Naxçıvanın şəfa ocağı: Duzdağ - REPORTAJ
Pandemiyaya qədər hər il 5 minə yaxın insan
Fizioterapiya Mərkəzində müalicə olunub. İndiyə qədər müraciət edən xəstələrdən
30-35 faizində boğulma tutmaları 3-5 il olmayıb. Uşaqlarda isə bu göstərici
daha yaxşı olub.
Naxçıvan Muxtar Respublikasında (NMR) turizmin, o
cümlədən sağlamlıq turizminin inkişaf etdirilməsi, yeni xidmət sahələri
yaradılması, infrastrukturun yenilənməsi xüsusilə diqqət çəkir. Hazırda muxtar
respublikada əsas müalicə-sağlamlıq mərkəzi kimi Duzdağ Fizioterapiya Mərkəzi fəaliyyət
göstərir. Dövlət Turizm Agentliyi və NMR Turizm Departamentinin birgə təşəbbüsü
ilə ötən həftə Naxçıvan şəhərinə təşkil edilən media-tur çərçivəsində bu mərkəzlə
yaxından tanış olduq.
Dəniz səviyyəsindən 1173 metr hündürlükdə
Məlumat üçün qeyd edək ki, Fizioterapiya Xəstəxanası
1979-cu il dekabr ayının 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan Duz mədəni
bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyətə başlayıb.
1983-cü ilin oktyabr ayından xəstəxanada çarpayıların sayı 100-ə çatdırılıb.
2003-cü ildə xəstəxana ən müasir tələblərə uyğun yenidən qurulub, müasir
avadanlıqlarla təchiz edilib. Ali Məclis sədri Vasif Talıbovun 21 dekabr
2017-ci il tarixli sərəncamı ilə xəstəxanaya "Duzdağ Fizioterapiya Mərkəzi”
publik-hüquqi şəxs statusu verilib və o, hazırda 474 çarpayı ilə fəaliyyət göstərir.
Naxçıvan şəhərinin 14 kilometrliyində yerləşən mərkəzin yeraltı hissəsi duz mədənində
əsas dağ sexində, girişdən 300 metr məsafədə,110 metr dərinlikdə 10 işlənmiş
mağarada yerləşir.
Digər duz şaxtalarından üstünlüyü
Mərkəzin həkim allerqoloq-pulmonoloqu Nizami
Şahtaxtinskinin bizə verdiyi məlumata görə, duz şaxtası şəraitində aparılan
müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Rumıniya və sair kimi
ölkələrdə geniş yayılıb. O qeyd etdi ki, 1980-cı ildə Ukraynanın Elmi-Tədqiqat
Kurortologiya institutunun direktoru professor M.D.Toroxtin Naxçıvan
Fizioterapiya xəstəxanasında ağciyər bronx aparatının qeyri-spesifik xəstəliklərinin
müalicəsinin aparılmasında üstünlükləri nəzərə alaraq xüsusi rəy verib: "Duzdağ
Fizioterapiya Mərkəzinin digər duz şaxtalarından üstünlüyü ondadır ki,
şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə adaptasiya olaraq
girirlər. Yeraltı hissənin işlənmiş şahmatvari ştrixlərində ventilyasiya təbiidir,
yəni havanın axın sürəti 0,1m/san yaxındır.Şaxtada təbii yüksəkdisperli
Na+Cl+ionları sabitdir. Mikrob cisimləri çox azdır. Yerləşdiyi sahə
ekoloji cəhətdən yüksək təmizliyə malikdir. Buna görə şaxtada zəhərli qazlar, yəni
metan, ümumiyyətlə, yoxdur. Mərkəzdə speleoterapiya Ukraynanın Ujqorod xəstəxanasının
metodik göstərişlərinə uyğun aparılır. Belə ki, xəstələr ən əvvəl 2-3 gün xəstəxana
ərazisində adaptasiya olunurlar. Bundan sonra saat 20:00-dan 08:00-a qədər,
böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar. Bu müddət
xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə, səhhətinin vəziyyətindən
asılı olaraq dəyişilə bilir. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70,
uşaqlarda 80-85 faiz yaxşılaşma qeyd olunur. Xəstələr şaxtaya getməklə bərabər,
lazım gələrsə, bəzi dərman preparatları, fizioterapiya, müalicəvi bədən tərbiyəsi,
döş qəfəsinin masajları və sair alırlar. Mümkün qədər dərman preparatları az təyin
edilir. Speleoterapiya xəstədə boğulma tutmaları olmayan dövrdə və ya remissiya
dövründə aparılır”.
Müalicə kompleks aparılarsa…
N.Şahtaxtinski dedi ki, yaxşılaşma uşaqlarda 4-cü və ya 5-ci gün müşahidə edilir. Böyüklərdə isə bu,
bir qədər fərqli olur: "Xəstəliyin gedişindən asılı olaraq böyüklərin bir
qrupunda yaxşılaşma iki həftədən sonra, bəzilərində müalicənin axırında, digərlərində
yaşayış yerinə gedəndən 15-30 gündən sonra qeyd edilir. Ümumiyyətlə, müalicə
kompleks aparılarsa daha yaxşıdır. Müalicə müddətində və sonra allergiyaya həssas
qidalar, o cümlədən limon, naringi, portağal, moruq, yumurta, şokolad, balıq qəbulu
dayandırılmalıdır.
Sağlamlığına qovuşan balaca Zahir
Qeyd edək ki, pandemiyaya qədər hər il 5 minə yaxın
insan Fizioterapiya Mərkəzinə müalicə üçün müraciət edib. İndiyə qədər müraciət
edən xəstələrdən 30-35 faizində boğulma tutmaları 3-5 il olmayıb. Uşaqlarda isə
bu göstərici daha yaxşı olub. Bakı şəhərindən Naxçıvana gələrək mərkəzdə müalicə
alan azyaşlı Zahir İsmayılovun timsalında da bunu müşahidə etmək mümkündür.
Zahirin anası Türkan xanım bizimlə söhbətində bildirdi ki, oğlunda yatarkən nəfəsalmada
çətinlik, xüsusən xışıltı, öskürək müşahidə olunub. Həkim-pediatrın tövsiyəsinə
uyğun olaraq oğlu Zahiri Fizioterapiya Mərkəzinə gətirib, azyaşlı 10 günlük
müalicə kursu götürüb. Gənc ananın sözlərinə görə, Naxçıvanın havası, Fizioterapiya
Mərkəzindəki müalicə kursu oğlunun səhhətinə müsbət təsir edib. Uşaq yatarkən
vaxtilə keçirdiyi narahatlıqlar xeyli azalıb. Türkan xanım bundan sonra oğlu ilə
yanaşı, qızı Mirayı da hər
il Fizioterapiya Mərkəzinə gətirməyi düşünür.
71 yaşlı "gənc”
Fizioterapiya Mərkəzində müalicə alan ikinci qrup əlil,
Zaqatala rayon sakini, 71 yaşlı Kərim Əliyev də artıq səhhətindəki
narahatlıqların aradan qalxdığını bildirdi. Həm müalicədən, həm də xidmət səviyyəsindən,
gülərüz personaldan razılıq edən həmsöhbətimiz söylədi ki, oktyabrın 16-dan
terapiya qəbul edir və müsbət təsirini görür. O, özünü olduqca gümrah və gənc hiss
etdiyini dilə gətirdi.
Rufik İSMAYILOV
Bakı-Naxçıvan-Bakı