• şənbə, 20 Aprel, 10:48
  • Baku Bakı 14°C

Nələr istəyirdik, amma nələr gördük?

23.07.20 11:45 1900
Nələr istəyirdik, amma nələr gördük?
Və ya yeni kino mövsümündən umduqlarımız
Pandemiyalı bir mövsüm başa vurduq. Mövsüm ərzində kino sahəsində gözlədiklərimiz yüksək olsa da, təəssüf ki, istəklərimiz doğrulmadı. Geridə qoyduğumuz mövsümdə də Azərbaycan kinosunun səsini beynəlxalq arenadan eşidə bilmədik. Yeni çəkilən filmlər isə kommersiya xarakterindən çıxmadı. Bu filmlər kassaya hesablandı və insanlara qurşaqdan aşağı gülüş bəxş etdi. Nələr umurduq, nələr gördük? Ancaq yenə də ümidin ən sonra öldüyünü nəzərə alaraq yeni mövsümdən nələrsə umuruq. Bir neçə həftədən sonra yeni mövsümün başlayacağını nəzərə alaraq, gənc rejissorların planlarını, arzu və istəklərini öyrənməyə çalışdıq. Azərbaycan kinosuna yeni nəfəs, yeni ideya gətirən bu gənclərin isə gözləntiləri fərqlidir.
Gənc rejissor Amil Məmibəylinin yeni mövsümdə kino sferasından gözləntiləri nin nikbin notlara kökləndiyini bildirdi: "Açığı, nikbin düşünmək istəyirəm. Hərçənd ki, pandemiya dövrü, 5 aydan çoxdur bitməyən karantin qaydaları, üstəgəl, Mədəniyyət Nazirliyindəki son olaylar digər qrupdan olan insanlara nisbətən biz yaradıcı adamlara daha böyük maddi və mənəvi gərginliklər yaşadıb və hələ də yaşatmaqdadır. Avqustun 2-si Milli Kino Günüdür. Son çəkdiyim "Titrəmə" filminin və digər həmkarlarımın 2 qısametrajlı filminin nümayişi baş tutmalı idi. Ancaq çox təəssüf ki, məlum səbəblərdən nümayiş təxirə salındı. Həm də sonuncu filmimin tamamlanma işləri də yarımçıq qalıb. Səbəb isə karantin bəhanəsindən daha çox, kinostudiyanın hələ də nəinki istehsalat üçün, hətta post-prodakş üçün nəzərdə tutulmuş maddi texniki bazasının formalaşmamağındadır. Hətta filmdə mən qarışıq, əziyyəti keçən bir neçə yaradıcı insanların məvacibləri tam olaraq ödənilməyib. Halbuki bu çətin dönəmdə bunları düşünmək yerinə düşərdi. Ancaq bütün bu sıxıntılara rəğmən, ümid edirəm hər şey yaxşı olacaq. Bildiyimiz kimi, Mədəniyyət Nazirliyinə birinci müavin təyin olundu və yeni təyin olunan şəxs, həmçinin hazırda nazir vəzifəsini icra edir. Çox ümid edirəm ki, cənab nazirin sayəsində gözlədiyimiz dəyişikliklər baş tutacaq və ümumi olaraq bu dəyişikliklər "Azərbaycanfilm" kinostudiyasına da öz müsbət təsirini göstərəcək. Bundan savayı, bir rejissor olaraq, açığı, bütün planlarımı, filmimin festivala göndərilməsindən tutmuş, yeni filmə başlamaq kimi işləri gələn ilə proqnozlaşdırıram. Çünki bütün dünyadakı festivallar dondurulmuş vəziyyətdədir və hazırda bu durumdan çıxış üçün yollar axtarırlar. Rusiyada kinoteatrların açılacağı xəbərini eşitsək də, hələ ki, işlərin gələcək gedişi haqqında dəqiq bir şey demək olmur. Ancaq qış aylarına kimi müsbət işartıların hiss olunacağına ümidim böyükdür. Bundan istifadə edərək növbəti aylarda həm filmimin son tamamlama işlərini bitirmək, həm filmin ko-prodakşn məsələlərini həll etmək, yazdığım son ssenariləri incələmək fikrindəyəm.Bir sözlə, bir kinematoqrafçı olaraq, hələlik, tək nəyi bacara bilərəmsə, onun öhdəsindən gəlməyi planlaşdırıram”.
A.Məmibəyli payız aylarında insanların toplaşdığı mədəni-kütləvi tədbirlərin, film çəkilişlərinin bərpasının həyata keçirilməsini istəyir: "Bu, çox güman, qışa doğru, 2021-ci ilin ilk aylarına kimi tədricən yavaş-yavaş baş verəcək. Bir sözlə, 2021-ci ilə cəmi 5 ay qalıb. Ümid edirəm ki, bu 5 ay mədəniyyət nazirliyində görüləcək kadr islahatları və yenidənqurma işləri üçün kifayət qədər yetərli zaman olacaq və növbəti ildə bizlər bunun sonrakı müsbət nəticələrini öz işimizdə hiss edəcəyik”.
Gənc rejissor Məzahir Həşimov "Azərbaycanfilm” kinostudiyasında yeni mövsümdə yeni layihələrin gözlənilmədiyini qeyd etdi: "İlk növbədə bütün kinematoqrafçıları yeni mövsümün başlanması münasibəti ilə təbrik edirəm. Gözlədiklərimə gəldikdə isə yeni nazir, yeni komanda və yeni heyətdən xəbər verir. Bu o deməkdir ki, yenidən konsepsiyaya baxılacaq və bu proses də yeni mövsümdə durğunluq yaradacaq. Ancaq buna baxmayaraq, pozitiv düşünərək, inanmaq istəyirəm ki, nəhayət, qısa müddət ərzində kino sənətinə qulluq edən, rejissora dəyər verən, kinematoqrafa qiymət verən bir konsepsiya qəbul olunacaq və icra ediləcək. Bundan əlavə, həmkarlarımın ötən ildən hazırlıqlarına başladıqları filmlərin, yəqin ki, davamı olacaq. Nə qədər pozitiv olmağa çalışsaq da, bilirik ki, tək kinematoqraf deyil, o cümlədən bütün fəaliyyət növləri pandemiya dövründə ağır zərbə aldı. Ona görə də, yenilik olacağına o qədər də inanmıram. Rusların gözəl misalı var: "Kino doroqoe udovolstvie". Yeni mövsüm, əslində sakit keçəcək. Təbii ki, əsas gözlənti yeni mövsümdə elə yeni bitirdiyim filmimin uğurlu festival həyatıdır. Və təbii ki, yeni layihələr... Bu çətin dönəmdə hamımıza uğurlar arzu edirəm”.
Rejissor, aktyor Kamal Yaşar isə gözləntilərinin kifayət qədər çox olduğunu vurğulayır: "Prezident tərəfindən nazirin birinci müavini təyin olundu və o, eyni zamanda nazir vəzifəsini də icra edəcək. İndi iş qalır qarşıdakı proseslərə. Gözləntilər çoxdur. Bu, ümumi yanaşmalardan fərdi yaradıcı istəklərə qədər, hər kəsdə müxtəlif ola bilər. Ona görə də, indiki halda fərdidən çox, ümumi bir işlək mexanizmin yaranmasına ümid etmək lazımdır. Düşünürəm ki, yenilənmələrə maneə yaradan bütün mühafizəkar fikirli şəxslər, hər hansı həlledici qərar qəbulundan uzaqlaşdırılmalıdır. Müasir düşüncəli və beynəlxalq tendensiyalardan xəbərdar olan şəxslər nazirliyə ya əməkdaş, ya da birbaşa işçi kimi cəlb edilməlidir. Yaradıcı adamlarla ünsiyyət sıxlaşmalı və onlar dinlənilməlidir. Yeni mexanizmlərin qəbulu və icra prinsipləri ilə bərabər, köhnə mexanizmlərə də diqqət edilməlidir ki, görəsən nə idi onların icrasına mane olan. Məsələn, götürək "Kinonun inkişafına dair 2008-2018 Dövlət Proqramı"nı. Araşdırılmalıdır ki, proqramın özünün yetərincə normal olmasına baxmayaraq, niyə icraatı bu qədər anormal oldu. Bu qədər sadə. Səbəbləri bəlli edəndən sonra isə bütün bu maneələri mərhələlərlə aradan qaldırmaq lazımdır”. Rejissor, yaradıcı adamlara yad tərəf kimi baxılmamalı olduğunu iddia edir: "Ümumiyyətlə, elə sistem tənzimlənməlidir ki, hansısa yaradıcı adamın sözü, niyyəti olanda, gedib deyə, bölüşə və çarə axtara bilsin. Bu dövlət də, bu mədəniyyət də, bu kino da yenə elə bu dövlətin, bu cəmiyyətin adamlarının çiynində inkişaf edib və edəcək. Ona görə də, pərdələr, baryerlər götürülməli və sözün bütün mənalarında həmrəylik mühiti yaradılmalıdır. Son olaraq, mədəniyyət və onun bir qolu olan kino, bizli də, bizsiz də, həmişə həyatda qalacaq və böyüyəcək, yenilənəcək. Amma nə xoş olar ki, el dili ilə desək, bu süfrədə bizim də bir duzumuz olsun. Aydın gələcək ümidi ilə”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər