Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği
XXI əsr sürət əsridir,
yanında dayandığın nəsnə bir anda səndən uzaqlaşır, yaxud bir anda sən yanında
dayandığından kənarlaşırsan. Bu əsrdə çox şey sanki, bir göz qırpımında baş
verir. XXI əsrdə klassiklərə qayıdış, onlara yenidən müraciət bizi, sürətdən
yaxşı mənada uzaqlaşdırır və dünyaya aramla, sakit, təmkinli baxmağa, tələsən
zamanla birgə axıb yox olmamağa sövq edir.
Orta əsrlər bəşəriyyət
tarixinin ən maraqlı dövrlərindəndir. Çünki Orta əsr artıq dini inkişafın
yekunlaşdığı, sabitləşdiyi bir dövrdür, insanların əqidələrinin möhkəmləndiyi,
şüursuz müharibələrin səbəbli müharibələrlə əvəzləndiyi, mədəniyyətlərin
ayrılması prosesinin ümumən başa çatdığı çağdır. Əlbəttə, orta əsrlə bağlı bu
cür məsələlər ədəbiyyata da təsir edirdi və ona görə də Orta Əsr Şərq
ədəbiyyatı artıq konsepsiyalı yaradıcılıqların, əqidə müəlliflərinin yetişdiyi
bir dövrdür. Orta əsrlərdə zaman axırdı, insansa, elə bil, dayanmışdı, indi isə
sanki, zaman insanla birgə hərəkət edir. Müasir insanın konsepsiyaya qayıtmaq,
aramla düşünmək, öz varlığını zamana qurban verməməsi üçün orta çağın bəzi
reallıqlarına, ən əsası şəxsiyyətlərinə dönüşü labüddür. Bu, özü-özlüyündə
mənəvi məsələlərə – ruha qayıdış deməkdir.
Prezident İlham Əliyevin 2019-cu ili Nəsimi ili – ədəbiyyat ili elan
etməsi olduqca dəyərli addımdır. Ədəbiyyatın inkişafına təkan verən, ölkəni
sözə, şeirə, sənətə köklənməsinə gətirib çıxaran amildir.
2015-ci il Rusiyada
ədəbiyyat ili elan edilmişdi. Həmin vaxt mən Sankt-Peterburqda idim və kitab
sərgisinə qatılmışdım. Metrolara belə kitab rəfləri qoyulmuş, şəhər başdan-başa
ədəbiyyat şüarları ilə bəzədilmiş, ölkə çoxsaylı ədəbiyyat tədbirlərinin
meydanına çevrilmişdi. Açığı, onda belə bir məsələnin reallaşmasını ölkəmiz
üçün arzulamışdım, yaxşı mənada Rusiyaya qibtə etmişdim. Aradan cəmi dörd il
keçdi ki, bizim ölkəmiz də Nəsimi ili elan edildi və bir il boyunca Nəsiminin
650 illik yubileyi bayram kimi qeyd ediləcək.
ANLAYIŞ
ŞAİRİ – NƏSİMİYYƏT
Nəsimişünaslığın qarşısında
dayanan əsas vəzifələrdən biri də Nəsimini anlayış şairi kimi təqdim etməkdir.
Təbliğatın bu istiqamətini qətiyyən boş qoymaq olmaz. Dünya ədəbiyyatında
müəlliflərin, yaxud əsərlərin anlayışa çevrildiyi çox olub. Məsələn,
"Tolstoyçuluq” anlayışı var. "Tolstoyçuluq” dini ideyaları həyatı ideyaların
içərisindən keçirərək "İncil” motivlərini real həyata – mənəviyyata təbliğini
əsas götürən anlayışdır. Yaxud müəlliflərin yox, əsərlərin anlayışa çevrilməsi
faktı var: Məsələn, "Don Kixotluq”. "Don Kixotluq” anlayışı yaxşı və pis
mənalarda işlədilir. Bu anlayış həm kor-koranə inamı, mənasız əzmi, dırnaqarası
qəhrəmanlığı, həm də dünyanın puçluğunu dərk etməyi, cahanın döyüş meydanına
çevrilməsinin cəfəngliyini, sülhün, əmin-amanlığın fani insan ömrünün mənasını
ifadə etməyi simvolizə edir. Yaxud "Məcnunluq "anlayışı. "Məcnunluq” yar
sevgisinin Allah sevgisinə çevrilməsini, insanın sevərək ucalmasını,
kamilləşməsini, sevginin mahiyyətini sevdiyin adamdan daha çox sevginin özündə
tapılmasını xarakterizə edir. Yaxud "Napoleonluq” anlayışı. Bu anlayışın
tərəfdarları və əleyhdarları var, amma hər ikisi mahiyyət ifadəçiləri sayılır.
"Napoleonluq” anlayışının təbliğatçıları
(Dostoyevski) dünyada ancaq güclülərin hakimiyyətini dəstəkləyən, zəiflərin
varlığını inkar edənlərdir. Bu anlayışın əleyhdarları (Tolstoy) isə gücün də
bəşəriyyətə xidmət etməsini, dünyada xeyri çoxaltmağa vasitə olmasını qeyd
edirlər. Nəsiminin şəxsiyyətini də bu cür – anlayış kimi təbliğ etmək olar.
Çünki onun yaşadığı dövr, həyatı, əqidəsi bir anlayış kimi təqdim olunmalıdır.
Nəsimilik dönməzliyin, sınmazlığın, azadlığın, azad sözün qarşısıalınmazlığının
simvolu kimi təqdim edilə bilər. Nəsimilik bir anlayış kimi təqdim olunsa, həm
də bədii-estetik kateqoriya kimi də şöhrət tapa bilər. Nəsimin ölümündən sonra,
əslində, belə bir anlayış az da olsa mövcud olub və "Nəsimiyyət” adlanıb. Lakin
təəssüflər olsun ki, geniş vüsət almayıb. Ayrı-ayrı vaxtlarda bu anlayışa
fraqmentar şəkildə toxunulub. Gərəkdir ki, bu anlayış geniş yayılsın və təbliğ
olunsun. Əgər "Nəsimiyyət” anlayışı
geniş miqyasda təbliğ olunsa, ədəbiyyatşünaslar tərəfindən bu məsələyə
hərtərəfli meydan verilsə, bu, Nəsimi İlində görülən dəyərli işlərə bir töfhə
olar.
Bundan başqa, "Nəsimiyyət”
bir üslub kimi də zaman-zaman qiymətləndirilib, şairin özünəməxsus düşüncələri,
şeirlərinin simvolları, fikirlərin fərqliliyi bu anlayışın həm də yaradıcı
əsasını formalaşdırıb. Məsələn, Aşıq Çələbi Şeyx İbrahim Gülşəni tərəfdarlarına
aid edilən "ilhad toxumu”nu ilk olaraq Üsulinin Ruma gətirdiyini bildirir:
"Şeyx İbrahimilərə isnat olınan ilhat tohmın Rumda əvvəl o əkmişdür və
nəsimiyyat türəhatından gətürdiyi nihali-nihadi-dəlali ol dikmişdür”. Bu
kontekstdə Nəsimiyyət anlayışı Nəsiminin hürufi dünyagörüşünün əsərlərindəki
təcəssümü kimi qavranılır.
ŞEİRİN
ÜÇ QAPISI
M.F.Köprülünün Nəsimiyə aid
"Füzuli də daxil olmaq üzrə bütün azəri şairləri iki əsr onu kəndilərinə
müqtəda bildilər” sözləri şair haqqında çox fikirlərin açılmasına imkan verir.
Nəsimi yaradıcılığının yorulmaz tədqiqatçısı Səadət Şıxıyeva qeyd edir ki, onun
farsdilli şeirlərinin nüfuz dairəsi Azərbaycan, İran, Tacikistan, Əfqanıstan və
Hindistanı əhatə edirdi. Əlbəttə, bütün bunlar göstərir ki, şairin əqidəsinin,
yaradıcılıq yolunun anlayışa çevrilməsi üçün kifayət qədər ardıcılları, onun
yaradıcılığına diqqətlə yanaşanlar var imiş. Nəsiminin ərəbdilli ədəbiyyatda da
müəyyən təsirə malik olması danılmazdır. Nəsimi ərəbcə də şeirlər yazıb, eyni
zamanda onun yaradıcılığının ərəb şairlərinə təsiri ilə bağlı Əndəlib yazır:
"Belə ki, qədim zamanlarda Seyid Nəsimi deyə tanınan bir hörmətli insan
yaşamışdır. Bəzi şeirləri ərəb dilində idi. Türk dilinə nəql edib, neçə günlər
çalışaraq və sıxıntılar çəkərək nəzmə çəkməyə cəhd göstərib, cəmadüssani ayında
on birinci günü tarixində yazmağa başladım”. Nəsimiyə Qazi Bürhanəddin, Şah
İsmayıl Xətai, Məhəmməd Füzuli də nəzirələr yazıblar. Göründüyü kimi, onun
şeirləri üç qapıdan – ərəb, fars və türk dilindən nüfuz etməyi bacarıb. Onun
şeirlərinin coğrafi ərazisi – yayıldığı məkan olduqca böyükdür. Orta əsrlərin mənbələrində
Nəsimi heç zaman unudulmur, daim xatırlanır. Onun adı heç zaman ədəbiyyatın
kölgəsində qalmayıb, daim imzası ilk ağla gələnlər arasında olub.
SÖZÜN
MÜQAYİSƏSİ
Nəsimi yaradıcılığı
haqqında yazılan elmi əsərlərin bir çoxunda onun insanı kamillik mərtəbəsinə
qaldırması, insanı daha yüksək rütbədə qəbul etməsi məsələsi dönə-dönə
vurğulanır. Fəqət unutmaq olmaz ki, Nəsimi yaradıcılığında ən yüksək
qiymətlərdən biri də sözə verilən dəyərdir. Söz hərflərin cəmindən – birləşməsindən yaranır, hürufi düşüncəsinə
görə insan da sözlərin cəmindəndir və bu da o mənanı ifadə edir ki, insan da
sözdür.
Dinləgil bu sözü ki, candır
söz,
Aliyü asiman məkandır söz.
Şeş cəhətdən münəzzəh
anlavü var
Şöylə kim, xaliqi-cahandır
söz.
Nazilü münzil anla kim,
birdir,
Kəndi kənduyə tərcümandır
söz.
Nəsimi dünyanın
Yaradanın ("Ol” kəlməsi) – Allahın sözü
olduğunu vurğulayır. "Xaliqi-cahandır söz” – dünyanı yaradandır, söz deyir.
İsiyi-pak, Adəmü-Əhməd,
Mehdiyi-sahibəz-zəmandır
söz,
...”Cavidanmə”ni gətirgil
ələ,
Ta biləsən ki, nəsnə-candır
söz
Nəsimi sözü xilaskar kimi
görür, onu sabahın müjdəçisi kimi təqdim edir. Belə ki, "Cavidannamə”ni nişan
verərək "nəsnə-candır söz” deyir. Yəni canın – insanın söz olmasının
mənbəyini göstərir. Füzulinin söz rədifli qəzəlində vurğulanan fikri yada
salaq:
Artıran söz qədrini sidqilə
qədrin artırar,
Kim, nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Füzulinin düşüncəsinə görə
sözün mahiyyəti onu anlayan, dərk edən qədərdir. Söz insanı onu dərk edən qədər
böyüdə, ucalda bilər. Oxşar fikrə Nəsiminin qəzəlində də rast gəlmək olur:
Bu bəyanı diləməyi
anlayasan
Kim, necəsi filan-filandır
sözü.
Professor Gülşən Əliyeva
yuxarıdakı qəzəllərin müqayisəsini belə əsaslandırır: "...Füzuli sözün yoxdan
var olması qənaətinə gəlir. Əli əleyhissəlam deyib ki, "Hər kəs öz dilinin
altındadır”. Ona görə də Füzuli deyir ki, kimin səviyyəsi, istedadı nə
dərəcədədirsə, onun özü də həmin səviyyədədir. Nəsimi kimi Füzuli də sözün
qüdrətini Allahın qüdrətinə bərabər tutur. Hər iki sənətkar tarixin müxtəlif
zaman kəsimində yaşayıb-yaratmalarına baxmayaraq, sözü müqəddəs saymış, onun
nüfuzunu daim cəsarətlə, inamla qorumuş, "sözü gözəlinin nazını çəkməyi” şairlərin
vəzifəsi hesab etmiş, sözü ilahi mənasında qoruyub saxlamaqla dünya şöhrəti
qazanmışdır. Orta əsrlər bədii poetik sistemində Nəsimi və Füzuli biri digərini
tamamlayan iki mərhələdir”.
Nəsimi sözün bütün kainatın
cəmi, mahiyyəti, sirri kimi təqdim edir:
Zahiri batin, əvvəlü axir,
Aşikarvü həm nihandır söz
Sözləri deyirik, o zaman
onun ilkin mənası anlaşılır, amma sözün içərisindəki, nüvəsindəki məna da var
və əsas hikmət – ilahi mahiyyət orada gizlənib. Necə ki, insan bizim bildiyimiz
real dünyadan ibarətdir, eləcə də axirət evi var – yəni başqa bir dünya. Sözün
də real (aşkar) və irreal (sirli) dünyası var. Sözü anlamaq üçün gərək hər iki
dünyadan xəbərdar olasan, dünyanı bütöv
görə biləsən. Sözü tanımaq dünyanı tanımaq deməkdir...
Fərid Hüseyn
Məqalə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu ilin "Nəsimi ili” elan edilməsi ilə əlaqədar keçirdiyi birgə fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.