• çərşənbə, 24 Aprel, 02:50
  • Baku Bakı 14°C

Neftin qiymətində “təhlükəsiz dəhliz” - ŞƏRH

20.11.21 10:45 509
Neftin qiymətində “təhlükəsiz dəhliz” - ŞƏRH
"İndiki şəraitdə neftin ədalətli qiyməti 68-75 dollar dəhlizindədir. Belə olan təqdirdə, bazarın idarə edilməsində problem olmayacaq və daim müsbət siqnallarla qidalanacaq”.
Azərbaycanın 2022-ci il büdcəsində neftin 1 barelinin qiyməti 50 dollar səviyyəsində nəzərdə tutulub. Ötən ilin dövlət büdcəsində isə neftin qiyməti 45 dollar/barel səviyyəsində müəyyən edilmişdi. Bu qiymət beynəlxalq maliyyə proqnozlarına uyğundurmu?
Neft hasilatında artım...
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev "Kaspi”yə açıqlamasında bildirir ki, gələn il qlobal neft hasilatında artımlar müşahidə olunacaq: "Bu ilin sonlarına yaxın əksər neft ixrac edən dövlətlər öz büdcələrində neft qiymətlərini 50-55 dollar civarında dəyərləndiriblər. Bu, neftin baza qiymətidir. Enerji şirkətlərinin əksəriyyəti isə 50-60 dollar dəhlizində neftin baza xəttini müəyyən ediblər. Bu o deməkdir ki, 2022-ci ildə qlobal neft hasilatında artımlar müşahidə olunacaq. Gələn il neftə tələbatda bu illə müqayisədə gündəlik 4,2 milyon barel civarında artım proqnozlaşdırılır. Tələbat artdıqda qiymətlərdə də müəyyən dinamika müşahidə olunacaq. Amma bütün hallarda, neftin 2022-ci ildə hər hansı böhranlı nöqtəyə düşməsi ehtimalı sıfırdır”.
Sürətli sıçrayışlar baş verəcəkdi...
Dünyanın aparıcı bankları, enerji şirkətləri və digər müstəqil qurumlar proqnozlaşdırırlar ki, gələn il neft qiymətlərinin 68-75 dollar dəhlizində dəyişmə ehtimalı var. Ekspert deyir ki, biz bu il proqnozların əksini müşahidə edirik: "68-75 dollar dəhlizində bazarı idarə etmək daha asandır nəinki qiymətlər 90-a, 100-ə qalxdıqda. Bundan öncə bir neçə aparıcı banklar proqnoz verirdilər ki, ilin sonunda, yəni dekabr, noyabr ayında dünya bazarında neftin qiymətinin 90 dolları keçmək şansı var. Hətta 100 dollara çatacağını ehtimal edirdilər. Bunu da onunla əlaqələndirirdilər ki, sentyabr ayından başlayaraq, həm qlobal kömür, həm də təbii qaz bazarlarında hökm sürən qeyri-müəyyənlik birbaşa neftə olan tələbatı da artıracaq. Proqnoza görə, neftin qiymətində də sürətli sıçrayışlar baş verəcəkdi. Amma biz bunun əksini müşahidə edirik. Ötən aydan başlayaraq həm Asiya bazarlarında, həm Çin, həm də Şimali Qərbi Avropa ticarət platformalarında enerji kömürünün qiymətində kifayət qədər eniş müşahidə olundu. Eyni zamanda qaz bazarlarında da müəyyən müsbət siqnallar artıq hiss edilməkdədir. Yəni sentyabr, oktyabr aylarında dünyanın bütün qaz platformalarında sabitlik təmin edilib. Süni artırılan qiymətlər də müəyyən həddə kimi aşağı düşəcək. Bu baxımdan neft qiymətlərində də süni artımlar nə neft ixrac edən dövlətlərin, nə də istehlakçıların marağındadır”.
"Neftin 100 dollar olması gözlənilmir”
Məlumat üçün bildirək ki, Neft maqnatı Vahid Ələkbərov da bildirib ki, neftin qiymətinin yaxın vaxtlarda 100 dollar səviyyəsinə qalxacağını gözləmir. "Lukoyl” şirkəti gələn ilin büdcəsində neftin bir barrelinin qiymətini 60 dollar səviyyəsində hesablayıb: "Biz neftin qiymətinin yüksək olmasında maraqlı deyilik. Bizim və OPEK+ təşkilatının məqsədi, ilk növbədə, tələbatı təmin etməkdir. Buna görə də, neftin qiymətinin kəskin qaldırılması OPEK+ ölkələrinin strateji məqsədlərinə daxil deyil”.
"Yüksək neft qiymətləri emal marjını oğurlayır”
Ekspert vurğulayır ki, OPEK və müttəfiq dövlətlər açıq şəkildə özləri də bəyan edirlər ki, yüksək neft qiymətləri indiki bazar şərtlərinə adekvat deyil: "Bu baxımdan qarşıdakı aylarda da OPEK və müttəfiq dövlətlərin enerji resurslarının tədarükü və ya istifadəsinin məhdudlaşdırılması ilə bağlı istənilən qərarı 3 əsas prinsipə əməl etməlidir: enerji təhlükəsizliyi, iqtisadi inkişaf, iqlim dəyişikliklərinə qarşı müqavimət. OPEK və müttəfiq dövlətlər yüksək neft qiymətlərinə ona görə getmirlər ki, bu, dünyada mövcud olan 700-dən artıq neft emalı zavodlarının emal marjını oğurlayır”.
"Bazar daim müsbət siqnallarla qidalanacaq”
Həmsöhbətimizin sözlərinə görə, bazarın idarə edilməsində problem olmayacaq: "İstehlak sisteminə gündəlik daxil olan məhsulun 85-90 faizi neft emalı zavodlarının xammalla yüklənməsinə ötürülür, digər hissəsi strateji və kommersiya təyinatlı neft ehtiyatlarının formalaşmasına yönəldilir. Yüksək neft qiymətləri olan təqdirdə, istehlakçı ölkələr artıq öz istehlak sistemlərinə əlavə neft həcmlərinin daxil olmasında maraqlı olmayacaqlar. Neftin indiki şəraitdə ədalətli qiyməti 68-75 dollar dəhlizindədir. Belə olan təqdirdə, bazarın idarə edilməsində problem olmayacaq və bazar daim müsbət siqnallarla qidalanacaq”.
Hansı qiymət bizim büdcə üçün təhlükəli olar?
Ekspert deyir ki, neftin qiymətinin 60-75 dollar arasında olması bizim üçün məqbuldur: "Ümumiyyətlə, dünyanın bütün neft ixrac edən dövlətləri, eyni zamanda aparıcı neft şirkətləri 68-75 dollar dəhlizini ədalətli hesab edirlər. Bu qiymət dəhlizindən həm neft istehsal edən, həm də istehlak edən dövlətlər yararlanır. Amma neftin maya dəyəri məsələsi də var. Məsələn, Azərbaycanda neftin maya dəyəri ilə Qazaxıstan və Rusiyadakı neftin maya dəyəri arasında fərq var. Bizdə maya dəyəri elə də yüksək deyil. Ona görə də, neftin qiymətinin 60, 65, 75 dollar olması bizim üçün məqbuldur. Bu qiymətlərdə Azərbaycan şirkətləri və xarici tərəfdaşlar qazanc əldə edirlər. Təbii ki, biz neft ixrac edən dövlət kimi yüksək neft qiymətlərində maraqlıyıq. Nə qədər yüksək olarsa, neft fonduna daxil olan vəsaitlər də çox olar”.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək. Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər