• çərşənbə axşamı, 19 mart, 13:33
  • Baku Bakı 8°C

“Nəfəs darlığı probleminin 5G ilə heç bir əlaqəsi yoxdur”

09.07.20 13:22 4643
“Nəfəs darlığı probleminin 5G ilə heç bir əlaqəsi yoxdur”
Vüsal Süleymanov: "İnsan bədəninə yerləşdirilən çiplərin mobil rabitəyə və yaxud hər hansı şəbəkəyə çıxışı yoxdur”
Bu ilin gündəm olan məsələlərindən biri də 5G-dir. Hələ aprel ayında İngiltərədə insanlar 5G-nin əsas şəbəkə stansiyalarından bir neçəsinin yandırdılar. Səbəb olaraq isə bildirilirdi ki, bu texnologiya insan sağlamlığı üçün zərərlidir, insanın şəxsi həyatının toxunulmazlığını pozur. 5G-nin koronavirus yayması kimi fikirlər də dilə gətirildi. 5G-nin əleyhdarları ölkəmizdə də az deyil və bu istiqamətdə müxtəlif fikirlər səsləndirilir. Bu istiqamətdə olan suallar ətrafında Birləşmiş Ərəb Əmirliklərində 5G şəbəkəsinin qurulmasında aparıcı mütəxəssis kimi çalışan Vüsal Süleymanovla söhbətləşdik.

- Vüsal bəy, hazırda 5G çox müzakirə olunur, biz söhbətə lap əvvəldən başlayaq. Əvvəl 1G ilə hesablanır, yoxsa ondan öncəsi də var?
- Əslində, ilk nəsil 0G-dən götürülür. Bu nəsil İkinci Dünya Müharibəsində elektromaqnit dalğalarının radiotelefoniyada istifadəsi ilə başlamışdı. Belə ki 1940-cı ildə "Motorola” şirkəti tərəfindən radio-telefonlar istifadə olundu. İndi hərbidə, təhlükəsizlik xidmətlərində qısa məsafədən əlaqə üçün istifadə olunan həmin radio telefonlardan söhbət gedir. Yavaş-yavaş təkmilləşmə getdi və 1946-cı ildə Amerikada AT&T şirkəti tərəfindən maşınlarda bu servislərin verilməsi mümkün oldu. İllər keçdikcə, elm inkişaf etdikcə bu sahəyə də təsir etdi. 1979-cu ildə Yaponiyada 1G-nin geniş şəkildə kommersiya fəaliyyətinə başlanıb. Bu, indi baxdığımızda çox primitiv simsiz rabitə olsa da, mobil telekommunikasiyanın inkişafında mühüm addım idi.

- Sonra 2G gəldi və hər 10 ildən bir yeni nəsil təqdim olunur.
- Simsiz rabitədə inqilabı dönüş 1991-ci ildə Finlandiyada 2G mobil rabitə standartlarının təqdimatı ilə baş verdi. 1G-də danışıqlar istənilən telefon tərəfindən tutula bilərdisə, 2G-də artıq danışıqlar şifrələndi. Radiotezliklər daha effektiv istifadə olunmağa başlandı və daha çox abunəçi eyni zamanda şəbəkəyə qoşularaq danışmaq imkanı əldə etmişdi. 2G-də SMS göndərmək mümkün oldu. İnternetin inkişafı da 90-cı illərdən təşəkkül tapmağa başlamışdı. Ona görə bu telefonlarda data servisi də mümkün hala gəlmişdi. Bu da dönüş nöqtəsi idi.2000-ci illərdə 3-cü nəsil təqdim olunmağa başladı. İnternet sürəti daha da artdı. Bununla da mobil rabitə internet servisinə fokuslandı. İndiyə qədər səsin ötürülməsi, yəni telefon danışıqları daha önəmliydisə, indi data servisləri də önəmli olmağa başlamışdı. 3-cü nəsil tamamilə fərqli texnologiya idi. Mən 2-ci nəsildən işləməyə başlamışam. 3-cü nəsil gələndə bizim üçün çox maraqlı idi. O vaxt 5, 10 meqabit/s sürəti almaq sensasiya kimi bir şey idi. 3-cü nəsildə bu, mümkün oldu.2010-cu ildə 4-cü nəsil təqdim olundu. Sürət 100 meqabit/s-ləri keçdi. Nəzəri olaraq saniyədə 300 meqabit/s-yə qədər internet sürəti əldə etmək mümkün oldu. Laboratoriya şəraitində daha da artıq əldə etmək olur. Canlı şəbəkələrdə adətən 100 meqabit/s qədər sürət əldə etmək mümkündür.


