• cümə, 29 Mart, 09:53
  • Baku Bakı 5°C

Müzəffər Ali Baş Komandan - FOTOLAR

25.12.21 09:00 638
Müzəffər Ali Baş Komandan - FOTOLAR
Regionda güc, iradə və qətiyyət hesabına yeni reallıqlar yaradan lider
Son 200 illik tarixdə Azərbaycan daim böyük dövlətlərin, eləcə də onların himayəsi altında olan güclərin işğalına məruz qalıb. Nəticə etibarilə Böyük Azərbaycan Şimal və Cənuba bölünüb, ölkəmizin türk dünyası ilə coğrafi əlaqələrini kəsmək üçün tarixi torpaqlarımızda Ermənistan adlı yeni dövlət yaradılıb. Bu siyasətin davamı olaraq ötən əsrin 90-cı illərindən Ermənistan Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış edib.


Güc, iradə və birlik hesabına yaradılan reallıq

Nankor qonşumuz niyyətini həyata keçirmək üçün azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı və deportasiya siyasəti yürüdüb. Nəticə etibarilə Dağlıq Qarabağ və ətraf rayonlar daxil olmaqla, ümumilikdə Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 1 milyondan artıq azərbaycanlı qaçqına, məcburi köçkünə çevrilib, 30 minə yaxın insanımız həyatını itirib. 30 ilə yaxın davam edən bu ədalətsizliyə beynəlxalq ictimaiyyətin seyrçi qalmasına cavab olaraq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz cəmi 44 gün ərzində düşmənin belini qırıb, torpaqlarımızı işğaldan azad edib. Ölkə başçısı Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxış edərkən Qələbəmizin böyüklüyünü bu cür izah edib: "Müharibə ilə bağlı bəzi yerlərdə gedən müzakirələrdən görürəm deyirlər ki, biz yeddi rayonu azad etmişik. Elə deyil. Biz, eyni zamanda, Şuşanı azad etmişik, eyni zamanda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonunu tam azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Martuni, indiki Xocavənd rayonunun 50 faizdən çox hissəsini azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Mardakert, indiki Ağdərə rayonunun böyük hissəsini azad etmişik, o cümlədən Suqovuşan qəsəbəsini. Biz təkcə yeddi rayonu azad etməmişik. Daha çox ərazini azad etmişik və bu gün yaratdığımız reallıq artıq dünya tərəfindən qəbul edilir. Bu reallığı biz güc, iradə və birlik hesabına yaratmışıq”.


Azərbaycan xalqının maraqlarına xidmət edən siyasət

Beləliklə də son 200 illik tariximizdə ilk dəfə olaraq Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı qalibiyyəti, zəfəri dadıb. Şanlı Ordumuz Azərbaycanın ərazi bütövlüyünü təmin edib. Prezident İlham Əliyev yola saldığımız 2021-ci ilin əvvəlində Azərbaycan xalqına müraciətində ölkəmizin güclənməsi, Ordumuzun ərazilərimizi işğaldan azad etməsi üçün görülən işlərə diqqət çəkib. Bildirib ki, dəyişən dünyada güc amili rəsmi qaydada ön plana çıxıb. O, bunu hələ 10 il əvvəl proqnozlaşdırdığını diqqətə çatdıraraq, güc toplamaq üçün bütün imkanların səfərbər edildiyini vurğulayıb: "Güc iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasa hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq. Artıq neçə ildir ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir, heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqillik siyasi müstəqilliyimizi gücləndirdi, daha da cəsarətli siyasət aparıldı, müstəqil siyasət aparıldı. O siyasət ki, yalnız və yalnız Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu gün dünyada, dünya xəritəsində, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan onlardan biridir və Vətən Müharibəsi bir daha onu göstərdi. Bütün çağırışlara, bütün təzyiqlərə rəğmən, biz istədiyimizə nail ola bilmişik”.


Şəhidlərə hörmət və ehtiram

Tarixdə yaşanan heç bir qələbə, heç bir azadlıq mübarizəsi qansız, qadasız olmayıb. 20 Yanvar Şəhidləri Azərbaycanın xalqlar həbsxanası adlandırılan SSRİ-dən ayrılmasını, azad olmasını öz qanları bahasına gerçəkləşdiriblər. Birinci Qarabağ Müharibəsində 10 minlərlə mərd oğul-qızımız ölkənin ərazi bütövlüyü, müdafiəsi yolunda canlarını fəda ediblər, şəhidlik zirvəsinə ucalıblar. Vətən Müharibəsində isə 3 minə yaxın şəhidimiz öz qanları ilə Azərbaycanın zəfər tarixini yazıb. Onların hər birinin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara, itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilməsi söylənilənlərə daha bir nümunədir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yürüşdə iştirak ediblər. Sonra dövlətimizin başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyub.


Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı

Anım Günü ilə əlaqədar xalqa müraciət edən dövlət başçısı İlham Əliyev 44 günlük Vətən Müharibəsini milli iradənin, ruhun və ləyaqətin təntənəsi adlandırıb. Bildirib ki, Azərbaycan Qələbəni döyüş meydanında qazanıb, 300-dən çox şəhər və kənd savaşda işğaldan azad edilib: "Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda "Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil”.


Cıdır düzündə bayram tonqalları

Dövlət başçısının qeyd etdiyi kimi, yalnız öz gücümüzə arxalanaraq düşməni torpaqlarımızdan qovmuşuq, hərbi yolla Dağlıq Qarabağ problemini həll etmişik, Şanlı Qələbəmizi siyasi yollarla daha da möhkəmləndirmişik. İndi qarşımızda dayanan başlıca hədəf işğaldan azad olunan ərazilərə yenidən həyatı qaytarmaqdır. Bu məqsədə çatmaq üçün Azərbaycan Prezidentinin bilavasitə nəzarəti altında Qarabağ geniş tikinti-quruculuq meydanına çevrilib. Yola salmağa hazırlaşdığımız 2021-ci il ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşa şəhərinə, Ağdam, Füzuli, Zəngilan, Laçın, Cəbrayıl, Xocavənd, Kəlbəcər, Qubadlı rayonlarına, Hadrut qəsəbəsinə dəfələrlə səfərləri olub. Bu səfərlər çərçivəsində yeni avtomobil və dəmir yollarının, hava limanlarının, mühüm sosial obyektlərin, yaşayış binalarının təməli qoyulub, şəhərlərin baş planlarının təqdimatı keçirilib, bir sıra yeni obyektlərin açılışı olub. Şuşada "Xarıbülbül” Musiqi Festivalı, Vaqif Poeziya Günləri kimi mədəni tədbirlər keçirilib, Cıdır düzündə bayram tonqalları yandırılıb. Vaxtilə yalnız arzu və istəkdən ibarət olan tələblərimiz reallığa çevrilib.


Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

Sözsüz ki, işğaldan azad olunan ərazilərdə yaşanan əlamətdar hadisələrdən ən mühümü Qarabağın giriş qapısı sayılan Füzuli Beynəlxalq Hava Limanının açılışının olmasıdır. Azərbaycanın cəmi 8 ay ərzində ən müasir səviyyədə inşa etdirdiyi bu aeroportun istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkündür. Dövlət başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Eyni zamanda Şuşada iki qardaş ölkə arasında "Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. Bununla da Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” fikirləri Vətən Müharibəsindən sonrakı dövrdə növbəti dəfə təsdiqini tapıb.


Dünyada ən önəmli güc mərkəzlərindən biri

Bu münasibətləri Azərbaycan dövlət başçısı İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının XIV Zirvə toplantısında səsləndirdiyi fikirlərlə ifadə etsək, Prezident R.T.Ərdoğanın yalnız müharibə vaxtı deyil, ümumiyyətlə, Türkiyənin Prezidenti və lideri olduğu müddətdə Azərbaycana davamlı dəstəyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynayıb: "Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur. Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar. Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır. Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir”.


Türk dünyasının lideri

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan-Türkiyə münasibətləri sadəcə bu iki dövlət üçün deyil, ümumilikdə türk dünyası üçün əhəmiyyətli hadisə, türk dövlətlərinin birlik və bərabərliyi üçün gözəl nümunədir. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi hadisəsi də türk birliyinə mühüm töhfə hesab olunur. Məhz bu amil nəzərə alınaraq, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türk Dünyasının Ali Ordeninə layiq görülüb. Bu təltif barədə qərarı Qazaxıstan, Qırğız, Türkiyə, Özbəkistan prezidentləri Kasım-Jomart Tokayev, Sadır Japarov, Rəcəb Tayyib Ərdoğan, Şavkat Mirziyoyev imzalayıblar.


Davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yol

Ali Ordeni Azərbaycan dövlət başçısına təqdim edən Rəcəb Tayyib Ərdoğan deyib ki, Azərbaycan Prezidentinin qətiyyətli rəhbərliyi ilə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlılar üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Türkiyə Prezidentinin sözlərinə görə, Vətən Müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilib və Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk edib. R.T.Ərdoğan vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirib, Qarabağın azadlığının rəmzi sayılan "Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olub. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun önü açılıb.


Tarixi nailiyyət, böyük siyasi qələbə

Vətən Müharibəsində Azərbaycanın tam Qələbəsini, gücünü, qüdrətini nümayiş etdirən məqamlardan biri də işğalçı Ermənistanın təslimçi sülhə - kapitulyasiya aktına imza atmağa məcbur edilməsidir. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Üçtərəfli Bəyanatda Ermənistan üzərinə böyük öhdəliklər götürüb. Bunlardan ən əhəmiyyətlisi Zəngəzur dəhlizinin açılmasıdır. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması Azərbaycanın tarixi nailiyyəti, böyük siyasi qələbəsidir. Dəhlizin istifadəyə verilməsi ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə quru əlaqə yaradılır. Bu dəhliz ümumilikdə türk dünyası ilə əlaqənin yaradılması baxımdan da əhəmiyyətlidir.


Ərazi bütövlüyünə, suverenliyə dəstək

Rusiya Prezidenti Vladimir Putinin moderatorluğu ilə cari il yanvarın 11-də Moskvada, noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşlərdə, həmçinin dekabrın 14-də Brüsseldə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və erməni baş nazirlə, eləcə də Fransa Prezidenti Emmanuel Makronla keçirilən üçtərəfli görüşlərdə kommunikasiyaların açılmasının, əlaqələrin bərpasının zəruriliyi vurğulanıb. Kommunikasiya və əlaqələr dedikdə isə Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur. Azərbaycan Prezidentinin bu günlərdə Brüsselə səfəri çərçivəsində iştirak etdiyi Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində, NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdə NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunması da rəsmi Bakının diplomatik və siyasi qələbəsi kimi tarixə yazılıb.


Vətən qarşısında xidmət

Bütün bunlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, ölkəmizdəki xalq-iqtidar birliyinin, həmçinin Azərbaycanın müstəqilliyini ən böyük sərvət və dəyər hesab edən, milli maraqların qorunmasında son dərəcə prinsipiallıq nümayiş etdirən liderin Vətən qarşısında xidmətləridir.

Rufik İSMAYILOV










banner

Oxşar Xəbərlər