• çərşənbə axşamı, 16 aprel, 11:32
  • Baku Bakı 14°C

Təhsil sahəsində aparılan islahatlar və həllini gözləyən problemlər - Fotolar

17.10.19 12:21 817
Təhsil sahəsində aparılan islahatlar və həllini gözləyən problemlər - Fotolar
"Ölkədə təhsil siyasəti sistemli və ardıcıl şəkildə həyata keçirilir. Prezident İlham Əliyev təhsili daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə ardıcıl olaraq dövlət proqramları qəbul edilir, sərəncamlar, fərmanlar imzalanır”. Bu fikirləri Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında səsləndirdi. Nazir təhsil sahəsində aparılan islahatlar nəticəsində əldə olunan uğurlar və qarşıya qoyulan vəzifələr barədə məlumat verərək son bir il ərzində görülən işlər haqqında danışdı. C.Bayramov bu dövrdə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələr verdiyini söylədi: "Ümumi təhsildə təmayülləşmənin böyük effekt verdiyi müşahidə olunur. Eyni zamanda, istedadlı şagirdlərin üzə çıxarılması və onların gələcək üçün formalaşdırılması da xüsusi diqqət mərkəzindədir”. Nazir diqqətə çatdırdı ki, təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb: "Peşə təmayülü üzrə təhsil alan şagirdlər təhsili başa vurduqda tam orta təhsil haqqında sənədlə yanaşı, öyrəndikləri peşə üzrə təhsil sənədi də əldə edəcəklər ki, bu da onların əmək fəaliyyətinə başlamasına imkan verəcək. Cari tədris ilində Bakı, Abşeron və regionlarda yerləşən 20 ümumi təhsil müəssisəsində belə siniflər yaradılıb. Növbəti tədris ilində isə peşə təmayüllü siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulur”.


Təhsil sahəsində həyata keçirilən yeni layihələrdən danışan nazir STEAM təhsilinin artıq uğurla tətbiq olunduğunu qeyd etdi: "Növbəti ildən regionların da STEAM layihəsində iştirakının təmin edilməsi və şagirdlərin sayının 20 minə çatdırılması nəzərdə tutulur. STEAM layihəsinin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib. Layihənin tətbiq edilməsində məqsəd, müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə həyata keçirilməsidir. Hazırda layihə 42 təhsil müəssisə üzrə 6 min şagirdi əhatə edir. STEAM təhsilinin tədrisi məqsədilə 34 məktəbdən 104 müəllim peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak edib”.

C.Bayramov ölkəmizdə ali təhsilin əlçatanlığının artırılması, rəqabət mühitinin formalaşdırılması istiqamətində ardıcıl siyasətin həyata keçirildiyini qeyd etdi. Belə ki, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 16 min vahid artırılıb. Təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb. 2020-2021-ci tədris ilində isə 50 faizə çatdırılması nəzərdə tutulur: "Bununla yanaşı, tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb. Bu tədbirlər 110 mindən çox tələbəni əhatə edir. Eyni zamanda, ali təhsil müəssisələrində dövlət sifarişi yerləri 66 faiz artırılıb. Beləliklə, ali təhsil alma imkanları genişləndirilib, son 5 il ərzində qəbul olunan tələbələrin sayında təxminən 21 faiz artım olub”.

Nazir dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə və yeni şəraitin yaradılmasına xüsusi diqqət yetirildiyini qeyd etdi: "2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir. Təhsil müəssisələrindən 43-ü sentyabr ayının 15-ə qədər təhvil verilib. Digər 41 məktəbdə işlər ilin sonuna qədər yekunlaşacaq. Təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsi və yenilənməsi sahəsində görülən işlərdən danışarkən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri də qeyd olunmalıdır. Heydər Əliyev Fondunun xətti ilə 14 yeni məktəb binasının tikintisi, 8 məktəbin əsaslı təmiri həyata keçirilir”. Nazir diqqətə çatdırdı ki, Dövlət Proqramına uyğun olaraq bu il ərzində 257 məktəbdə təmir işləri görülüb: "Ümumilikdə götürdükdə 2003-2018-ci illər ərzində ölkədə 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Nəticədə bir milyondan çox Azərbaycan şagirdinin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb”.

Media işçilərinin suallarını cavablandıran nazir hazırda dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparıldığını bildirdi: "Hazırda məktəbdə dərsliklərin istifadəsi 4 il üçün nəzərdə tutulur. Şagird sayının dəyişməsi ilə bağlı, əlavə nəşrlər də çap edilir. Hazırda dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparılır. Biz bunu çox yaxın zamanlarda aidiyyəti dövlət qurumları ilə razılaşdıracağıq . Hesab edirik ki, bəzi dərsliklərin, xüsusilə, ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur. Sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla, müxtəlif müddət üçün istifadə müddəti olan dərsliklərin çapı barədə düşünürük. Hesab edirəm ki, bu, dərsliklərin daha yaxşı qalmasına xidmət edəcək”.

Nazir 2020-ci ildən Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyasına başlanılacağını diqqətə çatdırdı. Belə ki, "Təhsil haqqında” qanunda məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi nəzərdə tutulub: "Sertifikasiya prosesinə başlanılması üçün hökumət tərəfindən sertifikasiyanın hansı prinsip və ardıcıllıqla keçirilməsini, qiymətləndirilmənin aparılmasını və digər məsələləri özündə əks etdirən sənəd təsdiq edilməlidir”.

Nazir həmçinin hazırda ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparıldığını diqqətə çatdırdı. "Hazırda təhsil kreditindən əlavə dəstək mexanizmləri üzərində iş gedir. Konkret olaraq hansı formada dəstək mexanizmlərinin olacağı barədə növbəti aylarda daha geniş məlumat veriləcək”.

C.Bayramov Təhsil Nazirliyinin, ali məktəblərə təhsil haqqı ödənişlərini dərs ili başlayan zaman birdəfəyə deyil, hissə-hissə ödənilməsinə baxmağı tövsiyə etdiyini xatırlatdı: "Əminəm ki, əksər ali məktəblər məhz bu formada iş qurublar. Ödənişli təhsil alan tələbələrin təhsil haqqı ali məktəblərin gəlirlərinin böyük hissəsini təşkil edir. Buna görə də, ali məktəblər təhsil haqlarından asılı vəziyyətdədirlər”.

Nazir Azərbaycanda mövcud olan dövlət standartlarına əsasən məktəblərdə dinin tədrisinin nəzərdə tutulmadığını da qeyd etdi: "Orta məktəblərdə "Həyat bilgisi” fənni keçirilir. Bu fənn və bir sıra fənlərdə müxtəlif dinlər, onların tarixi, dini maarifləndirmə haqda məlumatlar var. Yeni dərsliklər hazırlanan zaman eyni standartlar tətbiq olunacaq”.
Ali məktəblərdə hazırlıq kurslarının təşkili ilə bağlı sualı cavablandıran nazir bildirdi ki, hazırlıq qruplarının təşkil edilməsi üçün ali təhsil müəssisələrinə tələbələr tərəfindən müraciətlər olunmalıdır: "Nazirlər Kabinetinin qərarına əsasən, normativlərə uyğun olaraq ali təhsil müəssisələri hazırlıq qruplarını təşkil edə bilərlər”. Nazir həmçinin qeyd etdi ki, qanunvericiliyə əsasən hazırlıq qrupları səviyyəsində təhsil alan oğlanların hərbi möhlət hüququnun olmasına dair hər hansı bir norma yoxdur: "Hazırlıq qrupunda təhsil aldıqda qanunvericiliyə əsasən hərbi xidmət çəkməlisən. Ali təhsilin bakalavr və magistratura pillələrinə qəbul olan tələbələr hərbi möhlət hüququ qazanırlar”. Hazırlıq qrupları ilə bağlı təhsil haqqı məsələsinə gəlincə, nazir bildirdi ki, bu məsələ dövlət tərəfindən tənzimlənmir: "Çünki burada dövlət sifarişi hazırlıq qrupu ilə bağlı deyil. Ödənişli əsasla həyata keçirildiyi üçün bu, təhsil müəssisələri tərəfindən müəyyən edilir”.

Mətbuat konfransında iştirak etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər