• şənbə, 20 Aprel, 00:38
  • Baku Bakı 15°C

NATO Dnestryanı bölgənin sərhədlərinə nəzarət edəcək?

21.10.19 20:37 1278
NATO Dnestryanı bölgənin sərhədlərinə nəzarət edəcək?
Dnestryanı bölgə və Ukraynada mövcud vəziyyət oktyabrın sonunda NATO baş katibi Yens Stoltenberqin Kiyevə səfəri zamanı diqqət mərkəzində olacaq. Səfər, əslində Odessa vilayəti və Dnestryanı bölgədə vəziyyətə həsr olunan NATO-Ukrayna iclası ilə bağlı olsa da, əsas prioritet "Qara dəniz təhlükəsizliyi”nə ayrılacaq. Toplantıda Moldova və Ukrayna rəhbərliyi də təmsil olunacaq. Rusiya nəşrləri toplantı ərəfəsində yazıblar ki, tanınmamış Dnestryanı bölgənin Moldova və Ukrayna ilə sərhədində NATO sülhməramlıları və qoşunlarının yerləşdirilməsi gündəmə gələcək. Bölgəyə Ukrayna Silahlı Qüvvələrinin NATO ilə əməkdaşlıq edən hərbi birləşmələri və Moldova Silahlı Qüvvələrinin iki rotası yeridiləcək. Bu da indidən Dnestryanı bölgədə gərginliyi n artma ehtimalını gücləndirib. Ukrayna Silahlı Qüvvələri Baş qərargahının "facebook” səhifəsində yerləşdirilən məlumatda bildirilir ki, Kişinyovda ötən həftə operativ imkanlar mövzusunda keçirilən toplantıda bu məsələ diqqət mərkəzində olub. NATO-nun Kiyevdəki ofisinin rəhbəri Aleksandr Vinnikov bildirib ki, Stoltenberqin oktyabrın 31-də Kiyevdə keçirəcəyi tədbirdə prezident Vladimir Zelenski də iştirak edəcək. Ukrayna xarici işlər naziri Vadim Pristayko bildirib ki, əsas diqqət Odessa vilayətindəki vəziyyətə, eləcə də, Qara dənizdə təhlükəsizlik məsələlərinə həsr olunacaq. Vinnikov və Pristaykonun çıxışlarına istinad edən "Moldovskie vedomosti” yazır ki, Stoltenberqin Kiyevə səfəri ilə eyni vaxtda, Odessa limanına alyansın, içərisində quru kontingent qüvvələrinin olduğu gəmi də daxil olacaq. V.Pristaykonun NATO baş katibinin səfərinin yoxlama xarakteri daşımayacağı barədə bəyanatına baxmayaraq, aydındır ki, Ukrayna Silahlı Qüvvələrinin ayrı-ayrı bölmələri üzərində Alyansın nəzarəti olacaq. Qeyd edilir ki, Kişinyovda operativ imkanlar mövzusunda keçirilən və 71 dövlət nümayəndələrinin iştirak etdiyi konfransda məhz NATO silahlı qüvvələrinin sülhyaratma əməliyyatlarında iştirakı müzakirə olunub.
Yeri gəlmişkən, yayılan məlumatlara görə, Ukrayna "Minsk razılaşmaları”nın siyasi bəndlərini yerinə yetirməzdən əvvəl, bir çox başqa tədbirlərlə yanaşı, Rusiyaya bağlı separatçıların yaratdığı DXR (Donetsk Xalq Respublikası) və LXR (Luqansk Xalq Respublikası) kimi qondarma qurumların ləğv edilməsini və Rusiya-Ukrayna sərhədi üzərində Ukrayna sərhədçilərinin nəzarətinin bərpa olunmasını tələb edib. Ukrayna tərəfinin bu tələbləri barədə özünün "Facebook” səhifəsində Ukraynanın Minsk danışıqlarındakı əsas nümayəndəsi Leonid Kuçmanın xüsusi təmsilçisi Darya Olifer yazıb. Tələblərdən biri də Rusiya ilə sərhəd də daxil, bütün Ukrayna ərazisində müşahidəçiliyin ATƏT missiyasının nəzarətinə verilməsidir. Bundan başqa Kiyev Ukrayna ərazisindən bütün xarici qoşunların çıxarılmasını, Donbasda qarşı duran qüvvələrin ayrılmasını və separatçılara tabe ərazilərdə Ukrayna seçki orqanlarının işinə imkan yaradılmasını tələb edir. Ukrayna bildirir ki, yalnız bundan sonra Donetsk və Luqansk vilayətlərindəki bəzi ərazilərdə seçki keçirilməsi və bu ərazilərə xüsusi statusun verilməsi mümkündür. Bundan əvvəl Ukrayna tərəfinin bu tələblərini prezident və xarici işlər naziri də səsləndirmişdi.
Minskdə ötən həftə keçirilən danışıqlarda Ukrayna və rusiyayönlü separatçılar Donbasda qoşunların geri çəkilməsinə dair razılığa gələ bilməyiblər. Ukrayna nümayəndələri bundan əvvəl bildirmişdilər ki, qoşunların təmas xəttindən geri çəkilməsi üçün 7 gün ərzində atəşkəsin pozulmaması şərtdir. Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Moskva Kiyevin bu şərtlərinin, onun Minsk danışıqlarındakı şərtlərdən geri çəkilib-çəkilmədiyi olduğu barədə qərara gəlməlidir. O, əlavə edib ki, Kiyevin bu şərtləri Moskva üçün gözlənilməz olub. Özünü müstəqil elan etmiş DXR-in rəhbəri Denis Puşilin deyib ki, Minsk razılaşmasının tətbiq olunması üçün Ukrayna dövləti tamamilə "demontaj” edilməli və "yeni” Ukrayna yaradılmalıdır. Bundan əvvəl rusiyayönlü separatçılar Kiyevin yeni şərtlərinin qeyri-məqbul olduğunu bildirmişdilər.
Son günlər ərzində Kiyevdə və Ukraynanın başqa şəhərlərində Rusiyaya güzəştlər edilməsinə qarşı etiraz aksiyaları keçirilir. Ukrayna prezidenti deyib ki, Rusiya ilə danışıqlarda "kapitulyasiyaya” razı olmayacaq. O da bildirilir ki, Zelenski Rusiyanın dəstəklədiyi üsyançıların adekvat cavab verəcəyi təqdirdə, bütün qoşunları ölkənin şərqindəki cəbhə xəttindən geri çağırmağı planlaşdırır. Bunu ölkənin xarici işlər naziri Vadim Pristayko Ukrayna televiziyasında çıxışı zamanı bildirib. Bu cür geriçəkilmə cəbhə xəttindəki kəndlərdən birində artıq baş verib. O, həmçinin əlavə edib ki, gələn həftə Rusiya ilə növbəti əsir mübadiləsinə ümid edir. Zelenski hakimiyyətə gələrkən ölkənin şərqindəki beşillik münaqişəyə son qoyacağına söz verib. Separatçılar isə bildirirlər ki, Ukrayna prezidenti onların nəzarətində olan ərazilərdə öz şərtlərini diktə edə bilməz. Əsirlərin dəyişdirilməsini şərh edən Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya hamının hamıya prinsipi ilə mübadilənin tərəfdarıdır. Sentyabrın 7-də baş tutmuş əsirlərin dəyişdirilməsi, aradakı gərginliyin mülayimləşdirilməsi üçün ümid yaradıb.
Azər
banner

Oxşar Xəbərlər