• cümə axşamı, 18 aprel, 10:11
  • Baku Bakı 12°C

Musiqidə əbədiləşmiş bəstəkar ömrü

24.04.19 09:45 1304
Musiqidə əbədiləşmiş bəstəkar ömrü
Bəstəkar ömrü heç bir zaman bitmir. Onun yaratdığı əsrarəngiz musiqi aləmi daima yaşayaraq bəstəkarın ömrünü əbədiləşdirir. Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri, unudulmaz bəstəkarımız Ədviyyə Rəhmətova da məhz belə mənalı ömür yaşamış (30 mart 1944 – 18 may 2017), milli musiqi mədəniyyətimizə bir-birindən dəyərli sənət nümunələri bəxş etmişdir. Onun kiçik həcmli əsərlərdən - mahnılardan tutmuş? iri həcmli simfonik əsərlərə, instrumental konsertlərədək, müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılığı öz yüksək peşəkarlıq səviyyəsi və musiqi dilinin orijinallığı, milli qaynaqlardan – Azərbaycan xalq mahnılarından və muğamlarımızdan bəhrələnən intonasiyaları ilə diqqəti cəlb edərək, geniş dinləyici kütlələrinin daimi rəğbətini qazanmışdır.
Ə.Rəhmətova özünəməxsus musiqi dili ilə seçilən bir sıra maraqlı əsərlərin, o cümlədən, tar ilə xalq çalğı alətləri orkestri üçün 2 Konsertin, kamança ilə kamera orkestri üçün 2 Konsertin, soprano ilə kamera orkestri üçün Konsertin, kamança və qanun ilə simfonik orkestr üçün ikili Konsertin, Simfoniyanın, kamera orkestri üçün "Şahsevənlər ocağına səyahət”, "Dədə Qorqud”, "Xocalı” Ssimfonik poemalarının, simli kvartetin, həmçinin xalq çalğı alətləri orkestri üçün bir sıra lirik rəqslərin, Azərbaycan şairlərinin sözlərinə yazılmış mahnı və romansların, kamera-instrumental əsərlərin müəllifidir.
1944-cü il martın 30-da Bakı şəhərində dünyaya göz açmış bəstəkarın ailəsində musiqi sənətinə xüsusi maraq var idi. Atası Murad Məmmədtağızadə ixtisasca geoloq olmasına baxmayaraq, tarda çalmağı çox sevir, tibb işçisi olan anası isə məlahətli səslə xalq mahnılarını və muğamları ifa edirdi. Ailədəki bu gözəl musiqi mühiti sözsüz ki, onun bilavasitə musiqi sənətinə meyl etməsinə təsir göstərmiş və gələcəkdə peşəkar bir bəstəkar olmasına zəmin yaratmışdır.
İlk musiqi təhsilini Bakı şəhəri 2 saylı Uşaq Musiqi Məktəbinin fortepiano sinfində alan Ə.Rəhmətova, 1959-cu ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun (indiki Bakı Musiqi Kolleci) "Musiqi nəzəriyyəsi” şöbəsinə daxil olmuş, təhsil aldığı illərdə musiqi bəstələməyə böyük həvəs göstərmişdir. Çox sevdiyi və pərəstiş etdiyi görkəmli bəstəkarımız Tofiq Quliyevin könülləri fəth edən gözəl mahnıları onu musiqi bəstələməyə ruhlandırmışdır. Bu dövrdə o, piano üçün ilk prelüdlərini yazmışdır. Bu prelüdlər müəllimlərinin də diqqətini cəlb etmiş və onların məsləhəti ilə Ə.Rəhmətova Mithəd Əhmədovdan kompozisiya üzrə dərslər almağa başlamışdır.
Musiqi Texnikumunu fərqlənmə diplomu ilə bitirən Ə.Rəhmətova bəstəkarlıqla daha ciddi məşğul olmağı qərara alır və 1963-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsinə - professor Cövdət Hacıyevin sinfinə daxil olur. Konservatoriyada oxuduğu illərdə o, harmoniya və alətşünaslıq fənləri üzrə professor Z.Q.Burşteyndən, orkestrləşmə üzrə A.Məlikovdan, polifoniya üzrə isə F.Qarayevdən dərslər alaraq bəstəkarlığın sirlərinə yiyələnir. O, klassik Avropa musiqi nümunələri, görkəmli rus bəstəkarlarının, habelə Azərbaycan bəstəkarlarının əsərləri ilə yaxından tanış olur. Tələbəlik illərində müxtəlif musiqi janrlarında qələmini sınayaraq bir sıra əsərlər yazır: piano üçün prelüdlər, fuqalar, sonatina, simli kvartet, "Nizami” kantatası, xalq çalğı alətləri orkestri üçün pyeslər, mahnı və romanslar və s.
1970-ci ildə Ə.Rəhmətova öz ixtisas müəllimi – görkəmli bəstəkar, professor Cövdət Hacıyevin tövsiyəsi ilə yazdığı "Tar ilə xalq çalğı alətləri orkestri üçün Konsert” əsərini Diplom işi kimi təqdim edərək konservatoriyanı müvəffəqiyyətlə bitirmişdir. Diplom müdafiəsində əsərin solo (tar) partiyasını onun həyat yoldaşı Əvəz Rəhmətov ifa etmişdi. Ə.Rəhmətov o illərdə artıq tanınmış musiqiçi, gözəl tarzən, Musiqi Texnikumunun tar və muğam ixtisası üzrə aparıcı müəllimlərindən biri, həmçinin bir sıra elmi məqalələrin və kitabların müəllifi idi. O, sonralar A.Zeynallı adına Musiqi Məktəbinin direktoru vəzifəsində çalışmışdır.
1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Ə.Rəhmətovanın əsərləri mütəmadi olaraq İttifaqın tədbirlərinin - plenum, festival və qurultayların konsert proqramına daxil edilərək, müvəffəqiyyətlə ifa edilmişdir. O, həmçinin uzun illər Bəstəkarlar İttifaqının "Xalq çalğı alətləri” bölməsinin fəal üzvü olmuşdur. Ə.Rəhmətova Azərbaycan Bəstəkarlar İttifaqının vətənpərvərlik mövzusunda yazılmış mahnılar üzrə keçirdiyi müsabiqələrdə, habelə Sumqayıt şəhərinin 60 illiyinə həsr olunmuş mahnı müsabiqəsində iştirak etmiş, "İrəli hey, əsgər!” (1994), "Enməyən bayraq” (1997) və "Sumqayıt” (2009) mahnılarına görə mükafata layiq görülmüşdür.
Bəstəkarın yaradıcılığında əsasən iki janrda - instrumental konsert və mahnı janrlarında yazılmış əsərlər üstünlük təşkil edir. Bu da təsadüfi deyil. Məhz bu janrlar vasitəsi ilə bəstəkar öz ideyalarının bədii təcəssümünə nail olmağa çalışmışdır. Bəstəkarın əsərlərinin emosional-obraz dairəsini insanın daxili mənəvi aləmi, onun hiss və həyəcanı, düşüncələri və arzuları təşkil edir. İnsanın mürəkkəb və ziddiyyətli daxili aləmini əks etdirən bu ideyalar lirik və ifadəli melodiyalarda öz təzahürünü tapır. Bəstəkarın özünəməxsus milli intonasiyaları ilə qəlbləri oxşayan oxunaqlı və yaddaqalan səmimi melodiyaları geniş dinləyici kütlələri tərəfindən rəğbətlə qarşılanır.
Mahnı janrına xüsusi məhəbbətlə yanaşan bəstəkar, Ə.Kürçaylının, B.Vahabzadənin, T.Bayramın, N.Həsənzadənin, M.Ələkbərlinin və başqa Azərbaycan şairlərinin sözlərinə çoxlu sayda mahnı və romanslar yazmışdır. Bu qəbildən, onun, B.Vahabzadənin sözlərinə yazdığı 12 mahnı və romans məcmuəsi diqqəti cəlb edir. Onun mahnıları respublikanın tanınmış müğənniləri, o cümlədən Ş.Ələkbərova, E.Rəhimova, F.Kərimova və b. tərəfindən ifa edilmişdir. Bu gün də müğənnilərimiz onun mahnılarına böyük məmnuniyyətlə müraciət edirlər. Tanınmış müğənni, əməkdar artist L.Məmmədovanın ifasında bəstəkarın N.Həsənzadənin sözlərinə yazdığı "Yadına düşəcəyəm” mahnısına çəkilmiş klip tamaşaçılar tərəfindən böyük rəğbət qazanmışdır. Onun T.Bayramın sözlərinə yazılmış "Qadın ürəyi” mahnısı Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalında muğam müsabiqəsinin laureatı İ.Əhmədovun ifasında müvəffəqiyyətlə səslənmişdir. Bəstəkarın öz təravətli melodiyası ilə qəlbləri oxşayan mahnılarından biri də B.Vahabzadənin sözlərinə yazılmış "Ana” mahnısıdır. Bu mahnı Azərbaycan Qadınlarının I Qurultayında S.Əzimi tərəfindən təqdim edilmişdir.
Bəstəkarın yaradıcılığına xas olan özünəməxsus cəhətlərdən biri də, onun milli musiqi alətlərinə olan xüsusi marağı ilə izah edilir. O, xalq çalğı alətləri üçün iri və xırda həcmli müxtəlif əsərlər yazmışdır. Qeyd etmək lazımdır ki, xüsusilə instrumental konsert janrı bəstəkarın daima diqqət mərkəzində olmuşdur. Ə.Rəhmətovanın tar və kamança konsertləri respublikanın aparıcı musiqi kollektivlərinin və görkəmli ifaçıların repertuarında xüsusi yer tutur. Bu əsərlər həmçinin Musiqi Kollecinin və Azərbaycan Milli Konservatoriyasının tədris proqramına daxildir. Onun, tanınmış kamança ustası Ədalət Vəzirovun xatirəsinə həsr olunmuş kamança ilə kamera orkestri üçün 1 saylı Konserti alətin virtuoz ifa xüsusiyyətlərini nümayiş etdirən maraqlı əsərdir. İlk dəfə 2002-ci ildə kamera və orqan musiqisi zalında Azərbaycan Bəstəkarlar İttifaqının Plenumunda Q.Qarayev adına Kamera Orkestri tərəfindən ifa edilən (bədii rəhbər və baş dirijor - xalq artisti T.Göyçayev, solist - A.Səlimova) bu əsər 2003-cü ildə Ə.Rəhmətovanın təşəbbüsü ilə təşkil olunmuş xatirə gecəsində də səslənmişdir.
Parlaq və ifadəli melodiya vasitəsilə insan (vokal) səsinin ifadə xüsusiyyətlərini əks etdirən bəstəkar, soprano ilə kamera orkestri üçün Konsert (2006) əsərini yazmışdır. Əsər ilk dəfə 2007-ci ildə kamera və orqan musiqisi zalında Azərbaycan Bəstəkarlar İttifaqının VIII Qurultayında Q.Qarayev adına Kamera Orkestri tərəfindən ifa edilərək (bədii rəhbər və baş dirijor - xalq artisti T.Göyçayev, solist - beynəlxalq müsabiqələr laureatı F.Məmmədova) musiqi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır.
Bəstəkarın xüsusi maraq doğuran əsərlərindən biri də "Kamança və qanun ilə simfonik orkestr üçün ikili Konsert”dir (2009). Qeyd etmək lazımdır ki, bu əsərdə bəstəkar ilk dəfə olaraq iki milli musiqi alətinin - kamança və qanun alətlərinin solo imkanlarını qabarıq şəkildə ifadə edərək, simfonik orkestrin müşayiəti ilə ikili Konsert janrında təqdim etmişdir. Əsərin II hissəsi "Azəri naxışları” adı ilə ilk dəfə 2012-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının IX Qurultayının Bakı Musiqi Akademiyasının böyük zalında keçirilmiş yekun konsertində Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor - əməkdar incəsənət xadimi A.Əliyev, solistlər: M.Əsədullayeva - kamança, R.İlyasov - qanun) ifasında böyük müvəffəqiyyətlə səslənmişdir. Bu əsər həmçinin 2014-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş Musiqi Festivalının proqramına da daxil edilmişdir.
Bəstəkarın son illərdə yazdığı əsərlər içərisində xüsusilə, görkəmli kamança ifaçısı, Xalq artisti Şəfiqə Eyvazovaya həsr olunmuş "Kamança ilə kamera orkestri üçün 2 saylı Konsert”ini və istedadlı gənc tarzən Şəhriyar İmanova həsr olunmuş "Tar ilə kamera orkestri üçün 3 saylı Konsert”ini qeyd etmək lazımdır.
Ə.Rəhmətova bəstəkar yaradıcılığı ilə yanaşı, uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Hələ konservatoriyada təhsil aldığı illərdən başlayaraq paralel olaraq A.Zeynallı adına Musiqi Texnikumunda nəzəriyyə fənlərindən dərs deyən Ə.Rəhmətovanın, pedaqoji iş stajı yarım əsrlik bir dövrü əhatə etmişdir. Dərin biliyə və zəngin təcrübəyə malik olan Ə.Rəhmətova gənc musiqiçilərə hər bir fənni sevdirməyə çalışmışdır. Sevimli müəllimi C.Hacıyevin pedaqoji prinsiplərinə həmişə sadiq qalan Ə.Rəhmətova, öz tələbələrinə qarşı son dərəcə diqqətli və tələbkar olmuş, eyni zamanda qayğıkeş bir insan kimi onlarla səmimi ünsiyyət qurmuşdur. O, özünün yüksək nəcib insani keyfiyyətləri ilə həmişə tələbələrinin və həmkarlarının, habelə onu tanıyan hər bir kəsin məhəbbətini qazanmışdır.
Bu il unudulmaz bəstəkarımız Ədviyyə Rəhmətovanın anadan olmasının 75 ili tamam olur. Milli musiqi mədəniyyəti xəzinəmizi zənginləşdirmiş, özünəməxsus orijinal əsərləri, "böyük musiqi”yə sadiq yaradıcılıq prinsipləri, yüksək nəcib insani keyfiyyətləri ilə işıqlı bir obraz yaratmış Ədviyyə Rəhmətovanın əziz xatirəsi musiqisevərlərin qəlbində əbədi yaşayacaq. İllər ötsə də, onun musiqisi səslənəcək və bəstəkar ömrünü əbədiləşdirəcək...
Sevda Hüseynova
Musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi
banner

Oxşar Xəbərlər