Öncə

Öncə

Təfsilat
08 Yanvar 2020, 10:30 173
Sondan daha mühüm olan, əvvəli düşünməkdir
 
Öncə nə vardı? Hər şeyin öncəsində... hətta böyük partlayışdan öncə nə vardı? Həqiqətən də? zaman böyük partlayışdan sonra başladı? Onda bəs zamandan öncə nə vardı? Başqa bir zamanmı? Zamansızlıq olurmu? Bəlkə elə böyük partlayışın özü də bir miladdır?! Zamanın miladı! Yəni bizim bildiyimiz zaman böyük partlayışdan sonra başladı. Deməli, kainatın miladından öncə də zaman varmış?! O zaman həmin miladdan əvvəl nə vardı?
Əgər suallar yaranırsa, deməli, insan idrakı buna icazə verir. Yəni idrak mövcud imkanlara sahibdir ki, bunları düşünür. Düşüncə idrakın qidasıdır. Kimin idrakı nə ilə qidalanırsa, onu da tələb edir – yəni sual verir. Onun cavabını tapana qədər isə həmin idrak ac qalır. Bu aləmdə isə aclıqdan daha böyük bir ehtiyac yoxdur. O ehtiyac mütləq və mütləq ödənməlidir. Əks təqdirdə sualın yerini üsyan alır! Üsyan isə idrakın sərhədlərini zorlayan bir anlayışdır. Dərkin kənarındakı hər şey məhvə məhkum olduğu kimi, bütün üsyanlar da bir gün mütləq yatırılır.
Elm yaradılışa üsyan etmir. Onu dərk etməyə çalışır. Din isə idrakın mədəsinə qandal vurur. Onu hava ilə doldurmağa çalışır. Halbuki hava ilə dolmaq olar, ancaq doymaq olmaz. Din süni qidalanma ilə məşğuldur. Əfsanələrin həqiqətin yerini alacağını zənn edir. Mümkün olmadı. Düz on min ildir ki, idrakı yüngülləşdirmək üçün, zəkanın istifadəsini mümkün hala gətirmək üçün hər yola əl atır insan oğlu. Ancaq nəticədə insan idrakı yenə də acdır ki, ac! O da məlum oldu ki, insan idrakını bu aclıqdan yalnız iki şey qurtara bilər: bir elm, digəri incəsənət! Ancaq bu qurtuluş da müvəqqəti və zamanlıdır. Elə buna görə də, nə elmin sonu gəlir, nə incəsənətdəki inkişafın. Din isə hər şeyi nöqtələyib. Öz aləmində həll edib bütün müşkülləri. Lakin sadəcə, öz aləmində! Aləm isə bir deyil. Aləmlər bəlkə bir ola bilər. Lakin kainat bir aləmdən ibarət deyil. Aləmlərin vəhdəti bəlkə də əfsanədir. Lakin onun bir həqiqət olmadığı kimi, yalan olduğu da hələ öz təsdiqini tapmayıb.
Öncə nə vardı? Nəyin öncəsi? Əlbəttə ki, hər şeyin... Ancaq ən başlıcası zamanın. Bu məsələ insan idrakını çox məşğul edir. Bu haşiyəni də çıxaq ki, idrak da aləm kimi tək deyil və hər idrak bir aləmdir. Yəni bizim düşüncəmiz bütün insanlığın düşüncəsi deyil. Ancaq hər aləm bir aləmlər toplusunun inikası olduğu kimi, hər zəka da bütün insanlığın zəkası anlamına gəlir. Buradakı incə və qəliz ayrıntı ondan ibarətdir ki, hər iki nəsnə, yəni aləmlə aləmlər, idrakla dərklər arasındakı zaman və məkan məsafəsi paradoksal dərəcədə dəyişkən və qeyri-müəyyəndir. Hərdən vəhdət, hərdən də kəsrət olur insan zəkası – Şərq mistikləri demişkən.
Zaman öncəsi zaman, bizim anladığımız və yaxud da içində yaşaya biləcəyimiz zamandırmı? Riyazi hesablamalar hələ hər şey demək deyil. Yəni 13 milyard illik kainat, hesablanmış ölçülər qədər sadə idrak olunmamalıdır. Üçölçülü hərəkət daha başqa şeylər göstərir. Ancaq elm yenə də hər şeyin önündədir – nisbiyyət qanununa tabe olsa da. Bir-birini əvəz edən nəzəriyyələr bir-birilərinin yalan olduqlarını deyil, kainatın nə qədər sonsuz və idrakın ondan daha da sonsuz olduğunu isbat edir. Bəli, sonsuzluq özü də son demək deyil. Ancaq sondan daha mühüm olan, əvvəli düşünməkdir.
"Hardan” və "necə”lər bir sual olaraq nə qədər ədalətlidir?! Çünki cavabsız sualın özü ən böyük ədalətsizlikdir. Lakin ən başından da dediyimiz kimi, dinin qapayıb, elmin isə qazıb üzə çıxarmaq istədiyi hər şey insan düşüncəsinin imkanları daxilindədir – zira, biz bu gün, burada bu sualları verə bilməzdik - ədalətli də olsaq, ədalətsiz də.
Elm sual verməyi ehtiyacın, din isə nəfsin bəhrəsi hesab edir. Hər zamankı kimi yenə də elm haqlıdır. Sual nəfsin diktəsi olsa belə, yenə də ehtiyacdır. Hər ehtiyac isə yeni bir doğuluşdur. Ölüm kimi, doğuluşu da əngəlləmək mümkün deyil. Bax, əsl ədalətsizlik budur! Ədalətsiz olan hər şey isə bu aləmdə tənəzzülə məhkumdur – öz zamanında tərəqqi etsə belə. Kilsə Qalileyin "Gerçəyin diaqrammı”nı ona görə inkar etmirdi ki, Yer həqiqətən də düzdür və üstündə cənnət, altında isə cəhənnəm var. Ona görə inkar edirdi ki, bu nəzəriyyə insanı və insanlığı düşünməyə, şübhələnməyə, etiraza, hətta üsyana sövq edir. Bu sayılanlar isə güc və hakimiyyət sahiblərinə heç bir zaman lazım olmayıb.
Başlanğıc nə deməkdir? Ağlımız buna imkan vermir düşünək ki, başlanğıcdan öncəsi də varmış. Elm buna, sadəcə heçlik deyir. Yəni zamanın başlanğıcından öncə heç nə yox idi. Ancaq bu "heç nə”yin özü də mayeriya, yəni dilə gələn, düşünülə bilən, adı olan və nəhayət hərəkət edən bir şey deyilmi? Bəs heç nədən öncə nə vardı? Bunlar sadəcə mənasız beyin gimnastikaları deyil. Dediyimiz kimi, düşüncə ehtiyacdır və deməli, qaçılmazdır. Əgər düşünürüksə, deməli həyatdayıq. Elm bölgülər aparmaqla, özü-özünü yeniləməklə, çox zaman isə inkar etməklə, mütləq bir yerə varacaqdır. Dərk olunmazlıq Allaha lazım deyil, dinə lazımdır! Allah zəkadan qorxmur, din ondan qorxur. Din Allahı o qədər kiçildir ki, ən gücsüz insandan, ən məntiqsiz ağıldan belə qorumağa çalışır onu. Ancaq ən ağılsız adam da bilir ki, din Allahı deyil, özünü qoruyur. Hardan girir insan oğlunun canına bu qadağaların vəhşəti, bu haramların titrəyişi?! Din bu günə qədər hələ alimlərdən başqa heç kimi məhkəməyə verməyib! Milyonların   qanını tökənlər, murdarlıqları böyük korporasiyalar nəzdində ümumbəşəri dəyərlərə çevirənlər qalıb bir kənarda, inkivizisiyanın, şəriət məhkəmələrinin hədəfində elm adamları dayanıb. Qəribədir, Eynülqüzzat Həmadanini "kafir”, "mürtəd” deyə edam edənlər, saysız hərəmlərin qoynunda sabahlara qədər kef çəkib, xalqın gönünü soyan şahların, sultanların yanında yer alır və onların hakimiyyətinin keşiyində dayanır! İndiki zaman felində danışıram, çünki, heç nə və heç kim dəyişməyib! Alimlər isə dəyişir. Çünki elm din kimi ölü deyil, həyatdadır, yaşayır və deməli təbdil olur, böyüyür, kainatın içlərinə doğru daha dərindən nüfuz edir. Parçacıqları toqquşdurub, antimateriyanı, zarafatla "Tanrı parçacığı” dedikləri şeyi əldə etmək istəyən CERN laboratoriyasını lənətləyən Vatikanın cürəti çatmır ki, insanları, dövlətləri bir-bir ilə toqquşdurub antiinsan əldə etmək istəyən güc sahiblərini qınasın! Bəli, bizim də qınaq obyektimiz qınamaq istəməyənlərdir!
Öncə olan hər zaman həm də sonra olandır. Təsəvvüfün dərin qatlarında üzən qəvvas dərvişlərin deyimi ilə desək, Allahın da Allahı var! Öncəlik ehtiyacdır. Yəni öncə olan mürəbbedir – bir mənada Rəbdir ki, hər iki söz ərəbcədə eyni kökdəndir. Başlanğıcdan öncəsi qaçılmaz bir başlanğıcdır. Bu qaçılmazlıq isə bütün başlanğıclara aiddir. Bu, istisnasız bir həqiqətdir. Çünki düşüncə bunu tələb edir. Bəlkə burada paralellik, ya da dairəvilik prinsipi mövcuddur. Yəni eyni zamanda bir neçə kainat paralel şəkildədir. Ya da hər şey dönür, dolaşır, eyni nöqtəyə qayıdır. Əlbəttə ki, bunların hamısı həm ayrı-ayrılıqda, həm də təklikdə və hətta bir-birinə zidd bir şəkildə mümkün ola bilər. Ancaq söhbət indi nəyin, hansı nəzəriyyənin daha obyektiv, daha həqiqətə yaxın olub-olmamasından getmir. Söhbət ondan gedir ki, istər elmi, istərsə də dini qaynaqlarda iddia edilən mütləq başlanğıc, yəni öncəsində heç nə olmayan, daha da kəskin desək, öncəsi olmayan bir şey qəbul edilməsi heç cürə mümkün olmayan bir dayatmadır, zor aparatıdır. Din bunu hakimiyyət üçün edir, elm isə çarəsizlikdən belə düşünür. Ancaq dediyimiz kimi, hər iki qaynaq bu məsələ barəsində məntiqsiz və iddiaçı mövqedədir. Əvvəl öncəsi bir əvvəl, yaxud da Tanrı öncəsi bir Tanrı mütləq başlanğıc kimi absurd ideyanı sındırıb dağıdan ilkin simptom ola bilər. Dinlə işimiz yoxdur. Çünki dindarlara sorsan ki, hər şeyi yaradanın özü necə yarandı – alacağın cavab ya təkfir olacaq, ya da lənət. Fəqət, elm nə düşünür bu barədə? Mənə maraqlı olan budur. Fəlsəfənin vəzifəsi elmi tətikləməkdir. Bir az düşünsək, görərik ki, elm hər zaman fəlsəfənin verdiyi suallara cavab axtarır. Bizcə, elmin özünü yaradan elə fəlsəfədir. Buna görə də, əsil, böyük alimlər həm də filosofdurlar. Ancaq Nitsşenin sualları və Eynşteynin cavabları bəşəriyyətə bir canlanma gətirdi, bəşəri oyatdı. Çünki insanlıq düşüncə rahatlığına çox meyllidir. Adına "hüzur” dedikləri şey isə əslində manipulyasiyadır. Məsələn, Bethovenin məşhur 5-ci simfoniyasının 2-ci hissəsi qəribə bir başlanğıca malikdir. Qəribəliyi isə ondadır ki, böyük maestronun qaralamalarında həmin giriş başqa cür idi. Çox hüzurlu, axıcı, ziddiyyətsiz bir melodiyaya sahib idi. Ancaq deyildiyi kimi, sonradan "şeytan” gəldi və ona diktə etdi ki, hər şey heç də onun görmək istədiyi kimi deyil. Və melodiya dəyişdi, intervallar kəskin və ziddiyyətli şəklə düşdü. Nəticədə isə qəhrəmanlıq simfoniyası ortaya çıxdı. Bəli, Bethovenin qəhrəmanlığı "Tanrı”nı aşmaq idi. Bu səfər daha yumşaq dillə ifadə etsək, məlum və doqmatik Tanrı düşüncəsini aşmaq idi onun qəhrəmanlığı! Bəli, məhz hər şeyi aşmaqdır insan şüurunun duyduğu ehtiyac. Sonsuzluğu təbliğ edənlər anlamaq istəmirlər ki, əsil sonsuzluq məhz elə budur – mütləq başlanğıcın olmaması.
Əvvəl dedikləri şey nə qədər qədim olursa olsun, nəticədə bir tarixi vardır. Nəticədə o da doğulub. Əgər doğulubsa, deməli, onu da bir doğan vardır.
Əlbəttə, biz hər zaman sonsuzluq düşüncəsinin əleyhinə olmuşuq. Hesab edirik ki, bu fikir riyazi cəhətdən mümkün deyil sadəcə. Onda bəs nədir varlığın zaman mahiyyəti? Ümumiyyətlə, var olan nədən var olubdur? Əgər din deyirsə ki, Tanrı bir varlıq deyil, deməli, öz dilləri ilə etiraf edirlər ki, Tanrı yoxdur. Çünki varlığın əks qütbü yoxluqdur. Yadıma məşhur bir Bektaşi lətifəsi düşdü. Deyirlər, Anadolu bektaşilərindən biri cami imamı ilə söhbət edirmiş. Dərviş soruşur ki, hocam, Allahın məkanı haradır? İmam onu təkfir edərək deyir ki, oğlum, Allah nə yerdədir, nə göydədir, nə cismdir, nə candır, nə qadındır, nə erkəkdir, nə doğulub, nə doğub... Bektaşi deyir, hocam, sən ona "yoxdur” deyəcəksən, sadəcə dilin gəlmir! Bəli, bu gülməli əhvalatda əslində böyük bir fəlsəfi həqiqət gizlənibdir. Varlığın mütləq şəkildə bir başlanğıcı olur. O başlanğıcın özü də varlıq olduğu üçün, onun da bir əvvəli, bir başlanğıcı vardır. Yoxdan var olmaq fikrini dini kəsim spekulyasiya edir. Onlar Tanrını mümkün qədər "ucalara” qaldırırlar ki, görünməz və dərkolunmaz etsinlər. Çünki yoxluq və bilinməzlik bütün hakimiyyətlərin ən effektiv silahıdır.
Qanma! Bacarmam, məni məzur tut,
Böyləcə təklifi-məhalı unut.
Qabili-imkanmı olur qanmamaq?
Məcmei-nar içrə olub yanmamaq?...
Böyük Mirzə Ələkbər Sabir bu misraları, sadəcə düşüncə azadlığından deməyib. Həm də düşüncənin sərhədsizliyinin qaçılmaz bir ehtiyac olduğundan bəhs edir bu şeirində.
İnsan elə bir varlqıdır ki, onun gözünü, dilini, əlini bağlamaq olar. Ancaq onun düşüncəsinə qandal vurmaq mümkün deyil, sadəcə olaraq. Bu yıpranmış fikirləri təkrar etməyimizin bir səbəbi vardır. Demək istədiyimiz odur ki, dini kəsim hər zaman düşüncə azadlığının mövcud olduğunu bildiyi üçün onu qandallamaq yerinə onu yönəltmək istəmişdir. Buna da necə deyərlər, çox uğurlu bir şəkildə nail olmuşdur. İnsanlığa "düşünmə” deməmişdir. "Belə düşün” demişdir. "Belə düşün”ün işləmə mexanizmi isə yalnız və yalnız bilinməzliyin, sonsuzluğun və əlçatmazlığın qarışığından əldə edilmiş xüsusi bir uyuşdurucu maddə ilə çalışır. Rəhmətlik Mars "Din tiryəkdir” deyəndə haqlı imiş deyəsən! Çünki öncənin öncəsi, başlanğıcın doğulduğu ünvan və bu paradoksun yandırdığı düşüncə işığı hər zaman insanın başqa canlılardan fərqinin və üstünlüyünün ən böyük göstərici olmuşdur. Bu, belə olub, belədir və belə də davam edəcək. Təhlükənin mənbəyi Tanrının öz istəyidir. Yeni doğulan fikrin gətirdiyi təhlükədən qaçmaq ağılsızlıqdır. Məbədlərin divarlarını nə qədər qalın yapsalar da, elmi laboratoriyaların yerləşdiyi məkanlar ondan qat-qat dərin olacaqdır! Düşüncənin yaratdığı təhlükənin adı düşüncəsizliyin məhvidir. İstəsək də belədir, istəməsək də!
 
Fəxrəddin Salim