• şənbə, 20 Aprel, 17:08
  • Baku Bakı 23°C

Nə vaxtsa mənim də səmavi arzularım çin olacaq

22.04.19 12:45 1538
Nə vaxtsa mənim də səmavi arzularım çin olacaq
Yolçuyev Varis Musa oğlu Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədridir. Azərbaycan və Rusiya Yazıçılar Birliklərinin, həmçinin Beynəlxalq Yazıçılar İttifaqı "Internasional Writers Union”-un üzvüdür. III Beynəlxalq festivallar festivalı "LiFFt”-2018-in qızıl laureatıdır. 2018-ci ildə "Rosiyskiy kolokol” jurnalına əsasən ilin yazıçısı olub.
BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının təsis etdiyi Adam Mitskeviç medalı, Varşavada Slavyan ədəbiyyatı festivalı (2017) laureatı, Moskva Beynəlxalq Ədəbiyyat mükafatının laureatı (2016) və Azərbaycanın "Qızıl kəlmə” müsabiqəsinin laureatı (2011) olub.
Varis Yolçuyev ötən il Soçidə keçirilən və Avrasiyadan 170 yazıçının qatıldığı III Beynəlxalq festivallar festivalı "LiFFt”-2018-in qızıl laureatı olub. "Rosiyskiy kolokol” jurnalı yazıçımızı ilin yazıçısı elan edib. Həmin il Böyük Britaniya Yazıçılar Birliyinin (APİA) Beynəlxalq London mükafatının sonuncu lonq-listinə düşərək ilin yazıçısı elan olunub.

– Varis müəllim, icazə verin ötən il iki önəmli beynəlxalq ədəbiyyat müsabiqələrində qalib olduğunuza görə sizi təbrik edim. Bu qalibiyyətlərinizə və məşhur "Ruskiy kolokol” jurnalının sizi 2018-ci ilin yazıçısı elan etməsinə görə hamımız sizinlə – ədəbiyyat və mədəniyyətimizin təmsilçisiylə fəxr edirik. Düşünürəm ki, oxuculara, xüsusən də, gənc yazıçılarla sizin uğurunuzun formulu çox maraqlı olar. Lap əvvəldən başlayaq: siz ilk vaxtlardan ədəbiyyatı seçdiniz, filoloji təhsil aldınız. Bəs gənclik illərinizdə daha çox oxumaqla məşğul olurdunuz, yoxsa yazmaqla?
– Oxuyurdum. Evimizdə böyük kitabxana vardı. Mən həmişə bütün o kitabları oxuyub bitirməyə tələsmişəm.
– Hansı tip ədəbiyyatı daha çox oxuyurdunuz?
– Atamın məsləhət gördüyü kitabları oxuyurdum. Əvvəl uşaq ədəbiyyatından başlamışam. Həmin qəhrəmanları indiyə qədər xatırlayıram: Tom Soyer, Heklberri Finn, Körpə və Karlson. Sonradansa yüngül ədəbiyyatdan mürəkkəb ədəbiyyata keçdim. Gənclik illərimdə Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi” və "Səfillər”, Selencerin "Çovdarlıqda uçurumdan qoruyan”, İsa Məlikzadənin "Küçələrə su səpmişəm” və əlbəttə ki, ilk dəfə aşiq olan zamanlarda Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərləri mənə xüsusilə təsir etmişdi.
– Sizin ilk yazdığınız və ilk dəfə dərc olunan əsəriniz hansıdır?
– İlk əsərimi beş yaşımda yazmışam. Şeir, yoxsa hekayə olduğunu dəqiq xatırlamıram. Onu çap hərflriylə yazmışdım, qıraqlarına da şəkillər çəkib bəzəmişdim. Adını "Həyətdə oğlan” qoymuşdum. İlk dəfə hekayələrim dərc olunub. Onlar müəllimim Xalq yazıçısı İsmayıl Şıxlının çox xoşuna gəlmişdi. İsmayıl müəllim hekayələrimə resenziya yazaraq "Ulduz” jurnalında dərc etmişdi. Bu, hardasa 1990-cı illərin əvvəllərində olmuşdu. Birinci kitabımsa 2008-ci ildə ölkə üçün rekord sayılan bir tirajda – 10 min nüsxə çap edilmişdi. Bu, dərhal mənə şöhrət gətirən "Sonuncu ölən ümidlərdir” adlı sevgi romanı idi. O, altı dəfə nəşr olunub. Bakı Kitab klubu onu Azərbaycanda ən çox satılan kitab elan etdi. Hələ bundan əlavə 10 minlərlə pirat nüsxələri da vardı.
