• çərşənbə axşamı, 19 mart, 13:50
  • Baku Bakı 8°C

Naqif Həmzəyev: "Bütün məsuliyyət tam olaraq Ermənistanın üzərindədir"

24.07.21 18:15 403
Naqif Həmzəyev: "Bütün məsuliyyət tam olaraq Ermənistanın üzərindədir"
"Təəssüflər olsun ki, Ermənistan tərəfi üçtərəfli bəyanata sadiqlik nümayiş etdirmir. Bu ölkədə baş verən hadisələr onu göstərir ki, Paşinyan seçkilərdə qalib gəlsə də, hələ də idarəçiliyi tam olaraq əlində cəmləşdirə bilməyib. Siyasətdə və ordu içərisində narazı qüvvələrin sayı artmaqdadır. İstənilən halda, Paşinyana çətinlik yaradan qüvvələr var və onlar heç cür müharibədəki məğlubiyyətlə barışmırlar”.
Kaspi.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, dünəndən Ermənistanın sərhəddə törətdiyi təxribatları ölkə daxilindəki siyasi qüvvələrin həyata keçirdiyini bildirib:"Bu qüvvələr hər vəchlə münaqişəni yenidən alovlandırmağa, Azərbaycanın Ermənistanla sərhədində gərginlik yaratmağa maraq göstərirlər. Bununla da, hansısa bir müddətə müharibənin başlamasını və yeni anlaşmanın imzalanmasını istəyirlər. Paşinyan müəyyən dərəcədə üçtərəfli bəyanata sadiq qaldığını və sülh müqaviləsinin imzalanması üçün danışıqlara hazır olduğunu desə də, onun səmimiyyətinə tam inanmaq olmaz. Baş verən hadisələrdə Paşinyanın da əlinin olması ehtimalı səsləndirilir. Unutmamalıyıq ki, Azərbaycan kompramis mövqe tutur, qalib tərəf olmasına baxmayaraq, Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur etmir. Azərbaycan Ermənistanın daha biabırçı vəziyyətə düşməsi üçün hansısa addım atmır. Bir sözlə, Azərbaycan qalib tərəf olsa da, gözləmə mövqeyi tutur və qarşı tərəfə şans verir ki, regionda daimi sülhün bərqərar olması üçün özü addım atsın. Ermənistan yaranmış yeni reallığı dərk edərək, üçtərəfli bəyanatın müddəalarının reallaşması üçün qəti addımlar atmalıdır”.
Üçtərəfli bəyannamədə əsas vasitəçinin Rusiya olduğunu xatırladan deputat Azərbaycanla Rusiyanın mövqelərinin ortaq olduğunu, Ermənistanın isə təxribat addımları ilə özünü çıxılmaz vəziyyətə saldığını bildirir:"Bildiyiniz kimi, bu prosesdə əsas vasitəçi tərəf Rusiyadır. Bu ölkə də üçtərəfli bəyanatın maddələrinin həyata keçməsi üçün səylər nümayiş etdirir. ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri – ABŞ və Fransa da müəyyən dərəcədə bu prosesdə addımlar atmaq istəsələr də, bu, tam olaraq mümkün deyil. Proseslərin bu yerə gəlib çıxmasında Rusiya əsas vasitəçi rolunu oynayıb. Hazırkı məsələlərin danışıq yolu ilə həll olunması üçün Rusiya səylərini artırmalıdır. Həm Paşinyanın Rusiyaya səfəri, həm də ondan sonra Prezident İlham Əliyevin bu ölkəyə səfər edərək prezident Vladimir Putinlə görüşməsi fonunda üçtərəfli bəyanatın şərtlərinin həyata keçirilməsi üçün proseslər sürətləndirilməlidir. Azərbaycanın mövqeyi bəllidir, biz torpaqlarımızı azad etmişik. Azərbaycan regionda yeni kommunikasiya xətlərinin açılmasında maraqlıdır. Həmçinin Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün Ermənistan öhdəlik götürüb və bu öhdəliyini yerinə yetirməlidir. Sərhəddə baş verən təxribatlara və münaqişənin mümkün alovlanmasına görə bütün məsuliyyət tam olaraq Ermənistanın üzərindədir. Növbəti hansısa belə qarşıdurma Ermənistan daha böyük itkilərlə nəticələnəcək. Düşünürəm ki, belə olacağı halda Rusiya belə Ermənistana heç bir kömək etməyəcək. Baş verən proseslərə izləyici kimi qala bilmərik. Təxribatların artacağı halda Azərbaycan tam hüququ çatır ki, bölgədə anti-terror əməliyyatları həyata keçirsin. Ermənistanın daxilində edə bilmədiyini Azərbaycan anti-terror əməliyyatları vasitəsilə həyata keçirə bilər və bu, ermənilərə böyük dərs olar. İstənilən halda, hələ ki, Azərbaycan kompromis mövqe tutub və gözləyir. Azərbaycan növbəti dəfə Ermənistanın doğru seçim etməsi üçün şans verib”.
banner

Oxşar Xəbərlər