• cümə axşamı, 18 aprel, 22:02
  • Baku Bakı 21°C

Müxalifət düşərgəsində növbəti saxta sənəd qalmaqalı

17.07.19 13:21 30227
Müxalifət düşərgəsində növbəti saxta sənəd qalmaqalı
Özlərini "demokrat” adlandıran, lakin əsl gerçəklikdə radikal baxışları ilə diqqət çəkən müxalifət funksionerlərinin adları zaman-zaman müxtəlif saxtakarlıqlarda, o cümlədən saxta arayış hazırlamaqda hallanıb. Xüsusən AXC və Müsavat partiyalarında bununla bağlı yaşanan qalmaqalların sayı-hesabı itib. Partiya daxilində hansısa səviyyədə sözü və nüfuzu olan şəxslər müxtəlif bəhanələrlə ölkəni tərk edib xaricə sığınmaq istəyənlər üzərindən qaz vurub qazan doldurublar. Ya xaricə sığınmaq istəyənlərə onların guya "müxalifətçi” olmasına dair arayışlar təşkil ediblər, ya da bu şəxslərə dair partiyanın vəsiqələrini, zəmanət məktublarını və sair hazırlatdırıblar. Təbii ki, bütün bu işlər maddi maraq müqabilində edilib. Hazırda növbəti belə olay Müsavat Partiyasında yaşanmaqdadır. Belə ki, Müsavat Partiyasının rəhbərliyində saxta sənəd qalmaqalı sosial şəbəkə üzərindən yenidən gündəmə gəlib. Bir müddət öncə təşkilatın Divan üzvü və Salyan rayon təşkilatının sədri Yadigar Sadıqlının mühacirət üçün bir şəxsə saxta arayış verdiyi haqqında "Facebook”da sənəd yayılıb. Bu sənədi də, partiya sədrinin müavini Səxavət Soltanlı ictimailəşdirib. Bundan sonra Y.Sadıqlı həmin sənədin onun tərəfindən verilmədiyini açıqlayıb və partiya rəhbərliyindən sözügedən sənədin təşkilata necə daxil olması haqda hesabat istəyib. Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə araşdırma aparıldığını, bu haqda açıqlama veriləcəyini söyləyib.
Lakin məsələnin üzərindən aylar keçsə də, hələlik bununla bağlı hər hansı açıqlama verilməyib. Ona görə də, Y.Sadıqlı yenidən saxta sənəd məsələsini gündəmə gətirib. Müsavatın Divan üzvü sosial şəbəkədə G.Aslanlıya belə bir sual ünvanlayıb: "Gülağa Aslanlı bəy, düz bir il öncə partiyaya daxil olan, məndən gizlədilən, fevral ayında Səxavət Soltanlının qəfildən ictimaiyyətə açıqladığı saxta arayışla bağlı araşdırma nə yerdə qaldı? Söhbət mənim guya Salyan təşkilatının sədri kimi yazdığım arayışdan gedir. Mənbəyini tələb edəndə mənə deyilmişdi ki, araşdırma gedir. Məsələ ictimai açıqlandığı üçün mən də buradan soruşmaq məcburiyyətindəyəm”. Y.Sadıqlının sualına cavab olaraq G.Aslanlı belə bir rəy yazıb: "Yadigar bəy, mən partiyaiçi müzakirələri sosial şəbəkələrdə müzakirəni düzgün hesab etmirəm. Hətta mənə partiya üzvləri tərəfindən böhtan atılanda da. Sabah qərargahda görüşəndə müzakirə edərik”.
Bundan sonra müzakirə deyişmə şəklində davam edib. Hətta qarşılıqlı ittihamlar səsləndirilib. Yazılan rəylər müxalifət partiyası daxilində yaşanan saxta sənəd qalmaqalını növbəti dəfə gün işığına çıxarmaqla yanaşı, həmin təşkilatda müəyyən mövqe tutan şəxslərin bu olayları ictimaiyyətdən gizlətmək cəhdlərini də ortaya qoyub. Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Yurddaş Partiyasının (YP) sədri Mais Səfərli bildirib ki, radikal müxalifət partiyalarında yaşanan bu hadisələr yenilik deyil. Onun sözlərinə görə, "siyasi mühacir” adı altında Avropaya gedən çoxsaylı insanların fəaliyyətini araşdıranda, məlum olur ki, onların siyasətlə, siyasi fəaliyyətlə hər hansı əlaqəsi yoxdur. Partiya sədri deyir ki, sonradan müxtəlif vasitələrlə bu şəxslərin "siyasi kimliyi” formalaşdırılıb və bu yolla ölkəni tərk edib Avropada sığınacaq almalarına yardım edilib: "Azərbaycan çoxpartiyalı sistemə malik olan, demokratik, hüquqi bir ölkədir. Buradakı partiyaların, siyasi təşkilatların fəaliyyəti qanunla, konstitusiya ilə tənzimlənir. Azərbaycan nə banan, nə də diktatura ölkəsi deyil ki, siyasi partiyalar, onların sədrləri və ya üzvləri təqib olunsun. Ona görə də, kimlərinsə "siyasi mühacir” adlandırılması kökündən yanlış məsələdir. Digər tərəfdən, Avropada ermənilərə bağlı müəyyən siyasi qüvvələr var. Həmin dairələr Azərbaycanın milli-dövlətçilik maraqlarına, dövlətimizə, ölkəmizə qəsd etməyə hər zaman hazırdırlar və buna dair istənilən fürsəti qiymətləndirirlər. Belə qüvvələr Azərbaycanın suverenliyindən, inkişafından, beynəlxalq birliyin nüfuzlu üzvü olmasından dərin narahatlıq keçirirlər. Onlar Azərbaycanı gözdən salmaq üçün ən müxtəlif vasitələrə əl atırlar. Belə vasitələrdən biri də Azərbaycanda insan haqlarının pozulmasına, siyasi fəaliyyəti olan şəxslərin təqib olunmasına dair beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaq cəhdidir. Bunun üçün də Azərbaycanı ən müxtəlif bəhanələrlə tərk edib xaricə sığınan "siyasi mühacirlərdən” vasitə kimi istifadə edirlər. Təbii ki, həmin şəxslərə "siyasi mühacir” statusu vermək üçün müəyyən əsaslar olmalıdır. Bu "əsaslardan” bir neçəsi də o cür şəxslərin guya Azərbaycanda hansısa müxalifət partiyasının üzvü olmalarına dair saxta arayışlar, vəsiqələr, zəmanət məktublarıdır. O sənədləri də radikal müxalifət partiyalarında hazırlayırlar. Bununla bağlı ölkə mediasında dəfələrlə yazılar yazılıb, konkret şəxslərin bu məsələyə dair şikayətləri ictimailəşdirilib”.
Partiya sədri M.Səfərli qeyd edib ki, bu kimi hallar Azərbaycana qarşı açıq-aşkar qəsddir, qarayaxma kampaniyasıdır. Onun fikrincə, şəxsi maraqlar naminə bu kampaniyada yer alan "siyasi mühacirlər”, həmçinin onların "siyasi kimliyinin” yaradılmasında hansısa səviyyədə rol oynayan radikallar etdikləri məsuliyyətsizliklərin mahiyyətinə varmalıdırlar.
Alpər İSMAYIL
banner

Oxşar Xəbərlər