Nəqliyyat vasitələrini idarə edəcək peşəkarları haradan tapaq?
"Bakıda ictimai nəqliyyatda
ən böyük problemlərdən biri sürücülərlə bağlıdır”. Bunu Bakı Nəqliyyat
Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistləri
Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı deyib. İdarə Heyətinin sədri
qeyd edib ki, hazırda çox ciddi sürücü problemi var: "Orta hesabla 1
sürücü 8 saat işləməlidir. Bu, hər avtobus üçün 2.5, 2.7 əmsalında dəyişir.
Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var".
V.Kərimli bildirib ki,
sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur:
"Onlar səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar. Sürücülər
fiziki olaraq yorulurlar".
Əslində, sədrin
dediklərində həqiqət var. Belə ki, hazırda nəqliyyatda sadəcə, sürücü deyil,
ümumiyyətlə, peşəkar sürücü problemi olduqca aktualdır. Son dövrlər nəqliyyatda
yaşanan bu və ya digər insidentləri nəzərə alaraq deyə bilərik ki, ölkədə
peşəkar sürücü kadrına böyük ehtiyac var. "BakuBus” MMC-yə məxsus avtobuslarda
kifayət qədər peşəkar kadrlar olsa da, digər xətlərdə vəziyyət heç də ürək açan
deyil. Bəzi hallarda sürücülərin yuxusuz olmağı, sərnişinlərlə kobud davranışı
problemlərin yaranmasına şərait yaradır. Bu isə onların psixoloji və fiziki
yorğunluğu ilə izah edilir. Maraqlıdır, nəqliyyatda olan kadr çatışmazlığının
səbəbi nədir, bu problemi aradan qaldırmaq üçün hansı addımlar atıla bilər?
Nəqliyyat
məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyir ki,
çox təəssüf ki, sükan arxasında qeyri peşəkar, çox kobud sürücülər var: "Yaranan
problemin bir çoxu sürücülərdə peşəkarlıq səviyyəsinin aşağı olmasından
qaynaqlanır. Digər tərəfdən, kəmiyyət baxımından da göstəricilər o qədər də
yüksək deyil. Çünki hazırda avtobus sürücüsü olmaq elə çətin və ağır iş hesab
olunur ki, bu peşəyə az adam meyl edir. İş rejimlərinin və şəraitlərinin əlverişsiz
olması, bu sahəyə maraq yaratmır. Ona görə də, sürücülük məktəblərini
bitirənlərin çoxu "B” kateqoriyalı sürücülük vəsiqəsi almaqla kifayətlənir. Bu
da avtobus sürücülərinin peşə səviyyəsinin aşağı olmasının ən bariz
nümunəsidir. Bir digər səbəb isə avtobus sürücüsü hazırlayan təlim
mərkəzlərinin, peşə məktəblərinin çoxunda məsələyə ciddi yanaşmanın
olmamağıdır. Peşəkarlığın aşkar olunmasını şərtləndirən məsələlərdən biri də
budur. Düşünürəm ki, problemi həll etmək üçün peşəkar kadr hazırlayan sürücülük
məktəbləri yaratmaq və həmin məktəblərin də nəzəri, təcrübi bazasını
gücləndirmək vacibdir. Həmçinin insanlarda da bu peşəyə maraq yaratmaq
lazımdır. Bu marağı yaratmaq üçün də avtobus sürücülərinin əmək haqqı artmalı
və iş şəraitləri yaxşılaşdırılmalıdır”.
Nəqliyyat məsələləri üzrə ekspert İlqar
Hüseynli bildirdi ki, sürücülük məktəblərində irihəcmli maşınların, avtobusların idarə
olunmasını tədris edən kurslar demək olar ki, yox dərəcəsindədir: "Əvvəllər
peşə təhsil məktəbləri vardı. Həmin müəssisələrdə professional olaraq ixtisaslı
sürücülərin hazırlanması ilə bağlı kifayət qədər ciddi işlər görülürdü. O
dönəmdə müxtəlif şirkətlərdən, parklardan bu məktəblərə kadrla bağlı sifarişlər
gəlirdi. Sürücülər daha peşəkar şəkildə
xidmət göstərmək üçün təhsil alırdılar. Peşə təhsil mərkəzlərində bu sahə üzrə
kadrların hazırlanmasında olan çatışmazlıqlar problemlərin yaranmasına səbəb
olur. Ona görə də, nəqliyyat vasitələrini idarə etmək üçün daha çox "B”, "C”
kateqoriyalı sürücüləri işə götürürlər. Hansı ki, həmin kateqoriyalar, sürücülərə
çoxyerlik, qoşqulu, iritonajlı nəqliyyat vasitələrinin idarə olunmasına hüquq
vermir. Yəni problemim əsas məğzi ondan ibarətdir ki, peşə məktəblərində kateqoriyaların
verilməsi ilə bağlı texniki bazanın çatışmazlığı mövcuddur. Hər bir sürücülük
məktəbində qeyd etdiyim həmin nəqliyyat vasitələrinin özü də olmalıdır. Ona
görə ki, insanlar sürücülük peşəsinin sirlərinə yiyələnərkən, o vasitələri
işlədib praktik olaraq biliklərə yiyələnə bilsin. Bunun üçün əvvəlki illərdə ən
azı 1 il təhsil müddəti müəyyən olunurdu ki, sürücü o kateqoriyanı almaq
hüququna sahib olsun”.
İ. Hüseynli təlim
mərkəzləri məsələsinə də toxundu: "Təlim mərkəzləri bilavasitə sürücülük
məktəbləri ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir. O mərkəzlər
həmçinin avtoparklarla təmin olunmalıdır. Tutaq ki, təlim mərkəzi var, amma 45
yerlik avtobus yoxdursa, təhsil alanlar praktiki baxımdan biliklərə yiyələnə
bilmirsə, bu formallığa ehtiyac yoxdur. Bu problemin ən yaxşı həlli yolu sürücülük
məktəblərinin texniki bazasını gücləndirməkdir. Yəni bu məktəbi bitirən hər bir
şəxs professional şəkildə nəqliyyat vasitəsini idarə etməyi bacarmalıdır. Onu
da qeyd edim ki, regionlarda sürücülük məktəbləri mərkəzləşmiş şəkildədir. Amma
çox yaxşı olar ki, bu say artırılsın. Həmçinin insanların bu sahəyə marağını
yüksəltmək üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Hazırda gənclərimizin
böyük bir qismi minik avtomobillərinin, yəni taksilərin idarəsinə maraq göstərirlər.
Çünki orada qazanc çoxdur və rahatdır. Yəni gəlin etiraf edək ki, bu gün
avtobus sürücülərinə verilən əmək haqqı da yetərli səviyyədə deyil. Ona görə də,
gənc kadrlar bu peşəyə maraq göstərmirlər”.
Ekspertin bu məsələ ilə
bağlı bir təklifi də oldu: "Çox yaxşı olardı ki, sərnişindaşımanı və
yükdaşımanı həyata keçirən şirkətlərin nəzdində sürücülük mərkəzləri yaradıb
özləri kadr bazası formalaşdırsınlar. Yəni şirkətlərin nəzdində sürücülük
məktəbi yaradıb gəncləri stimullaşdıraraq həmin müəssisələrə cəlb edə bilər.
Müəyyən təqaüdlər, maddi yardımlar etməklə gənclərin həmin kurslarda iştirakını
təmin etmək olar. Eyni zamanda həmin məktəbləri bitirənləri də müqavilə ilə işə
götürə bilər. Yəni hər şeyi dövlətdən gözləməməliyik. Özəl şirkətlər də bu işdə
maraqlı olmalıdırlar”.
Günel Azadə