• çərşənbə axşamı, 23 aprel, 14:42
  • Baku Bakı 24°C

Neft-qaz sənayesində yeni mühüm hadisə

11.08.20 12:33 445
Neft-qaz sənayesində yeni mühüm hadisə
Aydın Hüseynov: "Qarabağ” yatağı "Azəri”, "Çıraq”, "Günəşli”, "Şahdəniz”, "Abşeron” və digər strukturlar kimi zəngin enerji mənbəyidir
"Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması Azərbaycanın neft-qaz sənayesində yeni mühüm hadisədir. Dünyada pandemiayanın geniş yayıldığı və əksər ölkələrdə neft-qaz sənayesinə investisiyaların azaldıldığı bir dövrdə Azərbaycanın enerji sektorunda belə bir layihənin icrasına başlanması uğurlu enerji siyasətinin nümunəsi hesab edilər bilər. Bu, onu göstərir ki, Azərbaycanda nəhəng investisiya layihələri dayanmadan uğurla həyata keçirilir, enerji sektorunda yeni axtarışlar və sərmayə planları əvvəlki tək davam etdirilir”.
Bu barədə "Kaspi" qəzetinə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
O qeyd edib ki, neft sənayesində xüsusi yerə malik olan "Qarabağ” yatağının dəniz işlərinə başlanılması neft istehsalında yeni bir mərhələyə start verilməsi deməkdir. Deputatın fikrincə, bu yataq "Azəri”, "Çıraq”, "Günəşli”, "Şahdəniz”, "Abşeron” və digər strukturlar kimi zəngin enerji mənbəyidir.
Millət vəkili Aydın Hüseynovun sözlərinə görə, doğma yurdumuz Qarabağın adını daşıyan bu dayaq blokunun digər mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq neftçıxarma sənayesində ən müasir texnologiyaları, avadanlıqları, dənizdə və quruda yerləşən bütün istehsalat-quraşdırma sahələrində tətbiq edilən qurğuları yerli istehsal hesabına təmin edir: "Respublikamız artıq neçə ildir ki, neft sənayesindəki ən ağır dayaq blokalarını və platformaların tikintisini 100 faizi ölkə daxilində həyata keçirir. Bu işlər beynəlxalq standartlara uyğun şəkildə tam modernləşdirilmiş dünya səviyyəli istehsalat obyektləri olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda həyata keçirilir. Bu gün "BOS Shelf” mərkəzləşmiş maddi-texniki və təchizat bazasına malik yerli şirkət kimi ən yüksək dünya standartlarına uyğun müasir texnologiyalardan istifadə edir, bloklar inşa edir. Bu baxımdan "Qarabağ” dayaq blokunun Bakı dərin özüllər zavodunda tikilməsi neft sənayemizin yüksək inkişafının göstəricisidir".
Deputat qeyd edib ki,"Qarabağ” layihəsi üzrə hazırlanan bu blok həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır və neft çıxarmada ən müasir texnologiyaların tətbiqinə imkan verəcək: "Yeni dayaq blokunun quraşdırılması "Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq. 60 milyon tondan artıq neft ehtiyatına malik olan bu yatağın istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına imkan verəcək. 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmasə gözlənilən "Qarabağ” yatağı Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün əhəmiyyət kəsb edir. Bu yataqdan istehsal edilən ehtiyatlar Avropanın enerji təminatında mühüm rol oaynayacaq, ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə verəcək".
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər