Neftin yüksək qiymətlərinin yaratdığı risklər
Süni qiymət
artımları kövrək fiziki bazarları təhdid altına ala, hazırda bərpa prosesi gedən
iqtisadiyyatda inflyasiya risklərini artıra bilər
Hər dəfə
neft qiymətlərini izləyir, artan qiymətlərlə rastlaşdıqda pozitivə köklənirik.
Düşünürük ki, neftin qiyməti nə qədər yüksək olarsa, iqtisadiyyatımız da bir o
qədər çiçəklənər. Mütəxəssislər isə tamamilə başqa fikirdədir. "Artıq içiləndə
dərd verir su da” deyimini əsas götürərək neftin də yüksək qiymətlərinin riskləri
olduğunu vurğulayırlar. Bəs istehsalçı və istehlakçı üçün ideal qiymət necədir?
Ümumiyyətlə, neftin yüksək qiymətinin yaratdığı risklər nədir?
100
dollardan yüksək görmək istəmirlər
Neft
maqnatı Vahid Ələkbərov deyir
ki, neft qiymətlərinin 65-75 dollar səviyyəsində olması istehsalçılar və
istehlakçılar üçün çox rahatdır. Onun sözlərinə görə, yüksək neft qiymətləri
bazarda təhlükəlidir: "Neft qiymətlərini yenidən 100 dollardan yüksək görmək
istəməzdik. Bu, aşağı rentabelli kiçik effektli layihələrə investisiyaları
stimullaşdıra, daha sonra keçdiyimiz hər şeydən yenidən keçməyimizə şərait
yarada bilər”.
Tələbatdan
artıq neft olarsa...
Enerji məsələləri
üzrə ekspert Zəfər Vəliyev deyir ki, neft qiymətləri tələb, təklif balansı və maliyyə
bazarlarındakı vəziyyətdən asılıdır: "Əgər bazarlarda tələbatdan
artıq neft olarsa, o zaman neft qiymətləri aşağı yuvarlanır. Yaxud əksinə, tələbatdan
az neft olarsa, təbii ki, neft qiymətlərində artım müşahidə olunur”.
"Üçrəqəmli
qiymət sual altındadır”
Ekspertin
sözlərinə görə, qiymətlər 68-75 dollar civarında tənzimlənməlidir: "2014-cü ildən
sonra neft qiymətlərində sürətli enmənin baş verməsi və bazarlarda qeyri-müəyyənliyin
davam etməsi qarşıdakı illərdə də neftin qiymətinin üçrəqəmli ifadəsini sual altına aldı. İndiki neft
bazarları idarə olunan bazarlardır. OPEK və müttəfiq dövlətlər də bazarda süni
şəkildə tələb-təklif balansını nizamlamağa çalışır, neftin ağırlıq mərkəzinin
qarşısını almaq üçün addımlar atırlar. Neftin qiyməti 68-75 dollar civarında tənzimlənməlidir”.
"Bazarlar
yüksək qiymətə hazır deyil”
Ekspert
deyir ki, neftin bahalaşmasında OPEK və müttəfiq dövlətlər də maraqlı deyil: "Çünki
süni qiymət artımları kövrək fiziki bazarları təhdid altına ala, hazırda bərpa
prosesi gedən iqtisadiyyatda inflyasiya risklərini artıra bilər. Hesab edirəm
ki, neft qiymətləri ən yaxşı halda 68-75 dollar olmalıdır. Digər alternativ
yoxdur. Çünki yüksək neft qiymətlərinə neft bazarları hələ hazır deyil. Kövrək
fiziki bazarlar qiymət artımını qəbul etməyəcək”.
Normal
istehsalı təhdid altına alan faktor
Həmsöhbətimiz
vurğulayır ki, qiymət həm istehlakçını, həm də istehsalçını təmin etməlidir:
"Bu ilin əvvəlindən başlayaraq neft qiymətlərində artımlar müşahidə olundu. Ötən
il bu vaxt "Brent” markalı neftin qiyməti 42 dollar idi, bu gün 72 dollardır.
Keçən ilin analoji dövrü ilə müqayisədə neft bazarlarında kifayət qədər artım
var. Hazırkı qiymət normaldır. Baxın, həm neft qiymətləri, həm də təbii qaz
qiymətləri artır. Bu artım Avropadan Asiyaya qədər bütün istehsalçıları
düşündürən məsələdir. Bir neçə gün öncə yüksək qaz qiymətləri ilə bağlı Çində
keramika zavodları öz istehsal güclərini aşağı saldılar. Fransada bir sıra
şirniyyat fabrikləri öz fəaliyyətlərinə dəyişiklik etdilər. Bu, normal
istehsalı təhdid altına alan faktordur. Buna görə də, bütün dünya artıma getməməlidir.
Təbii ki, neft istehsal edən dövlətlər çalışırlar ki, bazarda qiymətlər yüksək
olsun. Amma istehlakçılar da uyğun qiymətə almaq istəyirlər. Bunun üçün bazarda
tələb-təklif balansı müəyyən edilməli və təmin edilməlidir”.
Bizi təhlükə
gözləyirmi?
Ekspert
deyir ki, hazırda neft məhsullarına olan tələbat əvvəlki illərlə müqayisədə
kifayət qədər aşağıdır: "Asiya, Avropa, Amerika bazarlarında mövcud neft emalı
zavodlarının gündəlik xammalla yüklənməsi 92-93 faizi hələ keçməyib. Çində avqust
ayında müstəqil neft emalı zavodlarının gündəlik xammalla yüklənməsi 65-67 faiz
arasında dəyişirdi. Avropada isə bu rəqəm 75 faizi keçməyib. Bu da, əsasən,
karantin tədbirləri səbəbindən dövlətlərin yeritdiyi siyasətlə bağlıdır. Xüsusilə,
2020-ci ildən başlayaraq dövlətlərarası hava nəqliyyat əlaqələrinin minimuma
endirilməsi bu qiymətə təsir edir. Analitiklər iddia edirdilər ki, ilin sonuna
qədər neftin qiyməti 80 dolları keçəcək, hətta 100 dollardan danışanlar var
idi. Amma əslində belə deyildi. Biz ilin əvvəlindən deyirdik ki, neftin qiymətləri
heç vaxt ilin sonuna kimi 80-100 dollara çata bilməz. Çünki hazırda neft məhsullarına olan tələbat əvvəlki illərlə
müqayisədə kifayət qədər aşağıdır. Əgər pandemiyadan əvvəl dünya üzrə gündəlik
aviasiya yanacağına olan tələbat 7,7 milyon barrel idisə, indi bu 4,5-4,6
milyon barrelə düşüb. Belə bir qeyri-müəyyən vəziyyətdə neft məhsullarının yüksək
qiymətlərindən danışmaq tezdir”.
Aygün ƏZİZ