Nazir Sahil Babayev BƏK-in 108-ci sessiyasında çıxış edib
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrə şəhərində (İsveçrə) keçirilən
Beynəlxalq Əmək Konfransının 108-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə
heyətinin rəhbəri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
naziri Sahil Babayev sessiyada çıxış edib.
Konfrans iştirakçılarını BƏT-in 100 illik yubileyi münasibətilə təbrik
edən nazir təşkilatın irəli sürdüyü təşəbbüslərin dünyada sosial ədalət və
sosial dialoqa nail olmaq üçün birgə tədbirlərin müəyyən edilməsində ümumi bir
platformaya çevrildiyini qeyd edib. S.Babayev bildirib ki, Dördüncü Sənaye İnqilabı
ərəfəsində rəqəmli texnologiyaların tətbiqi və süni intellektin yaranması dünyada
misli görünməmiş iqtisadi artımlara, əmək və sosial əlaqələrin inkişafına, əmək
bazarında yeni peşələrin yaranması prosesinin sürətlənməsinə və mövcud
bacarıqların təkmilləşməsinə səbəb olur.
BƏT çağırışlarına uyğun olaraq Azərbaycanda sosial tərəfdaşlığın
inkişafından bəhs edən nazir vurğulayıb ki, ölkədə innovativ iqtisadiyyatın
yaradılması, əmək məhsuldarlığının yüksəldilməsi və sosial rifahın artırılması
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə
davam etdirilən uğurlu dövlət siyasətinin strateji məqsədidir. Ötən 15 il ərzində
ölkəmizdə ÜDM-in artımı 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, orta əmək haqqı 7
dəfə, minimum əmək haqqı 15 dəfə artıb, işsizlik və yoxsulluq səviyyəsi 5 faizə
enib. Təkcə bu il reallaşdırılan sosial paket minimum əmək haqqı və
pensiyaların 40 faiz, sosial müavinətlərin və təqaüdlərin orta hesabla 100 faiz
artması, digər əsas tədbirlər nəticəsində 3 milyon insanın rifahına ciddi dəstək
olub.
S.Babayev Azərbaycanın 2019-2030-cu illər üçün Məşğulluq Strategiyasının,
qəbul edilmiş digər sənədlərin aktiv əmək bazarı proqramlarının genişlənməsini
və yüksək effektivliyini təmin etdiyini, ölkədə
məşğulluq xidmətlərinin yeni modelinin tətbiq edildiyini diqqətə
çatdırıb. O, Azərbaycanın yeni DOST layihəsi, bu layihənin dövlət sosial xidmətlər
sisteminə gətirdiyi innovativ yeniliklər, elektron pensiya təyinatı sistemi,
yeni "e-sosial” reyestri, nazirliyin Mərkəzi Elektron İnformasiya Sistemindəki
altsistemlər, həmçinin "Məşğulluq” altsistemi və s. barədə məlumat verib.
BƏT-lə birgə icra olunan 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə
Ölkə Proqramının əhəmiyyətini vurğulayan S.Babayev bildirib ki, bu ilin may ayında
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Sosial Təminat
Forumuna ev sahibliyi edən Azərbaycanın 4 sosial layihəsi yaxşı təcrübə nümunəsi
kimi BSTA-nın xüsusu mükafatına layiq görülüb. Bu və həmçinin Azərbaycanın BƏT-in İdarəetmə Şurasında
təmsil olunması ölkəmizin sosial-iqtisadi sahədə uğurlu islahatlarına beynəlxalq
miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.
Nazir vurğulayıb ki, bu gün həll edilməmiş silahlı münaqişələr və
terror təhlükəsi təkcə ayrı-ayrı ölkələrdə və ya regionlarda deyil, bütün
dünyada sosial inkişaf imkanlarını məhdudlaşdırır. Erməni təcavüzü nəticəsində
Azərbaycan ərazisinin 20 faizinin işğalı və xüsusi qayğıya, sosial müdafiəyə
ehtiyac duyan milyondan artıq qaçqın və məcburi köçkünün olması bütün regionda sosial-iqtisadi
nailiyyətlərin daha çox olması üçün ciddi maneə törədir. S.Babayev ona görə də
bu gün BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və BƏT-in bir çox strateji məqsədlərinə
nail olunmasına mane olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə
yönəldilmiş beynəlxalq səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.
O, Azərbaycanın BƏT-in prinsiplərinə və BƏT-lə əməkdaşlıqdan irəli gələn
öhdəliklərə sadiqliyini və müsbət təcrübələrin mübadiləsi da daxil olmaqla ölkəmizin
geniş əməkdaşlığa daim hazır olduğunu vurğulayıb.