• şənbə, 20 Aprel, 00:39
  • Baku Bakı 15°C

“Nə öz biznesim var, nə də kimləsə şərikəm” - MÜSAHİBƏ

23.04.22 10:30 3243
“Nə öz biznesim var, nə də kimləsə şərikəm” - MÜSAHİBƏ

 

“Onu bilirəm ki, qazandığının hamısı sənin deyil, mütləq insanlarla bölüşməlisən. Bir də belə bir şey müşahidə etdim ki, hər dəfə kiməsə nə isə bir köməklik etdikcə, onun əvəzi mənə başqa yerdən qayıdır”

Deyir ki, radioda uğurlu olmaq üçün önəmli məqamlardan biri dinləyicilərin güvənini qazanmaqdır. İllərin təcrübəsi ilə bunu qazanmağın mümkün olduğunu, o güvəni qoruyub saxlamağın isə asan olmadığını bildirir. “Ona görə, birinci pulu deyil, işin keyfiyyətini düşünürəm” deyən müsahibimiz “106.3” FM radiosunun aparıcısı Raqif Raufoğludur. 

- Tələbəlik illərinizdən başlayaq. Universitet dövrünü ən çox nə ilə xatırlayırsınız?
- Ali məktəbə qəbul olanda iki seçimim var idi: Bakıda ödənişli, Gəncədə ödənişsiz təhsil. Ödənişsiz olduğu üçün Gəncədəki təhsili seçdim. Əsas ixtisasım iqtisadiyyat olsa da, ən çox ədəbi mühitin içinə düşməyimlə bağlı yadda qalıb. Tələbə vaxtı xəbər tutdum ki, universitetdə “Gəncliyin səsi” adlı bir dərnək var və ora qoşuldum. O vaxta qədər bir kitab - daha çox uşaq şeirləri olsa da - çap etdirmişdim. Amma o dərnək və ordakı dostlarım ədəbiyyat baxımından özümü formalaşdırmağa çox kömək etdi.

“Universiteti tamamlamaq mənim üçün çox çətin oldu”

- Ödənişsiz təhsil almısınız. Amma bir neçə paylaşımda tələbələrə təhsil haqqının ödənilməsində köməklik etməyinizi oxumuşdum. Düşünmək olar ki, tələbə vaxtı, yəqin, özünün ödənişlə bağlı çətinliyi olub, indi bu mövzuya həssas yanaşır.
- Əslində, ödənişsiz təhsil alsam da, universiteti tamamlamaq mənim üçün çox çətin oldu. Birinci kursdan sonra gördüm ki, evdən lazımi dəstəyi ala bilmirəm, paralel işləməyə başladım.

- Lazımi dəstək deyəndə nəyi nəzərdə tutursunuz?
- Başqa şəhərdə idim, kirayə, qida və s. bu tipli xərclər üçün lazım olan minimal dəstəkdən söhbət gedir. Tək mən oxusaydım, valideynlərim bunu qarşılaya bilərdilər. Ancaq elə oldu ki, evdəki üç uşağın ali təhsil dövrü eyni vaxta düşdü. Ən axırıncı mən olduğuma görə gördüm ki, mənə heç nə qalmır (Gülür), işləmək lazımdır.

“Özüm üçün niyyətləndim ki, alsam, verərəm”

- Tələbələrə təhsil haqqında köməklik etməyinizə qayıdaq.
- Mən davamlı şəkildə hansısa tələbənin təhsil haqqını ödəmirəm. Daha çox fors-major hallarda əlimdən gələni etməyə çalışıram. Məsələn, tanıdığım kimsə deyir ki, bu tələbə üç il oxuyub, son bir ildə ödəniş məsələsində əziyyət çəkir. Ailəsində faciə olub, atası rəhmətə gedib və s. O halda həmin vəziyyətdən çıxarmaq üçün dəstək oluram. 

- İlk belə dəstəyi göstərdiyinizdə aylıq gəliriniz nə qədər idi?
- Hardasa 1000 manat ətrafında idi. Səhv etmirəmsə, 200-300 manat ətrafında kömək etmişdim. Bir dəfə alacağım var idi, amma ala bilmirdim. Biri gəlib dedi ki, bəs belə bir tələbə var, ona kömək etmək lazımdır. Dedim ki, açığı, mən onu ödəyə bilmərəm, amma bir nəfərdən alacağım var, bilmirəm, verər, ya verməz. Özüm üçün niyyətləndim ki, alsam, verərəm. Çox maraqlıdır ki, həmin adam iki-üç gündən sonra pulu qaytardı. Ümumiyyətlə, belə mistik şeylər çox olub.

“Dostum dedi ki, mənim bu hərəkətim düzgün olmadı”

- Belə mistik məsələlərə inanırsınız?
- Dəfələrlə sınaqdan keçirmişəm. Layihəm yeni başlayan vaxtlar idi. Bir dostum layihəmə yaxşı sponsor gətirməli idi. Reklam məsələsi belədir ki, vasitəçilik edən də müəyyən faiz götürür. Ancaq faiz o qədər də böyük olmur. Həmin şəxs dedi ki, belə bir adam var, onu sənin layihənə gətirmək üçün danışacam, hər şeyi özüm edəcəm. Amma ödənişin yarısını mənə verəcəksən. Razılaşdım, getdik, görüşdük. Adam da hər şeylə razılaşdı. Amma dostum sonra dedi ki, mənim bu hərəkətim düzgün olmadı, o pulu səndən istəmirəm. Dedim, bax da, elə düşünürsən, qoy olsun. O elə deyəndən sonra razılaşdığımız adam layihəyə gəlmədi. Amma adam getməyib, neytral mövqedə dayanıb. Dostuma dedim ki, əslində, sən danışmışdın, niyyətimiz yarı bölmək idi. Gəl fikrini dəyiş, bəlkə də, gələcək. O pulun yarısı sənindir, amma sən onu mənə verirsən. Dedi yox, elə şey ola bilməz. Dedim, sən fikrini dəyiş. Razılaşdı, dedi, hə, götürəcəm. Doğrudan, adam yenidən əlaqə saxladı ki, gəlirəm. Biz başladıq belə oynamağa. Dostum yenə dedi ki, mən o faizi götürməyəcəm, yenə o adam gəlmədi. Dedim, görürsən, belə alınmır. Bu pulun yarısı sənindir. Axırda razılaşdıq və o adam da gəldi. Həqiqətən, bəzən elə mistik şeylər olur, bilmirsən niyə baş verir. Onu bilirəm ki, qazandığının hamısı sənin deyil, mütləq insanlarla bölüşməlisən. Bir də belə bir şey müşahidə etdim ki, hər dəfə kiməsə nə isə bir köməklik etdikcə, onun əvəzi mənə başqa yerdən qayıdır. 

“Avtomobillərlə tanışlığım yanacaqdoldurma məntəqəsindən başlayıb”

- Tələbəlik dövründə pul qazanmaq məqsədi ilə yanacaqdoldurma məntəqəsində çalışmısınız. İndi “Yaxşı ki o işdə çalışmışam” deyirsiniz?
- Təbii ki, o işlərin hamısı təcrübədir. Amma məndə bir az çox - 2 il 8 ay oldu. Həmişə fikirləşirdim, niyə bu iş mənim qarşıma çıxdı? Bəzən düşünürük ki, təsadüfdür. Amma mən həmişə alqoritmi axtarmışam ki, nəyə görə məhz bu iş mənim qarşıma çıxdı? Əslində, yanacaq, avtomobilə maraq hardasa elə ordan başlayıb. Çünki bizim ailəmizdə avtomobil olmayıb ki, uşaqlıqdan avtomobil həvəskarı olum, məni bu sahəyə gətirsin. Daha dərindən götürsək, avtomobillərlə tanışlığım yanacaqdoldurma məntəqəsindən başlayıb. İndiki layihəmdə ovaxtkı təcrübəm böyük dəstək olur.

“Birinci pulu deyil, işin keyfiyyətini düşünürəm”

- Bəzən müəyyən nöqtəyə qədər adam işləyəndə pulu düşünmür. Amma müəyyən vaxtdan sonra artıq maliyyə də önəm daşımağa başlayır. Sizin karyerada belə bir bölgü apara bilərik?
- Yox, mən indi də pulu düşünmürəm. Birinci pulu deyil, işin keyfiyyətini düşünürəm. Çünki pulu düşünsəm, layihə ikinci plana keçəcək. Radio layihəmiz “Master-klass”da bazarlıq təklifləri çoxdur. Bu, elə bir sahədir ki, orda rəqabət güclüdür. Ən çox işləyən məhsullardan danışıram. Məsələn, bizdə bir avtomobil yağının reklamı gedir. Ancaq başqa bir şirkət də avtomobil üçün yağ gətirir. Gəlir ki, mən ondan çox pul verirəm, onu çıxar, bizim məhsulun reklamını apar. Ona getsəm, mənim bu sferada hörmətim qalmaz. Düzdür, ortada bir müqavilə olur. Amma müqavilə olmasa da, müddət bitsə də, mən o məsələyə baxmıram. Deyirəm ki, nə qədər bu adamın özü mənimlə partnyorluğu dayandırmaq istəmir, mən ona bunu deyə bilmərəm ki, o daha çox verir, mən onu götürürəm.

- Reklam məsələləri olanda keyfiyyəti araşdırırsınız?
- Əlbəttə. Bu layihə belədir ki, insanlar daha çox mənə inanırlar. Bu da illərin təcrübəsidir. Bir dəfə səhv etdim. Deməli, bir şirkət gəlib dedi ki, belə bir işimiz var. Tutaq ki, illik 120 manat ödəyirsiniz, bir il ərzində sizin avtomobilin bütün xidmətlərini bunlar görürlər. Dünyada belə praktika var. Bizdə real deyildi. Onlar haqqında eşitmişdim. Ona dedim ki, baxın mənə bir şəxs deyib, siz adamları aldatmısınız. Adam çox dil tökdü ki, bu, mənim günahım deyil. Bizdə bir adam vardı, onun səhvindən olurdu, onu işdən çıxardıq, indi hər şey sıfırlanır. Dedim, baxın belə məsələ varsa, mənim layihəmdə gizlətmək alınmayacaq. İnteraktiv verilişdir, adamlar hər gün efirə yazırlar. Bir nəfər xidmətinizlə bağlı problem olduğunu yazsa, mütləq onu efirə verəcəm. Partnyorumdur, onun haqqında şikayəti efirə verməyim – deyə yanaşmıram. Dedim ki, bu reklam sizin əleyhinizə də işləyə bilər. Dedi yox, yüz faiz cavabdehik. Bir ayın nəticəsində hər şey üzə çıxdı. Amma bir neçə nəfər bizə inanıb onlarla müqavilə bağlamışdı. Məcbur olub efirdən dedim ki, kim mənə inanıb o şirkətlə müqavilə bağlayıbsa, müqaviləni mənə gətirsin, pulunu ödəyim. 1000 manat dinləyicilərə verdim, həmin ay pul qazanmadım. 

“Hətta özüm ədəbiyyata dəstək olmağa çalışıram”

- Əsas gəliriniz hansı istiqamətdəndir?
- Təbii ki, radio. Məncə, yaradıcı tərəfdə ümumiyyətlə, gəlirdən danışmağa dəyməz. Kitab, ədəbiyyat - bu sahədə gəlir yoxdur. Hətta özüm ədəbiyyata dəstək olmağa çalışıram. Biz kitabların çapından pul qazanmağı düşünmürük. 

- Deyirlər ki, biznes fəaliyyəti ilə də məşğulsunuz.
- Mənim biznesim radio layihəmdir, ayrı biznesim yoxdur. Siz deyirsiniz, maraqlıdır ki, partnyorlarım içərisində də bu cür düşünənlər olur. Özümə də deyiblər ki, sən, deyəsən, filan şirkətlə şəriksən, ona görə onların reklamını daha çox aparırsan. Nə öz biznesim var, nə də kimləsə şərikəm. Mən o məsələlərə girmək istəmirəm. Aparıcıyam və partyorlarımın sahəsində biznes qursam, öz malımı reklam etsəm, burda nəyisə itirəcəm.

- Bəs partnyorlarınızın bu cür düşünməsinin səbəbi nədir?
- Mənim qoyduğum fərq ödədikləri məbləğə görə ola bilər. Əgər sən mənə 100 manat verirsənsə, mən 100 manatlıq reklam edirəm, başqası verir 500 manat, 500 manatlıq reklam edirəm. Partnyor var ki, mənim əlimdə olan bütün resursların hamısına sponsorluq edir. Deyir ki, sənin avtomobilə aid nə platforman varsa, mən hamısında olmaq istəyirəm, ödənişimi ona görə edirəm. Mən də onun bütün resurslarda reklamını aparıram. Amma digəri gəlib deyir ki, mən ancaq radiodayam. Mən də reklamımı buna uyğun edirəm.

“Hansısa radionu almaq istəyərdim”

- Biznes qurmaq haqqında düşünmürsünüz?
- Təkliflər var, amma hələ ki, heç nəyə başlamamışam. Bir az ehtiyat edirəm ki, radio işimə mənfi təsir edər. Biznes elədir ki, özün mütləq orda olmalısan. Mən biznes olaraq hansısa radionu almaq istəyərdim. Biznes olaraq radionu görürəm. Reklam yerləşdirmək hüququndan tutmuş, verilişlərin təşkilinə qədər özüm edim. Mən ona biznes kimi baxa bilərəm.

- Yaradıcı istiqamətdə vəziyyət necədir?
- İndi “Əvvəla salam” adlı kitabın çapına hazırlaşırıq. Radioda “Məktublar” rubrikamız var idi. Sonra o məktubları təkrar səsləndirməyimi istəyirdilər. Gördüm ki, maraq var. Dörd il ərzində hər gün bir məktub səsləndirmişdim. İndi onları bir yerə toplayıram, gələn ay çap olunacaq. Stolüstü kitab olacağını düşünürəm. Orda hər şey var. Eynşteyndən İlon Maska qədər bir çox maraqlı adamların məktubları.

- Bəs şeir kitabı?
- Şeir kitabım 2 il əvvəl çap olunub. Yəqin ilin axırına növbətini çap etdirmək olar.

- Artıq baza var?
- Əslində, ayda bir-iki şeir yazıram. Normalda belə olur. Bəzən aylarla yazmıram. Ancaq yenə də ədəbiyyat mühitində olan dostların tempinə baxanda mənim tempim daha yaxşıdır. Ancaq indi ədəbi mühit, ədəbi rəy yoxdur. İndi yalnız oxucu rəyi var. Mühit olanda sən daha çox, daha yaxşı yazacaqsan. Mən, əslində, ona çalışıram.

“Görsəm ki, Aqşin Yenisey bir şeir yazıb, onu hamı paylaşır...”

- Ədəbi rəy istəyirsiniz?
- Ədəbiyyat mühitində rəqabət lazımdır. Onlar məni tənqid etsinlər, mən onları. Bu zaman daha çox inkişaf gedir. Mən bir az paxıl adamam. Məsələn, görsəm ki, Aqşin Yenisey bir şeir yazıb, onu hamı paylaşır, içimdə bir uşaq paxıllığı olacaq ki, mən də elə bir şeir yazım. İstər-istəməz məndə nəsə yaranacaq. İstənilən mühitdə rəqabət lazımdır. Həmkarları daha yaxşı nəsə edirsə, normal adam ona reaksiya verməyə, daha yaxşısını ortaya qoymağa çalışacaq.

- Radioda çox məşhurlaşan aparıcıların televiziyaya keçmək təcrübəsini görürük. Bəzilərində uğurlu alınır, bəzilərində uğursuz. Sizcə, sizdə necə alınar?
- Televiziyaya keçsəm, uğurlu iş ortaya qoya bilərəm. Amma o mənim maraqlarıma cavab vermir. Təkliflər olur, amma hələ ki, televiziya düşünmürəm. Çünki televiziya daha çox enerji tələb edir. Geyim, görünüş, montaj, işıq və s. məsələləri düşünməli olursan. Yorucu proses çoxdur. Nəticədə onun reytinqini ölçüb partnyoruma verə bilmirəm. Partnyor rəqəm istəyir. Radioda elə sponsorlarım olub, deyir ki, radiodan sonra bu ay filan qədər zəng gəlib. Sponsor ona uyğun gəlir. Televiziya tamaşaçının rəyini bilmir. Düzdür, sosial şəbəkələrdə nələrsə yazırlar, amma radioda tamaşaçı haqqımda nə düşünür, hamısını bilirəm. Rəy, mesaj yazırlar.

“Azər Şirinin hələ də xəbəri yoxdur ki, onu atam işdən çıxartdırıb”

- Tənqid yazanlar olur?
- Olub və düzəltmişəm. “Tır” dediyimiz nəqliyyat vasitəsi var, mən də elə deyirdim. Amma dinləyicilərdən biri yazdı ki, əslində, o söz “Tir”dir. Baxdım ki, həqiqətən də elə imiş. İsrailə “İzrail” deyirdim, onu yazmışdılar, düzəltdim. 1-2 ay əvvəl isə bir məsələ oldu. Normalda səhər verilişimiz başlamazdan əvvəl dövlət himni səsləndirilir. Himni verirdim, ordan avtomatik verilişin anonsuna keçirdim. Anons da əsnəməklə başlayır. Özüm də bilirəm ki, səhv edirəm. Çünki dövlət himnindən sonra normal bir keçid olmalıdır. Bir neçə gün bunu yoxladım ki, dinləyici nəsə deyəcəkmi? Axırda bir ağsaqqal radioya zəng vurub şikayət edib. Özümə desəydi, xoş olardı. İndi o kişini axtarıram ki, təşəkkür edim. Düşünürəm ki, dinləyicini nə qədər çox eşidirsənsə, bu, sənin uğurundur. Hər məsələyə diqqət edən dinləyicilər var. Atam da belə məsələlərə həssasdır. Dostumuz var, Azər Şirin. Azər 6-7 il əvvəl televiziyada səhər verilişi aparırdı. Atam hər dəfə evə gələndə mənə deyirdi ki, onu niyə o saqqalla ora çıxarıblar? Onlar sovet dövründə başqa cür görüblər. Azərin də yeni imici müasir stildə idi. Atam mənə deyəndə, deyirdim ki, əsas işidir, danışdığına fikir ver, o da onun stilidir. Mənə xeyli dedi, gördü ki, televiziyaya nəsə deyən deyiləm. Haralarasa yazıb şikayət etdi, onu işdən çıxardılar. Azər Şirinin hələ də xəbəri yoxdur ki, onu atam işdən çıxartdırıb (Gülür). Eyni şeyi mənə də edərdi. Onun üçün fərqi yoxdur.

Aygün Asimqızı

Foto: Global Media Group / Kərim Abbasov

banner

Oxşar Xəbərlər