdi? Qətiyyən, yanlış düşüncədir. Birinci kitabdan sonra bloq yazılarından tamamilə fərqli bir şey yazmağa çalışdım. Yenidən naşirsiz qalmışdım, əlində tamamlanmış əsər olmadan isə ədəbi agent tapmaq olduqca çətindir. Bu gedişlə davam etsəm, hələ bir neçə il nəşr olunmağı gözləyəcəyim fikrini qəbul edə bilmirdim. Esse və qısa hekayə arxivimə baş vurdum, müxtəlif müsabiqələrə, jurnallara göndərdiyim hekayələri topladım və bir kolleksiya şəklində yığdım. “Amazon”-un altını-üstünə çevirib, “Kindle” üçün elektron kitabların necə formatlandığını öyrəndim, bununla məşğul olmuş bir neçə “Amazon” istifadəçisinin məsləhətlərindən yararlandım. Həmin kolleksiya xeyli satıldı və bu rəqəmlər özünəinamımı təzələdi. Bunun ardınca “Yeni başlayanlar üçün bloqqerlik” adlı e-kitab yazdım və eyni üsulla yayımlamağa başladım. Onun satışı o qədər uğurlu alındı ki, iki ildir sosial media vasitəsilə sınadığım və uğursuzluqla nəticələnən saysız-hesabsız cəhdlərimi də unutdurdu.
Wattpad
“Amazon”dakı satışlar, bloqqer kimi gördüyüm diqqət, oxucuların durmadan artması məni təmin etmirdi, çünki beynimdəki ənənəvi “çap olunan yazar” məfhumunu tamamlaya bilməmişdim. Artıq ədəbi agent tapıb, bir kitab nəşr etdirmək istəyirdim. Təbii ki, bunun üçün yeni hekayələr və ya roman yazmalı idim. Doğrusu düşünməkdən, yollar axtarmaqdan yorğun düşmüşdüm. Nəhayət, qardaşım məni milyonlarla oxucusu olan onlayn yazı platforması “Wattpad” ilə tanış etdi. Tanışlığın ilk günlərindən orada bir neçə qısa hekayə yayımlamağa başladım. Cəmi bir neçə gün sonra “Wattpad”in piar (ictimaiyyətlə əlaqələr – red.müəl.) departamentindən məsul şəxs mənimlə əlaqə yaradaraq, bu hekayələri əlaqələndirərək bir roman halına salsam, bu işin nəşri ilə məşğul olmaq istədiklərini bildirdi. Eyni ilə birinci kitabımdakı prosesləri yaşadıq. Baxmayaraq ki, burada tamamilə pulsuz yazırdım, amma gündəlik oxucu sayım 10 milyonu keçmişdi, odur ki, bu təklifi qəbul etdim.
Bu sistemdə yazmaq həqiqətən maraqlıdır, səni orada milyonlarla oxucu gözləyir, hər sabah “sonra nə oldu?”, “Hekayənin davamı?” kimi suallarla qarşılayırlar. Bu isə insana inanılmaz motivasiya verir.
Ənənəvi
“Wattpad”ın köməyi ilə əldə etdiyim uğur və topladığım geniş oxucu auditoriyası nəticəsiz qalmadı və mən sevimli naşirim Luisa Lonqriq ilə müqavilə imzaladım. Sonra Luisanın vasitəçiliyi ilə “Harper Collins” və “Harper İmpuls” ilə iki kitabımın nəşri və e-kitab satışı üçün müqavilələrə imza atdım. Luisanın və onun köməyi ilə imzaladığım müqavilə əsasında “Wattpad”da yazdığım əsər yeni sərlövhə ilə təkrar nəşr olundu. Bir şeyi də xatırlatmağı unutdum, bu uzun yolu sadəcə yazaraq və axtararaq keçmədim, yazarlıq dərsləri durmadan öyrənməyin faydalarını öyrətdi. Sıxıcı və zaman-zaman vaxt itkisi təsiri bağışlayırdı, amma bunu etməli idim.
Hazırda növbəti kitab üzərində işləyirəm. Nəşri və yayımı üçün müqavilə artıq imzalanıb. Bu komediya janrındakı kitabı sosial media azarkeşləri üçün yazmışam. Kitabın nə zaman işıq üzü görəcəyi ilə bağlı dəqiq tarix verə bilmirəm, amma artıq işin qızğın mərhələsindəyik. Fikrimi ümumiləşdirərək, demək istəyirəm ki, naşirlik, təqdimat və yayım işinin hansı formasını seçirsinizsə, seçin müəyyən çətinlikdən keçəcəyinizi əvvəlcədən bilin. Bəs, bütün bunlardan sonra növbəti addım nədir? Mən hələ ki, bu qədərini təcrübədən keçirmişəm, sonrakı addımın nə olduğunu mən də bilmirəm.
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər