• şənbə, 13 Iyun, 16:24
  • Baku Bakı 26°C

Nazim Hikmətin tanış olduğu ilk azərbaycanlı şair-alim

24.04.20 09:00 962
Nazim Hikmətin tanış olduğu ilk azərbaycanlı şair-alim
O, həm də, Azərbaycanın elmlər doktoru olan ilk ədəbiyyat tarixçisidir
O, təkcə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi adını ədəbiyyat tariximizə yazdırmayıb, həm də ictimai fikir tariximizin tanınmış simalarından olub. Cəmi 53 il yaşayıb, amma bu qısa ömründə həm ədəbiyyatçünas alim, həm tərcüməçi, həm şair, həm də ziyalı kimi çox işlər görüb. Mikayıl Rəfili Azərbaycanı keçmiş SSRİ məkanında layiqincə təmsil edib, vətənimizi, onun ədəbiyyatını, elmini tanıdıb. Görkəmli alimin həyat yoluna nəzər salanda cəfakeşliyi və vətəndaş mövqeyini aydın görmək olur.
Yelizavetpoldan Bakıya
Mikayıl Rəfili 1905-cil aprelin 25-də Yelizavetpol quberniyasının (indiki Goranboy rayonu) Borsunlu kəndində varlı kəndli ailəsində doğulub. Yelizavetpol klassik gimnaziyasında təhsil alan yeniyetmənin bədii yaradıcılıq həvəsi də bu illərdə yaranır. İlk qələm təcrübələri "Mikayıl Rəfizadə” imzası ilə mətbuatda görünür. "Mücadileyi-həyat” hekayəsi, "Elmə doğru” şeiri və "Qərb mədəniyyəti” məqaləsi 1919-cu ildə "Əfkari mütəəllimin” jurnalında işıq üzü görür.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Borsunlu kəndində müəllim və məktəb müdiri kimi çalışan M.Rəfili, kəndin mədəni həyatında fəal iştirak edir, komsomol sıralarına qəbul olunur, III Azərbaycan qurultayına nümayəndə seçilir, həmçinin "Rosta” qəzetində iştirak edir.
M.Rəfili təhsilini davam etdirmək məqsədilə Bakıya gələrək Politexnik İnstituna daxil olur, daha sonra Azərbaycan Dillər Universitetinin şərq dilləri fakültəsinin dinləyicisi olur.
"Maarif və mədəniyyət” jurnalı redaksiyasında işləməyə başlayandan sonra həyatını bütünlüklə ədəbi fəaliyyətə həsr edir.
Moskva Dövlət Universitetində təhsil aldığı illərdə isə Kremldə qanunların Azərbaycan mətnlərinin redaktoru işləyir. M.Rəfili Azərbaycan Dövlət Nəşriyyatında bədii şöbənin müdiri işlədiyi zaman Azərbaycan proletar yazıçıları birliyində fəal çalışır. 1929-cu ildə Moskvaya I Ümumittifaq proletar yazıçılarının qurultayına nümayəndə seçilir. Avtobiqorafiyasına iş yeri kimi Pedaqoji İnstitutun rus ədəbiyyatı kafedrasında müəllim, dosent, eyni zamanda "Bakinski raboçi” qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdir müavini vəzifələri də yazılır. Bu dövrdə SSRİ yazıçılarının təşkilat komitəsinin üzvü seçilir. Həm də "Hücum” və "Qabaqcıl” ("Udarnik”) jurnalları redaksiya heyətinin üzvü olur. Qorki, Mayakovski, Serafimoviç haqqında monoqrafiya, "Sevastopol” və "Leninqrad” poemalarını qələmə alır.
1934-35-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında elmi işçi işləyən M.Rəfili sovet yazıçılarının I Ümumittifaq qurultayına nümayəndə seçilir.1935-36-cı illərdə SSRİ EA-nın (Leninqrad) aspiranturasında təhsil alaraq, orada "Azərbaycan ədəbiyyatının rus mədəniyyəti ilə əlaqələri haqqında” mövzusunda dissertasiya müdafiə edir. Sonra "Puşkinin həyat və yaradıcılığı”, "Puşkin və Azərbaycan”, "M.F.Axundov” əsərlərini yazıb. 1938-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində professor olaraq Azərbaycan ədəbiyyatı tarixi kursunu aparıb. M.Rəfili İkinci Dünya müharibəsi illərində radioda, ordu hissələrində, hərbi xəstəxanalarda çıxışlar edir.
M.Rəfili 1929-1936-cı illərdə nəşr etdirdiyi beş şeir kitabının müəllifidir. "Pəncərə” adlı ilk şeirlər kitabı iyirmi dörd yaşında "Azərnəşr”də işıq üzü görüb. 1930-cu ildə "Lirik şeirlər”, 1936-cı ildə isə rus şairi A.Tarkovskinin tərcüməsində şeir və poemalarından ibarət "Pesni o qorodax” kitabı Moskvada nəşr olunub. O, tərcümə ədəbiyyatına da mühüm töhfələr verib. Minlərlə oxucu "Gülən adam”, "Səfillər”, "Madam Bovari” kimi əsərləri onun tərcüməsində oxuyub. "Rəfili həm də mahir tərcüməçi idi. O, rus dilini əla bilirdi, məqalələrinin bir çoxunu da rusca yazırdı. Amma ruscadan olunan tərcümələrdə Rəfilinin Azərbaycan dilinin bütün incəliklərinə bələd olması da diqqətdən yayınmır. Özü də o, dünya ədəbiyyatının ən şedevr əsərlərini dilimizə çevirib. Baxın: Viktor Hüqonun "Gülən adam”, "Paris Notrdam kilsəsi”, "Səfillər” (I, II, III, V və VI hissələr), Balzakın "Qorio ata”, "Qobsek”, "Novellalar”, Tolstoyun "Dirilmə” (I və II hissələr), Puşkinin "Bağçasaray fontanı”, "Tunc atlı” əsərlərinin tərcümələri indi də bədii tərcümə tariximizin Qızıl Fonduna daxildir. 1939-cu ildə rusca nəşr olunan "Azərbaycan poeziyası antologiyası”nın hazırlanmasında Rəfili də yaxından iştirak edib”- deyə tənqidçi Vaqif Yusifli qeyd edir.
M. Rəfili "Sərbəst şeir haqqında ilk söz”, "Mədəni ədəbiyyat yolunda”, "Ədəbi irsə diqqət”, "Nizami Gəncəvi”, "M.F.Axundov və siyasi-fəlsəfi görüşləri”, "Azərbaycan xalqının zəngin ədəbi keçmişini öyrənək”, "Midiya dövləti”, "Zülmət içində bir nur” ("Ölülər” pyesi haqqında), "Vis və Ramin” problemi", "Nizami”, "M.F.Axundov”, "Mirzə Şəfi və dünya ədəbiyyatı” və b. əsərlərində və məqalələrində müxtəlif problemləri aktuallaşdırıb. M.Rəfilinin elmi fəaliyyətində iki böyük klassikin - dahi Nizami Gəncəvinin və böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin tədqiqi mühüm yer tutur. Onun "Nizamiyə qədər Azərbaycan kulturası”, həmçinin "Nizami Gəncəvi” tədqiqatı nizamişünaslıqda yeni bir dönüşün - mərhələnin başlanğıcı kimi maraqla qarşılanıb. Bu araşdırmalarının nəticəsi onu "Səbuhi” filminin ssenaristi kimi də tanıdır.
Şair ola bilərdin, professor oldun
M.Rəfili Moskvada oxuduğu illərdə böyük türk şairi Nazim Hikmətlə tanış olur. O zaman türk şairinin şeirləri dillər əzbəri idi və gənclər onun yaradıcılığından bəhrələnir, sərbəst şeirə meyl edirdilər. 1927-ci ildə ilk dəfə Azərbaycana gələn Nazim Hikmətin Bakıda "Günəşi içənlərin türküsü” adlı şeirlər kitabı nəşr olunur. Onun tanış olduğu ilk azərbaycanlı şair-alim isə Mikayıl Rəfili idi. O, Nazim Hikmətin şeirləri ilə 1924-cü ildə Moskvada tanış olduğunu qeyd edirdi. Sonralar bu tanışlıq dostluğa çevrilir. "Şair ola bilərdin, professor oldun”- deyə Nazim Hikmət Mikayıl Rəfilinin şeir yazdığına, amma şair kimi yox, görkəmli alim kimi tanındığına işarə edir. M.Rəfili Nazim Hikmətə həsr etdiyi bir şeirdə ona olan məhəbbətini belə izhar edir:
Qarşımda əksin.
Əlimdə sadə bir qələm.
Gözlərimdə Moskvada keçən gəncliyimizin solmayan yarpaqları.
Sən Nazim Hikmətsən.
Mən - sadə bir tələbən.
Həqiqətən M.Rəfili şeirdən uzaqlaşıb elmə üstünlük vermişdi. O, bir də ömrünün sonlarına yaxın poeziyaya qayıdır.
Tənqidçi Vaqif Yusifli görkəmli ədəbiyyatşünasın şeir yaradıcılığını təhlil edərək yazır: "Ötən əsrin 20-30-cu illəri Azərbaycan ədəbiyyatının ziddiyyətli, təzadlı bir dövrü idi. Kommunist-bolşevik ideologiyası ədəbiyyatda da öz hakim-amirlik mövqeyini gücləndirir, sənətkardan şura inqilabını, fəhlə-kəndli hakimiyyətini, leninizm ideyalarını təbliğ etməyi, keçmişdə yaradılan və minillərin sınağından keçmiş milli dəyərləri feodalizm qalıqları kimi pisləməyi tələb edirdi. "Yeni ədəbiyyat” yaranırdı və bu ədəbiyyatın qarşısında yeni məzmuna uyğun forma yaratmaq məsələsi də dururdu. Mikayıl Rəfili də bu mənada "reformator” kimi çıxış edir, sərbəst şeiri "əski şəkli rədd və inkar edən” yeni bir şeir forması hesab edirdi. Əslində, sərbəst şeirin ədəbiyyatda intişarı yeni hadisə deyildi, bu formanın bizim poeziyamızın qədim təcrübəsində müəyyən əlamətləri vardı. "Dədə Qorqud” dastanlarındakı şeirlər öz sintaktik quruluşu və poetikası ilə sərbəst şeir anlayışına uyğun gəlirdi. Lakin o zaman Rəfili də bir çox başqaları kimi belə bir qənaətdə idi ki, bu məsələ yenidir, bütün dünya poeziyasında sərbəst şeir novator rolunu oynayır”.
Mikayıl Rəfili görkəmli ədəbiyyat tarixçisi idi. Onun 1941-ci ildə rus dilində nəşr olunmuş "Qədim Azərbaycan ədəbiyyatı” kitabı ədəbiyyat tariximizin ta qədimlərdən XVI əsrə qədər bir dövrünü əhatə edir. Bu mövzuda o, Tbilisidə doktorluq dissertasiyası müdafiə etmişdi, lakin Moskva bu işin təsdiqini yubadırdı. Ona görə də, M.Rəfili Moskvaya gedir, görkəmli alimlərin qarşısında bir neçə saat məruzə edir və bundan sonra o, filologiya elmləri doktoru diplomunu ala bilir. Bu sahədə ilk elmlər doktoru da məhz Mikayıl Rəfili olur. "Mikayıl Rəfili ədəbiyyat tarixçisi olmaqla yanaşı, bir nəzəriyyəçi kimi də xatırlanır. Hələ 30-cu illərdə o impressionizm və ekspressionizm ədəbi cərəyanları haqqında məqalə çap etdirmişdi. Ədəbiyyat tarixinə və ayrı-ayrı sənətkarlara həsr etdiyi tədqiqatlarında onun nəzəri bazasının möhkəmliyinə yalnız heyrət edirsən. Azərbaycan ədəbiyyatşünaslığında ilk "Ədəbiyyat nəzəriyyəsi” kitabının müəllifi də Rəfilidir və üstündən onilliklər keçməsinə baxmayaraq, indi də ali məktəblərdə bu kitabın tədrisi tövsiyə olunur”- deyə V.Yusifli qeyd edir.
"Mülkədar oğlu”
Qələm dostları Mikayıl Rəfilinin vaxtsız ölümünü qarşılaşdığı təzyiqlərlə əlaqələndirirlər. Vaxtında "mülkədar oğlu” damğası ilə Yazıçılar İttifaqından da, dərs dediyi ali məktəbdəki işindən də çıxarılıb. Hətta haqqında "Kirpi” jurnalında karikatura da dərc edilib. M.Rəfili mənəvi zərbələr alsa da, haqqının bərpası uğrunda çox çalışıb. Görkəmli alim, hətta ona qarşı edilən təzyiqlərlə bağlı ölkə rəhbəri M.C.Bagırova da müraciət edib. Professor Murtuz Sadıqov elmi rəhbəri haqqında xatirələrində yazıb: "A.S.Puşkinin ”Ərzuruma səyahət” əsərində belə bir cümlə var: müəllif yazır ki, heç bir iz qoymadan görkəmli adamlar aramızdan gedir. Nədənsə, M.Rəfilidən də söz düşəndə böyük şairin bu kəlamını xatırlayıram. Amma mən buna da əminəm ki, M.Rəfili ədəbiyyatımızda böyük iz qoyub. Sadəcə olaraq, bu gün o "izləri” araşdırmaq lazımdır ki, böyük pedaqoqun adını qaldıraq, ona öz halal qiymətini verək”.
M.Rəfilini yaxından tanıyanlar, onun həddən artıq kübar olduğunu deyirlər. Həyatı boyu yaradıcılıq axtarışları aparanda da, yoluna aşılmaz daşlar qoyulanda da, hədyanlarla üzləşəndə də, uğurlarını bölüşəndə də kübarlığını itirməyib. Görkəmli ədəbiyyatşünas alimin adının ədəbiyyat tariximizdə yer alması da istedadının, gərgin zəhmətinin, sonsuz axtarışlarının və nəcib xarakterinin nəticəsi olub.
Nəslimin yarpaq tökümü başlandı.
Çoxumuz qışa qalmayacayıq...…
Dəliyə döndüm, Rəfili,
Ölüm xəbərini alanda.
Nazim Hikmət ən yaxın dostu Mikayıl Rəfilinin ölümündən təsirlənərək bu şeiri yazmışdı.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər