• cümə, 19 Aprel, 17:45
  • Baku Bakı 25°C

Nəsrin feminist yazıçısı

01.04.19 12:30 1379
Nəsrin feminist yazıçısı
Viktoriya Samoylovna Tokaryova yazıçı və ssenaristdir. 1937-ci ildə Sankt-Peterburqda doğulub. Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirib. IV Rusiya kinofestivalının laureatı, «Ədəbiyyat və kino» (1998), «Şərəf nişanı» (1987) ordenlərinə layiq görülüb. Kann kinofestivalının «Ədəbiyyat və kinonu zənginləşdirdiyinə görə» (2000) mükafatını alıb. 200-dən çox nəsr kitabının və çoxlu ssenarinin müəllifidir. Həmçinin ssenari müəllifi olduğu «Mimino» (Georgi Daneliya və Revaz Qabriadze ilə birgə), «Uğur centlmenləri» (1971, Georgi Daneliya ilə həmmüəllif), «İt royal üzərində hərəkət edirdi» filmləri qeyri-adi məşhurluq qazandı. Xüsusən "Mimino” 1978-ci ildə Moskva Beynəlxalq Kinofestivalının qızıl medalına layiq görüldü.
Tokaryovanın əsərlərinin mövzusu fərqlidir. Daha çox böyük şəhərlərdə yaşayan qadınların həyat psixologiyasını, işlə həyat arasındakı qarışıqlığı, fantaziya dünyasını, zərif cinsin arzu və istəklərini araşdırmağı xoşlayır. Onun əsərləri ingilis, fransız, çin, alman, italyan dillərinə tərcümə olunub. O, nəsr sahəsində feminist yazıçı kimi qəbul olunur və məşhurluğu da buradan qaynaqlanır.
80 yaşını yola salan yazıçı daim masa arxasındadır. Onun sevimli məkanı Moskva kənarındakı bağıdır. Burada sevimli ailəsi - əri, qızı, nəvələri və nəticələri ilə sakit ömür sürür. O, sevimli işi ilə məşğul olduğuna görə, özünü xoşbəxt qadın hesab edir. Baxmayaraq ki, onun qadın qəhrəmanları həmişə xoşbəxtlik axtarıblar.

- Viktoriya Samoylovna, siz ildə bir kitab yazırsınız, hərdən isə kitab mağazalarının rəfində iki məcmuəniz peyda olur… Bu səmərəliliyin sirri nədədir?
- Heç bir sirr yoxdur. Beynimə, düşüncəmə nə gəlirsə, onu da yazıram.
- Yəqin yazı stolunun arxasında çox oturmalı olursunuz?
- Mənim səhər saatlarında həmişə yazı məşğələlərim olur. Məsələn, saat 11-dən 2-yə kimi. Mən əsasən səhərlər işləyirəm, sonra isə haçan vaxt tapıramsa... Bütün hallarda mənim üçün yaradıcılıq həmişə birinci yerdədir. Mən əllə yazıram. İşləmək üçün hər şeyim var – ayrıca otağım; yazı stolum; kağız; iki qızıl perolu qələmim. Bu qələmlərin hər birini İtaliyada olarkən 250 avroya almışam. Mən gözəl qələmlərlə gözəl nəsr yazmağı xoşlayıram. Kompüteri qəbul etmirəm. Hesab edirəm ki, istedadı insana Allah verir, kompüter isə həmin istedadı oxucuya olduğu kimi çatdıra bilməz. Fikrimcə, istedad şəksiz-şübhəsiz enerjidir - səndən vulkan kimi püskürür və yazırsan. Mən yazını iki saata bitirirəm və o zaman stuldan qalxıb yaşamağa başlayıram.
- Elə vaxtlar olubmu ki, siz yazmaq üçün enerjinizin az olduğunu hiss edəsiniz? Ya da süjetlərin alınmadığını hiss edibsinizmi?
