AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Müxalif qəzetçilərin davası qızışır

Müxalif qəzetçilərin davası qızışır

Siyasət
26 Fevral 2013, 12:00 1671
Cəmiyyət zaman-zaman özlərini müxalifət düşərgəsinin aparıcı mətbu orqanları kimi təqdim edən iki qəzetin – “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin əzəli qarşıdurmalarının şahidi olub. Müxtəlif mövzular təməlinə söykənən bu qarşıdurmaların kökü isə partiya maraqlarından qaynaqlanır desək, yanılmarıq. Burada başlıca məqamlardan biri adıçəkilən qəzetlərin daha çox hansı siyasi təşkilata yaxınlığının olmasıdır. Belə ki, “Azadlıq” qəzetinin AXCP-yə və onun sədri Əli Kərimliyə, “Yeni Müsavat”ın isə Müsavat partiyasına və onun başqanı İsa Qəmbərə işləmələri heç kimə sirr deyil.

Müxalifətin parçalanma əsasları öz qəzetlərdə daha müfəssəl olaraq görünməkdədir

Ancaq bu fonda yaşanan daimi hərc-mərclik yalnız partiya maraqları üzərində nəticə tapmır. Daha dəqiq desək, “lider” maraqlarının müdafiəsi sonda qəzetçilərin düşmənçiliyi ilə davam edir. Artıq, bu düşmənçilik sosial şəbəkələrdə də geniş miqyas almaqdadır. Çünki ortada “lider” ambisiyalarının qorunması məsələsi var və burada kimin harada olmasını müəyyən etməkdən ötrü sandıqlar açılır və pambıqlar tökülür. Bir-birlərinin olmazın paxırlarını açan “Azadlıq” və “Yeni Müsavat” yazarları qarşılıqlı olaraq satqınlıqda, xəyanətdə ittihamlar irəli sürür, bununla da hansı “meyar” və “ölçüdə” olduqlarını cəmiyyətdən gizlədə bilmirlər. Xüsusilə, seçki ilində sözügedən ziddiyyətlərin kəskin xarakter laması bir daha belə qənaətə gəlməyə əsas yaradır ki, dağıdıcı müxalifətin parçalanma əsasları məhz adıçəkilən qəzetlərdə daha müfəssəl olaraq görünməkdədir.

Lakin bu kimi qarşıdurmalarda hansı qəzetin – “Azadlıq”ın yoxsa “Yeni Müsavat”ın “ilk gülləni” açması sualı istər-istəməz maraq oyadır. Xatırladaq ki, sonuncu “atəşkəs”in pozulması faktı bir müddət bundan öncə məhkəmə qərarının “Azadlıq” qəzeti ilə bağlı çıxardığı hökmlə bağlı olmuşdu. “Yeni Müsavat” qəzetinin həmin məhkəmə qərarına susqunluq nümayiş etdirməsi “Azadlıq” qəzetinin rəhbərliyini özündən çıxarmış və qarşı tərəfi hakimiyyətə işləməkdə günahlandırmışdı. Ancaq həmin məsələ hazırda da “cəbhə” və Müsavat tərəfdarları arasında çözülməz variant qismində qalaraq vəziyyəti mürəkkəbləşdirməyə doğru sürükləməkdədir. Əkrəm Əlylisli məsələsinə münasibətdə isə qılınclar tamamilə çəkilib. Bu mövzunun hansı formada işıqlandırılması ilə bağlı “Azadlıq” və “Yeni Müsavat”ın yazarları arasında əsl dava başlayıb. Əvvəlcə Şahvələd Çobanoğlu Azər Ayxanı, sonra da Azər Ayxan Şahvələdı yıxıb sürüyüb.

Bunun ardınca “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyev “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun “bostanına daş atıb”. Qəzetin 24 fevralda nəşr olunan sayında Rövşən Hacıyevin “Böyük sevgi” adlı məqaləsi dərc olunub. AXCP yanlısı olan müəllif yazıb: “Bir neçə gün qabaq dostlardan birindən təəccüb dolu zəng gəldi. “Oxumusan? - dedi - ”Yeni Müsavat"da Xaliq bəyin yazısı çıxıb". Dərhal internetə baş vurdum və musavat.com saytında “XALIQ BAHADIRDAN ƏKRƏM ƏYLISLIYƏ SANBALLI CAVAB” başlıqlı yazıyla qarşılaşdım. Təqdimatı oxuyanda lap çaşdım, “Allahım, nə günahın sahibiyik?” deyə özüm-özümdən soruşdum. Başlığın altında belə bir təqdimat vardı: “Bir sıra media qurumlarında ” “Azadlıq" qəzetinin yazarı Xaliq Bahadırın yazıçı Əkrəm Əylisliyə cavab olaraq yazdığı “Dönüklüyün dəli yuxuları” başlıqlı yazısı dərc olunub. Musavat.com bu yazını tirajlamağı məsləhət bilərək hesab edir ki, TANINMIŞ jurnalistin iri həcmli yazısı oxucular üçün maraqlı olacaq".

“…Etibar Seyidağa, Elşad Məmmədli, Azər Ayxan və başqa ad altında yazılar yazan “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu…”

“Məsələ aydındır. Başqa bir tanınmış jurnalist Şahvələd Çobanoğlu ilə “Yeni Müsavat” arasında başlayan söz savaşı gedən vaxtda Xaliqin yazısı onlar üçün göydəndüşməydi. Üstəlik, yazı “Azadlıq”da çap olunmamışdı. Bunun qəzetə əlavə dividendlər gətirəcəyi ehtimalıyla yazının “oxucular üçün maraqlı” olacağını düşünüblər…Musavat.com-dakı təqdimat yadıma keçənləri saldı. Müxtəlif adlar - Etibar Seyidağa, Elşad Məmmədli, Azər Ayxan və başqa ad altında yazılar yazan “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun bir vaxtlar dediklərini xatırladım. “...”Yeni Müsavat" qəzetinin sahibi və baş redaktoru Rauf Arifoğlunun X.Bahadırın onun barəsində dediklərinə münasibəti qısa olub: “Xəstə, problemləri olan adamdır...”.

Məqalədə daha sonra yazılıb ki, müəllif (yəni “Azadlıq” yanlısı-red) Rauf Arifoğlunun başqa bu kimi təhqiramiz yazılarına heç vaxt münasibət bildirməyib və onun aləmində siyasətdə, jurnalistikada qardaş anlayışı yoxdur. O, həmçinin, xalqa yalan satqınlarını, siyasi alver etdiklərini da etiraf edib: “ Çox yaxşı münasibətimiz olan Zərdüşt Əlizadə də bir neçə dəfə mənim yanımda Xaliqin yazıları, mövqeyi barədə heç də xoşuma gəlməyən sözlər deyib. Düşüncələrini bölüşməsəm də, ona da cavab verməmişəm. Mübarizəni doğma qardaşlarımızı müdafiə üçün aparırıqsa, deməli, çox yanlış yoldayıq. Xalqa yalan satırıq. Alverlə məşğuluq...”

Başqa tərəfdən, müəllif “Yeni Müsavat”ın baş yazarı Rauf Arifoğlunun bir çox imzalarla yazılar yazdığını açıqlayıb və bildirib ki, “Facebook”dan başlayan Şahvələd Çobanoğlu - Azər Ayxan (AXCP-Müsavat-red.) söz atışması saytlara, sonra qəzetlərə çıxdı: “Onu da deyim ki, Azər Ayxanın adından “Azadlıq”a göndərilən yazının çapının əleyhinə olmuşam. Birincisi, yazını Rauf bəyin yazdığına zərrə qədər şübhəm olmayıb. Əleyhinə çıxmağıma bir səbəb bu: hər kəs öz adıyla yazmalıdır, ikincisi, Azər Ayxan öz qəzetində, Şahvələd bəy də “Azadlıq”da münasibət bildirib. Həm də yazıda bir neçə yönə ənənəvi şantaj elementləri görünür. Şahvələd Əli Kərimlinin arxasında gizlənməkdə ittiham olunur.

Bu ölkəyə, bu xalqa bu qədər qıymayın!

Göründüyü kimi AXCP və Müsavat partiyaları arasındakı “mehriban düşmənçilik” sərgiləmələri artıq əndazədən çıxaraq, açıq savaş meydanını daha çox xatırladır. Belə olan təqdirdə açıq etiraflar etmək gərəkdir ki, həmin etiraf məhz sözügedən yazının müəllifi tərəfindən aşkar şəkildə edilib: “Bu yazını da niyə yazdım? Bir tərəfdən demək istəyirəm ki, sadəcə adam bunları görəndə jurnalist olmağa, müxalifətçi olmağa görə utanır. Son sözüm odur ki, gedin açıq işləyin. Mübarizəyə bu qədər zərbə vurmayın, xalqı çaşdırmayın, müxalifəti parçalamayın. Bu ölkəyə, bu xalqa bu qədər qıymayın!”

Bizcə, haqlı olaraq yazılmış həmin ifadələr və kəskin tənqidlər bir daha onu deməyə əsas verir ki, dağıdıcı müxalifət partiyaları və onlara məxsus yazılı orqanlar düşərgənin aşkar sifətini ortaya qoyur. Belə olan vəziyyətdə isə normal düşüncəli cəmiyyət öz nəticəsini elan edir. Hər zaman olduğu kimi, xalqın, dövlətin və dövlətçiliyin ətrafında sıx birləşmək…

“İlk güllənin” kim tərəfindən – “Azadlıq”, yoxsa “Yeni Müsavat” tərəfindən açılması isə heç kimin maraq dairəsində olmayan ucuz bir məsələdir.

Rövşən