• cümə, 29 Mart, 09:32
  • Baku Bakı 5°C

Natəvan Dəmirçioğlunun nəsri

12.02.18 16:10 2038
Natəvan Dəmirçioğlunun nəsri
Natəvan Dəmirçioğlunun yaradıcılığını hərtərəfli özündə birləşdirən bir söz var: AZƏRBAYCANÇILIQ. Böyük hərflərlə yazılan və əsərlərin ruhunu, mayasını təşkil edən bu kəlmə müəllifin yaradıcılığından əsas xətt olaraq keçir və vətənpərvərlik, xalqına, millətinə, vətəninə sadiqlik kimi ali keyfiyyətləri özündə ehtiva edir.
Yazıçının "Birinci kitab" (povest və hekayələr) adlı əsərlər toplusundan cəmi bir neçə günə böyük həvəslə oxuduğum bir-birindən orijinal "Səbət", "Yetim", "Üç nöqtə", "Dözüm”, "Avey əfsanəsi", "Kəlağayı” kimi maraqlı əsərlərində müəllifin dili axıcı, zəngin və rəngarəngdir. Şübhəsiz ki, bu əsərlər barədə kitaba ön söz yazmış akademik Nizami Cəfərovdan sonra söz söyləmək xeyli çətin və məsuliyyətlidir. Hörmətli akademik "Birinci kitab"a Ön sözdə "Türkün mifoloji düşüncə tərzi, Türkün etnoqrafik yaddaşı, İslam dinindən əvvəlki ilkin Türkün dini - Tanrıçılıq görüşləri, aydın dil və yaddaşda qalan obrazlar: 90-cı illər ədəbi nəslinə mənsub olan Natəvan Dəmirçioğlunun yazılarında bunları gördüm” yazmışdı. Lakin bir qələm əhli olaraq düşündüklərimi qeyd etməyi mən də özümə borc bilirəm.
Oxucunu sanki öz ağuşuna alıb aparan bu əsərləri oxuduqca bu qənaətə gəlmək olar ki, Natəvan Dəmirçioğlu müstəqillik dövrü Azərbaycan ədəbiyyatında uğur qazanan yazıçılarmızdandır. Onun əsərləri fərqli ədəbi üslubda yazılmış, orijinal fakturalı, çox maraqlı obrazlar təqdim edən və dil-üslub xüsusiyyətləri ilə diqqəti çəkən, dəyərli proza nümunələridir.
Natəvan Dəmirçioğlu nəsrinə ədəbi manevrlər nəsri demək olar. Müəllif "Səbət" əsərində adi məişət əşyası olan səbəti elə simvolizə edir ki, səbət insanın yaşam tərzinin, psixoloji durumunun göstəricisinə çevrilir. İnsanın həyatında səbət - yəni dolanışıq hansı mahiyyəti kəsb edir? Eyni zamanda insanın mənəvi dünyası, onun maddiyyatı ilə bir arada ən müxtəlif aspektlərdən təqdim olunur. Əsərdə səbət həm də geniş anlamda Yer kürəsini simvollaşdırır. "Səbət"də müəllif səbət sözünün bir neçə mənasını açıqlayır, dilimizin zənginliyinə işarə edir. Səbət əsərdə həm ruzi, bolluq-bərəkət rəmzi kimi qavranılır, eyni zamanda özünü lovğa aparanın "göydən səbətlə düşmək" kimi məcazı ilə təzadlaşdırılır. Əsərin personajları - Kişi - "İşgüzar adam", Qadın – "Gözəlim" ümumiləşdirilmiş obrazlardır. Bunlar eyni zamanda tipik obrazlardır və orijinaldırlar.
Əsərdə bolluca folklor nümunələri, bayatılar, el deyimləri, inanclar, sınamalar da üstünlük təşkil edir. Xalqımızın əsrlərdən bəri qoruyub saxladığı şifahi söz boğçası görünür milli-məfkurəli müəllifi daha çox cəlb etmiş və onu elə şəkildə təqdim edə bilmişdir ki, bu əsərlərin məna tutumuna daha da zənginlik gətirmişdir. Daha bir diqqətiçəkən məqam odur ki, Natəvan xanım yeri düşdükcə gah obrazlar vasitəsilə, gah da təhkiyənin dili ilə oxucuya həm də tərbiyəvi, əxlaqı-didaktik lövhələr təqdim edərək, bəzi vacib psixoloji məsələlərə toxunur. Məsələn: "...Lovğalanma, dostundan artıq görünməyə çalışma, düşmənə yanıq vermə, üzünə təriflənməkdən qorx, inamlara inam gətir. ...Bir də özündən xoşun gələndə "şeytana lənət de" ("Səbət”) Və yaxud: "...İnsan şükürsüzdür, doyumsuzdur. İnsanın bədbəxtliyinə səbəbdir doyumsuzluğu. Torpaq torpaqdır ki, suyu istədiyi qədər içir. Artığını udmur, qalır. Suyun özünə nə verirsən ver, qənd, duz, lap bal, doyana qədər əridir, udur. Doydu, qurtardı. Qalanla işi yoxdur. Amma insan?! Barmağını qatla ki, nədən doyur. Heç nədən! Odur ki, gen dünyanı gəzsən xoşbəxt Adəm övladı tapmazsan. Doysa tapılardı. Nəfs qoymur insanı xoşbəxt olmağa” ("Yetim”)
Göründüyü kimi müəllif insan xarakteri ilə təbiət hadisələri arasındakı oxşar və fərqli cəhətləri əks etdirərək, maraqlı məqamların bədii paralellərini təqdim edir.
"Yetim" povestinin bədii tutumu, məna dərinliyi, obraz yeniliyi ilə diqqət çəkən əsər, süjet baxımından da olduqca maraqlıdır. Əsərdə obrazların təsviri ilə əhvalatların gedişi müəyyən bir harmoniya, ahəngdarlıq təşkil edir. Natəvan Dəmirçioğlunun dininə, dilinə, tanrısına qəlbən bağlılıq kimi keyfiyyətləri, təmiz, saf türkçülük ruhu və soykökünə, milliliyinə sadiqlik hissi "Yetim"də özünü qabarıq büruzə verir. "Yetim" əsərində müəllifi düşündürən ən böyük faciə isə insanın Allahdan yetim qalmasıdır.Diqqət edirik: "Bir olan Tanrım! Adı minbir bir, özü bir olan Tanrım! Özündən yetim qoyma məni!”
Müəllifin xarakter cizgilərini açmaqda sanki bir kod açarı rolu oynayan bu əsəri yazıçının və ümumən müstəqillik dövrü Azərbaycan ədəbiyyatının uğuru hesab etmək olar. Ayıqdüşüncəli, həssas müəllif məhz "Yetim" əsərində olduqca bəşəri bir mövzuya toxunmaqla, bütün dövrlər üçün aktual olan ümumbəşəri məsələ qaldırmışdır: Şərin, şeytanın qarşısında yenilməmək, daxili gücünə və Tanrısına tapınmaq. "Özündən yetim qoyma məni!" nidası ilə təkrarən Tanrısına xitab edən müəllif bütün oxucularını, bütün gəncliyi bu çağırışa qoşulmağa səsləyib. Müəllifin nida dolu, hiss-həyəcan dolu bu çağırışında təbiiliklə yanaşı həm də gərgin bir ciddilik vəhdət təşkil edir.
Əlbəttə, simvolik məna daşıyan "Yetim" əsəri həm də ikiqatlı, ikiplanlı təqdim olunur. Üst qatda dediyim kimi adi bir yetimdən bəhs olunsa da, ikinci qatda "Allahdan yetim qalmağın" xofu müəllifi dinc buraxmır.Diqqət edirik: "...Dərd odur ki, körpə ata-anasız, yaşlı adam oğul-uşaqsız olsun. Bunlardan da ağır dərd odur ki, Allahdan yetim qalasan”. Müəllif əsərdə yenə də humanizm prinsiplərinə söykənərək gah müdrik bir insan kimi çıxış edir, öyüd-nəsihət verir, yol göstərir, gah təbiilikdən, sadəlikdən danışır, gah da təcrübələrini oxucu ilə bölüşür: "Molla Feyzullah eşitdirmişdi ki, subay qocalan adamın günah yükündən onun ətrafındakılara, qohumlara da pay düşür. Subayları evləndirin.” "...Ata-babalarımızın dərdini çəkməyin. Ən böyük kefi onlar görüblər. Ətrafla heç bir əlaqəsi, ünsiyyəti olmayan qadın, yığılmış enerji, xərclənməmiş emosiya deməkdi. Bizim ata-babalarımız bax, buna sahib olublar". ("Yetim”) Və yaxud: "Nə öyrənirsən uşaq vaxtı öyrənirsən. Böyüyəndə insan heç nə öyrənmir. Problemləri həll edə-edə təcrübə toplayır. Bir də pislərlə bacarmaq üçün pisliklər öyrənir”, "...O bir-birini sevib gəzənlər var ha, onlar sevgilərini yolda izdə itirə-itirə gəlir, axıra bir şey qalmır” ("Səbət”) və s. bu kimi deyimlərlə oxucuya çox şey öyrədir.
İnsanın ali keyfiyyəti kimi elmi, ağılı, təmizliyi, halallığı və səbri üstün keyfiyyət sayan müəllif hətta, şeytanın da səbri dəyərləndirdiyini önə çəkir: "Səbri ver mənə. Yalvarıram, səbri ver mənə! Kimlər sənə əzizdir, onların canına and verirəm, səbri ver mənə!” ("Yetim”)
Müasirliklə milliliyin qovşağında yaranan "Yetim" əsəri dil zənginliyi, təsvir və ifadə bolluğu ilə də diqqəti çəkir: "Qarını büküb beş yaşlı uşağın qucağına vermək olardı" (litota), "Dərd odur ki, bir millət Allahdan yetim qala" (metonimiya)," "Kəlağayı doqqazın eşik tərəfində, mafənin üstündə yellənirdi... Neçə yas görmüşdü bu baş örtüyü. Yiyəsinin ağladığı qədər duzlu göz yaşları udmuşdu ucları" (metafora), "Səni görüm ölmüyəsən, quruyub-quruyub quşca ətinə dönəsən"(qarğış) ("Yetim”) və s.
Povestdə müəllif "Qəlp mal yiyəsinindir", "Allah səni göylər kimi dirəksiz saxlasın", "El içində, öl içində", "Erməni qan gördü!", "Müsəlmanın sonrakı ağlı", "İslanmışın yağışdan nə qorxusu" və sair bu kimi el deyimlərindən də yerli-yerində istifadə edib.
Ara sözlər, dialekt və şivələr də əsərin bədii tutumuna əsla xələl gətirmir, əksinə onu bir az da rəngarəng və oxunaqlı edir.
Natəvan Dəmirçioğlu "Yetim” əsərində insanın mifoloji görüşlərinin, mistik düşüncəsinin ən dərin qatlarına çox cəsarətlə eniş edir. Hətta, biz, bu qədər dərinliyə enməni müstəqillik dövrü ədəbiyyatımızda kişi yazarların əsərlərində belə görmürük. Natəvan Dəmirçioğlu "Yetim” povestində olduqca orijinal yazıçı qələmini bir daha təsdiq edir.
"Ölümcül ayıldığı yuxudan dörd bir yana baxdı. Onu axtardı. Heç kəs yox idi. Bəs bu səs hardan gəlirdi?
- Axırına çıxacam sənin!
- Allah sənə lənət eləsin. Özündən böyük danışma. Axıra çıxan sən deyilsən. "Əzrail” deyil onun adı?
- Əzraildən əvvəl mən gəlirəm, sonra O gəlir.
- Allah lənət eləsin sənə.
- Onu demə! Bircə onu demə! Aman ver! Heç uymamısan mənə? İndi deyəcəksən ki, yox!? Budur deyirəm: Torpaqdan yaranıb, torpağa dönənin bircəsi də məndən ötəmməz. Tanımıram eləsini!
- Lənət sənə, olub elə iş. Qeybət eləmişəm. Bir də tanış qadın haqqında "O düz yolun adamı deyil” demişəm.
- Bildim, olanı demisən.
- Olanı, ya olmayanı! Elə pisi də odur ki, hamının bildiyi pislikdən danışasan. Ya hamının tanıdığı axmağa "axmaq” deyəsən.
- Sənə Əzrail lazım deyil. Mənlik də bir işin qalmır. Özün öz axırına çıxacaqsan...” ("Yetim”)
Turançılıq, tanrıçılıq, totemist görüşlər, mifoloji düşüncə tərzi Natəvan Dəmirçioğlunun əsərlərinin əsas qayəsidir. Qəribədir ki, xanım müəllif mifoloji qatda çox sərbəst işləyir. Təhkiyə dili və obrazların dialoqu həyatda olduğu kimi təbiidir:
"...Səssizlik oldu bir an. Bəlkə də bir kirpik çalımı. Buza dönmüş boynunu döndərib dala baxdı. Bəlkə arxada kimsə var? Yoxdur heç kəs. Səs yaxından gəldi bir də: ("Yetim”)
Tədqiqatçılar Natəvan Dəmirçioğlunun əsərlərində etnoqrafik yaddaşın, mifoloji düşüncə tərzinin güclü olduğunu dəfələrlə qeyd edirlər. Professor Nizaməddin Şəmsizadə də Natəvan Dəmirçioğlununyaradıcılığından bəhs edən "Azərbaycan milli mənəviyyatının böyük təssübkeşi” məqaləsində bu cəhəti xüsusi vurğulayır: "Bu əsərlərdə Azərbaycan mifik təfəkküründən, Azərbaycan epos mədəniyyətindən, Türk epos mədəniyyətindən gəlmə bir şirinlik, bir doğmalıq var” deyə yazır və professor eyni zamanda, "Natəvan xanımın əsərlərinin gücü, gözəlliyi gözlənilməzliyindədir” deyir.
Etnoqrafik doğmalıq, mili xüsusiyyət xanım müəllifin əsərlərində həm bədii mətnin daxili strukturunda, həm obrazların nitqində və xarakterində, həm də əsərin üst hissəsində membranında özünü göstərir: "...Açıq darvazadan içəri girdi. Bir doğmalıq duydu. ...Yazağzıydı deyə, xırdaca otlar göyərmişdi. Torpaq və ot ətri vurdu onu. Allah, Allah burda necə də hər şey doğmaydı. Uzaq-uzaq keçmişləri yada salırdı. Bir tərəfdə araba təkəri atılıb qalmışdı, qoyun-quzu bir-birinə qarışmasın deyə xalxal kəsilmişdi quzulara. Ocağın üstündə mis qazanda su buxarlanırdı, ağsaqqal bir kişi ağac kötüyünün üstündə oturub təsbehini dizinə keçirmişdi, bir az aralıda xoruz toyuqları başına yığıb eşələnirdi. Axşam tərəfinin alatoranı bu sakit həyətə daha bir sakitlik ələmişdi. O, heç vaxt görmədiyi bu həyətdə bir doğmalıq hiss edib, quruyub qalmışdı. ("Yetim”)
Natəvanın hekayə və povestlərində yazılma tarixindən asılı olmayaraq dəyişməz milli kolorit var. Eyni zamanda bu bədii materiallar dünyanın bir sıra dillərinə tərcümə olunub və uğur qazanıb. Natəvan doğrudan-doğruya istedadlı Azərbaycan yazıçısıdır. Qəribədir ki, azərbaycanlılıq onda bir keyfiyyət kimidir, hər sətrində duyulur. Bəlkə də bu ondan irəli gəlir ki, Natəvan Dəmirçioğlunun nəsri bir çoxlarında olduğu kimi mütaliədən yox, həyatdan gəlir.
"Yetim” əsərindən kiçik, amma mükəmməl bir detal: "...Nənəsi yarpıza göndərmişdi onu. Yarpızı çoxdan yığmışdı. Torbanın ağzını bağlayıb, atmışdı arxın qırağında otların üstünə. Gün günortadan əyildiyindən su isinmişdi. Yay idi deyə hər yerdə yarpız qatıb ötmüşdü. Arxın qırağında, sudöyəndə isə həmişə təzə yarpız olurdu. Bəs deyincə oynadı: üzünü suya salıb, açıq gözlərlə arxın dibinə baxdı, hardansa axıb gələn bir əlçim yunu çubuğa keçirib bayraq kimi havada yellədi, qızlara verməyə beş dənə yumru, sığallı "beşdaş daşı” tapdı, dəvədabanı yarpağının üstünə qoydu, suyun kənarında, palçıqlıqda dalbadal gedən on adamın ayaq izini düzəltdi, otlardan yolub suda axıtdı "kef elədi”. Birdən yadına düşdü ki, nənəsi onu gözləyir...”