– Müsabiqələrə əsərlərinizi özünüz təqdim edirdiniz?
– Bəzən özüm, bəzən isə mənim Rusiyadakı redaktorum, bəzən də çalışdığım Avropa Prodüser Mərkəzi özü təqdim edirdi.
– Sizin ədəbi qovluğunuzda neçə əsər var?
– 12 çap olunmuş roman, onlarla hekayə, esselər. Hələ nə qədər də yarımçıq yazılarım var.
– Soçi, Moskva, Londondakı mükafat təqdimatlarında iştirak etmişdiniz?
– Moskvada mənə Moskva Ədəbiyyat mükafatını təqdim etmişdilər. Həmin müsabiqədə Boris Akuntin və Mixail Zadornov da iştirak edirdilər. Soçidəsə III Beynəlxalq festivallar festivalı "LiFFt”-2018-in qızıl medalını təqdim etmişdilər. Qeyd edim ki, həmin mükafatı ondan öncəki il Oljas Süleymanov almışdı. London mükafatı isə hələ gələn il təqdim olunacaq. Məni Den Braun və Vudi Allen kimi məşhurlarla bir sırada sonuncu lonq-listə daxil ediblər.
– Sizinçün ədəbiyyat hobbidir, sevimli məşğuliyyətdir, yoxsa ki onda özünüzün hansısa missiyanızın olduğunu görürsünüz?
– Ədəbiyyat mənim özüm, mənim varlığımdır. Hər bir insan dünyaya hər hansı bir missiyanı yerinə yetirmək üçün doğulur. Bir çoxları üçün bu, işləməkdən, uşaq böyütməkdən ibarətdir. Amma tək-bir adamlar üçünsə dünyanı yaxşıya doğru dəyişməkdir. Nə vaxtsa mənim də səmavi arzularım çin olacaq. Mən buna inanıram.
– Sizi ilin yazıçısı elan edən "Rossiyskiy kolokol” jurnalına verdiyiniz müsahibədə demisiniz ki, ədəbiyyatla gündə 25 saat məşğul olursunuz. İş prinsipiniz necədir?
– Adətən, prozanı əvvəlcə "beynimdə” yazıram. Bəli, məhz belə. Bu gecə-gündüz davam edir. Bəzən hətta bir il də çəkir. Bütün obrazlar tam məlum olandan, süjet təsdiqini tapandan, heç bir qaranlıq bir nüans qalmayandan sonra nöqtəmi qoyur və mətni kağıza köçürməyə başlayıram. Mən bax belə yazıram.
– Adi iş gününüzü bizə təsvir edə bilərsiniz?
– Onlar bir-birinə bənzəmirlər. Gah qəhrəmanlarımın arxasınca ön cəbhəyə yollanıram, gah Praqaya, İstanbula uçuram, gah da ki ciddi rejimli cəzaçəkmə müəssisəsində oluram. Təsəvvür edin ki, növbəti romanımı yazmaqdan ötrü mən alpinistlərlə birlikdə dağların başına qalxmağa belə hazıram.
– İdmanla aranız necədir?
– Sevirəm. Gənclik illərimdə Respublika yüngül atletika çempionatında qalib olmuşam, "Dəri top” ümumittifaq futbol turnirinin yarımfinalında oynamışam, eyni vaxtda dünya çempionu Harri Kasparovla heç-heçə hesabıyla şahmat oynamışam. Elə indi də həvəslə futbol oynayır, trenajor zalına gedirəm.
– Borxes deyirdi ki, gələcək hekayənin o üzündədir. Siz bu fikirlə razısımızmı?
– Əlbəttə. Hekayələri çox sevirəm. Bu yaxınlardan hekayələrimdən biri "Sarı dəftərin əhvalatı” hekayəmsə çox böyük rezonans doğurub. Bilirsinizmi indi roman janrı daha üstünlük təşkil edir. Hətta yeni yazmağa başlayan prozaiklər də roman yazırlar. Hekayə sanki bir az kölgədə qalıb. Lakin bir şeyi yadda saxlamaq lazımdır: Roman hekayənin mürəkkəb formasıdır. O, sanki mərtəbələri hekayələr olan bir binanın damıdır. Dama göydən düşmək yaxşı üsul deyil...
– Heç qərəzli tənqidçilərlə üzləşmisiniz? Onların iradlarına necə reaksiya verirsiniz?
