• cümə axşamı, 18 aprel, 10:43
  • Baku Bakı 12°C

Neftin qiymətini artıran səbəblər

18.05.20 15:49 793
Neftin qiymətini artıran səbəblər
Ekspertlər deyir ki, əsas məqam bazara daxil olan müsbət impulslardır

Neftin qiymətində artım tendensiya müşahidə olunmağa başlayıb. Deyəsən "qara qızıl” üçün çətin dövrlər artıq geridə qaldı. Belə ki, "Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti Londonun "ICE” birjasında artıq 33-34 dollar/barrel təşkil edib. Sonuncu dəfə "Brent” markalı neftin qiyməti 33 dollardan yuxarı 13 aprel 2020-ci ildə olub. Bəs görəsən qiymətlərdə müşahidə olunan bu artım tendensiyasının səbəbləri nə ilə bağlıdır. Ümumiyyətlə, bahalanma hansı həddə qədər davam də bilər? İlin ikinci yarısında qiymətlər hansı aralıqda dəyişəcək?
Qeyd edək ki, OPEC+ Nazirlər Komitəsinin növbəti iclası iyunun 8-də keçiriləcək. Böyük ehtimalla həmin iclas onlayn rejimdə baş tutacaq. Geniş heyətdə nazirlərin görüşü isə iyunun 9-10-da keçiriləcək. Həmin görüşlərin gündəliyi hələlik açıqlanmayıb. Qeyd edək ki, bir müddət əvvəl OPEC+ ölkələri mayın 1-dən başlayaraq neft hasilatını 9,7 milyon barel/sutka azaltmaq barədə razılıq əldə edib. Aprelin 12-də əldə olunmuş saziş 2022-ci ilin aprelinə qədər qüvvədə olacaq.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, qiymətlər bazara müsbət məlumatların ötürülməsi fonunda artır: "Qlobal neft bazarlarının tənzimlənməsi ilə bağlı bir neçə gün əvvəl OPEC-in baş katibi Məhəmməd Barkindo mətbuata geniş açıqlama verdi. O bildirdi ki, bazarların tənzimlənməsi ilə bağlı çətin dövrlər artıq geridə qaldı. Həqiqətən də neft bazarı üçün ən çətin dövr mart-aprel ayları oldu. Ötən ilin analoji dövrü ilə müqayisədə bu il dünyanın neftə olan tələbatı gündəlik olaraq 27 milyon bareldən çox aşağı düşdü. Bəzi mənbələrin verdiyi məlumata görə, aprel ayında neftə olan tələbat 2019-cu illə müqayisədə 30 milyon barel aşağı düşüb. Belə bir şəraitdə bazarın tənzimlənməsi olduqca çətin məsələ idi. Hazırda bazarın tənzimlənməsi ilə bağlı pozitiv məlumatlar daxil olur. Mayın 1-dən etibarən OPEC+ ölkələrinin Vyana sazişi çərçivəsində götürdükləri öhdəlik uğurla yerinə yetirilib. Həm sutkalıq neft hasilatı, həm də ixrac həcmlərinə ciddi nəzarət olunur. Bu sazişə bir neçə qatlı nəzarət mexanizmi tətbiq olunub. OPEC monitorinq komitəsi, OPEC katibliyi və dünyanın bir sıra müstəqil şirkətləri hasilat və ixrac həcmlərinə ciddi nəzarət edir. Qiymət artımının digər bir səbəbi isə təşkilata daxil olmayan ABŞ, Braziliya və digər ölkələrdən gündəlik neft hasilatının azaldılması ilə bağlı xəbərlərin gəlməsidir. ABŞ-da sutkalıq neft hasilatının ilin ikinci yarısından sonra 1,7 milyon barel azalacağı gözlənilir. Bu kəsintilər təbii kəsintilərdir. Bazara müsbət təsir edən amillərdən biri də stasionar anbarlarda və üzən gəmilərdə sərbəst fiziki həcmlərin boşaldılması ilə bağlıdır. Keçən həftə üzən sularda neft həcmləri 155 milyon barelədək azalıb. Halbuki keçən həftənin əvvəlində bu rəqəm 171 milyon barel idi. Həmçinin, Çinin idxal həcmlərində kifayət qədər artım müşahidə olunur. Yəni, bazarda müsbət impulslar kifayət qədərdir”.
Ekspert bildirdi ki, indiki qiymətlər ilin ikinci yarısı üçün nəzərdə tutulan fyuçers qiymətləridir: "Bu da müsbət haldır. Həm anbar mərkəzlərində, həm də üzən gəmilərdə neft həcmlərinin azalması, eyni zamanda, boru kəmərlərinin fəaliyyətinin bərpası ilin ikinci yarısında bazarın tənzimlənməsini bir qədər də asanlaşdıracaq. Pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması bu prosesi bir qədər də sürətləndirəcək. Bu mənada hesab edirəm ki, ilin ikinci yarısında neftə olan tələbat bir qədər də artacaq. Amma qiymətlərdə ciddi sıçrayışlar gözlənilmir. İlin sonuna kimi bazar düzgün tənzimlənərsə, qiymətlər indiki göstərici ilə müqayisədə bir neçə dollar bahalaşa bilər. Hazırkı dövr üçün bu, müsbət göstəricidir. Çünki indi qiymət məsələsindən daha çox tələb-təklifin nizamlanması vacib rol oynayır. Bazar düzgün tənzimlənməlidir ki, real tələb-təklif prinsipi üzərindən fəaliyyət göstərsin. Yalnız o zaman real qiymət artımı müşahidə oluna bilər”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban söylədi ki, qiymət artımına təsir edən əsas səbəblərdən biri ABŞ-da ötən həftə ərzində 35 qazma qurğusunun azalması olub: "Bu, indiyədək ABŞ-da işlək qurğuların ən minimum göstəricisidir. Digər bir səbəb isə Səudiyyə Ərəbistanı ilə Küveytin neytral zonada olan neft yatağında hasilatı dayandırması oldu. Hər ikisi bazar üçün pozitiv xəbər oldu. Nəticədə qiymətlərdə 4 faiz artım müşahidə olundu. Amma təkcə bu iki xəbər əsasında qiymət artımı uzun müddət davam edə bilməz. Növbəti dövrlərdə müsbət xəbərlər davam edərsə, qiymətlər bir qədər də arta bilər. Şənbə günü ABŞ Enerji Administrasiyası həftəlik neft ehtiyatları ilə bağlı göstəricilərini açıqlayacaq. Əgər ictimaiyyətə təqdim olunan məlumatlarda neqativ göstəricilər olarsa, qiymətlər yenidən aşağı düşə bilər. Yəni, neft bazarı bu iki qanunla işləyir. OPEC-in iyun ayında keçiriləcək görüşündə hasilatın azaldılması məsələsinə baxılmayacaq. Ona görə də bu görüşün qiymətlərə ciddi təsir edəcəyini gözləmirəm”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər