• cümə, 29 Mart, 14:08
  • Baku Bakı 14°C

“Nə status var, nə də Dağlıq Qarabağ”

23.07.21 18:30 1438
“Nə status var, nə də Dağlıq Qarabağ”
Qarabağda cəmi 25 min erməninin yaşadığını bildirən dövlət başçısı bu sayda insan üçün ayrıca statusun yaradılmasının məntiqsiz olduğunu diqqətə çatdırıb
Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət müsbət nəticə verir. Pandemiyanın gətirdiyi çətinliklər, karantin rejiminin tətbiqi, müəyyən məhdudiyyətlər fonunda belə, ölkə iqtisadiyyatı inkişaf edir, hər hansı sosial layihə təxirə salınmır. Prezident İlham Əliyevin iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsindəAzərbaycan Televiziyasınamüsahibəsində cari ilin altı ayının sosial-iqtisadi yekunlarına dair səsləndirdiyi rəqəmlər də ölkə iqtisadiyyatının real mənzərəsini əks etdirir. Belə ki, dünya ölkələrinin böyük əksəriyyəti iqtisadi tənəzzül yaşadığı halda, Azərbaycanda ötən 6 ayda iqtisadi artım qeydə alınıb. Xüsusilə qeyri-neft sektorunda 5 faizdən çox artım olub ki, bu, böyük göstərici olmaqla bərabər, görülmüş işlərin əyani təzahürüdür.

Xarici ticarətdə müsbət saldo

Həmin dövrdə sənaye istehsalı cəmi 0,3 faiz azalıb ki, bunun da əsas səbəbi OPEC+ razılaşmasının yerinə yetirilməsidir. Bu müddətdə qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacağı proqnozlaşdırılır. Kənd təsərrüfatında 5,6 faiz artım qeydə alınıb. Halbuki ötən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım təqribən 3 - 3,5 faiz olub. Ölkədə ötən 6 ayda inflyasiya 4,3 faiz olub, valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artıb. Azərbaycanda ümumilikdə valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Qeyd olunan dövr ərzində ixrac 15 faiz, o cümlədən qeyri-neft ixracı 27 faizdən çox artıb. Xarici ticarətimizin müsbət saldosu 3,4 milyard dollardır. Əgər belə davam edərsə, cari ilin sonuna qədər müsbət saldo təqribən 6-7 milyard dollar olacaq. Onu da vurğulamaq yerinə düşər ki, inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun 100 faizini, bəzən 120 faizini təşkil edir, 50 faiz müsbət hal kimi sayılır. Amma Azərbaycanda bu, 19 faizdir və daha da düşəcəyi proqnozlaşdırılır.


Quruculuğa açılan yollar

Prezident İlham Əliyev müsahibəsində işğaldan azad olunan ərazilərdə geniş miqyas alan quruculuq işlərinə də diqqət çəkib. Bildirib ki, 44 günlük Vətən Müharibəsi bitəndən indiyə qədər ötən 8 ay ərzində Bərdə-Ağdam, Zəfər, Füzuli-Şuşa, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları, Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol, bunlardan başqa Kəlbəcər və Laçında ümumi uzunluğu 700 kilometrə yaxın hərbi təyinatlı yolların çəkilişinə başlanılıb. Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi üçün digər infrastruktur layihələrdən söhbət açan dövlət başçısı deyib ki, azad olunmuş ərazilərdə hazırda 3 aeroport tikilir. Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin baş planları hazırlanıb, Zəngilan şəhərinin isə baş planı hazırlanmaqdadır.


Dağlıq Qarabağdan danışmaq yersizdir

Dağlıq Qarabağın statusu məsələsinə münasibət bildirən Prezident İlham Əliyev deyib ki, nə status var, nə də Dağlıq Qarabağ. O, Dağlıq Qarabağ Muxtar Vilayətinin 1923-cü il iyulun 7-də süni qurum kimi yaradıldığını xatırladıb. Deyib ki, o vaxt sovet hökumətində təmsil olunan ermənilər bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul ediblər, Sovet Azərbaycanı da məcbur olub bununla barışıb. Bunun tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bildirib ki, bundan sonra Dağlıq Qarabağ sözündən yalnız münaqişəyə görə istifadə olunub. Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra isə Dağlıq Qarabağdan danışmaq yersizdir. O, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidinin olmadığını söyləyib. Təklif edib ki, əgər bu söz kimlərinsə xoşuna gəlirsə, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət, rayon, cümhuriyyət yaratsınlar.

Hüquqi, siyasi, tarixi əsası olmayan iddia

Qarabağda cəmi 25 min erməninin yaşadığını bildirən dövlət başçısı bu sayda insan üçün ayrıca statusun yaradılmasının məntiqsiz olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Amerikada bir milyona yaxın, Fransada 500 mindən çox erməni yaşayır. Təkcə Marsel şəhərində və həndəvərində 100 mindən çox erməninin yaşadığını xatırladan Azərbaycan Prezidenti həmin ərazilərə hər hansı statusun verilmədiyini vurğulayıb. Belə olan halda Azərbaycanda 25 min adama status verilməsinin hər hansı hüquqi, siyasi, tarixi əsasının olmadığını söyləyib.


"Bizim yanaşmamızda fikir ayrılığı yoxdur”

Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirdiyi görüş barədə fikirlərini bölüşən Prezident İlham Əliyev səfərin nəticələrini müsbət qiymətləndirib. Qeyd edib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır: "Bu, sadəcə olaraq, söz deyil. Real həyatda da biz strateji tərəfdaşıq, çünki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı fikir ayrılığı yoxdur. Bizim aramızda çox möhkəm dostluq əlaqələri var və şəxsən mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik. Bu, çox önəmlidir və bu səfər zamanı ikitərəfli məsələlərin gündəliyi müzakirə olundu. Hazırda yeddi yol xəritəsi üzərində işləyirik. Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var. Bu dəfə daha çox ticarət, iqtisadi, nəqliyyat, humanitar məsələləri müzakirə etdik. Nəqliyyat məsələlərinə gəldikdə, əlbəttə ki, həm əvvəlki dövrdə razılaşdırılmış məsələləri, "Şimal-Cənub” nəqliyyat dəhlizini, perspektivlərini, eyni zamanda, müharibədən sonra yaranmış vəziyyəti, o cümlədən Zəngəzur dəhlizini və postmünaqişə dövrünü müzakirə etdik. Bizim yanaşmamızda fikir ayrılığı yoxdur. Biz - Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməlidir və aradan qaldırılmalıdır. Burada bizim aramızda heç bir fikir ayrılığı yoxdur, biz də eyni fikirdəyik”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər