“Müstəqillik” şousu - Ermənistan hakimiyyəti malik olmadığı statusdan dəm vurur
"Heç bir şəkildə
təbrik etmirəm. Bizim dövlətimiz yoxdur. Müstəqilliyimiz yoxdur. Şərəfimiz
yoxdur. 5000 adamımız yoxdur. Əsirlərimiz haradadır? İtkin düşənlər haradadır?”
Bu il postsovet məkanına daxil
olan ölkələrin əksəriyyəti sovet imperiyasından azad olmağın 30 illiyini qeyd
edir. Və görünən odur ki, bir qisim bunu təntənə ilə qeyd edir, bir qisim də bu
əlamətdar tarixin üstündən sükutla keçməyə çalışır. Bu 30 il bəziləri üçün
əlamətdar olsa da, bir sıra dövlətlər sevinmək üçün bir əsas görmür. Sovet
sisteminin çöküşü onlar üçün firavanlıq yox, torpaq itkisi, yüz minlərlə
qurbanlar hesabına başa gəldi. Mənfur imperiya çöküşü ilə hələ də həllini
tapmayan münaqişələr, qaçqın axını, yüz minlərlə qurbanlar gətirdi. Torpaqları
işğalı altıda olan, ərazilərində qondarma qurumlar yaradılan dövlətlər, hələ də
müstəqilliyin sevincini tam dada bilmir.
Postsovet məkanın ən müstəqil dövləti - Azərbaycan
Əminliklə demək olar ki, bu
gün postsovet məkanına daxil olan ölkələrin sırasında müstəqil dövlət statusuna
malik olan Azərbaycandır. 30 il ərzində torpağı işğal altında olsa da, heç bir
beynəlxalq qurumdan asılılıq nümayiş etdirmədən öz siyasətini yürütdü. Müstəqil
şəkildə beynəlxalq enerji, nəqliyyat layihələrini öz hesabına reallaşdırmağa
müvəffəq oldu. Tək elə "Əsrin
müqaviləsi” imzalananda, sənədə imza atanların tərkibi hər şeydən xəbər verir.
Ardınca da saysız-hesabsız layihələr reallaşdırıldı. Bununla yanaşı, illər
uzunu beynəlxalq hüquq normaları çərçivəsində həllə aparan yolla getdi və bu yolun
mənasız olduğunu gördükdə torpaqlarını hərbi yolla azad etməyə üstünlük verdi.
Cəmisi 44 gün çəkən İkinci Qarabağ müharibəsində özünün insani, maliyyə və hərbi
potensialı ilə düşməni torpaqlarından qovmağa müvəffəq oldu. Təzyiq və hədələrə
baxmayaraq, öz torpaqlarında suveren hüquqlarını bərpa etdi. Postsovet
məkanında başqa belə bir nümunə ortada yoxdur.
Forpost ölkə
də "müstəqillik”dən dəm vurursa...
Sovet rejiminin dağılması
ərəfəsində Ermənistan əvvəlcə SSRİ, sonra da özünü onun varisi elan edən Rusiyanın
köməyi ilə Azərbaycan torpaqlarını işğal edərək milyonlarla insanı ev-eşiyindən
məhrum etdi. Lakin bu sevinc əbədi sürmədi. Xeyli ərazi tutmasına baxmayaraq,
sahibi tərəfindən forpost dövlət elan olundu. 30 ildir bu damğa ilə də gəzir.
İndi isə utanmadan özünü müstəqil dövlət kimi qələmə verməyə çalışır. 44 günlük
müharibədə biabırçı məğlubiyyətə baxmayaraq, "müstəqillik günü” şousu düzəldir.
Ən acınacaqlısı odur ki, ərazisində xarici ölkənin hərbi bazası olan,
sərhədlərinin mühafizəsini öz əsgəri deyil, digər ölkənin qoruduğu Ermənistan
indi təmtəraqla "müstəqillikdən" dəm vurur. Şübhəsiz ki, bu bayram
tədbirlərini keçirməklə Ermənistan hakimiyyəti bir neçə hədəfə çatmağa çalışır.
Ən əsası, xalqını məğlub sindromundan qurtarmağa cəhd göstərir. Erməni xalqını
"heç nəyə qadir olmayan Ermənistan” damğasından azad etməyə çalışır. Lakin buna
nail olacaqmı? Bax, bu, çətin görünür.
"Qalmaqallı bayram”
"Bayram” şousu ermənilərdə o
qədər narazılıq doğurub ki, Nikol Paşinyan hətta jurnalistləri də tədbirlərə
buraxmayıb. "Müstəqillik" bayramı keçirən baş nazir sərt etirazlarla
üzləşib. Nikolun gəldiyi "Erablur” panteonuna jurnalistlərlə yanaşı
vətəndaşları da buraxmayıblar. Baş nazir yaxşı bilirdi ki, həmin insanlar
mərasim zamanı ondan ölən övladlarının, yaxınlarının hesabatını tələb edəcək.
Etiraz və narazılıqları görən baş nazir yalnız klassik musiqilərin səslənmsi
ilə kifayətlənib.
"Bizim dövlətimiz, müstəqilliyimiz yoxdur”
Görünən odur ki, 44 günlük müharibə və onun
nəticələri erməni cəmiyyətini elə bir duruma salıb ki, bundan qurtulmağa
onilliklər gərək olacaq. Bu müharibə "məğlubedilməz erməni” obrazını alt-üst
etmiş olub. Bunun nəticəsidir ki, ermənilər kin və küdurətini baş nazirin
üstünə tökürlər. "Müstəqillik” sözü gələndə belə bundan iyrənirlər. "Heç bir
şəkildə təbrik etmirəm. Bizim dövlətimiz yoxdur. Müstəqilliyimiz yoxdur.
Şərəfimiz yoxdur. 5000 adamımız yoxdur. Əsirlərimiz haradadır? İtkin düşənlər
haradadır?” Bu sözlər sıravi bir vətəndaşa deyil, Ermənistan Respublikaçılar partiyasının rəsmisi Armen Aşotyana
məxsusdur. O qeyd edib ki, yalnız itirilmiş ləyaqətin xəyal ağrıları var: "Bu,
Müstəqillik Günü deyil, ölüxana günüdür”. Bir vaxtlar özünü az qala "erməni
Napoleonu” kimi qələmə verən Xocalı cəlladı, uşaq qatili Seyran Ohanyanın
dilindən səslənən fikirlər daha maraqlıdır. "Ölkənin suverenliyi ilk növbədə sahib olduğu ərazi, əhalisi,
iqtisadiyyatı ilə ifadə olunur, həmin ərazinin, sərhəd təhlükəsizliyi və ərazi
bütövlüyünün sahibi olmalısan”. Onun sözlərinə görə, bu gün
suverenlikdən danışmaq çox çətindir.
"Müxtəlif ölkələrdən asılıyıq”
Ən çox da övladları müharibədə məhv edilən erməni anaları qəzəblidir. Onlar
bəyan edir ki, analar yas içindədir, övladlarının ili hələ çıxmayıb. "Bunun
zamanı deyil, indi biz azad vətənə malik deyilik, biz müxtəlif ölkələrdən
asılıyıq. Şeytanlar insanların yasına şadyanalıq edirlər. Nikol bu bayramla
uşaqlarımızın tökülmüş qanını unutdurmaq istəyir”, - deyə əsgər anası bildirib.
"2018-ci ildən sonra ikinci dəfə qərar
verdik ki, bizə nə müstəqillik, nə də ölkəmizi "izqoy” statusundan çıxarmaq
lazım deyil”. Bunu da ictimai
xadim Diana Vasilyan yazıb.
Azər NURİYEV