– Tənqid ədəbiyyat eşelonunun lokomotividir. Sayı çox az olan peşəkar tənqidçilər ədəbiyyat adına zəhmət çəkirlər. Mən çox fəxr edirəm ki, ölkəmizin Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Vaqif Yusifli kimi nüfuzlu tənqidçiləri mənim yaradıcılığımı yüksək qiymətləndiriblər.
– Məhsuldar yazmağınız üçün sizə hansı şərait lazımdır?
– Sakit, rahat bir künc, dinc "daxili mühit”.
– Sizin personajlarınız əhatəmizdə olan adamlardır, hamısı da canlıdır. Sizcə, əcnəbilərə onlar niyə belə maraqlı olub?
– Əslində, mənim qəhrəmanlarım adi insanlardır. Harada çap olunmağımdan asılı olmayaraq – istər Amerikada, istər Rusiya, Türkiyə, lap elə Özbəkistanda çap olunmağımdan asılı olmayaraq, yerli oxucular onlarda özlərini görə bilirlər. Bilirsinizmi, mənə hərdən elə gəlir ki, baş qəhrəmanlarım Xeyir və Şər, Kədər və Sevinc, Xoşbəxtlik və Bədbəxtlik, Sevgi və Nifrətdir. Onları da hər yerdə tanıyırlar. Bundan başqa mən dramlar və trillerlər də yazıram. Mənim əsərlərimdə hazırda çox yerdə çatışmayan sentimentalizm qabarıq şəkildə özünü büruzə verir. Mənəviyyatsa indi sanki sürgündədir. İnsanlar oxuyur, bəzən də göz yaşlarıyla ürəklərini soyutmaq üçün ağlayır. Bundan başqa, onu da deyim ki, mənim əsərlərimdə aforizmlər, müdrik kəlamlar, fikirlər geniş yer alır. Oxuyanda mütləq nəysə yaddaşda qalır.
– Siz necə düşünürsünüz, "yazıçı rəqabəti” deyilən bir anlayış varmı?
– Əlbəttə ki, var! Hətta mən buna rəqabət yox, döyüş, müharibə deyərdim. Tiraj, oxucu, reqaliya uğrunda döyüş.
– Xarakterinizdəki üç başlıca keyfiyyəti deyin.
– Mən maksimalistəm: Ya hər şeyə sahib olmalıyam, ya da heç nəyə. Mən məqsədyönlüyəm: Məni yolumdan heç nə edə bilməz. Mən optimistəm: müvəffəqiyyətisə ancaq optimistlər qazanır. Uğur məhz onlara tərəf gəlir!
– Sizcə, ədəbiyyat dahilərinin söylədikləri əhvalatlar, hekayələr yaradıcılığa ilhamlandıra bilərmi?
– Əlbəttə ki, bilər. Nəinki yaradıcıdılığa ilhamlandıra, hətta gedişatları belə dəyişə bilər. İndisə ədəbiyyat yenə də zirvədədir. Xalid Hüseynin romanından sonra bəşəriyyətin əfqan müharibəsinə münasibəti dəyişdi. Cənubi afrikalı yazıçı Con Maksvellinin romanından sonra bəzi mənəvi dəyərlər çox aktuallaşdı. Seneqallı yazıçı Varis Diriyenin romanından sonrasa feministlər, qadın zorakılığını dayandırmaqdan ötrü, demək olar ki, bütün bəşəriyyəti ayağa qaldırdırlar.
– Ədəbiyyatda kimə pərəstiş edirsiniz?
– İndi bir neçə nəfərə maraq göstərirəm. Onlar bizim çağdaşlarımızdı, sağdırlar və oxucularını, sözün əsl mənasında, möcüzəvi əsərlərilə oxucularını sevindirirlər. Buna misal olaraq, Haruki Murakamini, Milan Kunderanı və Orxan Pamuku göstərə bilərəm.
– Sizi yeni bir süjetə nə ilhamlandıra bilər?
– Bəzən kiminsə taleyi, bəzən hər hansısa bir hadisə, olay. Bəzən isə bir misralıq adi bir informasiya...
– Hansı janra üstünlük verirsiniz? Nə vaxtsa qələminizi fantastika janrında sınamısınızmı?
– Heç vaxt sınamamışam, heç sınamaq fikrim də yoxdur. Mən xəyanəti sevmirəm. Mənim fikrimcə, yazıçı müxtəlif janrlara ancaq yaradıcılığının ilkin dövrlərində öz janrını, ədəbiyyatdakı yerini müəyyənləşdirməkdən ötrü müraciət edə bilər. Mən dram və triller janrında tanındım, məşhurlaşdım. Burda isə müxtəlif manyovrlar etmək olar: məsələn, psixoloji dram və melodram, sentimental və ya hətta macəra trilleri də yazmaq olar.
Yeri gəlmişkən, mənim öz hekayəçilik tərzim var. Bu, bədii ədəbiyyatla jurnalistikanın sintezidir. Oxucu çox maraqlı bir süjet xətti olan romanı oxuyur və bununla yanaşı, bir sıra fakt və informasiyanı da əldə edir. Əbəs yerə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda əsərlərimdən biri doktorluq dissertasiyası mövzusu olmayıb ki.
– Necə düşünürsünüz, gənclər arasında ədəbiyyatın təbliğ olunmasına ehtiyat var?
– Çox böyük ehtiyac var! Üçüncü minillikdə internet, mobil telefonlar və s. həm mədəniyyəti, həm də ədəbiyyatı məhvə sürükləyir. Daima xarabazarlıqdan mənəvi dəyərlərimizi dartıb çıxarmalı oluruq.
– Hamı bir ağızdan kitabların tezliklə unudulacağını deyir: İnsanlar daha çox internetə bağlanıb. O cümlədən də, oxucular. Siz çap olunmuş nəşrlərə üstünlük verirsiniz, yoxsa ki rəqəmsal?
– İnternet insanın sürət əsrinə inteqrasiyasıdır. Onun əhəmiyyəti çox böyükdür. Lakin hər şey internet deyil. Bəzən internet lap narkotik kimi olur. Özünü tamamilə internetə həsr etmək lazım deyil. O ki qaldı kitab və qəzetlərə, mən çap olunmuşlara üstünlük verirəm. Kağızın qoxusu kitablara sevgi oyadır.
– Kimin şərəfinə adınızı Varis qoyublar?
– Atam deyirdi ki, mən dahi Azərbaycan yazıçılarının varisi olacam. Ona görə də mənə bu adı qoyub.
– Müsahibələrinizdən birində səyahəti çox sevdiyinizi qeyd etmisiniz. İndiyə kimi neçə ölkədə olmusunuz, onlardan hansı birində qalmaq istərdiniz və nəyə görə?
– Hələlik 18 ölkədə olmuşam. Bunun çox az olduğunu bilirəm. Amma bütün arzularımızı gerçəkləşdirməkdən ötrü zamanımız yetmir. Mən İstanbulu çox sevirəm, orada olanda özümü tarixin bir parçası hesab edirəm. Parisi çoxlu gəzməli-görməli yerləri olduğuna görə sevirəm. Odessa və Soçini rahatlığına və sakitliyinə görə sevirəm. Madrid və Praqanı da çox sevirəm. Bu iki şəhəri açıq səma altında muzey adlandırmaq olar.
– Ailənizdə bircə siz yaradıcılıqla məşğul olursunuz?
– Mənim adam öz zamanında məşhur ədəbiyyatşünas olub. MƏn sanki onun davamçısıyam. Oğlanlarım ədəbiyyatla maraqlanmırlar, mən onları mütaliəyə məcbur edə bilmirəm. Amma yeddi yaşlı qızım yavaş-yavaş mütaliə etməyə öyrəşir. Həvəslə hekayələr oxuyur, bəzən də mənim kitablarıma da keçir.
– Siz ictimai fəaliyyət, xeyriyyəçiliklə də məşğul olursunuz?
– Əlbəttə. Mən qeyri-hökumət təşkilatları Milli forumunun "Maraqlı insanlar klubu” layihəsinin rəhbəriyəm. Bütün ölkə üzrə istedadlı insanları axtarırıq. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvüyəm. Ən istedadlı yazıçıları üzə çıxarırıq. Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədriyəm. Biz beş milyarddan çox əhalisi olan nəhəng Avrasiya məkanında böyük ədəbi layihələr edirik! O ki qaldı xeyriyyəçiliyə, mən mütəmadi olaraq müxtəlif xeyriyyə aksiyalarında iştirak edir, internatları, əllilər, uşaqlar və qocalar evini ziyarət edirəm.
– Oxucularıma, gənc müəlliflərə nə arzu etmək istərdiniz?
– Mənim hər kəsə bir arzum var – qoy bütün arzular çin olsun!


Söhbətləşdi: Marina Mürsəlova
Tərcümə etdi: Xanım Aydın


banner

Oxşar Xəbərlər