- 10 il sonra isə 5G aktuallaşdı. Üstünlüklərindən çox, mənfi təsirləri ilə bağlı şaiyələrlə gündəmə gəldi. Maraqlıdır, əvvəlki nəsillər yeni təqdim ediləndə, reaksiyalar necə olurdu?
- Hələ lap ilk nəsillər təqdim olunanda, ev telefonları var idi, o da simli rabitə idi. Simsiz telefonlar gəldiyində maraq doğururdu, hamı onu əldə etməyə çalışırdı, sağlamlığa təsir etməsinə fikir vermirdilər. İnkişaf getdikcə yeni texnologiyalar təqdim olunarkən geniş ictimai təpki olmasa da, müəyyən qruplar, ictimai təşkilatlar, elm adamları tərəfindən elektromaqnit dalğalarının bu cür geniş şəkildə istifadəsinin sağlamlığa zərərli olması ilə bağlı narazılıqlar səsləndirildi. Çünki elektromaqnit dalğalarının xüsusiyyətlərini bilən insanlar müəyyən mülahizələr irəli sürürlər. Bu da ağızdan-ağıza dolaşaraq, müəyyən elmi əsaslara söykənərək, bəzən söykənməyərək cəmiyyətdə bir fikir formalaşdırır. 5G kimi əvvəlki nəsillər təqdim olunanda da, belə yanaşmalar olub.Ümumdünya Səhiyyə Təşkilatı edilən müraciətləri, narahatlıqları nəzərə alaraq 1996-cı ildə 2-ci nəslin geniş yayıldığı dövrdə elektromaqnit sahələrinin araşdırılması ilə bağlı bir layihə başlatmışdı. 0-dan tutmuş 300 GHz-ə qədər radiotezliklərin elektromaqnit sahələrinin insan sağlığına, ətraf mühitə necə təsiri olduğunu araşdırırlar. Bu araşdırmalara dünyanın bütün elmi tədqiqat institutları, məşhur standartlaşdırma təşkilatları cəlb olundu. 1996-cı ildən etibarən hər il nəticələri açıqlayırlar. İndiyə kimi də mobil rabitədə istifadə olunan radiotezliklərin insan sağlamlığına hansısa mənfi təsiri olması ilə bağlı dəqiq nə isə sübuta yetirilməyib. Düzdür, araşdırmalarda heyvanlar üzərində aparılan təcrübələr zamanı yüksək dozada radiasiya veriləndə, həmin heyvanların hüceyrələrində, beyin toxumalarında müəyyən şişlər əmələ gəlib. Ancaq ətrafımızda istifadə edilən radiotezliklərin radiasiyası çox cüzidir.

- Yəni bu işlər nəzarətdədir?
- Texnologiyada heç bir yenilik nəzarətsiz buraxılmır. Yoxlanılır, tezliklərin daha zərərsiz və effektiv olanlarını seçirlər. İşlər Beynəlxalq Telekommunikasiya İttifaqının tələbləri əsasında görülür. Yəni bu yeniliklər standartlar qorunaraq tətbiq olunur. Davamlı olaraq ölçmələr aparılır, radiotezliklər standartlar əsasında paylanır. Bu, bütün ölkələrdə var. Deyək ki, 4G şəbəkə qurulur. Bundan öncə ordakı həmin radiasiyanın miqdarı ölçülməli və sonra lisenziya verilməlidir. Hətta telefonlara belə, radiasiya miqdarı ölçüldükdən sonra lizenziyası verilməlidir. Bu ölçmələri vaxtaşırı aparmalı və ictimaiyyətə açıqlamalıdırlar.


- Telefonlar da antennalar qədər gücə malikdir?
- Bizdə adətən baza stansiyaları - operatorların quraşdırdıqları antennalar hədəfə alınır. Biz antennalardan yox, daşıdığımız telefonlardan özümüzü qorumalıyıq. Çünki telefonlar da mini stansiyalardır. Eynilə həmin tezliklərdə işləyirlər və müəyyən gücü var. Bəzən insanlar düşünürlər ki, antennadan nə qədər uzaqda olsalar, o qədər yaxşıdır. Ancaq telefon mobil operatorun baza stansiyasından uzaqlaşdıqca gücünü artırmağa çalışır. Elə ola bilər ki, bu maksimum gücə çatar, SAR dəyəri artar və insan sağlamlığı üçün zərərli olar.SAR – enerjinin udulma dərəcəsidir. İnsan bədəninin bir kiloqram hissəsinə düşən enerjinin miqdarını ölçürlər, bununla telefonun SAR dəyəri müəyyənləşdirilir. Dəyərlər də artıq standartlaşdırılıb. Bir qram üçün 1,6 Watta qədər hesablanıb. 10 qram üzərindən hesablayanda, 2 Watt müəyyən ediblər. "İphone” larda SAR dəyəri 1,1-1,2 aralıqdadır. 1-in altında olsa, daha yaxşıdır.

- 5G-nin daha çox mənfi tərəfləri ilə bağlı danışılır. Biz gətirəcəyi yeniliklərə toxunaq.
- 5G-ni sadəcə olaraq texnologiya kimi izah etmək yetərsizdir. Çünki 2020-ci ildən dünya yeni dövrə qədəm qoyub. Bu dövr rəqəmsal transformasiya dövrü adlanır. Dördüncü Sənaye İnqilabı da deyirlər. Rəqəmsal transformasiya o deməkdir ki, cəmiyyətin bütün sahələri, industriyaları rəqəmsallaşır. İnternetin böyük təşəkkül tapması ilə əlaqədar bəzi ənənəvi sahələr yavaş-yavaş yerini özünün rəqəmsal formasına verməyə başlayır. Onlayn konsultasiyalar, distant təhsil, video konfranslar, evdən işləmə, distant servislər və s. cəmiyyətin bütün sahələrini əhatə edir. 4-cü sənaye inqilabında elə sahələr var ki, 5-10 il sonra yerini tamamilə robotlara verəcək. Çünki robot texnologiyası hazırda sürətli inkişaf mərhələsindədir. Bu robotik sənaye distant idarə olunur. Bütün bunlar böyük bir ekosistem əmələ gətirir. Bütün bu prosesə vahid ekosistem kimi baxdıqda, 5-ci nəsil bu ekosistemin mərkəzində dayanır. 5G-siz rəqəmsal transformasiyadan, dördüncü sənaye inqilabından söhbət gedə bilməz. Bank, valyuta prosesləri, ödəmələr, birjalar və s. alqı-satqı zaman və məkan tanımamalıdır. Mobil telekommunikasiya inkişaf etməlidir ki, bütün bu tələblərə cavab verə bilsin.Buna qədərki nəsillər insanları bir-biriylə birləşdirməyə fokuslanmışdı. 5-ci nəsil isə bütün hər şeyi birləşdirməlidir. Hazırda dünyada 99 faiz əşya internetə qoşulmayıb. 99 faiz əşya internetə bağlanacaq və ağıllı əşyalar olacaqlar, uzaqdan idarə ediləcəklər.4-cü nəsildə sürət meqabitlərlə ölçülürsə, burda geqabitlərin üzərinə çıxır. Normal, keyfiyyətin o qədər yaxşı olmadığı şəraitdə telefonlarda saniyədə bir geqabitə qədər sürət almaq mümkündür. Bu, daha da artacaq.Pilotsuz maşınlar, ağıllı şəhərlər… Ağıllı şəhərdə hər şey internetə qoşulacaq. Pilotsuz taksilər fəaliyyət göstərəcək. Bunu da beşinci nəsil üzərindən işləyəcəklər. Başqa texnologiyada bu mümkün deyil. Hazırda 5-ci nəsil bu öhdəlikləri yerinə yetirmək qabiliyyətinə malik deyil. Çünki ucdan uca 5G yoxdur. Hazırda 5G dördüncü nəsillə bir yerdə işləyir. Ucdan uca 5G qurulandan sonra bunlar mümkün olacaq.


- Ölkəmizdə 5G-nin olub-olmaması ilə bağlı suallar çoxdur. Rəsmilərin cavabı "yoxdur” olsa da.
- 5G dünyada yenidir. Tək-tək ölkələrdə qurulur. 5G ilə bağlı interaktiv xəritə var. Orda 5G şəbəkələrinin quraşdırıldığı ölkələrlə bərabər, kommersiya fəaliyyəti göstərən və ya test mərhələsində olanlar da var. Orda "Azercell” şirkəti də qeyd olunub. Şirkət Bakıda Fəvvarələr Meydanında test üçün 5G antennası quraşdırdığını elan etmişdi. Detalları haqqında heç bir məlumat yoxdur. Çünki Azərbaycanda 5G-nin tezlikləri satışa çıxarılmayıb. Ənənəvi olaraq bütün dünyada yeni nəsillər gəlməmişdən öncə, dövlət tezlikləri operatorlar arasında bölüşdürür. Bunun üçün tender elan olunur. Operatorlar büdcələrinə uyğun tezlikləri alırlar. Bizdə hələ ki belə tender elan olunmayıb. Ona görə Azərbaycanda 5G-dən söhbət getmir.

- 5G-nin quraşdırılması üçü buna tələb yaranmalıdır?
- Azərbaycandakı mobil operatorlar 5G-də maraqlı deyillər. Çünki 5G böyük investisiya tələb edir. Operatorların marketinq komandası yəqin ki tələbi araşdırır, hazırda 5G-yə yatırım etməyin nə dərəcədə uyğun olub-olmadığını öyrənirlər. O tələbi görmədikləri üçün hazırda 4G şəbəkələrini genişləndirməyi nəzərdə tuturlar. Belə başa düşürəm ki, gələn ilin büdcəsində 5G-ni nəzərə alarlar. Mən BƏƏ-də 5G layihəsində işləyirəm. Burda proses 2019-cu ildən başlayıb. Ötən il büdcə ayrılıb. Artıq 1000 baza stansiyası qurulub, 5 illik plan var. Azərbaycanda yəqin ki 2021-ci ildən büdcə ayırarlar, tender də gələn il keçirilər.Digər tərəfdən, Azərbaycandakı abunəçilər 5G-yə o qədər də maraqlı deyillər. 5G-nin zərərləri ilə bağlı dolaşan xəbərlər də onun tətbiqinə təsir edir.

- Yəni ölkədə infrasturuktur var?
- Bəli, sadəcə olaraq operatorlar öncədən bu infrasturukturu hazır hala gətirməlidirlər. Yəqin ki yavaş-yavaş bu proses həllini tapacaq. Yaxın 1-2 ildə Azərbaycanda 5G-nin geniş şəkildə qurulub istifadəyə verilməsini gözləmək düzgün deyil.5G şəbəkələrinin qurulması bu şəbəkələri dəstəkləyən smartfonların sayından da asılıdır.

- İstifadə etdiyimiz smartfonlar 5G-ni dəstəkləmir?
- Çoxu dəstəkləmir. Samsung, ZTE, Huawei-nin 5G-ni dəstəkləyən telefonları var. Apple şirkətinin 5G dəstəkləyən telefonlarını yaxın aylarda təqdim edəcəyi gözlənilir. Onlar da 5G-nin əsas istifadə olunan aşağı tezliklərini dəstəkləyirlər. Belə telefonlar azdır və bahadır. 1000 dollar üzərində olan qiymətlərdir. Yuxarı tezlikləri dəstəkləyən telefonlar yoxdur. Azərbaycanda da yaşayış səviyyəsi o qədər yüksək deyil ki, çoxluq bu telefonları işlətsin. Yəqin ki yerli operatorlar bunları da nəzərə alırlar. Aşağı büdcəli və 5G dəstəkləyən telefonlar da yavaş-yavaş bazara çıxır. Onların qiyməti 500 dollardan başlayır.

- 5G mobil internet qiymətlərinə təsir edəcəkmi?
- Hələ ki 5G şəbəkələri yeni qurulduğu üçün burda internet paketlərinin qiyməti mövcud paketlər üzərindən təqdim olunur. Amerika və Cənubi Koreyada qiymətdə dəyişiklik var. Amma bu, o demək deyil ki, qiymətlər artmalıdır, əksinə qiymətlərin düşməsinə stabilləşməsinə səbəb olmalıdır. Çünki alternativ texnologiyaların sayı da artmaqdadır.

- 5G söhbətində daha çox gündəmdə olan məsələ çiplərlə bağlıdır.
- Bir sürü konspiral nəzəriyyəçilər var və onlar hər gün bir şey danışırlar. Hətta vaksinlərin tərkibinə kvant və nano texnologiya ilə maye şəklində çiplərin yerləşdiriləcəyini deyirlər. Ancaq hələ ki bunların sübutu yoxdur. Bir çox ölkələrdə kiçik çiplər təqdim edən şirkətlər var. Çipləri dəri altına yeridirlər. Sən bütün bank kart məlumatlarını, e-mail şifrələrini, ev qapısının, seyfin kodunu və s. kimi bir çox məlumatı ora yerləşdirə bilirsən. Hara getsən, özünlə heç bir şey götürməyinə ehtiyac qalmır. Bu, insanlara çox cazib gəlir. Ancaq bəziləri bunlar vasitəsilə kontrol ediləcəklərini güman edirlər. Hələlik o çiplərin mobil rabitəyə və yaxud hər hansı şəbəkəyə çıxışı yoxdur. Onlar sadəcə olaraq kod daşıyırlar və RFID deyilən texnologiya ilə çalışırlar. Yəni həmin kodları oxuyan cihazlar o çipləri görə bilir. 5G ilə bu çiplərin heç bir əlaqəsi yoxdur. Ancaq IoH (Inter of Humans) deyilən konsepsiya mövcuddur. IoT-lar (internet of Things) geniş yayıldıqdan və təşəkkül tapdıqdan sonra çox güman ki növbə bizlərə də gələcək. Yəni bizləri də internetə qoşmaq istəyəcəklər. Biz də IoH olaraq həmin çiplər vasitəsilə internetə qoşulacağıq. Ancaq bu, hələ ki fərziyyələrdir. Texnoloji cəhətdən mümkün görünsə də, hazırda mövcud deyil. Bunu elə bir cazib hala gətirməlidirlər ki, insanlarda buna maraq oyansın.

- Dediyinizdən belə başa düşmək olar ki, 5G bizi öldürməyəcək?
- (Gülür) 5G-nin zərərləri haqqında danışan insanlar əsasən onun 24Ghz-dən başlayan yüksək tezliklərini hədəf alırlar və 60Ghz üzərində öz mülahizələrini söyləyirlər. Burda bəzi qaranlıq və maraqlı məqamlarla rastlaşırıq. Öncə qeyd elədiyimiz kimi, bu mülahizələr əsasən yüksək tezlikli 5G radiasiyasının oksigen molekullarını udması və bunun nəticəsində insanlarda nəfəs darlığının meydana gəlməsidir. Qeyd edim ki, 60Ghz spesifik bir tezlikdir və tez-tez vurğulansa da, bu, 5G-nin rəsmi tezlik diapazonuna daxil edilməyib. Çünki bu tezliklərin enerjisi havadakı oksigen və su molekulları tərəfindən udulur. Yəni bunun radiasiyası oksigeni deyil, əksinə oksigen bu radiasiyanı udaraq sonradan ətrafa yayır. Bu da həmin dalğaların çox qısa məsafədə sönməsinə səbəb olur. Yüksək tezlikli 5G antennaları hələ geniş yayılmayıb. Yəni hələ ki şəbəkələrdə 5G-nin aşağı tezlikləri daha çox istifadə olunur. Və deməli, bu, baş verən nəfəs darlığı probleminin də 5G ilə heç bir əlaqəsi yoxdur və bunun koronavirusun ağciyərlərdə törətdiyi kimyəvi pnevmonit nəticəsində meydana gəldiyi artıq heç kimə sirr deyil.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər