• cümə, 29 Mart, 05:59
  • Baku Bakı 7°C

Nanotexnologiya sahəsində beynəlxalq şirkətin əsasını qoyan ilk azərbaycanlı gənc - Uğur hekayəsi

28.11.19 15:38 1670
Nanotexnologiya sahəsində beynəlxalq şirkətin əsasını qoyan ilk azərbaycanlı gənc - Uğur hekayəsi
Bəhruz Məmmədov: "Bəzi insanlar şansın üzünə baxıb gülür, yanından keçir, bəzilər isə tuta bilir”
"Ya olmalıdır, ya da olmalıdır” prinsipi ilə hərəkət edir. Onun üçün mümkünsüz heç nə yoxdur. Çox işləyərək bütün çətinlikləri dəf edəcəyini düşünür və çətinliyin qarşısında heç vaxt əyilmədiyini deyir. Bəlkə də elə bu məqsədi də ona nanotexnologiya sahəsində beynəlxalq şirkətin əsasını qoyan ilk azərbaycanlı gənc statusunu qazandırıb.

Müsahibimiz Amerikadakı "Fluks” texnologiya şirkətinin CEO-su Bəhruz Məmmədovdur.

1987-ci ildə Bakıda anadan olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub. Karyerasına "Buxar” şirkətlər qrupunda kimyaçı vəzifəsində başlayıb. 2009-cu ildə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat şirkətində kimyaçı kimi çalışıb. Qısa müddətdə Əməliyyat işləri üzrə mühəndis və istehsalat işləri üzrə aparıcı mühəndis vəzifəsinə yüksəlib.

2012-ci ildə Niderland Krallığının Tvente Universitetində Kimya mühəndisliyi fakültəsində magistr təhsilinə başlayıb. 2014-cü ildə dünyanın ən böyük kimya şirkəti olan BASF-da nanokatalizatorların sintezi üzrə mühəndis köməkçisi vəzifəsində çalışıb. 2014-cü ilin oktyabr ayında həmtəsisçisi olduğu "Eurekite” şirkətinin əsasını qoyub və orada şirkətin əsas səhmdarlarından biri olmaqla yanaşı, maliyyə və əməliyyat işləri üzrə direktor vəzifəsində çalışıb. Hazırda Amerikada "Fluks” texnologiya şirkətində CEO-dur.

- Tələbəlik illərindən kimya sahəsində həm oxuyub, həm işləmsiniz? Bu ehtiyac idi, yoxsa, sənətə xüsusi sevgi?
- Hər bir yeniyetmə həyatını qurmaq üçün özünə sənət seçməlidir. Mən həmin məqama çatanda nə istədiyim barədə düşündüm. Kimyanı çox sevirdim. Bu ixtisası məndə yaxşı alındığı, həvəsim olduğu, tətbiq imkanları çox olduğu üçün seçdim. Tələbəlik illərində buxar mühəndisliyində işlədim, sırf su kimyası ilə məşğul oldum. 1-ci kursdan 4-cü kursa qədər çalışdım. Bu, sənətə sevgi idi. Kimyanı təkcə oxumaqla kifayətlənməyib real tətbiq sahəsini gördüyüm üçün daha da həvəslənirdim. Kimyanı bilmək elementləri, reaksiyaları əzbərləmək deyil. Düşündüm ki, bunları tətbiq etməklə kifayət qədər pul qazanmaq olar.
- Bəs Gəncədən Hollandiyaya yol necə getdi?
- Mən Gəncədə universiteti bitirdikdən sonra Gədəbəydə laboratoriyada laborant kimyaçı kimi işləməyə başladım. Burada 3 il ərzində istehsalat rəisinin müavininə kimi qalxdım. İşim-gücüm yaxşı idi. 25 yaşımda 65 nəfərə rəhbərlik edirdim. Amma mənim həyatdan istədiklərim daha çox idi. Avropaya getməyə qərar verdim. Çünki müəyyən biznes ideyalarım var idi və onları həyata keçirmək istəyirdim. Oraya getdim, oxudum və istədiyim yerlərdə də işlədim. Almaniyada dünyanın ən böyük şirkətində çalışdım. Amma orada yeni variantlarla rastlaşdım və planlarım dəyişdi. Məni Hollandiyaya aparan məqsədlərim idi. Əlimdə olanla razılaşmaq istəmirdim. Həmişə daha çoxunu arzu edir və əldə edirdim. Gədəbəydə olanda mədəndə həm işləyirdim, həm oxuyurdum. İşdən sonra evdə araşdırırdım. Çətin olurdu, amma mənə görə mümkünsüz heç nə yoxdur.


- 25 yaşda 60 nəfərə rəhbərlik etmək yaşınıza görə böyük uğurdur. Məncə, hər insan belə bir işi tərk edib, Avropaya bir fikir ardınca getməz.
- Düzdür, heç kim bunu normal qarşılamırdı. Mənimlə işləyən oğlan hər dəfə nə üçün getdiyimi soruşurdu. Deyirdi ki, camaat adətən ya təhsil almaq, ya da işləmək üçün gedir. Sənin işin axı burada da yaxşıdır. Hətta vəzifəmin də qalxmaq imkanı var idi. Dedim ki, mədəndə qalıb işləmək mənim ideyalarıma, məqsədlərimə uyğun deyil. Məqsədlərim böyükdür və ardınca getməliyəm.
- Yaşınız az olsa da, kənardan baxanda məqsədinizə çatmış kimi görünürsünüz. Bundan sonrası da var, yoxsa kifayətdir?
- Təbii ki var. Mən Hollandiyada təhsil aldım və orada ilk şirkətimi qurdum. İyun ayından etibarən bizi Amerikada Kaliforniyada məşhur Berkeley Universitetindən törəmə "Fluks” texnologiya şirkətində rəhbər olmaq üçün dəvət etdilər. Elə təklif etdilər ki, "yox” demək çətin oldu. Təklifi dəyərləndirdim və hazırda Kaliforniyadayam. Gələcək nə göstərəcək bilmirəm. Çünki arzularım bitib tükənməzdir.
- Həmtəsisçisi olduğunuz şirkətlə Hollandiyada imzaladığınız 1 milyonluq müqavilə uzun müddət gündəmdən düşmədi. İndi vəziyyət necədir?
- Bəli. Həmtəsisçisi və əsas səhmdarlarından olduğum "Eurekite” şirkəti ABŞ-ın "Cottonvood” investisiya şirkəti tərəfindən 2.5 milyon avro qiymətləndirmədə 1 milyon avroluq müqavilə imzaladı. "Eurekite” şirkəti Avropanın ən böyük nanotexnologiya institutu olan "Mesa+” Nanotexnologiyalar İnstitutundan törəmə şirkətdir. Şirkət öz texnologiyalarından istifadə edərək yeni tip temperatura davamlı sensorların və millimetr dalğa uzunluğunda işləyən radar texnologiyalarının inkişaf etdirilməsi ilə məşğul idi. O zaman bir çox şirkətlər ideyalarımız və şirkətimiz haqqında maraqlandı. Bir neçə şirkət öz investisiyalarını təklif etsə də, sonda "Cottonvood”la anlaşdıq. Hazırda Kaliforniyaya gəlsəm də, o iş çox uğurla gedir. Bir neçə yapon şirkəti ilə uğurlu layihələr həyata keçiririk. Şirkət yerindədir işləyir amma mən planımı dəyişib Amerikaya gəldim.

- Planlarınızı tez-tez dəyişirsiniz. Gədəbəydə uğurla işlədiyiniz vaxt Almaniya, Almaniyadan Hollandiya, Hollandiyadan Kaliforniya. İşlərinizi zirvədə tərk edirsiniz. Bu risk deyilmi?
- Mən riskləri sevirəm. Stabillik axtaran adam deyiləm. Bəzi insanlar konkret maaşla, gəlirlə işləməyi sevirlər. Normal həyatlarına davam edirlər və bilirlər ki, ay sonunda bu məbləği alacaqlar. Bu, məndə heç vaxt alınmayıb. Risklərdən qorxmuram. Mən əgər bilirəmsə ki, bu riski etsəm, qazancım böyük olacaq, mütləq o yolu seçirəm. Yəni risk qazancı ödəyirsə, mən bunu analiz edib gedirəm.

- Bəs birdən büdrədiniz. Uğur "yol”unda bütün yollar düz olmur...
- Əlbəttə. Mən hisslərimlə hərəkət edən insan deyiləm. Hər şeyi ölçür, biçir, analiz edirəm. Emosionallıq məndən uzaqdır. Çalışıram məntiqlə hərəkət edim. Sözsüz ki, işlər yaxşı getməyə bilər. Ən pis variantları da fikirləşmişəm. Mən büdrəyəndə qarşıma qoyduğum spesifik aydın məqsədlər var ki, onları düşünürəm. Bu, məni motivasiya edir. Çətin gün olanda düşünürəm ki, tək mən deyiləm və ən əsası bilirdim hansı yola girirəm. Özü yıxılan ağlamaz. Bu prinsipi əsas tutduqdan sonra səni heç nə yıxa bilməz.

- 2 ildir ki, ailəlisiniz. Ailənin karyerada rolu nə dərəcədədir?
- Məncə, tez ailə qurmaq karyeraya müsbət təsir etmir. Müəyyən məqamları gözləmək lazımdır. Mən Hollandiyaya ilk şirkətimi qurmağa gələndə bir otaqlı, balaca bir evdə kirayə yaşayırdım. Təzə başlamışdım deyə, konkret gəlirim də yox idi. Müəyyən müddət bir neçə yerdə işləyib keçinirdim. Həm xərclərim az idi, həm də özümü işimə fokuslamışdım. İşlərimi yoluna qoyduqdan sonra ailə qurdum. Ona görə də problem olmadı. Ailə qurduqdan sonra da həyat yoldaşın səni anlamalıdır. Ola bilər ki, istirahətdə olduğunuz zaman vacib mail gəldi və sən bunu cavablandırmalısan. Bəzi adamlar buna problem yaradır. Zamanlama və seçim vacibdir. Mən seçimimi də, zamanlamamı da düz etmişəm.

- Doktorantura oxumağı düşünürsünüzmü?
- Dostlarımın çoxu alimlərdir. Mən elmi sevirəm, amma elm adamı deyiləm. Daha aktivəm və sosial insanam. Bir faktı 5 il araşdıra bilmərəm. Məsələn, mənim partnyorlarımdan biri dedi ki, Bəhruz, mən bu materialı kəşf etmişəm, kömək et bazara gətirək. Onu kəşf etmək, elmi araşdırma aparmaq təbiətimə uyğun deyil. Mənə kəşf olunan materialın satışını etmək, investisiya qoymaq, bazara çıxarmaq daha maraqlıdır. Elm adamı olmaqdan ötrü deyil, elmdən kapital əldə etmək üçün çalışıram.

- Uğur qazanmaq üçün bir insana nə lazımdır?
- İstədiyini bilmək. Həyatda uğur qazanmaq üçün dahi olmaq lazım deyil, məqsədin olmalıdır. Nə istədiyini bilmədinsə, istəmədiyin yerlərə gedib çıxacaqsan. 15-16 yaşda hər insan həyatdan nə istədiyini düşünür. Özünə suallar verirsən. Lakin insanların əksəriyyəti 40-50 yaşında belə, bunun cavabını tapmır. Maaş, uşaq, ailə var, amma nə istəyir bilmir. Tək iş barəsində demirəm. Yaşayırlar, həyat gedir. Nə istədiyini konkret biləndən sonra ona tərəf getmək, gecə-gündüz işləmək asan olur. İstədiyini biləndən sonra onu etmək üçün pul da tapılır, insanlar da kömək edir. Uğur ən böyük sirlərindən biri də insanlarla ünsiyyət qabiliyyətinin olmasıdır. Sən əlaqə yarada bilmirsənsə, heç bir uğur qazana bilməzsən. Mən çox ölkədə olmuşam və istedadlı insanlarla rastlaşmışam. Amma olduqları yerdə sayırlar. Ünsiyyət, sosial bacarıqları bilmək istedadlı olmaqdan da vacibdir.
- Bəzi gənclər tez-tez "pulun yoxdursa, uğur qazana bilmərsən” sözünü işlədirlər.
- Bu, özünü aldatmaqdır. Mən özüm də tələbə vaxtı birinci il fəhlə kimi işləyirdim. Orada bir oğlanla tanış oldum, çox kasıb ailədən idi, amma ambisiyası vardı. Onunla bu gün də yaxın dostuq. Çox imkansız ailədən olmasına baxmayaraq, bu gün özünün 30-40 işçisi var. Başqa bir adam var ki, əyalətdən, kasıb ailədən gəlmişdi, amma bu gün milyonlarla pul qazanır. Vaxt var idi heç nəyimiz yox idi. Bu gün onu qazanmışıq. Bu fikri səsləndirən insanlar tənbəldirlər, işləmək istəmirlər.

- Azərbaycanla bağlı tədbirlərdə iştirak edir, ölkəmizi təmsil edirsiniz. Bu, vətən sevgisidir, yoxsa borc?
- Hansı ölkədə yaşasam da, içimdə azərbaycançılıq var. Ölkəmi sevirəm, orada ailəm, dostlarım var. Azərbaycan yeməklərini sevirəm və ölkəmlə fəxr edirəm. Çalışıram ki, bacardığım qədər ölkəmə faydamız dəysin.

- Bəs şans necə? Şansa inanırsınızmı?
- Karyerada şansın rolu böyükdür. Mən düşünürəm ki, Allah hər bir insana həyatda 1-2 dəfə şans verir. Bəzi insanlar şansın üzünə baxıb gülür yanından keçir, bəzilər isə tuta bilir. Mən həyatda şansları görməyi və onları dəyərləndirməyi bacaran insanam. Hər bir dövrün, şəraitin özünün şansları var ondan istifadə etmək lazımdır. İnsan tez işləməyə başlamalıdır. İşləməyə nə qədər tez başlasan, o qədər tez uğur qazanarsan. Üstünlüyüm o olub ki, dostlarımın çoxu tələbə vaxtı çayxanada, dönərxanada vaxt sərf edirdi, mən işləyirdim. Tay-tuşlarımdan 5-6 il qabaqda idim. Universiteti bitirdikdən sonra artıq iş təcrübəm var idi. Bundan sonra yollar aralanmağa başladı və bu yolları izləyərək məqsədimə doğru getdim.

Aygün ƏZİZ





banner

Oxşar Xəbərlər