• cümə axşamı, 28 mart, 13:18
  • Baku Bakı 16°C

Muzeylər sahibkarlıq fəaliyyətinə hazırdı?

25.07.17 12:00 2797
Muzeylər sahibkarlıq fəaliyyətinə hazırdı?
Yeni təsdiqlənmiş "Azərbaycan Milli Elmlər Akademiyasının muzeylərinin sahibkarlıq fəaliyyətini həyata keçirməsi qaydası”na əsasən, muzeylər fəaliyyətlərinin genişləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi və işçilərinin əməyinin stimullaşdırılması məqsədilə sahibkarlıq fəaliyyəti həyata keçirəcəklər. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) muzeylərinin məşğul ola biləcəyi sahibkarlıq fəaliyyət növləri 16 ödənişli xidmət üzrə həyata keçiriləcək. Həmin xidmətlər pullu giriş, ekskursiya xidməti, muzeylər tərəfindən sifarişlərə əsasən foto və videoçəkilişlərin aparılması, fondlardakı sənədlərin və şəkillərin surətlərinin çıxarılması, tərcümə, redaktə, məsləhət və digər yaradıcı xidmətlərin göstərilməsi, şəxsi əşyaların bərpası, fondlardakı materiallar haqqında sorğulara izahların hazırlanması, konsert, yubiley, bayram və digər kütləvi tədbirlərin keçirilməsindən ibarətdir. Həmçinin sərgi-yarmarkaların təşkili, hərraclar, suvenirlərin satışı üzrə mağazaların fəaliyyəti, xüsusi tədris kurslarının, təlim, treninq və ustad dərslərinin təşkili, kafe, restoran fəaliyyəti, mühazirələrin oxunması və elmi seminarların keçirilməsi, dərnəklərin və məşğələlərin təşkili, mətbəə məhsullarını hazırlamaq, nəşr etmək və satmaq, xronikal və bədii süjetlərin, filmlərin hazırlanması və tirajlanması da xidmətlərə daxildir.
Qayda ilə pullu giriş və fondlardakı sənədlərin və şəkillərin surətlərinin çıxarılması xidmətlərinin xidmət haqları da müəyyən edilib. Tərcümə, redaktə, məsləhət və digər yaradıcı xidmətlərin göstərilməsi və xronikal və bədii süjetlərin, filmlərin hazırlanması və tirajlanması xidmətlərinin göstərilməsi üzrə nəzərdə tutulmuş fəaliyyət növlərinə görə haqlar isə muzeylərlə fiziki və hüquqi şəxslər arasında bağlanmış mülki hüquqi müqavilələr əsasında müəyyən ediləcək. O cümlədən, şəhid ailələrinin üzvlərinə, Qarabağ müharibəsi veteranlarına və 70 yaşından yuxarı vətəndaşlar üçün giriş pul­suzdur.
Trendlərdən xəbərsiz
Dünya ölkələrinin ən məşhur muzeylərinin fəaliyyətinə nəzər saldıqda, müəssisələrin nüfuzunun artmasında, turist axınının çoxalmasında təkcə böyük bir elmi mərkəz kimi fəaliyyət göstərmələri deyil, həm də sahibkarlıq fəaliyyətinin yüksək səviyyədə həyata keçirmələrinin rol oynadığını görərik. İngiltərə, İtaliya, Avstriya, Almaniya, Türkiyə, o cümlədən qonşu Rusiyanın dünyaca məşhur muzeyləri gəlirlərini muzeylərin girişində qurduqları ianə qutularından başlayaraq müxtəlif sahibkarlıq fəaliyyətləri ilə həyata keçirir və yüksək qazanc əldə edirlər. Qazanılan vəsait isə muzeylərin, mədəniyyət müəssisələrinin modern üslubda xidmət göstərməsində, ən müasir avadanlıqlarla təchizatında rol oynayır. Muzeyə gələnlər təkcə ekspozisiyaları seyr etmirlər, həmçinin film izləyir, istirahət edir, kafe və restoranlarda yemək yeyir, suvenir, kitab və müxtəlif əşyalar alırlar. Muzeylərdə dərslər keçirilir, tələbələr yetişdirilir, treninqlər təşkil olunur. Yaxşı təcrübəyə xərclənən pullar, həmçinin maliyyə qazandırır. Qazanılan vəsait xidmətin yüksək inkişafına və təqdimatına yol açır. Bu baxımdan, dünya muzeylərinin ziyarətçilərinin sayı milyonlarla ölçülür.
Bizim elmi muzeylərin gec də olsa sahibkarlıq fəaliyyəti istiqamətində xidmətlərini qurmaları ilə bağlı qərar gec verilsə də, təqdirəlayiqdir. Amma təəssüf doğuran hal muzey rəhbərlərinin hələ bu istiqaməti necə müəyyənləşdirəcəklərindən xəbərsiz olması ilə bağlıdır. Muzeylərin işçiləri də dünya muzeylərində baş verən trendlərdən məlumatsız görünürlər.
Məsələn, AMEA nəzdində fəaliyyət göstərən muzeylərin - Milli Azərbaycan Tarix Muzeyinin rəhbər heyəti məzuniyyətdə olduğu üçün, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin rəhbərliyi isə hələ bu istiqamətdə danışmaq istəmədiyi üçün onlardan sahibkarlıq fəaliyyəti istiqamətindəki planları ilə bağlı məlumat öyrənmək mümkün olmadı.
AMEA Hüseyn Cavidin Ev-Muzeyinin elmi katibi Gülnar Dadaşzadə isə indiyə qədər sahibkarlıq növlərinin inkişafı istiqamətində fəaliyyət göstərmədiklərini bildirir: "Muzey indiyə qədər işini sahibkarlıq növlərinin inkişafı istiqamətində qurmayıb. Bundan sonra fəaliyyəti bu istiqamətdə həyata keçirəcəyik”. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev müasir gündəmdə muzeylərin idarə edilməsində innovasiyaların tətbiqi ilə bağlı mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsini vacib hesab edir. Belə ki, AMEA nəzdində fəaliyyət göstərən muzeylərin fəaliyyətinin təkmilləşdirilməsi baxımdan, muzey işinə ümumi konsept yanaşmanı əks etdirən xüsusi proqramın hazırlanmasına ehtiyac vardır: "Şübhəsiz ki, AMEA nəzdində fəaliyyət göstərən muzeylər ölkəmizin mədəni tarixinin kompleks şəkildə əks etdirən fundamental informasiyanı özündə cəmləşdirib. Bu baxımdan da, muzey işinin təşkili cəmiyyətimizdə olan yeni tələblərin çağırışına cavab verməlidir. İlk növbədə, maddi-mədəniyyət nümunələri sərgilənən muzeylərin daxilində ekspozisiyada olan arxeoloji materialların replikasının hazırlanması (surətinin olduğu kimi çıxarılması) və onların suvenir olaraq ticarətinin təşkili ölkəmizdə muzey işinin fəaliyyətində yenilik ola bilər. Nəzərə almaq lazımdır ki, burada ölkəmizin tarixini əks etdirən artefaktların replikası sonradan brend suvenirlərin meydana gəlməsinə xidmət edə bilər”. F.Quliyevin sözlərinə görə, dünya praktikasında muzeylərin fəaliyyətində interaktiv layihələrin tətbiqi ictimaiyyətin diqqətini cəlb edən faktorlardan biridir. Burada muzeylərdə uşaqların intellektual inkişafına xidmət edən əyləncəli layihələrin həyata keçməsi əsas rolda çıxış edə bilər: "Misal üçün, tariximizin hər hansı bir dövrünün fərqli sərgilənməsi üsulları mövcuddur. Uşaqlar sanki həmin dövrün içərisinə səyahət etmiş olur. Qədim dövrün həyat tərzini və dövrün hadisələrinin iştirakçısına çevrilirlər. Bu cür fərqli ənənəvi olmayan üsullar, həmçinin böyüklərin də diqqətini cəlb edir. Bir məsələni anlamaq vacibdir ki, muzey işinin təşkilində polyarlaşdırmaq məqsədilə fərqli üsulların tətbiqi ictimaiyyətin marağını cəlb edən effektli və gəlirli layihələr hesab olunur. Muzeylər insanlar üçün həm fundamental informasiyanın çatdırılması, həm də istirahətin təşkil edilməsi üçün infrastrukturlara çevrilə bilər”.
Pullu xidmətlər təşviq edilir
AMEA institutlarının muzeylərinin işlərini nə vaxtsa sahibkarlıq fəaliyyəti istiqamətində quracaqlarına, pul qazanacaqlarına ümid edərək, Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan mədəniyyət müəssisələrinin bu istiqamətdə fəaliyyəti ilə maraqlandıq.
AMEA -da bu məsələnin indi gündəmə gəlməsini təəccüblə qarşılayan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev nazirliyin tabeçiliyində olan mədəniyyət müəssisələrinin artıq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu deyir. Belə ki, Xalça muzeyində kafe fəaliyyət göstərir. Həmçinin pullu xidmətlər bir neçə il öncə Maliyyə Nazirliyinin təsdiq etdiyi cədvəl əsasında həyata keçirilir: "Həmin pullu xidmətlər nəinki muzeylərdə, hətta digər mədəniyyət müəssisələrində də göstərilir. Bura iaşə, çap məsələləri, müxtəlif dərnəklərin yaradılması məsələsi daxildir. Bu xidmətlər bizim muzeylərdə var. Ola bilər ki, birində az, birində çoxdur və həmin xidmətləri genişləndirməyə ehtiyac var. Yəni bütün problemləri dövlətin üzərinə yıxmaq düzgün deyil. Müəssisələr özləri müəyyən qədər vəsait qazanmalıdır. Təbii ki, dövlət əsas gücü öz üzərinə götürür. Ancaq elə problemlər var ki, müəssisələr onu özləri həll etməyi bacarmalıdırlar”. Nazirlik rəsmisinin sözlərinə görə, bizim müəssisələrdə pullu xidmətlər qadağan deyil, əksinə onlar təşviq edilir: "Pullu xidmət, fəaliyyətin kommersiyalaşdırılması deyil. Tutaq ki, müəssisə hansısa əlavə bir xidmət göstərir və qanunvericiliyə uyğun olaraq ondan vəsait qazanır”. F.Babayevin fikrincə, mədəniyyət müəssisələrinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ziyarətçilərin rahatlığını və zövqünü təmin etməyə xidmət edir: "Muzeyə gələn adam təkcə eksponatlara baxıb yorulmalı deyil. O, muzeyin daxilində çay və ya kofe içə, yemək yeyə bilər. Hansısa qrup şəklində sifariş edilən ekskursiya da pullu ola bilir. Hansısa bir əsərin nüsxəsini sifariş etmək mümkündür. Bununla belə, göstərilən xidmətlər muzeyin əsas fəaliyyətinə mane olmamalıdır. Bəzən kommersiya məsələsi fəaliyyəti üstələyir. Bu, qətiyyən yolverilməzdir”. Sahibkarlıq fəaliyyəti zamanı əldə edilən vəsaitə gəlincə, nazirlik rəsmisi bildirir ki, qazanılan pullar büdcəyə daxil edilməli, kiminsə cibinə getməli deyil. Belə ki, vəsait muzeyin inkişafına, işçilərin hansısa maddi həvəslənməsinə sərf oluna bilər.
İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi rəhbərlik etdiyi muzeyin əsas qazancının bilet satışından olduğunu deyir: "İl ərzində muzeyi 6-7 min adam ziyarət edir. Tədbirlər keçiriləndə və açıq qapı günlərində 300-500 nəfər muzeyə gəlir”. Bundan əlavə, muzeydə açıq dərslər keçirilir: "Ancaq muzeyin sahibkarlıq fəaliyyəti istiqamətində kafe və restoranı yoxdur. Bu tip xidmət növlərinin olması yaxşı olardı. Ancaq bunun üçün bizə nazirlikdən dəstək olmalıdır”.
İçərişəhər Tarixi Muzeyinin direktor müavini Gülnar Əliyeva muzeyin pullu xidmət göstərdiyini bildirir. Həmçinin İçərişəhər ərazisində fəaliyyət göstərən bəzi restoran və kafelər ümumi kassaya pul ödəyirlər və muzey onlardan da gəlir götürür: "Muzeydə bəzi sərgilər pulsuz keçirilir. Həmçinin müəyyən təbəqələr, məsələn, hərbçilər, əlillər üçün güzəştlər nəzərdə tutulur”. G.Əliyeva sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün müxtəlif layihələrin həyata keçirilməsinə ehtiyac olduğunu bildirir: "Bunun üçün rəhbərlik səviyyəsində müzakirələr aparılır, razılıq olduğu təqdirdə iş görülür”.
Muzeylərin, istər elmi, istərsə də mədəniyyət müəssisələrinin sahibkarlıq fəaliyyəti istiqamətində işini qurmaq üçün təkcə vaxt yox, həm də dünya praktikasına dərindən bələdçilik lazımdır. Muzeylərin gəlir əldə etməsi və öz-özünü dolandırması üçün isə təbii ki, ənənəvi qaydalardan uzaqlaşmasına, muzey işçilərinin məlumatlanmasına ehtiyac var. O cümlədən, cəmiyyət özü də bu xidmətlərə açıq olmalı, yolunu mədəniyyət müəssisələrindən salmalı, maraqlı bir ekspozisiya və ya muzey eksponatlarını ziyarət üçün əlini cibinə salmaqdan çəkinməməli, göstərilən xidmət müqabilində pul xərcləməlidir. Amma bir şərtlə ki, xidmət keyfiyyətə və çeşidliyə söykənsin.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər