• çərşənbə axşamı, 16 aprel, 11:31
  • Baku Bakı 14°C

Neft qiymətləri necə olacaq?

19.04.16 13:38 2834
Neft qiymətləri necə olacaq?
OPEC-ə üzv və üzv olmayan neft istehsal edən ölkələrin Qətərin paytaxtı Dohada gözlənilən görüşü baş tutdu. Görüşün əsas məqsədi neft hasilatının dondurulması ilə bağlı neft istehsal edən ölkələr arasında razılıq əldə olunması idi. Görüşdə Rusiya, Səudiyyə Ərəbistanı, İran, Qatar, Venesuela, Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycanın rəsmilərinin qatılması planlaşdırılırdı.
Doha görüşü ilə bağlı gözləntilər çox idi. Əgər neft hasilatçıları razılıq əldə edilsəydi, neftin qiyməti 50 dollardan yuxarı ola bilərdi. Gözləntilər daha çox razılıq əldə edilməsi ilə bağlı olsa da, nəticə tamam başqa cür oldu. Bundan sonra isə neftin qiyməti ilə bağlı daha pessimist fikirlər səslənməyə başlayıb. Bəs Doha görüşündən sonra neftin qiyməti necə dəyişəcək? Bununla bağlı proqnozlar nələrdir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qəzetimizə açıqlamasında bildirdi ki, neftin qiyməti ilə bağlı səsləndirilən pessimist fikirlərlə razılaşmır: “Həm yerli, həm də xarici mətbuatda neftin 30 dollara və ondan da aşağı qiymətə düşməsi ilə bağlı xeyli sayda yazılar gedir. Çünki görüş bazar iştirakçılarının ümidlərini doğrultmadı. Bir növ neft artıq yenidən yanvar ayındakı sürprizləri bazar iştirakçılarına yaşada bilər. Yanvar ayında isə brent markalı neftin orta qiyməti 30 dollar olub. Ən aşağı hədd 27 dollar olmuşdu. İndi bazarda 3,7 faizə qədər ucuzlaşma var. Neftin qiyməti 1 barel üçün 41,3 dollar təşkil edir.
Ən aşağı qiymət elektron birjalarda 40,16 qeydə alınıb. Necə deyərlər, neft qiymətləri Dohadakı uğursuzluqla bağlı şok effektini keçib, bir qədər artıb. Ona görə də pessimist fikirlərdən uzağam. Neftin qiymətində aprel ayında 40 dollardan 45 dollara qədər artım yaşandı. Son həftə qiymətlər 41-45 dollar arasında stabil olaraq qalmışdı. Verilən optimist bəyanatlar faktiki olaraq neftin qiymətinin qızdırılması demək idi. Biz buna köpük də deyə bilərik. Çünki o neftin real qiyməti deyildi”.
İ.Şabanın sözlərinə görə, bundan sonra bazardan neftin köpüklə formalaşan qiyməti yığışdırılacaq: “Bəli, şok effektin nəticəsində neftin qiyməti 40 dollardan aşağı da düşə bilər. Ancaq bu qısa müddətli dövr üçün olacaq. Sonra yenidən neftin real qiyməti 40 dollar ətrafında olacaq. Nəyə görə belə qənaətə gəlirəm? Çünki yanvar ayında neftin qiyməti 30 dollar olanda bazarda neft hasilatı başqa həcmdə idi. Aprel ayında artıq Amerikada hasilat 9, Latın Amerikasında 8 milyon bareldən aşağı düşüb. OPEC ölkələrinin özündə belə, azalma var. Doha görüşündə bir nəticə əldə edilməsə də, ümumilikdə dünya üzrə neft hasilatında azalma tendensiyası gedir”.
İ.Şaban deyir ki, hasilatın indiki həddə azalması neftin qiymətinin ədalətli çərçivəyə, yəni 50-60 dollara qalxmasına imkan vermir: “Bu hasilat azalması hər hansı proqnoz verməyə də çətinlik törədir. Çünki neftin qiymətinin formalaşması yalnız bazardakı həcmlərlə müəyyənləşmir. Neftin qiyməti ancaq tələb-təkliflə də formalaşmır. Faktiki olaraq qiymət bir çox faktorlardan asılıdır. Klimatik faktorlardan tutmuş, siyasi, ekonomik faktorlara qədər bir çox amillərin formalaşmasında rol oynayır. Bu amilləri nəzərə alanda neftin qiyməti tədricən arta da bilər. Amma bu artımın nə zaman olacağını da zaman özü göstərəcək”.
İ.Şaban onu da qeyd etdi ki, bir görüşlə hansısa nəticə əldə olunmur: “OPEK özü 1960-cı ildə yaransa da, ilk dəfə bazara təsiri 70-ci ilin oktyabrında baş vermişdi. Bu platformanı da ona görə yaradırdılar ki, təsir dairəsi genişlənsin. Amma mən neft istehsalçılarının iyuna planlaşdırılan ikinci görüşündən də nəsə gözləmirəm. Yalnız üçüncü görüşdən sonra bəlkə nəsə bir şey ortaya qoyula bildi. Birinci görüş üçün bundan artığını gözləmək mümkün deyildi”.
İqtisadçı alim Vüqar Bayramovun fikrincə, Doha görüşündə neft hasilatının azaldılması deyil, dondurulması müzakirə olundu. Hasilatın dondurulması ilə bağlı razılıq əldə olunmaması birbaşa Səudiyyə Ərəbistanı ilə İran arasındakı hazırda müzakirə edilən gərginliklə bağlıdır: “Nə qədər qəribə olsa da, neft hasil edən ölkələr hətta hasilatın dondurulmasına belə müsbət rəy vermədilər. İran görüşə qatılmadı. Səudiyyə Ərəbistanı da İran görüşə qatılmadığı üçün təşəbbüsü blok etdi. Nəticədə razılaşma əldə edilmədi”.
İqtisadçı deyir ki, razılaşmanın əldə edilməməsi dünya bazarında neftin qiymətinin düşməsinə gətirib çıxaracaq: “Biz artıq bunu müşahidə edirik. Neftin dünya bazarında qiymətində yalnız bir gün ərzində 5 faiz azalma baş verir ki, bu da Dona sammitinin yekunları ilə bağlıdır. Təklif hələ ki tələbdən yüksək olduğu üçün bu, birmənalı şəkildə qiymətlərdə özünü göstərəcək və azalma müşahidə olunacaq. Güman olunur ki, qiymətlərdəki azalmalar da növbəti dövrdə davam edəcək”.
V.Bayramov onu da bildirdi ki, bu görüşün nəticəsi neft ölkələri üçün bir mesaj ötürür: “Ölkələr postneft dövrünə hazırlaşmalıdırlar. Sözün həqiqi mənasında artıq neft sektorunun unudulması və iqtisadiyyatın qeyri-neft sektoru üzərində qurulmasına ehtiyac var. Bu, əslində neft ölkələri üçün “qara qızıl”ın dünya bazarındakı qiymətindəki azalmaların davam edəcəyi ilə bağlı bir mesaj idi. Bu ondan xəbər verir ki, neft ölkələri yeni və kəskin qiymət azalmalarına hazır olmalıdırlar”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər