• cümə, 19 Aprel, 04:42
  • Baku Bakı 18°C

“Nə edirəmsə, mükəmməl olmalıdır” – Uğur hekayəsi

08.10.14 10:36 4515
“Nə edirəmsə, mükəmməl olmalıdır” – Uğur hekayəsi
Onun fikrincə, insan özünü hansı sahədə tapır, harada doğruldursa, o istiqamətdə irəliləməlidir. Hər kəs şəxsi bacarıqlarını istədiyi sahədə tətbiq edərsə, onun üçün daha səmərəli olacağını düşünür. Müsahibimiz vətəndaş cəmiyyəti və gənclər sektorunda uğur qazanmış, hazırda isə dövlət qulluqçusu kimi səmərəli fəaliyyəti ilə seçilən Ombudsman Aparatının sektor müdiri Rəşid Rumzadədir.
- Avtobioqrafiyanıza nəzər salanda görürük ki, 17 yaşınızdan işə başlamısınız. 17 yaşlı şəxsin harada çalışması maraqlıdır...

- Hələ orta məktəbin yuxarı siniflərindən ictimai fəal olmuşam. Müxtəlif yerli və beynəlxalq təşkilatların layihələrdə könüllü kimi çalışırdım. Sorğular keçirirdim, az miqdarda qonorar da alırdım. Bununla da bacarıqlarım da inkişaf edir, təcrübə qazanırdım. Peşəkar fəaliyyətə də elə ictimai sektorda başlamışam.
Könüllü kimi çalışaraq qazandığım bacarıqlardan ali məktəbdə də faydalandım, gənclər arasında və sektorunda fərqlənməyimə imkan verdi. Ümumiyyətlə, universitet illərində də ictimai fəaliyyətimlə öndə olmağa çalışmışam. Eləcə də, bu fəaliyyətimin dərslərimə mane olmamasına da çalışmışam.
- İctimai fəaliyyətinizin karyeranıza nə kimi təsirləri olub?
- İctimai fəaliyyət nəinki mənim, elə bu sahədə özünü tapan istənilən şəxsin karyerasına təsirsiz ötüşmür. Peşəkar hüquqşünas kimi yetişmək hədəfimə çatmaqda elə bu sektorda qazandığım təcrübə və yaradılan imkanlar şərait yaradıb. Hüquqşünasın biliyi, natiqlik qabiliyyəti ona istənilən şəraitdə fikrini bildirməyə imkan verməlidir. Məhz bu baxımdan ictimai sektorda gənc könüllü kimi, daha sonra isə işçi olaraq müxtəlif layihələrdə faəliyyətim üçün imkanların olması və mənim bundan faydalanmağım peşəkar hüquqşünas kimi yetişməyimdə olduqca faydalı oldu. Asudə vaxtımı da işə sərf edirdim, işi sevmək, işdən çəkinməmək, öhdəmə qoyulan işi bacardığım səviyyədə yerinə yetirmək həvəsi də elə həmin dövrlərdən başladı.
- Necə oldu ki, insan hüquqları sahəsində ixtisaslaşaraq Ombusdman Aparatında işə başladınız?
- Əvvəldə də qeyd etdiyim kimi, fəaliyyətimin ilk vaxtlarından müxtəlif dövlət orqanlarının, beynəlxalq təşkilatların və QHT-lərin insan hüquqları, gender bərabərliyi, gənclərlə işin təşkili, həmçinin əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi sahəsində müxtəlif layihələrdə hüquqşünas, layihə koordinatoru kimi çalışmışam. İşlədiyim layihə və proqramların, təşkilat və qurumların çoxu demək olar ki, insan hüquqları və ona yaxın sahələrdə ixtisaslaşmışdı. O vaxt ölkə Ombudsmanın təşkil etdiyi bir sıra tədbirlərdə də iştirak etmişdim. Hətta Ombudsman Aparatının YUNİSEF-lə birgə həyata keçirdiyi layihəyə müraciət edib müsahibədə seçilərək hüquqşünas-ekspert kimi çalışdım. Bu layihədən sonra isə Ombudsman Aparatında çalışmaq marağı məndə daha da artdı. Beləliklə, bir müddət sonra sənədlərimi hər kəs kimi sözügedən quruma təqdim etdim, müsahibəyə dəvət olunmuş şəxslər içərisində mən də yer aldım və necə deyərlər, insan hüquqlarına olan həvəsim məni Ombudsman Aparatında çalışmaq imkanını qazandırdı. Müsahibəni şəxsən ölkə Ombudsmanı Elmira Süleymanova götürürdü. Beləliklə, müsahibə gedişində bir neçə nəfər sınaq müddətilə işə qəbul olundu ki, onlar arasında mən də var idim.
- 7 ildən çoxdur ki, bu təsisatda çalışırsınız. Hazırda isə Hüquqi maariflədirmə sektorunun müdirisiniz. Necə hesab edirsiniz, hansı xüsusiyyətləriniz, bacarıqlarınız sayəsində vəzifədə bu qədər irəliləmisiniz?
- Fəaliyyət göstərdiyim müddətdə aparatın müxtəlif şöbələrində işləmişəm. Həmişə çalışmışam ki, üzərimə düşən işi layiqincə yerinə yetirim, çünki bu, vətəndaş xidməti olduğundan vətəndaşlıq, digər tərəfdən isə vəzifə borcumdur. Heç vaxt hansısa tapşırığın icrasından çəkinməmişəm. Bir sözlə, üzərimə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirməyə çalışıram. Yəqin vəzifədə irəli çəkilməyimdə bunlar nəzərə alınıb. Hazırda da vətəndaşlarla, əhalinin müxtəlif qrupları ilə sıx ünsiyyətdəyəm. Uşaqlar, gənclər, əlilliyi olan şəxslər, qadınlar, ahıllar və digər əhali qrupları ilə işləyirik. Bu fəaliyyət çərçivəsində bir sıra dövlət proqramları üzrə işçi qruplarında təmsil olunuram, eyni zamanda, BMT-nin Azərbaycan hökuməti ilə həyata keçirdiyi “Tərəfdaşlıq üzrə Çərçivə Sənədi”nin icrası ilə bağlı fəaliyyət prosesində milli ekspertlərdən biriyəm.
- Çalışdığınız yerlərin hamısında hüquq üzrə işləmisiniz. Başqa sahələrə, ümumiyyətlə, marağınız olmayıb?
- Əslində maraq dairəm genişdir. Ancaq hüquqşünas peşəsinə olan iradi istəyim hər zaman digər sahələrdə maraqlarımı üstələyib. Müxtəlif sahələrlə maraqlanmaq, məlumatlı olmaq çox yaxşıdır. Mənim prinsipim həmişə o olub ki, nə edirəmsə mükəmməl olmalıdır. Buna görə də hansısa işlərlə yarı-yarımçıq məşğul olmağı xoşlamıram. Düşünürəm ki, insan özünü hansı sahədə tapır, harada doğruldursa, o istiqamətdə irəliləməlidir. Hər kəs şəxsi bacarıqlarını istədiyi sahədə tətbiq edərsə, onun üçün daha səmərəli olacağını düşünürəm.
- 2008-ci ildə, 24 yaşınızda Sülh Səfiri adı ilə təltif olunmusunuz. Hansı fəaliyyətinizə görə bu ada layiq görüldünüz?

- Fəaliyyətimin ilk illərindən sülh və münaqişələr sahəsində həyata keçirilən tədbirlərdə fəal iştirak etmişəm, münaqişələrin həlli ilə bağlı bacarıqlara yiyələnmişəm. İnsan hüquqları sahəsində çalışan, eləcə də bir hüquqşünas kimi dünyada sülh və münaqişələrlə bağlı məlumatlı biriyəm. Eyni zamanda, Azərbaycan Sülh və İnkişaf Alyansının koordinatoruyam. Bu sahədə olan bütün fəaliyyətimin nəticəsi olaraq, düşünürəm ki, bir həvəsləndirmə metodu kimi konfransların birində fəaliyyətim qiymətləndirildi. Bu, mənim özüm üçün də sürpriz oldu. Konfransa cəlb olunmuş 100-dən artıq ölkə təmsilçisinin içərisindən təltif olunanlardan biri də mən oldum.
- Konfranslardan söz düşmüşkən, ölkədə və ölkədən kənarda xeyli konfrans, seminar və treyninqlərə qatılmısınız. Çoxları düşünür ki, ali məktəbi bitirib pis-yaxşı ixtisaslarına yiyələndikdən sonra artıq mütəxəssisdirlər və sonradan özlərini inkişaf etdirmək üçün təlimlərə, seminarlara qatılmağa ehtiyac yoxdur. Sizcə, özünü inkişaf etdirmək üçün təlimlərdə, seminarlarda iştirak vacibdirmi?

- Hüquq fakültəsində təhsil alan tələbə kimi istər ölkə daxilində, istər də xaricdə hələ o zaman müxtəlif mövzularda keçirilən treyninqlərdə iştirakım mənə müəyyən bacarıqlar qazandırırdı. Tələbə olduğum vaxtlar treyninqlər çox az-az keçirilirdi. Xaricdə keçirilən treyninqlərdə iştirak etmək üçün isə İnternetlə tədbiri keçirən təşkilatlara müraciət edir, şansım gətirərdisə seçilirdim. Bu tədbirlər müəyyən mövzular üzrə biliklər, bacarıqlar qazanmaqla yanaşı, olduğum ölkələri tanımaq imkanı da verirdi. Bu gün bütün sahələr o qədər sürətlə inkişaf edir ki, bizim aldığımız bakalavr, magistr dərəcəsi çərçivəsində bu yenilikləri izləyə bilmərik. Buna görə də arxasınca getdiyin, eləcə də maraqlı gələn sahə üzrə keçirilən treyninqlər, konfranslar, seminarlara qatılmaq insanlara müəyyən bacarıqlar qazandırır, yeniliklərdən xəbərdar edir, yeni tanışlıqlar və ən əsası isə yaxşı əlaqələr yaradır.
- “Uşaq hüquqlarının tədrisi” proqramını əlaqələndirməklə yanaşı, uşaq hüquqlarını tədrisi ilə də məşğulsunuz. Uşaqlar arasında hüquqlarını bilmək baxımından hansı irəliləyişləri müşahidə edirsiniz?

- Uşaqları müşahidə edərkən görürük ki, hüquqi bacarıqlarını artırmaqla yanaşı, ən azından məktəbdə liderliyi ələ almağa, özlərini digərlərindən fərqləndirməyə çalışırlar. Belə uşaqlar istər ailədə, hətta məktəb səviyyəsində müəllimlərinə, direktora normal qaydada müraciət etməyi bacarırlar.
- Son olaraq, Rəşid müəllim, gələcək planlarınız barədə məlumat verərdiniz.
- Gələcəkdə özümü elm sahəsində görürəm. Elmə çox həvəsim var, bilik və bacarıqlarımın təbliğində maraqlıyam. Çalışdığım sahə hüquqi təhsilə çox yaxın olduğuna görə təhsil prosesinin içərisindəyəm. 10-dan artıq vəsaitin müəllifiyəm. Həmin vəsaitlər arasında tədris vəsaitləri də var. Bu fəaliyyət məni təhsilə və elmə daha da həvəsləndirir.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər