• cümə, 19 Aprel, 02:25
  • Baku Bakı 18°C

Nəsimi Şirvani sirlərini açan kitab

27.10.19 10:00 1573
Nəsimi Şirvani sirlərini açan kitab
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun qrifi ilə "Elm” nəşriyyatında Hacı Firudin Qurbansoyun "İmadəddin Nəsimi” adlı monoqrafiyası işıq üzü gördüyü qısa müddət ərzində ən çox aranan, oxunan, sevilən biblioqrafik nadir kitaba çevrilib. Bu əsassız deyil, axı sözünün çəkisini bilən, islam sivilizasiyasını əhatələyən əsas elmlərə vaqif olduğunu bundan öncəki monoqrafiyaları ilə də sübut edən filologiya üzrə fəlsəfə doktoru Hacı Firudin Qurbansoy yazılanları təzədən yazmayıb, dərin analitik araşdırmaların nəticəsi olan yeni faktlarla oxucusunu yaxşı mənada heyrətləndirib.
Kitabda araşdırılan bütün mətləblərdən çıxan nəticələr möhkəm elmi məntiqə dayaqlandığı üçün söz sərraflarını razı salır. Müəllif Nəsiminin həyatı barədə danışarkən, şairin Şirvandan olmasını elə tutarlı dəlillərlə sübut edir ki, ciddi mübahisə üçün yer qoymur. Təzkrələrdə zikr olunan Nəsiminin dünyaya gəldiyi məkanlar müxtəlifdir. Tədqiqatçı bu faktı onunla izah edir ki, Yaxın Şərq ölkələrində gizli ruhani iş aparan Nəsimi əsil-nəcabətini açıqlaya bilməzdi, aşkarlananda tutulub cəzalanacağı təqdirdə yaxın adamlarını güdaza verə bilməzdi. Ağıllı məntiqdir, deyilmi? Buna kim razı olardı ki? Nəsiminin Şirvani olmasını Firudin müəllim dil tarixini mükəmməl bilən alim kimi müxtəlif beytləri açıqlamaqla izah edə bilir. Bunlardan biri, indi ancaq dialektdə qalan "kokkuh” sözüdür. Şirvan ləhcəsində bayquş mənasını verən bu təqlidi söz Nəsiminin fars divanında işlənib:
در عشق تو ای مهرو عاشق چو منی کو کو
تا در سر ویرانها چون ککوه زند کو کو
(Dər eşğe-to, ey məhru, aşeğ çu məni ku? Ku?
Ta dər səre-viranha çun kokkuh zənəd "ku-ku”.)
Tərcüməsi:
Ey ayüzlü, sənin eşqində mənim kimi aşiq hanı? Hanı?
Viranələrin başında çünki, bayquş "ku-ku” vurar.

Təəccüblü deyil ki, nə klassik, heç müasir fars şairlərinin də heç biri bu sözdən istifadə etməyib, necə etsin ki, söz axı Şirvan ləhcəsindədir.
Hacı Firudin Qurbansoyun Nəsimini türkmənləşdirmək istəyən alimlərə cavabı da məntiqli və inandırıcıdır!
Nəsiminin keçib-getdiyi məkanlar bəhsində alim, şairin beytlərindəki toponomik vahidlərlə yanaşı, həm də həmin məkanlara xarakterik detallara da xüsusi diqqət ayırıb. İslami ölkələrin heç birində mərmərdən heykəl ola bilnəzdi, şairin aşağıdakı beytini şərh edən alim yazır:”
Zahid aydur: "sevmə xubi, baxma anun yüzinə”,
Şol həcər yürəkli ahən, yoqsa mərmərdənmidür?
Beyt bizə iki işarəsilə maraqlı gəldi; "həcər yürəkli” - "ürəyi daş” söz birləşməsi 66TƏRHİM سُورَة التَّحرِيم surəsi, 6-cı ayədə keçən مَلَائِكَةٌ غِلَاظٌ "mələ'ikatun ğiləžun” ifadəsindəndir, daş ürəkli, rəhmsiz cəhənnəm mələklərini göstərir və zahid mərmər heykələ bənzədilir. İslam Şərqi ölkələrində belə heykəllər yoxdu, Nəsimi bu heykəlləri səyahətləri zamanı xristia. və bütpərəstlər arasında görə bilərdi.
Canımı ənbərin saçın seyd edəli kəməndinə
Rumü Xətayi dutmuşam, Çinü Tatar içindəyəm.

Nəqşi-nigarını üzün məndə müsəvvər eylədi,
Mən bu nigari-nəqş ilə nəqşü nigar içindəyəm. [1, s.128]
"Nigar” sözü məbədlərin divarlarına müqəddəslərin təsvirləri çəkilən freskalara deyilib, sonra məcazi mənada gözəl məfhumunu ifadə edib. Nəsiminin adını çəkdiyi coğrafiyada xristiyan və buddist məbədləri mövcuddu, belə canlı təsvirlərdən sonra çox yəqin ki, şair oralarda olubmuş.
Şöhrət afətdir,usandım şöhrətindən aləmin,
Gərçi həm əladəvü əsfəldə məşhur olmuşam. [1, s.427]
Nəsiminin gəzdiyi geniş coğrafiyada rastlaşdığı çeşidli xalqların etnopsixologiyası ilə bağlı şeirlərində maraqlı işarələri var.
Münəvvər əbhərin türki evin yəğmaladı əqlin,
Moğul hər qanda varırsa düşər taracü yəğmayə. [1, s.34]

Gəldi bəydən muştucu bir gündə dört,
Bəy sizə yazdırdı bir köklük... yoğurt!
Ol dəxi, yarısı su, yarısı dürt,
Bəxşişə türkmanmı yeydir, yoxsa kürt?! [1, s.577]
Tanrı (tenqri) sözü islamın gəlişiylə Allah sözü ilə əvəzlənsə də, türk xalqlarının yaşadığı geniş coğrafiyada inersiya ilə qalmaqdaydı, indi də dilimizdən arxaizm kimi çıxmayıb. Nəsimi Şirvani bu sözdən istifadə edib.
Divi-rəcimə, ey könül, etmə dəxi mütabiət,
Tanrı sözün eşit, derəm, sidq ilə qıl mülazimət. .[1, s.503]
İslam terminologiyasında "div” sözü yoxdur, dilimizdə qalması zərdüştiliklə əlaqədardır, şeytan mənasını bildirir. Div üçün "rəcim” (daşqalaq olunmuş) deməklə, şair "şeytan ər-rəcim” ifadəsini yada salır.
Uzaq coğrafiyalar adlayan Nəsimi Şirvani şeirində müxtəlif dinlərlə bağlı işarələr var:
Qaşın mehrabına baş qoymayanlar,
Məgər boynunda bağlıdır səlibi?!. .[1, s.93]
Qaşın kimi əyri mehraba üzünü tutub namaz qılmayanların yəqin ki, boynundan xaç asılıb. "Səlib” xaç deməkdir. "Çələb” , "səlib” – sözündən yaranıb, Tanrı mənasını verir.
Çələb səni necə şirin dodaqlu yaratmış,
Ki, Səlsəbil utanır ləblərin zülalından...

Çələb Nəsimiyə çün əskik eyləməz bir şal,
Nə ətləsindən umar kimsənin, nə şalindən. [152]
Türkcə "ovğan” olmuş xaç məfhumunu ifadə edən "çələb”, yaxud "çalab” kəlməsi sonradan Tanrı, Məbud, Mövla. Xuda, Rəbb, ağa kimi mənalarda xristianlıq vasitəsilə süryanicədən IX-X yüzillikdə Türküstan və Moğolustan türkcəsinə süryani xətti ilə birgə keçən bir sıra sözlərlə bərabər daxil olub. "Çələbi” sözü sonradan Allahpərəst, igid, həsas insan, kübar, şəhər tərbiyəsi almış oxuyub-yazmağı bacaran dərrakəli adam, şahzadə mənalarında işlənib.
Surəti-хəttü хalinə sacidü abid olmayan,
Millətimizdə oldurur müşrikimiz, yəhudumuz.
Şairin beytdə işlətdiyi "millət” sözü XIX yüzillikdən formalaşmış indiki anlamında deyil, islam daxilindəki insan toplumu mənasındadır. Bu sözün antonimi isə "müşrik” və "yəhud”dur. Nəsiminin şeirində azərbaycanlı mənasında "azəri” sözü işlənir:
Düşərəm oda göricək bu mələknijad huri,
Əcəba, bu Çin bütünün üzü nəqşi-Azərimi?
"Nəqşi-Azəri” söz birləşməsi, həm İbrahim Peyğəmbərin atası Azərin düzəltdiyi büt, həm də azərbaycamlı gözəl mənasındadır. "Büt” sözünün çoxsaylı mənalarından biri də gözəldir. Görünür, bu beyti şair əcnəbilər arasında olarkən rastlaşdığı həmyerlisini görən anda sevinclə deyib.” Burada mən bilərəkdən sitatı çox göstərdim ki, alim necə həssas, tədqiq etdiyi obyektə hərtərəfli maraqla yanaşdığı aydın görünsün.
Nəsimi şeirinin qaynaqları bəhsi də dərin elmi məlumatlılığın, zərif lirik ruhlu alim müşahidəçiliyinin sayəsində ərsəyə gəlib. Burada orta yüzilliklərin çeşidli elm sahələri ilə şairin təması, dini və dünyəvi biliklərə nə səviyyədə yiyələnməsindən söz açılır. Klassik farsdilli şair və alimlərin əsərlərilə paralellərlə, şairin Qurani Kərim və ərəbdilli şeirdən nə dərəcədə bəhrələndiyi də konkret misallarla, inandırıcı dəlillərlə oxucuya təqdim olunur.
Hürufiliyin mənbəyi və təzahürü bəhsi şərqşünaslığımızda ilk dəfə belə genişliyilə araşdırılır. Firudin müəllim yazır: "Hərf elminin tarixi qədimdir. Qədim Yunanıstanda və Fələstində bu elm "Gematriya” adlanırdı və "atbaş”, "atbax” adlı iki sahəsi vardı. Müxtəlif sakral və magik məzmunlu mətnlər əbcəd və cifr elmlərində olduğu kimi istifadə edilirdi. İslam maarifində də bu elmin özünəməxsus yeri var.
Əbu-Nəsr Mühəmməd ibn Tarxan ibn Uzlaq əl-Farabi (869-950) "Kitab əl-Hüruf” (Hərflərin kitabı) adlı əsər ərsəyə gətirmişdi. Kitab müxtəlif əlyazma nüsxələri əsasında 1969-cu ildə Beyrutda nəşr olunmuş, rus dilinə tərcüməsi Alma-Atada çıxmışdır. (Аль-Фараби. Книга букв. Перевод, примечание и вводная статья К.Х. Таджиковой. - Almatı, «Қazaқ universitetі», 2005) Ərəb əlifbasındakı 28 hərfə, bu əsərdə fəlsəfi və dini aspektdən baxılmışdır. 28 rəqəminin gizli rəmzi vahidi bildirir: 2+8=10=1+0=1 Vahid olan isə Allahdır. Başqa sözlə, 28 hərflə yazılan Qurani Kərim bir olan Allahın sözüdür. Həm də Yerin peyki olan Ay bir ay ərzinində 28 şəklə düşməsinə görə, Ay islamın rəmzi sayılır.
Əllərimizdə Ayın 28 səhfəsi (göydə 28 fərqli görünüşü) və Ərəb əlifbasının 28 hərfi əks olunub. Əl barmaqlarının hər birində, baş barmaqdan savayı 3 buğum var. Baş barmaqda isə 2 buğum olduğunu nəzərə alsaq, hər əldə 14, iki əldə isə 28 buğumu hesablaya bilərik. Namaz vaxtı qunut tutarkən, əl barmaqlarındakı 28 bir yerdə olur. Qurani-Kərimin bütün hərflərini ehtiva etdiyi üçün, namazda əlləri birləşdirib qunut tuturlar. Sağ əldə birinci 14 hərfi ehtiva edən Əbcəf, Həvvəz, Hütti, Kələmən, sol əldə isə Səfəs, Qərəşət, Səxiz, Zəziğ sözlərinin hərfləri öz əksini tapıb.
Əbu Əli Hüseyn ibn Əbdullah ibn əl-Həsən Əli ibn Sina ابو علی حسین بن عبدالله بن سینا (16.08.980 — 18.06.1037) "رسالۀ کنوز المعزمین” (əfsunlar xəzinələri risaləsi) adlı əsərində ərəb əlifbasındakı hərflərin 13 müxtəlif cür düzülmə dairəsinin (dəvairi-hüruf) sırasını göstərir:

