• şənbə, 27 Iyul, 03:38
  • Baku Bakı 27°C

Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi

17.02.24 00:17 2776
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi barədə sərəncam imzalayıb. Hökumətin yeni tərkibində Baş nazir postu yenidən Əli Əsədova həvalə edilib.  

Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, yeni hökumətin tərkibində ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yer almayıb. Dövlət başçısının digər sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası sədrin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib. Ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası isə Prezident sərəncamı ilə ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Əli Əsədov yenidən Baş nazir təyin edilib. 

105  lehinə, 1 nəfər əleyhinə

Fevralın 16-da Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib. "Report"un xəbərinə görə, qanunverici orqanın toplantısında onun namizədliyi səsverməyə qoyularaq qəbul edilib. Milli Məclisin deputatlarından 105 nəfər Ə.Əsədovun Baş nazir olmasının lehinə, bir nəfər əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb. Daha sonra Ə.Əsədov çıxış edib. O deyib ki, qədirbilən Azərbaycan xalqı şəffaf və demokratik şəraitdə öz layiqli və ədalətli seçimini edərək bir daha dövlət başçısına yüksək inam və etimadını göstərdi:
"Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə zamanın çağırışları və mürəkkəb geosiyasi şərtlər fonunda həyata keçirilən siyasi kurs Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsini, respublikamızın bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevrilməsini təmin etmişdir".

Hökumətin prioritetləri açıqlanıb

Əli Əsədov növbəti dövrlərdə hərbi sahədə bir çox nailiyyətlərin əldə edilməsi və sərhədlərin toxunulmazlığının təmininin prioritet məsələ olacağını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan torpaqları azad etməsi ilə ölkəmizin suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik tarixinin ən şanlı səhifəsidir.
"Növbəti dövrlərdə hərbi sahədə bir çox nailiyyətlərin əldə edilməsi, sərhədlərin toxunulmazlığının təmini əsas prioritet məsələ olacaq. Sosial sahədə inkişaf dövlət başçısının hər zaman diqqət mərkəzində olub. Əhalinin rifahının yaxşılaşdırılması, eləcə də şəhid ailələri və müharibə əlillərinin sosial rifahı önəmli vəzifə kimi yenə də hökumətin qarşısında duran əsas vəzifələrdəndir. Gənclərin təhsili, onların milli-mənəvi dəyərlərə, azərbaycançılıq prinsipinə əsaslanaraq formalaşması, müasir çağırışlara yiyələnməsi gələcək inkişafın təminatçısı olacaq", - əlavə edib.

Bütün səylər səfərbər ediləcək

"Azərbaycan hökuməti ölkənin davamlı inkişafının, xalqın firavan həyatının təmin edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcək", - deyə Əli Əsədov bildirib. O xatırladıb ki, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən ilk dəfə Baş nazir vəzifəsinə namizədliyi irəli sürüləndən sonrakı müddətdə Nazirlər Kabineti ilə Milli Məclis arasında birgə fəal iş aparılıb. "Ötən müddət ərzində hökumət və ölkəmizin qanunverici orqanı arasında konstruktiv və səmərəli işbirliyi qurulmuş, müxtəlif qanun layihələrinin və sənədlərin məhsuldar birgə müzakirəsi keçirilmişdir. Buna görə hörmətli deputatlarımıza təşəkkürümü ifadə edirəm. Ümidvaram ki, növbəti müddətdə də bu xoş ənənəni davam etdirəcəyik və birgə səylərimiz bundan sonra da ölkəmizin tərəqqisinə, xalqımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək.

Onu da qeyd edim ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat diqqətinizə təqdim ediləcək, ötən il hökumət tərəfindən görülən işləri və qarşıda duran vəzifələri müzakirə edəcəyik", - Ə.Əsədov vurğulayıb.

 

banner

Oxşar Xəbərlər