• cümə axşamı, 28 mart, 23:48
  • Baku Bakı 13°C

Nəsiminin özü və sözünü poetik xatırlatmalar

27.05.19 11:03 2817
Nəsiminin özü və sözünü poetik xatırlatmalar
Seyid İmadəddin Nəsiminin tarixi, ədəbi və təsəvvüfi şəx­siy­yəti haqqında məlumatları təkcə orta çağın çeşidli qay­naq­la­rından (təzkirə, risalə, tarix kitabları və s.) almırıq, şairin öz ça­ğından etibarən poetik düşüncə sahiblərinin də onun barəsində söy­lədikləri maraqlı informativ yükə malikdir. Doğrudur, həmin çoxsaylı poetik nümunələrin toplanaraq dəyərləndirilməsi, əsa­sən, eyni motivlərə müraciəti və məlumatların mənqəbəvi xarak­ter­liliyini üzə çıxardı. Bununla belə, şairin şəxsiyyəti, düşüncəsi, edamı ilə bağlı xatırlatmalar, hətta ölümdən sonrakı həyatına aid yozumlar ona olan sevginin miqyas və hüdudunun olduqca ge­nişliyinin inkarolunmaz göstəriciləridir.
Orta əsrlər bədii qaynaqlarında Nəsiminin xatırlanması və çeşidli baxış bucaqlarından təqdiminə çox rast gəlinir. Bu nümu­nələrdə onun ədəbi şəxsiyyətinə nisbətən təsəvvüfi şəxsiyyəti ön plandadır. Orta çağ və yeni dövrün bir çox şair və aşıqları, bir qayda olaraq, öz poetik yozumlarını dilə gətirməklə onun stilizə olunmuş obrazını yaratmışlar. Bu mövzuya müraciət edən hər bir qələm əhli sanki birgə yaratdıqları və təxəyyülün müştərək məh­sulu olan həmin poetik portretə yeni-yeni cizgilər əlavə etmişlər. Həmin əsərlərdə daha qabarıq görünən özəlliklər isə onun şəhid, Haqq aşiqi və yenilməz bir insan olmasının dönə-dönə mədh edilməsi, bu cəhətləri ilə örnək şəxsə çevrilməsidir.
Nəsiminin adının (əslində təxəllüsünün) yer aldığı poetik örnəkləri təfərrüatlı təhlilimiz nəticəsində belə bir qənaətə gəldik ki, şairin adı bəzən müstəqim şəkildə, bəzən isə eyham vasitəsilə yad olunmuşdur. Nəsimi adının həm ümumi, həm də xüsusi isim kimi yarada bildiyi assosiasiyalardan faydalanan şair və aşıqlar həm öz poetik təxəyyülünün zənginliyini nümayiş etdirə, həm də bu böyük mütəfəkkirin şəxsiyyətinə rəğbətini ifadə edə bilmişlər.
Nəsimiyə bir çox nəzirə yazan Şah İsmayıl Xətai bəzi şeir­lərində bu sələfini "Hüseyni” və "Seyid Nəsimi” təxəllüsləri ilə yad edir. Bir örnəyə nəzər salaq:
Könlünə gətirmə şəkk ilə güman,
Seyid Nəsimiyə de, оl оldu şan,
Tanrı ilə min bir kəlam söyləşən
Əli Mədinədə, Musa Turdadır.
Bu bənddən aydın olur ki, şairə görə, Nəsimi mötəbər söz sahibidir və Xətai sələfinin"kimsə gümanü zənn ilə olmadı həq ilə biliş” misrasına istinadla: "könlünə şək, gü­man gətirmə, inanmırsansa, bunu Seyid Nəsimidən soruş, o bu yolda şöhrət ("şan”) və nüfuz sahibidir”, - deyir.
Nəsimiyə yazdığı çoxsaylı nəzirələrdən olan "İdim” rədifli qə­zəlində Xətai sələfini "Hüseyni” deyə xatırlayaraq, edam za­manı onunla birlikdə olduğunu və dolayısı ilə bu gün onun ru­hunun daşıyıcısı olduğunu bildirir:
Gah Hüseynilən belə pustimi soydi qazılar,
Gah o Mənsur donuna girdim, "ənəlhəq”, dar idim.
Ələvi-bəktaşi ədəbiyyatının yeddi böyük şairindən biri sa­yılan Pir Sultan Abdal şeirlərində bir neçə dəfə yad etdiyi Nə­simiyə yüksək epitetlər ("pir”, "sərdar”...) aid edir. Onun bu ifadə tərzindən Şah İsmayıl Xətaiyə olduğu kimi, Nəsimiyə də səmimi rəğbəti aydın şəkildə görünür. Şeirlərindən birində Nəsi­mi­ni özünün "pir”i adlandıran Pir Sultan Abdal onun yolunun davamçısı olduğunu bildirir:
Pir Sultanım, Nəsimidir pirimiz,
Əvvəl qurban etdik şaha sərimiz,
On iki imam meydanında darımız,
Biz şəhidiz, sərdarımız Əlidir.
["Şah” istiarəsi ilə hz. Əlinin "Şahi-mərdan” epiteti nəzərdə tutulur. XVII əsr şairi Əzmizadə Halətiyə görə də, Nəsimi Haq yolunda özünü qurban vermişdir:
Nəsimi tən libasından edüb ar,
Buraxdı sərbəsər can etdi kəndin,
Dərisin yüzsələr, hərgiz qayırmaz,
O, Haq yoluna qurban etdi kəndin.
(İ.Kayaokay. Klâsik Türk Şiirinde Bir Efsânevî Kahraman Olarak Seyyid Nesîmî // Divan Edebiyatı Araştırmaları Dergisi, 2017, Sayı: 19, s. 206)]
Yuxarıdakı bənddə "pir” deyilərkən sadəcə konkret bir təriqətin mürşidi deyil, ərənlərin və həqiqət yolunun yolçularının başçısı anlamı nəzərdə tutulur. Ələviliklə bağlı görüşlərin poetik ifadəsi olan bu misralarında şair özünün də sələfi Nəsimi kimi hz. Əli eşqinin şəhidi olduğunu dilə gətirir.
Digər poetik örnəklərdə də Nəsimiyə hz. İsanın "qurban” epi­tetinin aid olunması müşahidə olunur. Assosiasiyalarla mütəfəkkirin dərisinin soyul­ması və qurban verilmə prosesi əlaqələndirilir. Qul Nəsimi (XVII) yazır:
Şahım yürümədikcə postdan çıxma,
On iki imam qurbanıyız biz.
Nəsimi təkcə yuxarıda qeyd etdiyimiz örnəklərdə deyil, bir çox ələvi şairin şeirində rəğbətlə xatırlanmışdır. Nöqsani (XVII) deyir: "Nəsimi dərisin yüzdürən, mədəd”. Digər bir örnək Qul Adilin (?) şeirində yer alır: "...Nəsimi gibi dərini yüzdürüb // Gerçək aşiq olub durabilirsin”.
Ələvi-bəktaşi ədəbiyyatı nümayəndələrindən Qoyunoğlu (XVII) isə Nəsiminin təsəvvüfi görüşlərindən istifadə ilə edam zamanı onun ruhunun cismi tərk etmə şəklini Haqq aşiqi olması ilə əlaqələndirir:
Qoyunoğlu, Qurana bax,
Mənsur ipin boyuna tax,
Nəsimi oldu haqla haq,
Yüzdikləri dərisidir.
Qeyd etməliyik ki, bu poetik parçada Nəsimi şeirində dönə-dönə bədii-fəlsəfi inikasını tapan ruhi-cüzin ruhi-küllə qovuşması ideyası onun özü ilə bağlı ifadə edilmişdir: "Nəsimi oldu haqla haq”. Həmçinin Nəsimi ilə "həq”in ("haq”) əlaqələndirilməsi mü­tə­fəkkir şairin işlək ifadələrindən olan "ənəlhəq” ilə də asso­siasiya yaradır. Azərbaycan xətaişünaslığında yanlış olaraq, Xə­tai­nin adı ilə bağlanan və müstəqil dördlük kimi təqdim olunan bu misralar əslində Qoyunoğlunun gəraylı qəlibində yazdığı ilahinin möhürbəndidir.
Nəsimi təsəvvüf ədəbiyyatında, ümumiyyətlə, Haqq aşiqi olma və fəda­kar­lığın simvoludur.
Əslində Nəsiminin adından söylənən "Ağrımaz” rədifli şeir də onun mədhi və xatırlanması olaraq dəyərləndirilə bilər. Bu qəzəl və yaxın məzmunlu bəzi şeirlər ("Əhli-iman usləri ol dəmdə inkar etdilər // Çün Hüseyniyi Hələb şəh­rində bərdar etdilər”; "Xoşdur, yaxşıdır”; "Gözlərindən çağ­rı­şır­lar, dadlar, bidadlar // Tiğə dutdu kipriğin puladlar, cəlladlar”...) şai­rin edam kürsüsündə belə əqidəsinə sədaqəti və mətinliyi qar­şısında heyranlığın ifadəsidir. İlyas Kayaokayın haqlı olaraq qeyd etdiyi ki­mi, "ədəbiyyat tariximizdə bir divan şai­ri­nin əfsanəvi bir qəh­rə­man olaraq görülməsi xüsusi istisna bir du­rumdur... Ancaq əf­sa­nə­vi bir şəxsiyyət olaraq bir divan şairinin di­van şeirində yer al­ma­sı müəyyənləşdirə bildiyimiz qədər Seyid Nə­simiyə nəsib ol­muş­dur”. [Nəsiminin bir qəhrəman olaraq idealizə olunması barədə bax: S.Şıxıyeva. Nəsiminin mənqəbəvi şəxsiyyəti // Azərbaycan Milli Еlmlər Akadеmiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi araşdırmaları (elmi-nəzəri məqalələr toplusu), IX buraxılış, 2012, s. 85-114]
Şairlərin böyük əksəriyyəti onu örnək şəxs kimi tərənnüm edirlər. Bu örnək sayılma bəzən onu vəsf edən şa­i­rin özü ilə hüdudlanır, bəzən isə ümumi olaraq, bütün aşiqlər üçün nəzərdə tutulur. Bir sıra hallarda hətta şairlərin özlərini fədakarlıqda ondan üstün bil­məsinin ifadəsinə də rast gəlinir. Süturi:
Şərhə-şərhə etsələr cismüm Nəsimi tək bəni,
Bən, Süturi, vaz gəlüb, dildar, səndən dönməzəm.
XVI-XVIII əsrlərdə Nəsimidən bəhs edən istər divan, is­tərsə də təriqət şairləri onun adını çox zaman müxtəlif sufilərlə, ara-sıra isə digər şairlərlə yanaşı yad etmişlər. Nəsimi ilə əlaqəli müraciət olunan adlar içərisində Həllac Mənsurun adı xüsusilə seçilir və çoxsaylılığı ilə fərqlənir. Bu iki şəxsi eyni bir mik­romətndə xatırladan bir çox şair (Zəfi, Seyid Nizamoğlu, Sü­nullah Qeybi, Dimetokalı Vəhdəti, Gövhəri, Kani, Pirkal, Qəriqi, Heyrəti, Raculi, Mühyiddin Bursəvi, Seyid Muradi, Mühiti, Xülusi Ömər, Fəhim, Aşıq Şəmi, Osman Şəms, Yari Əhməd, Xərabi Baba...) Həllac Mənsurla Nəsimini eyni məqamın sahibi kimi təqdim etmişlər. [Bu şairlərin əsərlərindən müvafiq nümunələr üçün bax: İ.Kayaokay. Klâsik Türk Şiirinde Bir Efsânevî Kahraman Olarak Seyyid Nesîmî // Divan Ede­biyatı Araştırmaları Dergisi, 2017, Sayı: 19, s. 193-216]. Bu çoxsaylı örnəklərdən ikisini təq­dim etməklə kifayətlənirik:
Gərçi Mənsurü Nəsimi gəldilər meydan ara,
Şimdilik meydan bənümdür, eylərəm dəvayi-eşq.

Kimi Seyyid Nəsimi, kimi Mənsur,
Kimi Keyxosrovü Dara, nədəndür?
Nəfi və Lazikizadə Feyzullah Nafizin şeirlərində Nəsimi və Əttarın əlaqəli şəkildə yad olunması müşahidə olunur. Amma bu şeirlərdə divan ədəbiyyatı ənənəsinə uyğun olaraq, hər iki ad eyham poetik fiquru vasitəsi ilə ikianlamlılıq yaradan assosiativ bir xatırlatma şəklindədir. Örnək olaraq, bir nümunəyə nəzər salaq:
Nəsimi qarət etmiş nükhəti-gisuyi-xubanı,
Əcəbmi açsa hər bir qönçə bir dükkani-əttari.
Bunu da qeyd etməliyik ki, Fəridəddin Əttarın adını bəzən Nəsiminin özü də eyham poetik fiquru vasitəsilə şeirə gətirir:
Mişkin saçından bulmuşam şol buyi-canəfzayı kim,
Teybindən anın sanasan teyyibü əttar olmuşam.

Mən mə’rifət kəlamini nəzm еyləmiş idim,
Əttarü nəzmü nəsr nizam olmadan hənuz.
Birinci beytdə "əttar” və "teyyib”i, ikinci beytdə "əttar” və "nizam”ı tənasüb və eyham poetik fiqurları vasitəsilə istifadə edən şair sələflərinə ehtiramını da dolayısı ilə nəzərə çatdırır. Birinci beytdə "teyyib” və "əttar” kəlmələri ümumi isim kimi iş­lənsə də, bu iki ifadə həm də məşhur ərəb şairi Əbut-Teyyib əl-Mütənəbbi və görkəmli fars sufi şairi Fəridəddin Əttarı da yada salır. Qeyd etməliyik ki, şairin türkcə divanı boyu digər bir yerdə "teyyib” ifadəsinə ümumi isim olaraq da rast gəlinmir. İkinci beytdə Nəsiminin "nəzm” və "nəsr”lə yanaşı "nizam” və "əttar” kəl­mələrindən istifadəsi orta çağ bədii məntiqi əsasında, eyham və tənasüb fiqurları vasitəsilə həm də Nizami və Əttarı təsəvvürə gətirir. Nizaminin nəzm, Əttarın isə həm nəzm, həm də nəsr sahəsindəki məqamının aliliyini nəzərə tutan Nəsimi irfani biliklərin sirrini bu iki ustaddan deyil, hələ ruhu qeyb aləmində olarkən öyrəndiyini vurğulayır.
Burayadək deyilənlərdən də göründüyü kimi, Nəsiminin adı Mənsurla yanaşı işləndikdə konkret olaraq, şəxs adı kimi nəzərdə tutulur. Amma bir sıra hallarda şairin adı eyham vasitəsilə yada sa­lınır. Bu zaman şairlər Nəsimi adının həm ümumi, həm də xüsusi isim kimi yarada biləcəyi çalarlardan istifadə ilə müxtəlif anlamları olduqca yığcam istifadə imkanı qazanırdılar. Bunun örnəkləri ola­raq, Əttar və şairin qardaşı Şah Xəndanın adları ilə assosiasiyalar ya­radılmasını göstərə bilərik və bu kimi özəlliklər digər araşdı­rı­cıların diqqətini cəlb etməmişdir. Onun adının Ət­tarla eyni bir mik­ro­mətndə assosiativ olaraq iki – həm xüsusi, həm də ümumi isim kimi nəzərdə tutulması təkcə eyham poetik fiqurunu yaratmağa xidmət etmir. Bu xatırlatmalar hər iki sufi şairin şəhidlik statusun­dan da qaynaqlanır. Nəsimi və Şah Xən­dan adlarının assosiativ is­ti­fadəsində isə daha çox onların qohum­luq əlaqəsinin təsiri ol­masını ehtimal edirik.
İ.Kayaokayın doğru olaraq qeyd etdiyi kimi, "Nəsiminin şairlər tərəfindən diqqət yetirilən bir digər yönü onun Allahın təqdirinə olan təslimiyyətidir”. XVII əsr türk şairlərindən Raculi, Sunullah Qeybi, Diyarbəkirli Ahu [müvafiq nümunələr üçün bax: İ.Kayaokay. Klâsik Türk Şiirinde Bir Efsânevî Kahraman Olarak Seyyid Nesîmî // Divan Edebiyatı Araştırmaları Dergisi, 2017, Sayı: 19, s. 201, 208] və Fevzi eyni motivə müraciət edərək, onun bir haqq aşiqi olaraq ilahi təqdirə məmnunluqla boyun əyməsini bildirirlər. Bunu şairin Haqqa könül verməsi, aşiqliyi ilə əlaqələndirən Fevzi ya­zır:
Səlxə Nəsimivəş riza verdi həqiqət içrə dil,
Tək həvəsi ayağına nişi-məcaz dəgməsün.
Maraqlıdır ki, beytdə Nəsiminin həqiqət aləmində olarkən özünün razılıq verdiyi edam hökmünün bu aləmdə icrasından bəhs olunur. Bu yozum şairin öz taleyini öncədən bilmə kimi bir kəramətə sahib olmasını nəzərə çatdırmaq, həmin müdhiş edamın onun etiqadi görüşləri ilə bağlı yaratdığı şübhələrə son qoymaq, Nəsiminin Allahın seçilmiş bəndəsi olaraq ali statusunu gös­tərmək niyyətindən qaynaqlanır. Bu mənqəbəvi xarakterli poetik təqdimlər isə Şeyx Bədrəddinin məhkəməsində son hökmün onun özünə verdirilməsi səhnəsini yada salır. Ehtimal ki, Nəsimi ilə əlaqəli bu rəvayətin yaranmasına Şeyx Bədrəddinin öz dilindən özünə fitva verilməsi əhvalatının təsiri olmuşdur.
Yaxın məzmuna Qul Nəsiminin şeirləri arasında yer alan aşağıdakı bənddə də rast gəlinir:
Qüreyşilər böylə təvil düzdülər,
Başmağıma yeddi ayət yazdılar,
Kəndi tigim ilə dərim yüzdülər,
Hələb şəhri derlər, şardan gəlirəm.
Bu bəndin məzmunu həm də müstəqil rəvayət şəklində nəql olunur: "Nəsimi Əntabda imiş və valinin yaxın dostu imiş. Onun vali ilə arasını vurmaq istəyirlər. "Yasin” surəsindən bir nüsxəni onun başmaqlarının altına yer­ləşdirirlər. Valinin yanında soruşurlar ki, ayağının altında Quranın su­rəsini gəzdirən adam haqqında fikri nədir?
Nəsimi deyir ki, onun dərisi soyulmalı və rüsvay edilməlidir. Ona deyirlər ki, sən özün öz haqqında fitva verdin. Başmağının altındakı "Yasin”i çıxarıb onun dərisini soyurlar”. (H.Araslı. İmadəddin Nəsimi (həyat və yaradıcılığı). Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1972, s. 16; А.В.Гордлевский. Избранные сочинения. Т. III, Москва: Издательство восточной литературы, 1962, s. 45)].
Yuxarıdakı bəndin üçüncü misrasının "Kəndi fitvam ilə dərim üzdülər” şəklində variantı da mövcuddur və bu misra da Şeyx Bədrəddinlə əlaqəli xatırlatdığımız motivlə səsləşir.
Yaxın məzmunlu yozuma, yəni edam fitvasının şairin özü tərəfindən verilməsi, bunun ilahi təqdir olması və bu seçimdə onun özünün də iştirakı motivinə dolayısı ilə hürufi şairlərindən Misalinin də şeirlərində rast gəlinir.
Təkcə təriqət şeirində deyil, şairnamə və aşıqnamələrdə də Nəsiminin adı yad olunur. Bir neçə şeirində Nəsimini yad edən Aşıq Ömərin (XVII) şairnaməsində
Nəsimi "sultan” və "sərdar” adlanır:
Sultan Nəsimidir cümləyə sərdar,
Əsrari-eşqi ol eylədi izhar,
Dərisin yüzdülər etmədi inkar,
Canana irincə tərk etdi canı.
Məhəmməd Sübhinin (XIX) Nəsiminin türbəsində yazılmış aşağıdakı beytləri də yaxın məzmunludur:
Üzüldün dönmədin mərdanəlikdən,
Xudaya böylədir hübbi-səmimi,
Kəsafətdən çıxıb oldun, behəqqə,
Gülistani-ilahinin nəsimi.

"Gülistani-ilahi” məcazı "nəim” (cənnət) anlamında istifadə olunmuşdur. Nəticədə yenə də şairin təxəllüsü dolayısıyla mürşidinin təxəllüsü ilə əlaqələndirilə bilir... Bir çox beytlərdə müşahidə olunan hal – şairin özü ilə bağlı söylədiklərindən mənqəbəvi şəxsiyyətinin, daha doğrusu, ölümsüzlüyü və don dəyişməsinin ifadəsində faydalanılma burada da özünü göstərir.
XVI əsr hürufilik ədəbiyyatının nümayəndələrindən biri olan Mühiti Həllac Mənsuru Nəsiminin keçmişi, özünü isə onun gələcəyi olaraq təsvir edir və bu qavrayış tərzi təkyə ədəbiyyatında xüsusi yeri olan don dəyişmə ideyasından təsirlənmə kimi görünür:
Postumuz Seyid Nəsimi tək soyarlarsa, nola,
Biz dəxi dari-ənəlhəqqün bu gün Həllacıyuz.
Mühitinin davamçılarından olan Ərşi (XVI) isə özünün divanında Rəfii kimi Nəsimini "şəhid” epiteti ilə ehtiramla yad edir:
Məani postın ayırmağa ləbindən Nəsimi tək
Şəhidi-rahi-eşqi-Fəzli-zülehsan gərək aşiq.
Bəzən Nəsiminin adı çəkilməsə də, onun şəxsiyyəti müəyyən eyhamlar vasitəsilə diqqət mərkəzinə çəkilir. Hürufi şairlərdən Mühiti yazır:
Gəlmişəm həqdən ənəlhəq sirrini faş etməyə,
Yəni kim, dari-həqiqətdə bənəm Həllaci-eşq.
Hürufi şair Misali "şahid” və "şəhid”i yaxın mənalı ifadələr kimi istifadə etməklə Nəsimi məqamına münasibətini açıqlayır:
Bən şəhidi-şahidi-Fəzli-ilaham, xirqəmi
Soyman əgnümdə, bana nə su gərəkdir, nə kəfən.
Beytdə Nəsiminin şəhidliyi, eşqi yolunda "xirqə”sinin (dəri nəzərdə tutulur) soyulduğuna açıq eyham edilir və şəhid olduğu üçün su və kəfənə (sonuncu ifadə ilə də dəri nəzərdə tutulur) ehtiyacı olmadığı bildirir. Bu mənzum parçada "şəhid” və "şa­hid” sözlərinin yanaşı işlənməsi də diqqətimizi cəlb etdi. Ehtimal ki, ikinci ifadə ilə hürufi şair öz həmməsləki Nəsiminin əqidəsi uğrunda canından keçdiyi Fəzlullahı şəxsən tanıdığına işarə etmişdir.
Nevizadə Ətayi divanında "nəsim” ifadəsi istifadə baxımından digərlərindən seçilir. Şair bu kəlməni o qədər bəyənir ki, "nəsim” sözü nəinki çoxsaylı beytlərində onun poetik təxəyyülünün sütunlarındın birini, hətta 21 beytlik böyük həcmli şeirinin rədifini də təşkil edir. Həmin şeirdə "nəsim” ümumi isim – külək olaraq nəzərdə tutulsa da, bəzi beytlərdə bu ifadə şair Nəsimi şəxsiyyəti ilə bağlı bəzi məqamlara işarəsi ilə nəzəri cəlb edir. Bu işarə-beytlərdən Ətayinin Nəsiminin şəxsiy­yətinin Quran tilavətini bilən bir alim ("Nəsimasa varur bir ləhzədə ətbaqi-əflakə // Bütüni-səbeyi-Quranda guya kim dili-dana”), sözə ruh bağışlayan şair ("Həmdəm olmağıla ustadi-Məsihənfasə // Candan oy verdi yenə qafiyəsəncani-nə­sim” ), Fəzlin düşüncələrini xalq kütlələri arasında təbliğ edən bir şəxs ("Əcəbmi qöncəvəş açılsa dillər dövri-ədlündə // Nəsimi-növbahari-fəzlü cudun feyzi-am eylər”) kimi müxtəlif cəhətlərinə bələdliyini də müəyyənləş­dirərək üzə çıxarmaq mümkündür. Üzün xətt və xalının bənzətməsindən ("buyi-gül”, "müşki-Xütən”) söz açılarkən "nəsim” ifadəsindən istifadə şəkli də şairin eyham poetik fiquru vasitəsilə Nəsimini nəzərdə tutması fikrinə yönəldir:
Xalunlə ruyuna necə təşbeh edər nəsim,
Müşki-Xütən züaf verür, buyi-gül zükəm.
Göründüyü kimi, bu sadaladığımız xüsusiyyətlər səhər yelinə deyil, Nəsimiyə aid özəlliklərdir və şair ustalıqla ümumi ilə xü­susi, reallıqla təxəyyül arasında körpü qurmuşdur.
Fateh Sultan Mehmet kimi "Avni” təxəllüsü ilə şeirlər yazan trabzonlu şair (Trabzonlu Avni) "ənəlhəq” nidasını "eşq” sözü ilə eyniləşdirərək, onu Mənsur, Şəms Təbrizi, Kərəm, Məcnun, Fərhad, pərvanə və bülbül kimi Nəsiminin fədakarlığının da əsas təkanverici qüvvəsi olaraq şərh edir. Bir beytə nəzər salaq:
Ol sədadır yüzdirən cildi-Nəsimi münkirə,
Həm Kərəm hanı yaxub əzasını qıldı rəmad.
Şeirdə Nəsimiyə edam hökmü verdirənin "münkir” (inkarçı, ka­fir) adlandırılması da maraq doğurur. Məlum olduğu kimi, Misir sultanı əl-Məlik əl-Müəyyəd Şeyx əl-Mahmudi öz fərmanında Nəsi­mini etiqadi görüşlərinə görə edam etdirdiyini vurğulayırdı. Trabzonlu Avninin sultanı bu tərzdə təqdimi onun həm sultanın, həm də hürufi şairin tarixi şəxsiyyəti barədə məlumatlı olduğunu göstərir. Amma şairin Nəsiminin edam səbəbi olaraq, "ənəlhəq”i göstərməsinin tarixi zəmini yoxdur. Bu, daha çox təsəvvüf əhli və xalq arasında yaşayan rəvayətlərin bədii təxəyyülə təsiri kimi dəyərləndirilə bilər.
Nəsiminin dərisinin soyulması onunla bağlı metaforik bir epi­­te­tin də yaranıb ənənəviləşməsinə səbəb oldu: üryan. Bir sıra şairin Baba Tahiri-Üryan kimi Nəsimini də "üryan” epiteti ilə yad etməsi həm onun edam zamanı də­risinin sorulması kimi müdhiş prosesə, həm də şairin qələndəriliklə əlaqəsinə işarə kimi başa düşülür. Kabuli İbrahim Əfəndidən bir nümunəyə nəzər salaq:
İstər isən bulmağa vəsli-həbibi can ilə,
Sər verür, sir saqınursan sineyi-suzan ilə,
Dönmə qövlündən Nəsimivəs təni-üryan ilə,
Çünki sirri-eşqi faş etdün dili-nalan ilə
Canı tərk eylə, yüri, Mənsurvəş dik darunı.
Divan şairlərindən Mühyiddin Bursəvi (XVI) və Asəf (XVIII) də Nəsimini "üryan” epiteti ilə yad edirlər.
Orta çağ mətnlərini izlədikcə Nəsiminin təkcə hürufi kimi deyil, həm də bir qələndəri dərvişi olaraq təsəvvürlərdə yaşaması qənaəti hasil olur. Bu düşüncələr isə elə şairin özünün özü haq­qın­da yaratdığı təsəvvürlərin ədəbi interpretasiyalarıdır. Bir nümunəni xatırlatmaqla kifayətlənirik: "Mən həm qələndərsurətəm, fərdəm, mücərrəd, təcridəm // Oldum fəqirü həm gəda, həm mülkə sultan gəlmişəm”.
Şairin "ür­yan” sifəti ilə yad olunması, "palasparə” ifadəsi və s. ilə əlaqəli assosiativ xatırlanmalar həmin təsəvvürlərin nəticəsidir. Belə ki, Nailinin (XVII) "palasparə” və "nəsim”i eyni bir şeirdə obrazlı­lıqla istifadəsi də maraqlı assosiasiyalara yol açır. Bu eyham xarakterli ifadələr orta çağ türk şeirində mövcud olan Şah Xəndan – qə­ləndər, Nəsimi – qələndər obrazları arasında da fikri keçidlər ya­radır. Belə ki, "palasparə” ilə farsca şeirdə, o cümlədən Nəsiminin farsca divanında "jendepuş”, "köhnəpəlasi” və s. sifətlər ilə xatır­la­nan qələndərilərin nəzərdə tutulması şübhə doğurmur.
Orta çağ şeirində Nəsimi qardaşı Şah Xəndan, sələflərindən Şibli, Cüneyd, Ədhəm, Bəhlul, Əttar, Mövlana (Monlayi-Rumi), Yunus, Tapdıq, davamçılarından Xətai (Sultan Xətai), Pir Sultan Ab­dal, Qul Himmət, Misali, Niyazi Misri, şairlərdən Firdovsi, Ha­fiz, Füzuli, Gövhəri, Nəbati, Nəqşi, aşiqlərdən Məcnun, Kərəm, Fər­had, Əmrah ilə yanaşı yad olunur. [Bu sufilərdən Şibli, Cüneyd, Mənsur, Ədhəm, Əttar və Möv­lananı Nəsiminin özü də yad edir].
Göründüyü kimi, hürufi şair daha çox təsəvvüf əhli ilə müqayisə edilir. Bu şəxslər içərisində Nə­si­mi­nin ən çox müqayisə olunduğu sufi isə onun özünə ideal bildiyi Həl­lac Mənsurdur. Daha sonra divan şeirində Nəsimi ilə əlaqə­ləndirilən ad-ifadələrdən biri də qardaşı Şah Xəndanın adıdır. Onun həm "Julidə(mu)” epiteti, həm də Xəndan adının Nəsimi ilə əlaqəli istifadəsi də diqqətimizi çəkdi. Bəzi şairlərin (Xəlili (XV), Baqi (XVI), Səhabi (XVI), Sevdayi (XVI), Yəqini (XVI), Piri (XVII), Nədim (XVIII), Seyid Nigari (XIX), Hadi (?)) Nəsimi və kiçik qardaşı Şah Xəndanın təxəllüslərini eyni bir beytdə is­ti­fa­dəsi və hər iki sufi şairlə əlaqəli assosiasiyalar üzərində xəyali löv­hələr yaratması maraq doğurur. Xəlvəti dairələrində Şah Xəndana rəğbətin ifadəsini Niyazi Misrinin mürşidi Sinan Ümminin di­va­nında da görürük. Şair öz divanında xəlvətilərin Xəndanı olduğunu açıq biçimdə dilə gətirir.
Təkcə mənzum deyil, mənsur mətnlərdə də "nəsimi” və "xəndan” kəlmələrinin əlaqəli biçimdə bədiyyata xidmət etdiyini müşahidə edirik: Səhi bəy "Həşt behişt”də deyir: "Ömri-əşcari-şüküfələri ol ulu dərgahun mülaziməti-nəsimi ilə açılub güşadəvü xəndan olmışdur”.
Nəsiminin adının xatırlandığı mətnlərdə məcazlaşma və epi­tetlərin aliliyi (sultan, sərvər, sərdar, vəli, sirdar, şah, qurban) də diqqəti cəlb edir. Bənzər epitetlərin bir qismini ("əmir”, "sultan”, "məlik”, "padişah”), tanınmış tədqiqatçı Turqut Qara­bəyin (Turgut Karabey) qeyd etdiyi kimi, Nəsimi də şeirlərində özü ilə əlaqədar iş­lət­miş­dir.
Fars dilində qələmə alınmış ismaili qaynaqlarından "Üsuli-ədəb” əsərində Nəsiminin "Şah Nəsimi” deyə yad olunması diqqətimizi çəkdi:
(Hər nəyə nəzər salsalar, gözəllik və çirkinlikdən başqa bir şey görmürlər, Şah Nəsimidə olduğu kimi. Beyt:
Sənin üzünün otuz üç xəttinin sirrini anladıqda
Gördüyüm qədərcə altı cəhət tamamilə Allahın surətidir).
Nəsiminin özü və sözünə yüksək dəyər verilməsinin daha bir nümunəsi Bəndinin aşağıdakı beytidir:
Bəndiya, gey eşq caməsin, qoyma əldən pir daməsin,
Nəsiminin "Şahnamə”sin könüldə pünhan oxuruz.
Bəndi təxəllüslü bu şairə görə, Nəsiminin "Şahnamə”si könül gözü ilə oxunması lazım gələn bir əsərdir. Göründüyü kimi, şair Nə­siminin ilahi eşqi təlqin edən əsərlərini "Şahnamə”(Allah haq­qında kitab) sayır və onun könül gözü ilə oxunmasının mümkün­lüyünü bildirir. Məlum olduğu kimi, təsəvvüf ədəbiyyatında geniş yayılmış məcazlardan biri Allahın "şah”, "şəhriyar” və oxşar istiarələrlə yad edilməsidir. Eləcə də "Şahnamə” ifadəsi "şah”, "sultan” və s. kimi yüksək epitetlərlə yad olunan, mənəvi-ruhani səltənətdə ali məqam sahibi sayılan Nəsiminin kitabı ("namə”) – divanı təsəvvürünü də yaradır. Amma zənnimizcə, Bəndinin qabarıq vurğuladığı birinci anlamdır.
Şairin adını birbaşa və ya dolasıyla xatırlatmalarda bəzən onun divanının spesifik sözlüyündən də istifadə olunur. Məsələn, Nəsiminin ölümündən sonrakı həyatı anonim şeirlərdən birində belə ifa­dəsini tapır:
Sirri-səlxindən Nəsimiyə sual edim, dedi:
Rəhnəvərdi-Kəbeyi-eşqüz, budur ehramımız.
Maraqlıdır ki, bu şeirdə Nəsimi Mövlananın kamil insanın simvolu kimi təqdim etdiyi neylə əlaqələndirilir. Bu düşüncəyə Mövlananın "şərhe-şərhe” (parça-parça) ifadəsindən istifadə olun­ması yol açır.
Edam zamanı Nəsiminin durumu və ruh halı da orta çağ şeirində diqqət yetirilən məsələlərdən olmuşdur. İlyas Kayaokaya görə, "şairlər Nəsimini eşq sərxoşu olaraq görürlər. Fazil bu durumu "sekr” kəlməsiylə açıq­­layır. Şairə görə, Nəsimi və Mənsur sərxoşluq içində qal­mışlar” və "ənəlhəq” söyləmə də bunun nəticəsi olaraq yo­zulur.
Nəsimi farsdilli şeirdə daha çox təlmih və müəyyən eyhamlar vasitəsilə yad olunur. Bunun ilk örnəyini görkəmli fars şairi Hafiz Şirazinin qəzəllərinin birində müəyyənləşdirərək üzə çıxardıq. Şairin "Baz resan” ("Qayıda”) rədifli qəzəli itirilmiş kim­­sənin, yaxud nəyinsə geri qayıtması arzusu üzərində qu­rul­muş­dur. Ahunun Xütənə, "səhiqəd” sərvin çəmənə, getmiş canın bədənə, itirilmiş sevginin özünə, ləlin Yəmənə, qəriblikdə olan kim­sənin vətənə qayıdışı və s. ilə bağlı arzular qəzəldə süjetlilik və mövzu vəhdəti yaradır. Bu vahid xətt ətrafında birləşən beytlərdən biri "Nəsimi” təxəllüsünə açıq və üstüörtülü işarə etdiyinə görə daha artıq diqqətimizi cəlb etdi: (Bizim incidilmiş qəlbimizi nəsimlə oxşa
Ki, bədəndən getmiş o can yenidən bədənə qayıda).
"Baz resan” ("Qayıda”) rədifli qəzəlin aşağıdakı iki beytinin daşıdığı fikir yükü çoxmənalı "nəsim” sözünün yaratdığı anlamlardan heç biri ilə bağlana bilmir:
(Söz budur ki, biz sənsiz həyat istəmirik,
Eşit sözü, ey xəbərçi qasid, qayıt).
آن(Yarəb, vətəni Hafizin gözündə olan o kimsə
Onun (Hafizin – S.Ş.) arzusuna görə qəriblikdən vətənə qayıda).
Hafizin gözündə "məskən tutan”, yəni tez-tez görüşdüyü dostun kimliyi əvvəlki beytlərdə yer alan "nəsimi” və "peyk-e xəbərgir” ifadələri ilə açıqlanır və Hafizin Nəsimini nəzərdə tutdu­ğunu ehtimal etməyə əsas verir. Çünki "nəsimi” ifadəsinin iş­lən­diyi beytdə onun yalnız ümumi isim kimi qəbul edilməsi anlaşıl­mazlıq törədir və şairin incidilmiş könlünün əlacını mərhəmət kü­ləyində aramasının səbəbi aydın olmur. Qəzəldə "təbliğatçı səy­yah” anlamını da ehtiva edən "bad-e xəbərgir” deyimi də "nəsim” və "nəsimi” sözləri arasındakı assosiasiyalar üzərində qurulmuş­dur. Belə ki, səbaya müraciətlə: "Sənsiz bizə həyat yoxdur, sözü eşit və geri qayıt” deyimində "səba”nı müstəqim mənada başa düş­mək məntiqsizlik törədir.
Nəhayət, bu deyilənlər əsasında Hafizin Şirazı Nəsiminin və­­təni saymasını, yaxud bu yerdə çox yaşadığına görə buranı onun üçün qürbət hesab etməməsini ehtimal etmək olar. Lakin bu eh­ti­malı qüvvətləndirən dəlilə digər qaynaqlarda hələlik rast gəlin­mə­di­yinə görə sadəcə olaraq, belə bir fərziyyəyə yol açan bədii qay­nağın mövcudluğunu vurğulamaqla kifayətlənirik.
Hind səbkinin görkəmli nümayəndələrindən olan Ürfi Şi­ra­zinin (1556-1591) divanında "nəsimi” sözünün istifadə olunduğu bəzi mətn­­lərdə Seyid Nəsiminin nəzərdə tutulmasını düşünməyə ipucu verən məqamlar vardır:
نNə (şəhər) camaatına ram oluram, nə şəhərin mürşidinə ov oluram,
(Şəhərdən çıxıb) oturmuşam (gözləyirəm) ki, Nəsimi məni ovlaya).

(Əgər Nəsimi gələr və deyərsə ki, (məndə) dostun qoxusu var­­dır, şadlığı tamamlandığından aşiq kəfənə sığmaz).
Göründüyü kimi, şair Nəsimini qeyb aləmi ilə eyn aləmi ara­sındakı bir əlaqələndirici dərviş və övliya olaraq görür. Qoxu ("buy”) sözü ilə əlaqələndirildikdə "nəsimi” ümumi isim kimi, "sığ­mazlıq” ("nəqoncəd” ("sığmadı”)) ilə tənasüb içində götürül­dükdə isə Seyid İmadəddin təsəvvürə gəlir. Xatırlatmalıyıq ki, Nəsiminin fars dilində "Nəqoncəd” ("Sığmadı”) rədifli şeiri var və kə­fənə sığmama isə təsəvvürə həm də şəhid şairi gətirir...
Hind səbkinin digər bir istedadli nümayəndəsi olan Bidel (1644-1721) yazır:
(Heç bir şəkildə fələyin gərdişindən bizim nəsibimiz qürrə­lən­mə deyil,
Ölən­dən sonra bəlkə Nəsimi bizim tozumuzu yuxarı aparar).
Beytdə "Nəsimi” və "sərboləndi” ("qürrələnmə”) ifadələrinin əlaqələndirilməsi təlmih kimi dəyərləndirilə bilər. Çünki "sər­bo­ləndi” Nəsiminin poetik irsində xüsusi yeri olan "ənəlhəq” ifadəsini yada sa­lır. Hərfi anlamda "nəsimi” sözü ümumi isim kimi işlənsə də, şai­­rin burada ifadəni eyham poetik fiquru vasitəsi ilə həm ümumi, həm də xüsusi isim kimi nəzərdə tutması məlum olur. Məlaməti görüşlərinin ifadəsi olan beytində şair zahirən fələyin gərdişinə (çərxi-fələk) görə nəsibinin məğrurluq olmadığını, bəlkə ölü­mün­dən sonra torpağını nəsimin yüksəklərə qaldıracağını bildirir. Am­ma beytdə ifadənin "nəsim” deyil, "nəsimi” şəkli onun Nəsi­mini nə­zər­də tutması qənaətini yaradır və burada ipucu verən ifadə "sər­boləndi”dir. Ümumiyyətlə, Bidelin ifadə tərzi maraq doğurur. Belə ki, o, cisim daxilində olan ruhun halından və onun haqqa qo­vuşan ali məqamından deyil, torpağa çevrilmiş cismin külək va­sitəsilə yük­səkliyə qalxmasından bəhs edir. Bu düşüncənin qay­naq­la­rın­dan biri isə hindli ənənəsinə görə ölümün­dən sonra yan­dırılan in­sanın külünün sovrulması da ola bilər. Bu yüksəkliyə gedişdə (برد به بالا...) bələdçinin Nəsimi ol­masının ifadəsi isə təsadüfi sayıla bilməz.
Təkcə farsdilli ədəbiyyatda deyil, türkcə şeirdə də Nəsimi­nin adını eyham poetik fiquru vasitəsilə xatırlatmalara sıx-sıx rast gə­li­nir. Sultan Fatehin aşağıdakı misraları da bu kontekstdə oxun­duq­­­da öz həqiqi dəyərini ala bilir və müəllifin mətnaltı məqsədi an­la­şılır:
Nəsimi-ruhfəzasıyla şeş cəhət məmlu,
Ya çar fəsli-həvası misali-fəzli-rəbi.
Bəzən isə Nəsimi bir spesifik kəlmə və ya ifadəsi ilə də xatırladıla bilir. Bu açar kəlmələr, əsasən, "nəzm”, "ümman” (və eynian­lamlı "dər­­ya”, "mühit”), "ənəlhəq” ifadələri və sığmazlıq anla­yışıdır. Bun­­lar vasitəsilə "nəsimi” sözü daha çox ümumi anlamda işlə­nər­kən belə beytdə təsəvvürü şair Nəsimiyə də yönləndirə bilir. Xətai, Mühyiddin Abdal, Pir Sultan Abdal və digərlərinin şeirində onun divanının sözlüyündən bir kəlmə ilə "nəsim” sözü arasında xəyali bağ qurulmasına və bu yolla təxəllüsünə eyham edilməsinə rast gəlinir.
Çoxsaylı divanlar əsasında Nəsiminin Türkiyə divan şeirində təsirini araşdıran İ.Kayaokayın da qeyd etdiyi kimi, "Nəsiminin bir divan şairi şəx­siyyəti ilə şeirlərdə yer alması sadəcə bir neçə şairdə gö­rül­mək­dədir”. Qeyd etməliyik ki, Nəsimini şair olaraq yad edənlər içərisində ilk sıralarda XV əsr özbək şairi Hafiz Xarəzmi yer alır. O, qəzəllərindən birinin məqtə beytində öz şeirində Kamal Xocəndi və İmadəddin Nəsiminin üslubunu birləşdirdiyini yazır:
Kəmal tövridə Hafiz qəzəllər aytur idi,
Vəli bu bir neçə şe’r içrə bar tövri-İmad.
Eyni şeirin mətlə beytində şairin "nəsim” sözündən istifadəsi də məqtə beytdə İmad deyilərkən məhz Seyid Nəsiminin nəzərdə tutulduğunu dolayısı ilə təsdiqləyir:
Səba nəsimidin ol zülf tapdı irsə qüsad,
Bu ömrüm imdi kiçər ah-ah ilə bərbad.
Şairin adını yad etdiyi İmadın Nəsimi olmasının daha möhkəm dəlili isə Nəsiminin eyni qafiyə strukturuna malik şeirinin olması və onu bir çox şairin, o cümlədən Nəvainin də özünə örnək bilməsidir.
Türkiyə ədəbiyyatının nümayəndələrindən Nuri Osman (ö.: 1815) bir, Xülusi Ömər (ö.: 1879-cu ildən son­ra) isə altı beytdə Nəsimidən bəhs edir. Xülusi Ömər bu beyt­lər­dən dördündə Nəsimini eşqi yolunda canından keçən haqq aşiqi ki­mi vəsf edir. O, aşağıdakı iki beytdə isə Nəsiminin adını divan sahibi sufi şairlərlə eyni sırada yad edir:
Şeyx Xülusi, Misriyə Yunus, Nəsimidir səza,
Biz Füzuli can yədindən qandıq isə bir qədəh.

Nəsimi bir, Füzuli xoş, dədəm Yunus Niyazımdır,
Eşitdim anların nitqin, dedim əhli-divanız biz.
["Niyaz” burada həm də Niyazi Misriyə işarədir].
XVI əsr Türkiyə divan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Nevinin "nəsimi-nəzmi-gövhərbar” ifadəsi də Nəsimi ilə assosiasiya yaradır. Çünki ümumi isim olaraq nəsimin (külək) "nəzmlə”, həm də "gövhərsaçan nəzmlə” bir fikir bağı yoxdur.
Türkiyəli tədqiqatçı Əbdürrəhman Adaka görə, xəlvətilik təriqətinin tanınmış nümayəndəsi olan Zəfi aşağıdakı misralarda özünü Nəsiminin davamçısı olaraq görür:
Təzə can bulurdı qəbrində Nəsimi, Zəfiya,
Gər məşamına irişsə, işbu nəzmi-xoş nəsim.
Mübaliğənin ifrat dərəcəsi olan qüluvvdan istifadə ilə Zəfi öz şeirini hz. İsanın ölüdirildən nəfəsinə bənzədir. Şair həm ide­yalarını yaşatmaqla Nəsimiyə yeni ruhi-mənəvi həyat ver­diyini bildirir, həm də söz sənətkarı Nəsiminin Zəfinin bu xoş kəlamının təsiri ilə yenidən cismani həyat qazana biləcəyini vur­ğulanır. Bu beyt Zəfinin sələfi Nəsiminin yaradıcılığına dərin­dən bələdliyini də göstərir. Çünki Nəsimi hər iki dildəki (Azərbaycan türkcəsi və fars­ca) divanlarında özünün Nəiminin nəfəsindən həyat tap­dığı­nı bildirir və bəzən öz şeirini hz. İsanın ölü­diril­dən nəfəsinə bən­zə­dir. Eyni tərzdə yanaşmanı Rəfiinin "Bəşarətnamə”sində də görürük. Rəfii də mürşidi Nəsimi vasitəsilə hürufilik elminə yiyələnməklə yeni həyat qazan­dı­ğını bildirir:
Bu xərabatumı məmur eylədi,
Zülməti-abadımı pürnur eylədi.

Xızır imiş, sundu bana abi-həyat,
Aldım, içdim, rihlət etdi müşkilat.

XVI əsr Türkiyə şairlərindən Məsihinin də divanında eyham poetik fiquru vasitəsilə Nəsimi assosiativ olaraq xatırlanır:
Rişteyi-nəzminlə örülsə əyər şirazəsi,
Edəməzdi güllərin məcmuəsin əbtər nəsim.
Türkmən şairi Əndəlibin (1660-1740) beytində də analoji durumu görmək mümkündür:
Nəsimi-ism hər beyt ibtidasından gəlir, amma
Gərəkdir Əndəlibə ad çıxarmaqlıqda ustadi.
Birinci beytdə "rişteyi-nəzm”, "şirazə”, "məcmuə” və "nəsim” kəlmələrini bir poetik fikir sisteminin tərkib hissəsi kimi görməyə iki söz şərait yaradır: "nəzm” və "nəsimi”. İkinci beytdə "Nəsimi-ism”, "beyt”, "ad çıxarmaq” və "ustad” kəlmələri assosiativ olaraq Nəsimini göz önünə gətirir. Həm hər iki şairin digər əsərlərində Nəsiminin ədəbi mirasına müraciətini, həm də klassik ədəbiyyatda bədii məntiqin poetikanın təminatçısı olduğunu nəzərə aldıqda "nəsim” sözünün bu kimi beytlərdə istifadəsi təsadüfi sayıla bilmir və Nəsiminin söz sənətkarı şəxsiyyəti ilə bağlı düşüncələrin bu şairlərin poetik təxəyyülünü istiqamətləndirdiyi qənaəti yaradır.
Nəsiminin adının yad olunduğu mətnləri araşdıran İlyas Kayaokay yazır: "Yüzlərcə divanın araşdırılması sonucu 33 şair və divanında Nəsiminin adının keçdiyi 64 nazım parçasına (beyt, bənd, mısra, qitə) rast gəldik. Bu şairlər və divanları bun­lar­dır: Ərşi, Asəf, Əzbi Baba, Əzmizadə Haləti, Bali, Bəndi Mustafa, Fazil, Fəhimi-Qədim, Fevzi, Qəriqi, Qeybi Sünullah, Xəlil Nuri, Xərabi Baba, Xətai, Heyrəti, Xülusi Ömər, Xudayi-Qədim, Ka­buli, Kami, Kani, Ləbib, Mühiti, Mühyiddin Bursəvi, Nuri Osman, Osman Şəms, Pirkal, Raculi, Safi Baba, Süturi, Vəhdəti, Yari Əh­məd, Zəfi Gülşəni, Zəlili”. Bu istiqamətdə apardığımız tədqiqatlar zamanı biz də onlarla divan, şeir məcmuəsi, aşıq ədəbiyyatı və orta çağın digər qaynaqlarına müraciət etdik və Nəsiminin adının bir­başa və ya dolayısıyla – eyham vasitəsilə yad olunmasının örnəklərinin heyrətamiz dərəcədə çoxluğunun şahidi olduq. Əs­lin­də divan şeirinin bütün örnəklərinin tədqiqata cəlb olun­madığını və Tür­kiyədə ardıcıl olaraq, divan ədəbiyyatının yeni-yeni nü­ma­yən­­dələri və əsərlərinin aşkara çıxarıldığını nəzərə alsaq, Nəsimini yad edənlərin siyahısındakı adların sırasının artacağı şübhə doğur­mur.
Nəsimi təkcə divan və təsəvvüf ədəbiyyatı nümayəndə­lə­rinin şeirində yad olunmamışdır. O, xalq şeiri tərzində yazıb-ya­radan şairlərin də diqqətini çəkərək, onlara yeni ifadə imkanları və geniş xəyal üfüqləri açmışdır. Amma bununla belə, qeyd et­mə­liyik ki, türk və türkmən xalq ədəbiyyatında Nəsiminin adı yer alan beyt­lərin hamısı eyni səviyyə və yüksək bədii dəyərdə de­yildir. Bu şeirlərin bir qismində özünü şairə bənzətmədə sadəcə ənənə­nin təsiri, digər bir qismində hətta özünün eşq yolunda fəda­karlığını daha artıq də­yər­ləndirmə görünür. Türkmən şairi Zəlilinin yara­dıcılığından şei­riy­yəti ilə seçilən bir nümunəyə nəzər salaq:
Bilbil idim, cüda düşdim baxçamdın,
Yürəgim soğrıldı könül boxcamdın,
Nəsimi tək gəlib mənin ökçəmdin,
Bir yiti tiğ bilən yüzməli boldı.
Türkmən ədəbiyyatının digər nümayəndələri – Məxtumqulu və Durdu Şeyxin şeirləşməsində də Nəsiminin adı­nın çəkilməsi bir çox araşdırmalarda qeyd olunur. Bu deyiş­mə­də iki cəhət – Nəsiminin şəhid şəxsiyyətinin XVII-XVIII yü­zil­liklərdə Türkmənistan ədəbi mühitində də tanınması və ona bəslənən rəğbət xüsusilə diqqəti cəlb edir. Məx­tumqulu:
Ol nəmədir yemədilər, doydular?
Ol nəmədir qiyamətə qoydular?
Ol kim idi dabanından soydular,
Şair olsan, şundan bizə xəbər ver.
Durdu Şeyx:
Ol didardır, yemədilər, doydular,
Ol namazdır, qiyamətə qoydular,
Nəsimini dabanından soydular,
Bizdən salam olsun, cavab şelədir.
Durdu Şeyxin Nəsimini xatırlatdıqdan sonra "Bizdən salam olsun” deyərək, Nəsiminin ruhuna salam göndərməsi onun şəx­siy­yətinə ehtiramın ifadəsidir.
Azərbaycan aşıq ədəbiyyatında Sarı Aşıq (XVII) və Aşıq Ələs­­gərin (XIX) də şeirində Nəsiminin adı eyham deyil, açıq şə­kildə yad olunur:
Gözəllik soy iləndir,
Şahmar da soy ilandır,
Nəsimi tək bu Aşıq
Yolunda soyulandı.
(Sarı Aşıq)

Var sazımın nə pərdəsi, nə simi,
Onu çalıb kim, tərpədər nə simi?
Firdovsi, Füzuli, Hafiz, Nəsimi -
Onlar da yazdığı, ayə, məndədir.
(Aşıq Ələs­­gər)
Aşıq Musa (XX) da eyni ənənəni davam etdirir:
Füzuli, Firdovsi eyni, bil, mənəm,
Nəsimi tək dastan olan bil, mənəm.
XX əsr poeziyasında Nəsimini xatırlatmalar daha geniş vüs­ət alır. Almas İldırım, Rəsul Rza, S.Vurğun, M.Araz və digər şa­irlər daha çox Nəsiminin edamı səhnəsi ətrafında görüşlərini qə­ləmə alırlar.
Sonda bunu da qeyd etməliyik ki, açıq və ya üstüörtülü xatırlatmalarda şair çox zaman əsas tə­xəl­lüsü olan Nəsimi və onun qısa şəkli Nəsim ilə, ara-sıra Se­yid, İmad, Hüseyni kimi yad edilmişdir.
Göründüyü kimi, Nə­simi təkcə şeir sənətindəki ustalığı ilə şöhrət taparaq, ədəbi yaradıcılığa təsir göstərməmişdir, həm faciəli aqi­bəti ilə şairlərin təxəyyülünü qanadlandıraraq, çox sayda poetik nü­mu­nələrin yaranmasına səbəb olmuş, həm də bir kamil insan olaraq, çoxları üçün ideal və örnək şəxsiyyətə çevrilmişdir.

Səadət Şıxıyeva
banner

Oxşar Xəbərlər