• cümə, 19 Aprel, 15:11
  • Baku Bakı 25°C

“Nə pis müəllim var, nə də pis şagird” – Təhsil

15.02.19 11:30 3987
“Nə pis müəllim var, nə də pis şagird” – Təhsil
Deyir ki, müəllim ilk olaraq tədris etdiyi fənni özü sevməlidir ki, şagirdlərinə də bunu aşılaya bilsin. Sahəsini sevən müəllim olaraq həm özünü, həm də tədris etdiyi fənni şagirdlərə sevdirməyi bacarıb. Müsahibimiz Bakıda böyüdüyü halda Sabirabadda yerləşən Cəbrayıl rayon 11 saylı tam orta məktəbində müəllim işləməyi seçən Leyla Rəsulzadədir.

Qeyd edək ki, L.Rəsulzadə 1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olur və 2015-ci ildə təhsili başa vurduqdan sonra məktəblərin birində müəllim kimi işləmək üçün imtahan verir. Lakin ilk cəhdi uğursuz olsa da, vaz keçmir: "Bakı məktəblərini seçdiyim üçün daxil ola bilmədim. Əslində, mənə fərqi yox idi, harada olsa fəaliyyət göstərmək, təcrübə qazanmaq və biliklərimi gələcək şagirdlərimlə bölüşmək istəyirdim. Lakin valideynlərim rayon məktəblərinə təyinat almağımı istəmirdilər, yalnız Bakıda işləməyimə icazə verirdilər. Ona görə, bir müddət işsiz qaldım və növbəti imtahanı gözlədim. Sonra Təhsil Nazirliyi mənə topladığım bala görə, Kürdəxanı məktəbində işləməyi təklif etdi və mən də razılaşdım. 3 ay müqavilə ilə analıq məzuniyyətində olan bir müəllimin yerinə Kürdəxanıdakı məktəbdə azərbaycan dili və ədəbiyyatdan dərs deməyə başladım. Müqavilə müddətim bitdi, lakin üzülmədim, çünki 3 ay ərzində çoxlu bilik və təcrübə əldə etdim. Bu, mənim peşəmə olan sevgimin daha da artmasına səbəb oldu. Və qərara aldım ki, evdəkilərin xəbəri olmadan rayon məktəblərindən birini seçim. Düşündüm ki, Bakı, ya region, nə fərqi var? Azərbaycanın hər bir guşəsi mənim üçün gözəldir. Və mən həqiqi hünəri, cəsurluğu, yaşadığı yerdən kənarda, ucqar yerlərdə dərs deyən müəllimələrdə görürdüm. Uzun sözün qısası, evdəkilərdən xəbərsiz seçimimi etdim. Sabirabad rayonunu birinci seçdim, çünki Bakıya yaxın idi. Düşündüm ki, valideynlərimi az da olsa, razı sala biləcəyəm. Və Sabirabad rayonunda yerləşən Cəbrayıl rayon 11 saylı tam orta məktəbini seçməyim isə mənim üçün xüsusilə önəmli idi. Öz doğma torpaqlarından məcburən köçkün vəziyyətinə düşmüş həmvətənlərimə dərs deməyim qürurvericidir. Hazırda bu məktəbdə işləyirəm və artıq bu tədris ocağındakı fəaliyyətimin 3 ili tamam olur.

- Uşaqlıqdan müəllim olmaq istəyibsiniz, ya qəbul olduqdan sonra bu peşəni sevməyə başlayıbsınız?
- Əslində, uşaqlıqda tamamilə qeyri-adi peşəni arzulamışam. Amma yaşım artdıqca, fikirləşdim ki, nəyi bacarıramsa, o sahəni seçməliyəm. Ali məktəbə hazırlaşanda isə xüsusi bir peşənin sahibi olmaq kimi məqsədim yox idi. Həmin dövrdə universitetə qəbul olmağa çalışırdım. Topladığım bala əsasən Pedaqoji Universitetin filologiya fakültəsinə daxil oldum. Məndən çox valideynlərim sevindilər (gülür). Amma mən peşəmi işlədikdən sonra sevməyə başladım və zamanla bu sənətin mənə uyğun olduğunun fərqinə vardım.
- Peşənizi sonradan sevdiyinizi deyirsiniz. Maraqlıdır, sizin üçün "müəllim” nə deməkdir?
- Həzrəti Əli deyib ki, mənə bir hərf öyrədənin köləsi olaram. Bu ifadə müəllimliyin necə müqəddəs peşə olmasının göstəricisidir. Müəllimlik, ideal, şərəfli peşədir. Hətta deyərdim ki, müəllim bir bələdçidir. İşini və yolunu bilən bələdçi ilə edilən səyahət, xoşbəxt sonluqla bitər. Müəllimlər əsl ayna rolunu oynamalıdır. Ayna qırıq olarsa, ona baxanlar baxdıqları üçün peşman olarlar. İnsan kimlərisə öyrədəndə zövq alır. Ona görə də, müəllim ədalətli, düzgün olmalı, öyrəndiklərini paylaşmalıdır. Müəllimliyin məsuliyyəti ağır olsa da, bənzərsiz qürur mənbəyidir.

- Uşaqların dərsi yaxşı oxuması üçün həmin fənni sevmələri vacibdir. Siz fənninizi uşaqlara necə sevdirirsiniz?
- "Azərbaycan dili” fənni ana dilimizdir. Azərbaycan vətəndaşlarının hər biri bu fənni sevməli və öyrənməlidir. Bunu ədəbiyyata da aid etməliyik. Ona görə ki, hər bir azərbaycanlı tarixinin şəxsiyyətlərini, ədəbi nümunələrini bilməli və sevməlidir. Ədəbiyyat zövqverici və tərbiyəedici fəndir. Tərbiyə millətin inkişafında əsas amildir. Ona görə də, ədəbiyyat fənnini bütün şagirdlər sevməli və öyrənməlidir. Mən bu fənləri uşaqlara sevdirmək üçün əlimdən gələni edirəm. Düşünürəm ki, buna nail olmuşam. Çünki elə bir şagirdim yoxdur ki, hansısa bir əsəri sevməmiş olsun. Hər dəfə qəzəl deyəndə uşaqlar maraqla qulaq asırlar, hər gün "müəllimə yenə qəzəl deyin də” deyirlər. Mən də maraqlı əsərləri, romanları, hekayələri şagirdlərimlə bölüşməyə çalışıram.

- Görünən odur ki, müəllim kimi şagirdlərinizin qəlbinə yol tapa bilibsiniz. Sizcə, müəllim özünü şagirdlərə necə sevdirməlidir?
- Müəllim qiymətləndirmə edərkən ədalətli olmalı, hər zaman şagirdlərində oxumağa motivasiya hissi oyatmalıdır. Ən əsası isə müəllimin özü ilk olaraq tədris etdiyi fənni sevməli, aid olduğu sahəni dərindən bilməli, söz sahibi olmalıdır. Sinif daxilindəki vəziyyəti düzgün qiymətləndirməyi bacarmalı və tədris prosesində bütün şagirdlərin bərabər formada iştirak etməsinə çalışmalıdır. Bundan əlavə, müəllim mövzuları şagirdlərin bacarıq, səviyyə və anlama qabiliyyətlərinə uyğun şəkildə izah etməli və uşaqlara maraq göstərməlidir. Əks halda, şagirdlər həm müəllimə, həm də sinfə etinasız yanaşacaq.

- Bəzən uşaqlar öz düşüncələrində müəllimləri iki yerə ayırırlar. Onlar üçün kimisi yaxşı, kimi pis müəllim olur. Sizcə, müəllimin yaxşısı, pisi olurmu? Şagirdlər hansı xüsusiyyətlərinə görə müəllimləri "pis” və ya "yaxşı” adlandırır?
- Ümumiyyətlə, insanları, eləcə də, müəllimləri tanımaq uzunmüddətli və çətin prosesdir. Şagirdlərin müəllimlərini tanıması, eyni zamanda, müəllimlərin də şagirdləri tanıması üçün vaxt lazımdır. Şagirdlərin hərəsi bir ailədən gəlir və hamının ailəsi eyni deyil. Evdə baş verən proseslər uşaqlara təsir edir. Düşünürəm ki, nə pis müəllim var, nə də pis şagird. Məncə, müəllim şagirdlərinin səhv hərəkətlərinə görə onları cəzalandırmamalı və yoldaşlarının yanında tənqid etməməlidir. Şagirdi yanına çağırıb səhvini ona başa salmalı, düzgün olanı göstərməlidir. Laqeydlik müəllimə yaraşmaz. Biz çalışmalıyıq ki, şagirdlərimizə doğru olanı göstərək. Bir təcrübəmi sizinlə bölüşmək istəyirəm. Dərs dediyim ilk vaxtlarda şagirdlər mənə "Bakıda dərs deyən müəllimlər daha savadlıdır, sizin balınız Bakıya çatmadığı üçün gəlib burada dərd keçirsiniz, savadlı müəllimlər Bakıya gedir” deyirdilər. Bu imtahan sistemi müəllimlər haqqında yanlış təsəvvürlər yaradır. Amma uşaqlar məni tanıyandan sonra fikirlərinin yanlış olduğunun fərqinə vardılar. Axı, hamımız müəllimik, nə qədər bal toplamağımızın fərqi yoxdur. Mənim topladığım bal Bakı məktəblərinə keçid üçün bəs edirdi. Amma nəzərə alaq ki, imtahan verənlərin sayı vakansiyaların sayından çox olur.


- Evdən, ailədən kənarda yaşayıb müəllim işləmək çətin deyil?
- Rayonda işləməyin mənim üçün çətin olan cəhəti elə ailəmdən uzaqda olmağımdır. Çünki insan xəstə, halsız olanda ana nəvazişinə ehtiyac hiss edir. Deyə bilərsiniz ki, indi sizin özünüzə baxan, hətta öz uşaqlarınıza baxan yaşınızdır, lakin belə deyil (gülür). Hər cümə gününü gözləyirəm ki, şənbə-bazar evə gedib, valideynlərimi, bacılarımı görüm. Hər həftə evə gedirəm. Qəsəbədə internet şəbəkəsinin, telefon xəttinin olmamağı məni üzür, çünki evdəkilərlə mütəmadi əlaqə saxlaya bilmirəm. İnternet olanda istənilən vaxt valideynlərimlə əlaqə saxlayıram, şəkillər, videolar göndərirəm. Onlar da nə etdiyimi görürlər, arxayın olurlar ki, övladlarının vəziyyəti yaxşıdır. Çünki biz hələ də onların gözlərində uşağıq. Anama zəng edəndə hər dəfə deyirəm ki, yaxşıyam narahat olma, amma inandıra bilmirəm, görməyənə kimi rahatlıq tapmır.

- Bəs, yaşadığınız rayonun hansı problemləri var?
- Əslində, elə ciddi problemlər yoxdur. Prezidentimiz çox sağ olsun, bölgələrə xüsusi diqqət və qayğı ilə yanaşır. Hazırda qaldığım kəndin də gözəl imkanları var, yolları tərtəmiz, insanları gözəldir. Amma çatışmazlıqları da qeyd etməsəm olmaz. Çox yaxşı olardı ki, kommunal cəhətdən imkanlardan yaralana bilək. Məsələn, internet, isti su təchizatı, nəqliyyat kimi məsələlər həll olunsa, yaxşı olar. Və bir də yaxşı olardı ki, qəsəbə ictimai nəqliyyatla təmin edilsin. Çünki insanlar bir kənddən digərinə ya taksi, ya şəxsi maşın, yaxud at arabası ilə gedirlər. Düzdür, qəsəbə gözəldir, yolları yaxşıdır, havası təmizdir, lakin bir-iki çatışmayan cəhət var ki, onlar da həll olunsa, çox yaxşı olardı.
- Cəmiyyətimizdə ucqar kəndlərə gedib dərs deyən müəllimlərə çox yaxşı münasibət olur. Həmin müəllimlər daha çox sevilir. Sizə münasibət necədir?
- İndi işlədiyim məktəbdə mənə çox hörmət edirlər. Qəsəbə Cəbrayıl və Füzuli rayonlarında olan məcburi köçkünlərin məskunlaşdığı ərazidir. Çox mehriban, səmimi, hörmətcil insanlardır. Ailəsindən uzaq yaşayan gənc xanım olduğumu görüb, evlərində nə bişirsələr, mənə də pay göndərirlər, süfrələrini mənə açırlar, bəzən qonaq çağırırlar. Uşaqlar da məni çox sevirlər. Hərdən deyirəm ki, nə zamansa sizlərdən ayrılacağam. İnanın ki, uşaqlar çox məyus olurlar.
- Kənd məktəblərindəki uşaqlarla, şəhərdəkilər arasında hansı fərqləri müşahidə edibsiniz?
- Şagirdlər arasında fərq qoymaq, zənnimcə, düzgün deyil. Artıq 3 ildir ki, dərs keçirəm və burdakı uşaqların tərbiyəsi, müəllimlərə olan hörməti mənim üçün çox dəyərlidir. Yaxşı ki, mənim şagirdlərimdirlər, hər birinin yeri mənim üçün ayrıdır. Qeyd etdiyim kimi, əvvəl Kürdəxanı məktəbində də müəllim kimi çalışmışam. Əsas fərq valideynlərdədir. Məsələn, Bakıda dərs deyəndə uşağı nədəsə tənbeh edəndə, ya azacıq acıqlananda və ya layiq olduğu aşağı qiyməti yazanda anası üstümə gəlirdi, "mənim uşağım hamıdan yaxşı bilir, hamıdan tərbiyəlidir, o nə edirsə, düz edir” deyib, məni haqsız çıxarmağa çalışırdı. Amma rayondakılar elə deyil, əskinə, mənə haqq qazandırırlar. Bu da məni fərəhləndirir, çünki görürəm ki, qərarlarıma hörmətlə yanaşılar.


- Valideynlərinizin ucqar kənddə işləməyinizə münasibəti necə oldu?
- Valideynlərim hələ də Bakıda, evimə yaxın məktəbdə dərs deməyimi istəyirlər. Düzdür, mənimlə qürur duyurlar, hər dəfə də deyirlər ki, hər xanımın işi deyil ki, evini-yurdunu qoyub getsin. Amma yenə də Bakıda işləməyimin daha düzgün olduğunu dilə gətirirlər.
- Bu peşəni seçmək istəyən gənclərə məsləhətiniz ?
- Məncə, gənclərə nə isə deməyə ehtiyac yoxdur. Çünki hamı çox gözəl bilir ki, müəllimlik necə bir peşədir, müəllimlərə olan hörmət göz önündədir. Çalışıb, bu ada layiq olmaq lazımdır.
Günel Azadə

banner

Oxşar Xəbərlər