Professor Cahangir Məmmədli "Natəvan Dəmirçioğlunun nəsr dünyası çox maraqlı obrazlarla zəngindir... Natəvan Dəmirçioğlunun nəsri çox müasir ritmə malikdir”fikrini xanım yazarın əsərlərindən gətirdiyi misallarla elmi cəhətdən sübut edir.
Təsadüfü deyil ki, Natəvan Dəmirçioğlunun "Yetim" əsəri həm də qonşu, qardaş Türkiyə ədəbi mühitində çox böyük maraqla qarşılanıb və 2014-cü ildə ayrıca kitab şəklində çap olunub. Onu da deyək ki, Azərbaycanlı yazıçı Natəvan Dəmirçioğlunun "Yetim” əsəri Türkiyədə "Ölmədən öncə okumanızgərəkən 1001 kitab” seryasından "İlin ən yaxşı 50 romanı" seriyasında nəşr edilib.
Turançılıq, tanrıçılıq, azərbaycançılıq Natəvan xanımın əsərlərinin əsas qayəsidir. Onun digər əsərlərində də, dövlətçilik tarixinin qədimliyini sübuta yetirən çoxlu faktlara, dəlillərə rast gəlirik. "Üç nöqtə”, "Avey əfsanəsi”, "Kələğayı” kimi əsərlərinə hətta tarixi əsər demək olar. "Üç nöqtə”, əsərində dilimizin saflığı uğrunda mübarizə, 90-ci illər 20 yanvar faciəsini xatırladan təsirli lövhələr təqdim olunur.
Qazaxda məşhur Avey dağının yaranması ilə bağlı yarı tarixi, yarı əfsanəvi rəvayət "Avey əfsanəsi" əsərinin süjetini təşkil edir. "Kəlağayı"da kəlağayını isə müəllif Azərbaycan qadınlarının abır-həya, ismət, xanımlıq rəmzi kimi dəyərləndirib.
Hələ gənclik illərində qələmə aldığı "Avey əfsanəsi" hekayəsində hər detal nə qədər təbiidir: "...Bənövşə onun yanına gəldi. Avey sudan barmaq boyda iki dənə rəngli balıq tutub göstərdi. Qız sevincdən atılıb düşdü. Sonra ağ-appaq əllərini çökəldib dedi:
- At ovcuma.
Avey də susuz qalmış sürüşkən balıqları onun ovcuna qoydu. Elə o anda qız qışqırıb balıqları yerə atdı. Əllərinə baxdı, heç nə yox idi. Avey utana-utana dedi:
- Niyə qorxursan ki, onlar heç nə eliyə bilməzlər...”
Professor Buludxan Xəlilov Natəvan Dəmirçioğlunu "Hər sətirində yaddaş tarixi, düşüncə tarixi olan yazıçı” adlandıraraq yazır: "Natəvan Dəmirçioğlu seçilənlərdəndir. Natəvan Dəmirçioğlu ədəbiyyata gələndə yeni nəfəslə gəldi. Bu nəfəs hələ ədəbiyyatımızda yeni-yeni hadisələr yaradacaq”.
İlk yaradıcılıq nümunələrindən bu günkü yazılarına kimi Natəvan Dəmirçioğlunun yaradıcılığı öz təbiiliyini və yenilikçiliyini qoruyub-saxlayır və hələ daha çox inkişaf edəcək. Xanım yazar hal-hazırda yeni roman üzərində işləyir. Əsərləri hələlik Amerikada, Moskvada, Türkiyədə, İranda və digər ölkələrdə nəşr olunan Natəvan Dəmirçioğluna uğurlar arzulayaraq, bundan sonra da onun daha böyük layihələrə imza atacağına, seviləcəyinə və oxunacağına inanırıq.
Leyla Məmmədəliyeva
banner

Oxşar Xəbərlər