• çərşənbə axşamı, 23 aprel, 20:11
  • Baku Bakı 20°C

Naxçıvanın iqtisadi gücünü artıracaq dəmir yolu

12.11.18 17:50 931
Naxçıvanın iqtisadi gücünü artıracaq dəmir yolu
Türkiyənin Qars şəhəri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu xəttinin tikintisi üzrə işlər başlayıb. Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfirin sözlərinə görə, bu istiqamətdə işlər Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində aparılır: "Biz Qarsa tikintisi davam etdirilən logistik mərkəz qismində baxırıq. İşlərin indi hansı mərhələdə olduğunu deməyə çətinlik çəkirəm, lakin böyük ehtimalla yaxın iki ildə başa çatacaq. Hazırda Bakı-Tbilisi-Qars layihəsinin davam etdirilməsi işləri görülür. Söhbət dəmir yolunun Qarsdan Naxçıvana uzadılmasından gedir və bu istiqamətdə işlər artıq başlayıb”.
Diplomat qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyəni Avropa ilə bağlayan hissədir: "Hazırda BTQ ilə Qazaxıstandan Mersin limanına yükdaşıma həyata keçirilir. Bəzi yüklər Rusiyadan Türkiyə və Avropaya tədarük olunur. Gələcəkdə yükdaşıma həcminin nə qədər olacağını dəqiq demək çətindir, lakin deyə bilərəm ki, bütün potensialdan istifadə olunacaq”.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib. Bir ili tamam olan bu layihə regionda Azərbaycanın çox əhəmiyyətli təsir amili olmaqla, onu tranzit daşımalar mərkəzinə çevirir. Bu gün Xəzər dənizindən və daha sonra Qafqazdan keçməklə Mərkəzi Asiyadan yükdaşıma marşrutları xüsusi aktuallığa malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımalara maraq göstərən ölkələrin sayı get-gedə artmaqdadır. Bir çox ölkə, xüsusilə Şərq ölkələri "Bir kəmər- Bir yol” layihəsi çərçivəsində transavrasiya nəqliyyat dəhlizindən istifadəyə maraq göstərir.
Həmin dəmir yolu xəttinin Naxçıvana qədər uzadılmasının hansı iqtisadi, siyasi əhəmiyyətə malik olduğunu, bundan sonrakı mərhələdə muxtar respublikanın blokada şəraitindən çıxmasına necə təsir edəcəyini öyrənməyə çalışdıq.
Millət vəkili Azər Badamov qeyd edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin Avropaya açılan dəmir relslər üzərindəki qapısıdır: "Artıq bu marşrut ilə yükdaşımalara başlanılıb və uğurla davam etdirilir. Düşünürəm ki, yaxın gələcəkdə BTQ bütün region üçün əvəzolunmaz marşruta çevriləcək və Azərbaycanın iqtisadi və siyasi dividentləri daha çox olacaq. Torpaqlarımızın işğalından sonra Naxçıvanın Azərbaycanla quru sərhədi yoxdur. Amma Naxçıvan bizim ayrılmaz hissəmizdir və orada da yüksək iqtisadi inkişafa nail olmağımız üçün dövlətimiz çoxlu layihələr icra edir. Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər uzadılması da bu qəbildəndir. BTQ-yə qoşulması Naxçıvanın iqtisadi imkanlarını genişləndirəcək. Bu həm də Naxçıvanın da dəmir yolu vasitəsilə Avropaya birləşdirilməsi deməkdir. Bu yol layihəsinin icrası Bakıdan Naxçıvanla birbaşa dəmir yolu nəqliyyatının yaradılmasına və daşınmalarla bağlı bir çox problemlərin aradan qalxmasına imkan verəcək. Bu həm də siyasi əhəmiyyətə malik bir layihədir. Yəni, bir daha düşmənlərimizə göstərə bilirik ki, biz bütövlükdə Azərbaycanın inkişafında israrlıyıq və yaxın zamanlarda işğal altındakı torpaqlarımızı da azad edərək oralarda da belə müasir infrastruktur formalaşdıracağıq. Həm də biz dünyaya da nümayiş etdirə bilirik ki, Azərbaycanın qoşulduğu hər bir qlobal əhəmiyyətli layihə uğurla icra olunur və bu da ölkəmizin imicini möhkəmləndirir”.

İqtisadçı Pərviz Heydərov bildirir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti olduqca böyükdür: "Onun əsas əhəmiyyəti Asiya ilə Avropa arasında əlaqə rolunu oynamasıdır. Bu layihənin ideyası Azərbaycana məxsusdur. Həmin layihənin gəlirli olmayacağı haqqında fikirlər olsa da, ölkəmiz öz fikrindən dönmədi və layihəni sonuna qədər həyata keçirdi. Layihənin reallaşdırılmasında ən böyük əziyyəti Azərbaycan çəkdi. Bu layihənin icrasında bir sıra strateji məqsədlər vardı. Həmin məqsədlərin bir həlqəsini də Naxçıvanla bağlı olan məsələlər təşkil edirdi. Çox təəssüf ki, Naxçıvan hazırda Azərbaycanın əsas ərazisindən kənardadır. Yəni bu ərazilər arasında birbaşa əlaqə mövcud deyil və faktiki olaraq Naxçıvan blokada şəraitində yaşayır. Muxtar respublikaya hava nəqliyyatından başqa birbaşa gedişimiz yoxdur”.

İqtisadçı vurğulayır ki, dəmir yolunun muxtar respublikaya qədər uzanması onun iqtisadi baxımdan inkişafına və Avropa ilə Asiya arasında nəqliyyat dəhlizi rolunu oynamasına şərait yaradacaq: "Naxçıvanın qardaş ölkə Türkiyə ilə həmsərhəd olması onun üçün böyük üstünlükdür. Əgər bu əlaqə olmasa idi, çox güman ki, Naxçıvanın yaşayış səviyyəsi indikindən çətin olardı. Bundan başqa, Naxçıvanın Türkiyə ilə əlaqələrinin olması bütövlükdə Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Qeyd edim ki, BTQ dəmir yolunun bir hissəsinin Naxçıvana çəkiləcəyi də proqnozlaşdırılan məsələ idi. Naxçıvanın bu dəmir yoluna qoşulmasının həm iqtisadi, həm də siyasi baxımdan kifayət qədər müsbət təsirləri olacaq. Hesab edirəm ki, bu addım Naxçıvanın iqtisadi inkişafına, əhalinin yaşayış səviyyəsinin yüksəlişinə şərait yaradacaq. Digər tərəfdən də dəmir yolunun Naxçıvandan keçməsi BTQ-nin əhəmiyyətini daha da artıracaq. Çünki Naxçıvanın da bəlli bir iqtisadi potensialı var. Dəmir yolunun Naxçıvana çəkilməsi bu ərazinin Avropa və Asiya arasında nəqliyyat dəhlizi rolunu oynamasına birbaşa təsir edəcək”.

Turizm üzrə ekspert Müzəffər Ağakərimov Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər uzadılmasının turizm sahəsində də inkişafa töhfə verəcəyini deyir: "Ümumiyyətlə, BTQ dəmir yolu turistik baxımdan olduqca əhəmiyyətli bir nəqliyyat vasitəsidir. İndi də bu yolun Naxçıvana qədər uzadılması həmin əraziyə turların təşkil edilməsinə imkan yaradacaq. Naxçıvan Azərbaycanın dilbər guşələrindən biridir. Ora hava nəqliyyatından başqa birbaşa gediş şansının yoxluğu turizm baxımdan inkişafına əngəl törədirdi. Amma artıq bu yolun çəkilməsi ilə Naxçıvanda turizmin inkişaf edəcəyini demək olar. Əminəm ki, həm Asiyadan, həm də Avropadan gələn turistlər üçün çox maraqlı olacaq. Çünki Naxçıvan həm tarixi abidələri, həm mətbəxi, həm də folkloru ilə kifayət qədər zəngindir. Bu, turizm şirkətləri üçün də yaxşı fürsətdir. Naxçıvana yeni və maraqlı turlar təşkil etmək olar”.

Günel Azadə
banner

Oxşar Xəbərlər