• çərşənbə, 24 Aprel, 15:03
  • Baku Bakı 27°C

Naxçıvan xanlığının tarixindən bəhs edən interaktiv dərs keçirilib

29.01.18 14:20 472
Naxçıvan xanlığının tarixindən bəhs edən interaktiv dərs keçirilib
"İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə bölmədə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında cari ilin ilk açıq dərsi təşkil olunub.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin "Azərbaycanda xanlıqların yaranması: Naxçıvan xanlığı” mövzusunda apardığı dərsdə şagirdlərə Azərbaycan xanlıqlar arasında özünəməxsus yeri olan Naxçıvan xanlığının yaranması, ərazi bölgüsü, idarə sistemi, dövlət atributları, ordu quruculuğu, diplomatik münasibətləri və Türkmənçay müqaviləsi haqqında geniş məlumat verilib. Bildirilib ki, Naxçıvan xanlığının əsasını Nadir şah Əfşarın ölümündən sonra 1747-ci ildə Kəngərli tayfasından olan Heydərqulu xan qoyub. Tədqiqatçı alim Naxçıvan xanlığının ərazisi 1747-1797-ci illərdə 9428,7 km2, 1798-1828-ci illərdə isə 4642, 83km2 olduğunu deyib.
Musa Quliyev Naxçıvan xanlığının qonşu xanlıqlar və dövlətlərlə yaratdığı əlaqələrdən bəhs edərək xanlığın mərkəzi Naxçıvan şəhərinin Orta və Yaxın Şərq ölkələrindən Rusiya və Avropaya gedən ticarət yollarının üstündə yerləşdiyini və nəticədə bir çox ölkələrin hədəfində olduğunu diqqətə çatdırıb. Alim tarixi faktların Naxçıvan və İrəvan xanlıqlarının qədim Azərbaycan torpaqları olduğunu sübut etdiyini deyib.
Ümummilli lider Heydər Əliyevin "Mən daha çox istərdim ki, Naxçıvan xanlığının tarixi çox gözəl yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi var. Bu xanlıq nə vaxt yaradılıbdır, fəaliyyəti nədən ibarət olubdur? Axı, Naxçıvanı idarə ediblər. İrəvan xanlığı var. Naxçıvan xanlığı ilə İrəvan xanlığı bir-biri ilə çox bağlı idi... Naxçıvan xanlığını siz dərindən öyrənəndə, mütləq İrəvan xanlığına gedib çıxacaqsınız...” sözlərini xatırladan Musa Quliyev Naxçıvan xanlığının tarixinin hərtərəfli araşdırılmasının ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdən (1969-cu ildən) başlandığını söyləyib.
İnteraktiv dərs ümumilikdə muxtar respublikanın 215 ümumtəhsil məktəbində izlənilib.
banner

Oxşar Xəbərlər