AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Müxalifətin restorandakı gizli görüşündə nələrdən danışılıb?

Müxalifətin restorandakı gizli görüşündə nələrdən danışılıb?

Siyasət
12 Dekabr 2012, 14:53 2828
Müxalifət partiyaları arasında vahid namizəd məsələsi ilə bağlı yaranmış narazılıq getdikcə daha da alovlanır. Müsavat başqanı İsa Qəmbərin seçkilərdə iştirak edəcəyini açıqlamasından sonra həm bu partiyanın təmsil olunduğu İctimai Palatada, həm də palatadan kənardakı siyasi təşkilatlarda bu qərarın dəyişdirilməsi istiqamətində cəhdlər gözə dəyməkdədir. Belə cəhdlərdən biri də bugünlərdə müxalifət partiyalarının «Asiman» restoranında planlaşdırılan və keçirilən görüşü ilə büruzə verilib.

Bu görüşdə 8 partiyanın – ADP, AXCP, Ümid, Liberal, Vətəndaş və İnkişaf, AMİP və KAXCP-nin rəhbərləri iştirak edib. Müsavat başqanı İsa Qəmbər isə dəvətli olsa da, görüşdə iştirak etməyib. Müsavat Partiyasına yaxın olan media orqanları «Asiman» restoranındakı görüşü İsa Qəmbərə qarşı separatçılıq kimi qiymətləndirib. Partiyanın mərkəzi aparatının rəhbəri Arif Hacılı isə bu görüşə qatıldığına görə, İctimai Palatadakı müttəfiqləri AXCP sədri Əli Kərimlini qınayıb. O, müttəfiqlərini müxalifətin hakimiyyətlə işbirliyində olan təmsilçiləri ilə görüş keçirməsini faktiki olaraq xəyanət kimi qiymətləndirib.

Bizimlə söhbətində görüşdə iştirak edən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev «Asiman» restoranındakı görüşlə bağlı məlumatların əslində konfedensial saxlanması barədə razılaşmanın olduğunu, lakin bəzilərinin bu barədə informasiyaları sızdırdığını bildirdi. Onun sözlərinə görə, bu görüşün keçirilməsi təşəbbüsü ADP və Ümid partiyalarının təsis etdiyi «Qarabağ» Blokundan gəlib. Şəxsən onun özünü görüşə Ümid Partiyasının sədri İqbal Ağazadə dəvət edib.

Ümumilikdə iştirakçıların dəvəti İqbal Ağazadə və ADP sədri Sərdar Cəlaloğlu tərəfindən həyata keçirilib. Ə.Əliyevin sözlərinə görə, görüş ətrafında ajiotajın yaradılması başadüşülən deyil. Çünki bu tərkibdə görüş bundan əvvəl də keçirilib. Sadəcə olaraq bu dəfə həmin görüşə Ziyalılar Forumunun təmsilçisi olaraq Rafiq Əliyev də dəvət olunub. Görüşün keçirilməsində məqsəd müxalifətdaxili münasibətlərin müzakirə edilməsi olub. Bununla bağlı müxtəlif aspektlərdən müzakirələr aparılıb.

«Hesab edirəm ki, münasibətlərə aydınlıq gətirilməsi baxımından bu görüş çox əhəmiyyətli oldu. Ən azından seçki ərəfəsində müxalifət təmsilçiləri arasından etimadın formalaşdırılması çox vacib məsələdir» - deyə Ə.Əliyev vurğuladı.

Müsavat Partiyasının təmsilçilərinin görüşlə bağlı narazılıqlarına gəlincə, Ə.Əliyev dedi ki, bu, onların öz işidir. Onun sözlərinə görə, «Asiman»dakı görüşdən sonra Avropa Birliyinin Azərbaycandakı təmsilçiliyinin təşkilatçılığı ilə bu görüşdə iştirak edən 6 partiya sədrinin daha bir müzakirəsi aparılıb. Həmin görüşdə Müsavat başqanı İsa Qəmbər də iştirak edib. Həmin görüşdə müxalifətdaxili münasibətlər, seçkilərdə iştirakla bağlı müzakirələr keçirilib. Ə.Əliyev dedi ki, qeyd olunan görüşlərdə iştirak edən müxalifət partiyalarının təmsilçiləri 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirakın tərəfdarı kimi çıxış edirlər.

«Düzdür, biz başa düşürük ki, indiki şəraitdə bütün aspektlərdə hakimiyyətə uduzuruq. Bununla belə, xalqa tərəf addım atmaqla müəyyən uğur qazana bilərik» - deyə müsahibimiz vurğuladı. Onun fikrincə, bunun üçün ən yaxşı yol isə qarşıdan gələn prezident seçkilərində iştirak etməkdir. Ə.Əliyev onu da bildirdi ki, seçkilərdə uğur qazanmaq üçün müxalifətin təmərküzləşməsinə ehtiyac var. Təmərküzləşmə isə seçkilərdə vahid komanda halında iştirakdan keçir. Yalnız belə olan halda müxalifət xalqın etimadını qaytara bilər. Amma indiki halda hələlik müxalifət partiyalarının bir araya gəlməsi mümkün olmur: «Amma hesab edirəm ki, şanslar tükənmiş deyil. Müxalifətin birləşəcəyinə zəif də olsa ümid var».

Ə.Əliyev bildirdi ki, «Asiman»da keçirilən görüşdə müzakirələrin davam etdirilməsi barədə şifahi razılaşma əldə olunub. Yəni eyni tərkibdə görüşlərin gələcəkdə də keçirilməsi mümkündür. «Bəs bu cür görüşlər İctimai Palatanın parçalanmasına səbəb olmayacaq ki» sualımıza cavabında VİP sədri bu məsələnin onu maraqlandırmadığını bildirdi. Ə.Əliyevin sözlərinə görə, parlament seçkilərindən sonra iki partiya AXCP və Müsavat İctimai Palatanı müxalifətin əsas güc mərkəzi kimi təqdim etməyə çalışıb. Digər partiyaları isə oyundan kənar saxlamağa cəhd göstəriblər. Amma onların bu cəhdi alınmayıb. Ortada olan faktiki nəticəsizlik həmin partiyaları digər alternativ variantlar barədə də düşünməyə məcbur edib: «İstənilən halda İctimai Palatanın gələcəyi ilə qərarı onu yaradanlar verməlidirlər».

Ə.Əliyev son görüşlər müxalifətin yeni birliyinin yaranmasına gətirib çıxara bilərmi sualına cavabında bildirdi ki, bu, mümkündür. Amma hələlik bu barədə danışmaq tezdir. «Biz hələlik mövqelərin öyrənilməsi mərhələsindəyik» - deyə VİP sədri vurğuladı.

F.Qəhrəmanlı