1. Əbtəs (ابتث)
2. Əbcəd (ابجد)
3. Əhtəm (اهطم)
4. Əchəb (اجهب)
5. Əyğəğ (ایقغ)
6. Əcnəş (اجذش)
7. Ərği(ارغی)
8. Ənsəğ (انسغ)
9. Əhsət (احست)
10. Ədyəl (ادیل)
11. Əchəz (اجهز)
12. Əfsəc (افسج)
13. Əhət (اعهط)

Bunlardan əvvəlinci 6 dairə "dəvairi-sittə” adlanır və daha məşhur və mühüm sayılır.
Əhtəm اهطم dairəsi 28 hərfi özündə ehtiva edən 8 sözdən ibarətdir:

1. Əhtəm ( اهطم)
2. Fəşəz (فشذ)
3. Buyən (بوین )
4.Sətəz (صتض )
5.Cəzkəs (جزکس )
6.Ğəsəz (قثظ )
7.Dəhlə (دحلع )
8.Rəxəğ (رخغ ) ”
Hər bir dairənin, dairədəki sözlərin hərf və rəqəm açımı da verilir.
Sakral rituallar mövzusu, ümumiyyətlə irfanşünaslığımızda öyrənilməmişdi. İlk dəfə bu kitab bizi arif şairlərimizin əsərlərini düzgün anlamağımıza şərait yaradır.
Nəsimi yaradıcılığı və Nəsimi şeirinin ecazı bəhslərində ölməz şairimizin idrak və irfan dünyasındakı söz inciləri incələnir. Burada həm ilmi-əruz, həm ilmi-qafiyə, həm imi-bəgi, ilmi-məani, ilki-kəlam sahələrinin verdiyi imkanlar çərçivəsində mövzu araşdırılır.
Bəşəriyyəti öz sirli həyatı və yaradıcılığı ilə heyrətə salan Seyid Əli Seyid Məhəmməd oğlu İmad əd-Din Nəsimi Şirvani ilində ərsəyə gələn bu kitab, bizə şairimizi təhriflərdən arınmış şəkildə təqdim etdiyi üçün dünya şərqşünaslığına əsaslı töhfə kimi qiymətlidir.
Mahir Həmidov
banner

Oxşar Xəbərlər