- Əlbəttə, olur... Bunun üçün heç vaxt təəssüf hissi keçirmirəm. Stuldan qalxıram, vəssalam. Sonra isə enerji özü qayıdıb gəlir. Ümumiyyətlə, necə alınırsa, elə də yaşayıram. Bu, böyük xoşbəxtlikdir! Özünütəsdiq lazım deyil - quşun budaqda yaşadığı kimi yaşayırsan.
- Siz həmişə kiçik nəsr əsərləri üzərində işləyirsiniz. Bəs roman yazmaq arzunuz olmayıb?
- Bilirsiniz, bir var uzun məsafələrə qaçış idmançıları, bir də var qısa məsafəyə qaçan idmançılar. Məsələn, Lev Tolstoy uzun məsafələrə qaçanlardan idi, Çexov isə qısa məsafəyə qaçmağı xoşlayırdı. O, maksimum, povestlər yazırdı. Mən Çexovun tələbəsiyəm, mənə onun poeziyası və «sürəti» daha yaxındır.
- Öz təcrübənizə görə, təzə başlayanlara nə məsləhət verərdiniz? Hazırkı mürəkkəb bazar iqtisadiyyatı zamanı oxucuya necə yol tapmaq olar?
- Əminəm ki, həqiqi istedad özünə mütləq yol tapacaq. Brejnevin durğunluq illərində Andrey Tokarovski, Lyudmila Petruşevskaya kimi elə rəssamlar vardı ki, onlar kənarlaşdırılmışdılar. Bununla belə, insanlar onları tanıyırdılar. Tarkovskinin filmləri «üçüncü dərəcə»li ekran əsərləri adını almışdı. Onun filmləri Moskvanın haradasa, nəzərə çarpmayan yerlərində nümayiş olunurdu. Ancaq orada insanlar filmi izləmək üçün blokada zamanı çörək növbəsinə düzülən kimi sıralanırdılar. İstedadı gizlətmək olmaz. Çünki o, öz-özünə yol tapır və insanları cəlb edir. Bilirsinizmi, çox şeylər insanın özündən asılıdır. Yaradıcılıq özünütəqdimatdır. Və əgər insan öz-özlüyündə maraqlı şəxsiyyət, istedadlıdırsa, o, bunu sadəcə, oxucularla bölüşür və bu zaman süjet heç bir rol oynamır. Əlbəttə ki, süjet yalnız sənətkarın əlində əhəmiyyət kəsb edir. Əgər içində «batareya» yoxdursa, heç bir sarınmış süjet səni xilas edə bilməz.
- Bəs istedadlı yazıçını, istedadsızdan necə ayırmaq olar?
- İstedadlı yazılmış kitabı götürüb axıra qədər dayanmadan oxuyarsınız. Amma səfehcəsinə yazılmış kitabı 5 dəqiqədən artıq oxuya bilməzsiniz. İstedad – bu, həmişə maraqlıdır, qabiliyyətsizlik isə heç kəsi cəlb edə bilməz.
- Yəni zövqlü oxucu o dəqiqə başa düşəcək ki, yazıçı istedadlıdır?
- Bəli... həm də istedadsızı hiss edəcək. Heç kim köhnə kolbasanı yemədiyi kimi, maraqsız kitabı da oxumaq istəməz.
- Sizin oxucularla hər zaman yaradıcılıq gecələriniz keçirilir. Hansı suallar tez-tez səslənir? Qeyri-adi nəsə yadınızdadırmı?
- Qeyri-adini yada sala bilmirəm, amma adisini deyə bilərəm. Hər zaman soruşurlar ki, siz bunu həyatdan götürübsünüz, yoxsa özünüz fikirləşibsiniz? Bu suala cavab vermək istəyirəm ki, mənim yazdıqlarımın hər cürünü oxuyacaqlar - bunu da, onu da. Belə düşünürəm ki, hərdən həyatda olanlar düşündüyümüz süjetdən daha maraqlı olur. Bəlkə də işləməyi bacaranlar üçün bu, maraqlı janr olardı. Mən bunu bacarmıram.
- Necə düşünürsünüz, oxunulmuş kitab insanın qismətini dəyişə bilərmi? Sizin həyatınızda bu, baş veribmi?
- Bu yaxınlarda Mişa Zadornov dünyasını dəyişib… Mənim onunla bağlı maraqlı bir tarixçəm var. Mişanın 20 yaşı olanda texniki ali məktəbdə oxuyurdu və onun ilk həyat yoldaşı Velta hələ o zamanlar nişanlısı idi. Bir gün Velta səhər onun yanına gələrək «Qulaq as, mən «Gənc Qvardiyaçılar» adlı jurnal almışam, orada çox gözəl hekayə var. Tokaryova adlı yazıçı «Yalansız bir gün» adlı hekayə yazıb. Elə maraqlıdır ki...» deyib. Onlar yanaşı uzanıb hekayəni ucadan oxumağa başlayıblar. Oxuyub bitirəndən sonra Mişa ayağa duraraq yazı stolunun arxasına keçib və yazmağa başlayıb. Velta onu «cərəyana» qoşmuşdu. O bilmirdi ki, yazmaq istəyir, amma bu hekayə onun «düyməsini» basmışdı – beləliklə, o, bizim tanıdığımız Mixail Zadornov oldu. O, Moskvaya köçdükdən sonra məni tapıb Riqadan aldığı bir şəkli mənə bağışladı. Şəkil «Bahar» adlanırdı. Şəkildə kiçik çaylar, kolluqlar suda əks olunurdu… Həmin şəkil hazırda da otağımın divarını bəzəyir… Mişa yoxdur, şəkil isə divardan asılıb… Maraqlıdır ki, Mişa öz janrında müvəffəqiyyət qazanmışdı. O, çox işləyirdi, pərəstişkarları da çox olurdu. Xalq onu sevirdi… Bundan əlavə, o, geniş ürəkli, alicənab, gözəl insan idi. Onun dünyasını dəyişməsinə hələ də inana bilmirəm. Mənə elə gəlirdi ki, Allah belələrinə qıymır. Görünür, o, lazım olduğundan çox yaşayıb.
Vaxt var idi ki, Abdulov və Yankovskinin sıralarımızdan köçdüyünə təəccüb edirdim. Mənə elə gəlirdi ki, onlar Tanrının sevimliləridirlər. Belə insanlar qəfildən dünyasını dəyişəndə sarsılırsan, amma gec-tez, bu həqiqətlə barışmalı olursan… Görünür, Tanrı üçün kimi aparmasının fərqi yoxdur.
- Ədəbiyyat sizə ədalətsizliklərlə barışmaqda kömək olurmu?
- Kömək edir... Çıxışlarım zamanı çoxları yanıma gəlib deyirdilər: «Elə dövrlər olub ki, mən sizin kitablarınız vasitəsilə ovunmuşam». Həmçinin İosif Kobzon Almaniyada xəstəxanada yatan zaman, onu ziyarətə gələn həyat yoldaşı da mənə demişdi ki, sizin kitablarla ovunuram, onlar mənə kömək edir. Mənim də sevimli yazıçılarım var və böhrandan çıxmaq üçün onların kitabları mənə kömək olur.
- Viktoriya Samoylova, siz yaxınlarda yubileyinizi qeyd edibsiniz… Maraqlıdır, özünüzə nə arzulayardınız?
- Arzu edərdim ki, necə yaşayıramsa, elə də davam edim. Ahıl yaşlarında bundan yaxşı nə ola bilər? Heç nə... Həyat, hiss etmədən keçir – həmişə çoxlu iş-güc var, tələsirsən, zaman çatmır, qaçırsan – heç nəyi görmürsən… Mənim yaşım isə seyrə dalmaq və göstəriş yaşıdır. Utancaqlıq olur, ona görə ki, dəhşətdir. Hərdən oturub fikirləşirəm: bəlkə zəng edib üzr istəmək lazımdır, bəlkə də lazım deyil…
- Kitablarınızın dünyası qadınlara və kişilərə bölünüb. Yəqin ki, yazıçıları da beləcə ayırmaq olar? Bəziləri puldan ötrü yazır və hansısa «layihəni həyata keçirirlər», başqaları yaradıcılıq vasitəsilə metofizik problemlərini həll etməyə çalışırlar…
- Məhz kimlər üçünsə pulun özü metofizikadır. Mən başqa cür düşünürəm. Hər cür yaradıcılıq - rəssamın və ya yazıçının – bu informasiyanın ötürülməsi instinktidir. Budur, qadın instinkti nəsil artırmaqdır. Ona görə də, bütün qadınlar doğmağa can atırlar. İnstinkt insanları nəsilləri qorumağa çağırır. Ona görə də valideynlər uşaqlarını sevir və onları böyütməyə çalışırlar. Yaradıcı insanlar üçün isə bu instinkt məlumatı ötürməkdir. Madam ki, instinkt çox qüdrətlidir, o zaman yaradıcı insanlar oturub yazırlar. Lev Tolstoy o qədər yazıb ki. Bu ki, öz yanında qrafomaniyadır. Axı, normalda insan bu qədər yaza bilməz.
- Sorokin bu yaxınlarda söyləyib ki, yazmamağı da bacarmaq lazımdır, ona görə ki, ədəbiyyat narkomanı ola bilərsən.
- «Yazmamağı bacarmaq» - bu ki, talantlı frazadır. Bəlkə də Sorokinin beynində yeni ideyaları yoxdur. O, yazmaya da bilər. Amma mütəmadi olaraq hər gün yazan Yuri Naqibin adlı bir yazıçı da var. O, yazmaq istəməyəndə və yaxud mənəvi böhran keçirdiyi zamanlarda «Lallıq» hekayəsini yazıb. Ona görə ki, istənilən situasiyanı yaradıcılığa çevirmək mümkündür.
- Siz düşünürsünüz ki, məhəbbətsiz də yaşamaq olar və bu, normaldır...
- Siz kişiləri nəzərdə tutursunuz? Məhəbbət məhəbbətliliyində qalır, amma təbiətin əsas məqsədi çoxalmadır. Və bu məqamda əlbəttə ki, məhəbbət təbiətin əsas tələsidir. Ona görə ki, həyat dayanmasın, öz axarı ilə davam etsin. Nə zaman ki, qadının reproduksiya müddəti başa çatır, o vaxt təbiət qadına əl yelləyir. Siz müşahidə edibsinizmi, ki, qoca qadınlar hərəsi özünəməxsus çirkindirlər. Ona görə ki, təbiət artıq onlara arxa çevirib. Necə istəyirsiniz, elə də məhəbbətsiz yaşayın. Əsas odur ki, sən artıq dünyaya uşaq gətirmirsən və təbiətə borcun qalmayıb… Amma insanın bəxti müxtəlif cür ola bilər. Misal üçün Bunin deyirdi ki, böyük məhəbbət heç vaxt nikahla bitmir. Ona görə ki, bu vaxt ehtiraslar çox güclü olur və belə məhəbbət həmişəyaşar olmur. Məsələn, Voynoviç deyir ki, əvvəlcədən düşünülmüş nikah daha çox həmişəyaşar olur, nəinki məhəbbət əsasında kəsilmiş nikah. Ona görə ki, məhəbbət keçib gedir, düşünülmüş nikah isə yox.
- Bu, ağıllı mühakimədir, amma kədərlidir!
- Həyata maraq olarsa, məhəbbət gözəldir. Bura təbiətlə dostluq etmək, təbiətə, heyvanlara məhəbbət daxildir. Bura təkcə, kişinin qarşısında alçalmaq daxil deyil.

Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova





banner

Oxşar Xəbərlər