• şənbə, 20 Aprel, 16:59
  • Baku Bakı 23°C

NATO-nun yükləri Xəzər vasitəsilə daşına bilər

19.04.19 17:37 625
NATO-nun yükləri Xəzər vasitəsilə daşına bilər
Mayın 22-də Vaşinqtonda keçiriləcək IV Transxəzər forumunda tək region üçün deyil, beynəlxalq əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi baş tutacaq. Dünyanın müxtəlif ölkələrini təmsil edən siyasi və sahibkar dairələrin nümayəndələrinin qatıldığı tədbirdə Şərq-Qərb Transxəzər ticarət-tranzit dəhlizi ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq. Nəzərə alsaq ki, Azərbaycan bu marşrutun önəmli hissəsidir - onda bu forum ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb edəcək. Məlumat üçün bildirək ki, bu yaxınlarda Astanada "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Assosiasiyasına üzv dövlətlər arasında tranzit yüklər və tariflərin razılaşdırılması ilə bağlı protokollar imzalanıb. Tədbirdə Azərbaycan üzərindən keçən tranzit yüklərin formalaşdırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna "Orta Dəhliz” (Middle) adının verilməsi, yükdaşımaların Azərbaycan üzərindən daşınmasının daha da asanlaşdırılması, Qazaxıstan və Çin yüklərinin Gürcüstandan keçərək Türkiyəyə daşınması, Polşadan gələn yüklərin Qazaxıstana daşınmasında yeni tariflərin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub. Rəsmi Bakı bəyan edib ki, yükdaşımalara yeni qiymətlər müəyyənləşdirilib. Bu gün belə nəticəyə gəlinib ki, Qazaxıstanın ixrac potensialı araşdırılsın, bu ölkədən yüklərin Azərbaycan üzərindən Avropaya çatdırılması üçün qiymətlər müəyyənləşdirilsin. Məqsəd də Azərbaycanı bir mərkəzə çevirməkdir.
Rusiyanın "Nezavisimaya qazeta” qəzetində forumla bağlı dərc edilən məqalə bildirilir ki, Xəzər regionu ən müxtəlif təyinatlı, o cümlədən hərbi yüklərin və malların daşınmasını təmin edəcək iri logistik haba çevrilir. Ən əsası, bu dəhliz NATO-nun Əfqanıstan yüklərinin daşınmasında istifadə oluna bilər. Ekspertlər hesab edirlər ki, ABŞ Xəzəryanı regionda ardıcıl olaraq fəaliyyət göstərir, maksimal şəkildə öz mövqelərini möhkəmləndirməyə çalışır. Azərbaycan hələ 2016-cı ildə Transxəzər forumunun keçirilməsinin təşəbbüskarı qismində çıxış edib. Hər il ABŞ və Avropa İttifaqının dəstəyi ilə keçirilən tədbirdə enerji təhlükəsizliyi, region dövlətlərinin boru xətlərinin şəbəkəsinin genişləndirilməsi, o cümlədən Transxəzər qaz kəməri layihəsi, digər infrastruktur təkliflərin inkişaf etdirilməsi müzakirə olunur.
"Baku Network” Ekspert Şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov qəzetə müsahibəsində bildirib ki, Xəzərin statusunun müəyyən edən Konvensiya imzalandıqdan sonra region üçün yeni iqtisadi imkanlar açılıb: "Xəzərdə özlərinin geosiyasi məsələlərini həll etmək üçün regiondankənar dövlətlərin burada möhkəmlənəcəyi barədə "şübhələr” artıq həllini tapıb. Bu gün Xəzər hövzəsində əlverişli şərait yaranıb. Xəzəryanı oyunçular arasında yaxınlaşma hiss olunur – ölkələr nəqliyyat dəniz kommunikasiyalarının inkişafında maraqlıdırlar”. Onun sözlərinə görə, Xəzərdə nəqliyyat dəhlizlərinin inkişafında əsas xətt Azərbaycanda inşa edilən Ələt dəniz limanı oldu. Bu liman il ərzində 15 milyon ton yük daşımaq qabiliyyətinə malikdir. Ən əsası, Qazaxıstan, Türkmənistan, İran və Rusiyaya yüklərin daşınmasını təmin etmək iqtidarındadır. Eləcə də, Özbəkistan və Əfqanıstan istiqamətində fəaliyyət genişlənir. Ekspert əlavə edib ki, hazırda gömrük sədlərinin unifikasiyası prosesi gedir – malların bütün yollar, ölkələr boyu gömrük prosedurlarından azad edilməsi nəzərdə tutulur. Bundan əlavə ölkələr tarif qiymətlərinin unifikasiyası ilə də bağlı razılığa gəlmək haqqında danışıqlar aparırlar. Onun qənaətincə, ölkələrin vahid tarif sisteminə keçilməsi yaxşı olardı. Bu perspektivli layihə nəinki Azərbaycana, eləcə də, regionun bütün dövlətlərinə mənfəət gətirmiş olacaq. Forumun saytında bildirilir ki, Transxəzər ticarət-tranzit dövriyyəsi 400 milyard dollarlıq bazarı təmin etmək iqtidarındadır. Bu, Avropa İttifaqı və Çinin iqtisadiyyatlarının birləşdirilməsində "birləşdirici” rol oynaya, Rusiya, İran, Pakistan və Hindistanın bazarlarına çıxışı təmin edə bilər. Xəzərdə digər bir liman - Türkmənbaşının açılması isə Qara dəniz hövzəsi, Yaxın Şərq, Avropa ölkələri, Asiya-Sakit okean regionu və Cənubi Asiyaya qitələrarası dəniz daşınmalarını həyata keçirilməsi imkanlarını yaradaraq, maksimal dərəcədə yol qət edilməsini azaldır. Onun ilik yükburaxma qabiliyyəti (neft məhsulları nəzərə alınmadan) 17 milyon tondur. Bu liman Əfqanıstan-Türkmənistanın lider olduğu və Xəzər dənizi ilə Azərbaycan-Gürcüstan-Türkiyənin qatıldığı Lapis Lazuli (Lazurit dəhlizi) dəhlizinin əsas halqasına çevrilib. Nəzərdə tutulub ki, bu marşrut üzrə yüklər Əfqanıstana və geriyə daşınacaq. Ola bilsin ki, bu marşrut üzrə NATO-nun da yükləri daşınsın. Bu məsələ Aşqabadda Mərkəzi Komandanlıq (CENTCOM) nümayəndə heyəti və ABŞ-ın hərbi təhlükələrin azaldılması üzrə Agentliyinin nümayəndələri arasında da müzakirə olunub.
Onu da qeyd edək ki, Xəzərin statusu üzrə Konvensiya, dənizdə hərbi bloklar və qeyri-region dövlətlərin iştirakını qadağan edir. Lakin Konvensiyanın mətnindən aydın olmur ki, prinsip etibarilə belə bir tranzit mümkündürmü? Elxan Ələsgərovun qənaətincə, NATO yüklərinin daşınması, əldə olunan razılaşmalara zidd deyil. "Qeyd etmək gərəkdir ki, Əfqanıstanda NATO ölkələrinin iştirak etdiyi konseptual mənada antiterror müharibəsi gedir və buna müvafiq olaraq da ora hərbi yüklər daşınır. NATO hansı ölkələr və hansı yüklərin getməsini müəyyən edir. Bu, bağlı mövzu deyil, hər şey razılaşdırılıb və sənədləşdirilib. Azərbaycanlılarda belə bir məsəl var: "Örtülü bazar, dostluğu pozar”. Bütün bunlar leqal, region ölkələrinin ABŞ və NATO ilə imzaladıqları sazişlərə uyğundur. Burada hər hansı bir gizli razılaşmalardan söhbət getmir. Hər bir məsələ Azərbaycanın da daxil olduğu antiterror koalisiya çərçivəsində həyata keçirilir. Əfqanıstanda Azərbaycan hərbi heyəti təmsil olunur və onlar dinc prosesin dəstəklənməsində yardım göstərirlər.
Politoloq Sergey Jilçov isə hesab edir ki, Rusiyanın Xəzəryanı regionda mövqeyi Konvensiyada əks olunan məsələlərdən fərqlənir. "Məsələn, Moskva hesab edir ki, Xəzərin dibi ilə inşa ediləcək Transxəzər boru xətti ekoloji ekspertiza keçirildikdən sonra regionun bütün dövlətlərinin iştirakı ilə reallaşsın. Xəzəryanı dövlətlər isə hesab edirlər ki, bu məsələnin ikitərəfli qaydada reallaşması mümkündür. Eyni yanaşma Xəzərdə üçüncü dövlətlərin iştirakı məsələsinə də aiddir. Qadağalara baxmayaraq, ayrı-ayrı ölkələr hərbi sahədə əməkdaşlığa getməkdə davam edirlər. ABŞ, ötən əsrin 90-cı illərinin aqressiv - nəyin bahasına olursa-olsun öz mövqeyini yeritmə siyasətindən fərqli olaraq, indi daha ehtiyatlı fəaliyyət göstərir. Lakin istənilən halda, öz məqsədinə çatmaq istəyi hələ də ortadan qalxmayıb”, - deyə rusiyalı politoloq fikrini tamamlayıb.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər