• cümə, 29 Mart, 09:01
  • Baku Bakı 5°C

Musiqi üçün yaşanılan həyat - Fotolar

10.08.19 11:30 12280
Musiqi üçün yaşanılan həyat - Fotolar
"Oskar” mükafatçısı Ron Xovard tərəfindən ikinci dəfə çəkilmiş «Pavarotti» sənədli filmi ekranlara çıxacaq. Yulia Şaqelmanın sözlərinə görə, onun əlində əfsanəvi tenorun tərcümeyi-halı yaxşı ilə ən yaxşı arasındakı tipik bir hekayəyə çevrilib. Bəlkə də Hollivud filmi olan cəsur astronavtlar haqqında «Apollon-13» (1995), müasirləri tərəfindən başa düşülməyən dahi alim haqqında çəkilmiş «Ağıllı oyunlar» (2001), dişlərini sıxıb, son döyüşə sanki rəqibi ilə deyil, taleyi ilə vuruşa gedən bir boksçu haqqında çəkilmiş «Nokdaun»-u (2005) lentə alan rejissor Xovardı, Pavarottidə cəlb edən istedad və əzmkarlıq yolu ilə super ulduz olmuş sadə, kasıb oğlanın hekayəsi idi.

«Pavarotti» filminin çəkilişinə başlamazdan əvvəl rejissor opera dünyasına tamamilə yad idi və əgər filmi həqiqətən bəyənirdilərsə, bu, qəribə geyimlərdə səhnəyə çıxan insanların heyrətamiz bir dünyanı kəşf etməsi və anlaşılmaz dildə oxusalar belə, tamaşaçıların onları heyranlıqla dinləməsidir. Və qəribədir ki, bu, onların xoşuna gəlir! Amma əgər rok ulduzlarının həyatında seks, narkotik və digər ifratçılıqlar varsa, filmə inansaq, Pavarottidə xeyirxah ürək, xeyriyyəçilik etməyə həvəs, uşaqlara və qadınlara məhəbbət var idi. Film əvvəllər heç yerdə nümayiş olunmayan möhtəşəm epizodla açılır. Bu, fleytaçalan Andrea Qriminelli tərəfindən 1995-ci ildə hazırlanan bir həvəskar videodur. Pavarotti Amazon çayı boyunca üzür. Və budur, müğənni üçün səhnə açılır, o, birbaşa idman şalvarında səhnəyə qalxır və məşhur yuxarı «do»nu götürür. Çəkiliş çox kinematikdir.

Pavarottinin həyatı da bir o qədər kinematik olub. Müharibədən sonrakı Modena (ata çörəkçi, ana fabrik işçisi), atasının aldığı valları dinlədikdən sonra operaya hələ çox gənc yaşlarından yaranmış məhəbbət, kilsə xorunda mahnı oxumaq, paralel olaraq dərs vermək kimi məşğuliyyətləri olmuşdu.

Acından ölməmək üçün sığorta agenti işləyən və birdən beynəlxalq yarışmalardakı qələbələr, uğurlar, inanılmaz beynəlxalq şöhrət və dünyadakı izləyicilərin sonsuz sevgisi....


Ən istedadlı və populyar ifaçı

Luçano Pavarotti opera musiqisi tarixinin ən istedadlı və populyar ifaçılarından biridir. Onu hələ həyatda olarkən klassik adlandırırdılar. Onun bir çox ariyaları ölməz hitlərə çevrilib. O, opera sənətini geniş kütlələrə çatdırıb. Məhz onun sayəsində XX əsrin sonlarında klassik musiqi əsl renessans yaşayıb.

Luçano Pavarotti İtaliyanın kiçik Modena şəhərində çörəkçi ailəsində anadan olub. Onun anası tütün istehsal edən fabrikdə çalışırdı. Ailəsi çox kasıb yaşadığından pul bəs etmirdi və ən zəruri şeylər üçün belə daim pul yox idi. Buna baxmayaraq, Luçano həmişə uşaqlığı haqqında xüsusi həvəs və həyəcanla danışardı. Erkən yaşlarında onun ən sevimli hobbisi futbol olub. Qapıçı olmaq arzusunda imiş. Amma sonradan fikrini dəyişib. 1943-cü ildə İkinci Dünya Müharibəsi səbəbindən Pavarottinin ailəsi Modenanı tərk edərək şəhərətrafı fermaların birinə köçmək məcburiyyətində qalır. Orda gələcək məşhur tenorun bütün ailəsi əkinçiliklə məşğul olmağa başlayıb. Və təəccüblüsü odur ki, get-gedə Luçano belə həyat tərzindən zövq almağa başlayır.

Musiqiyə olan sevgiyə gəldikdə isə bu, həmişə digər hobbilərlə birlikdə gənc oğlanın ruhunda yaşayırdı. Luçanonun musiqi zövqü gəncliyində opera ifa etməyi sevən atası tərəfindən formalaşır. Fernando Pavarottinin şəxsi kolleksiyasında Enriko Karuzo, Tito Skip və bir sıra digər opera ifaçılarının ariyalarından ibarət vallar vardı. Bundan əlavə, bazar günləri, bugünkü qəhrəmanımızın atası bəzən kilsə xorunda mahnı oxuyardı. Müəyyən bir məqamda Luçanonun özü də atası ilə xorda oxumağa başlayır. Bu, uzun illər davam edib, lakin orta məktəbi bitirdikdən sonra qəhrəmanımız, opera müğənnisi karyerası haqqında düşünmürdü. İdman akademiyasına daxil olmaq istəyirdi, amma anası onu müəllim kimi işə düzəlməyə inandıra bilir. Beləliklə, gələcək tenor ibtidai məktəbdə musiqi müəllimi oldu. Orada iki il çalışdı, lakin sonradan məhz bu illər ərzində musiqi sənətinin həyatında nə qədər vacib olduğunu başa düşməyə başladı. Pavarotti opera müğənnisi olmağa qərar verdi və on doqquz yaşında məşhur tenor Arriqo Paul ilə birlikdə oxumağa başladı. Dövrün məşhur tenoru onun ailəsinin kasıb olduğunu nəzərə alaraq, Pavarottiyə pulsuz dərslər verir. Pola İtaliyanı tərk etdikdən sonra Pavarotti, bəstəkar Ettori Compogolianidən dərslər alır.

Musiqi ilə məşğul olması, günlərin birində Luçanoya ilk həyat yoldaşı, opera müğənnisi Adua Veroni ilə tanış olmağa şans yaradır. Aduye onu hər zaman dəstəkləyir. O, Luçanonu dilə tutur və musiqi dərslərini davam etdirir. İlk uğur da özünü çox gözlətmir. 1961-ci ildə 26 yaşlı Pavarotti Reco-nel-Emiliyada keçirilən vokal yarışmasında birinciliyi qazanır. Beləcə, Pavarottinin yüksəlişi başlanır. İllər sonra Luçano Pavarotti dəfələrlə etiraf edib ki, onu opera dünyasında karyerası barədə ciddi düşünməyə məcbur edən məhz Adua olub. Bəlkə də sevimli yoldaşından ayrıldıqdan sonra Luçano Pavarottinin karyerasında kəskin geriləmələr baş verdi. Çox nadir hallarda konsertlər verirdi. Hansısa bir anda səsində baş verən qalınlaşmadan xəbər tutdu. Müğənninin səsi çox pisləşdi, amma Luçano ifa etməyə davam etdi. Nəticədə Ferrara şəhərindəki konsertlərindən birində tənqidə tuş gəldi və bu, bir musiqiçinin həyatındakı ən böyük uğursuzluqlardan biri oldu. Müğənni birdən-birə musiqi dünyasından ayrılmağı qərar verdi. Sığorta agenti kimi işə başladı (daha əvvəl musiqi karyerası ilə paralel işləmişdi) və bir anda bütün çıxışlarına son qoydu. Ancaq təəccüblüdür ki, bir anda müğənninin səsindəki qalınlaşma aradan qalxdı. Üstəlik, musiqiçinin səsi istənilən dərinliyi götürməyə başladı. Luçano Pavarotti artıq yenə də çıxış edə bilərdi. Nəticədə bu an onun həyatında və işində dönüş nöqtəsi oldu.

Üç tenor

Artıq 1961-ci ildə Pavarotti Beynəlxalq Vokal Müsabiqəsinin əsas mükafatının sahibi oldu. Ondan sonra Luçano nüfuzlu Reggio Emilia Teatrının səhnəsində debüt etdi və çox keçmədən Vyana Opera və Covent Garden London teatrlarının səhnəsinə çıxdı. Bu nöqtədən italyan tenorun karyerası sürətlə yuxarıya doğru irəliləməyə başladı. Planetimizin ən gözəl məkanlarında konsertləri baş tutdu. London, Vyana , Paris, Nyu-York və dünyanın bir çox digər böyük şəhərlərində alqışlandı. 1990-cı ildə İtaliyada keçirilən dünya üzrə futbol çempionatı zamanı Luçano Pavarotti məşhur «Nessun Lorma» operasını ifa etdi. Məhz bu anlarda müğənni klassik musiqini populyarlaşdırmaq fikrinə düşdü. Tezliklə o, Plaçido Dominqo və Joze Carreras ilə birlikdə klassikləri daha müasir üslubda ifa edən «Three Tenors» (Üç tenor) üçlüyünü yaratdı. Belə yanaşma müğənnilərə böyük kommersiya uğuru gətirdi və onları opera, həm də estrada səhnəsinin həqiqi ulduzlarına çevirdi. Tənqid olundular, amma özlərinə sadiq qaldılar. Nəticədə üç tenorun işi sayəsində 90-cı illərdə opera musiqisinin populyarlığı xeyli artdı.

Çox güman ki, Pavarottinin Adua Veronidən ayrı düşməsi müğənninin xəyanətləri üzündən baş verdi. Sonradan sənətkarın həyatında bir çox macəralar yaşandı. Ancaq daha yaşlı vaxtlarında yenidən evlənməyə qərar verdi. Yeni həyat yoldaşı Nikoletta Mantovanni adlı gənc bir qadın oldu. Onun üçün dördüncü övladı olan bir qız uşağı da dünyaya gətirdi (əvvəlki üçü nikahdan kənar doğulmuşdu). Bütün şayiələrə baxmayaraq, Nikoletta həyat yoldaşı ilə ölənə qədər qaldı.

«Ləğvlərin kralı»

Luçano Pavarotti «Qırmızı Xaç» təşkilatı ilə sıx əməkdaşlıq edir və gənc musiqiçilərin tanıdılması üçün bir sıra musiqi festivallarının təşkil olunmasına nail olurdu.
2001-ci ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qaçqınlar üçün vəsait toplamaq səylərinə görə, onu "Nansen” medalına layiq gördü. Xeyriyyə konsertləri və könüllü işlərin köməyi ilə tenor 1,5 milyon dollardan çox qazandı. O, xeyriyyəçilik fəaliyyətinə görə digər mükafatlara, o cümlədən London Azadlıq Mükafatına və bəşəriyyətə xidmətlərinə görə Qırmızı Xaç Mükafatına layiq görüldü. Şöhrətin zirvəsinə yüksəlmək Pavarottiyə asan başa gəlmədi. Onda, son anda çıxışlarını ləğv etmək kimi pis vərdiş yarandı. Buna görə «Ləğvlərin Kralı» kimi şöhrət qazandı. Bu vərdiş bəzi operalarla əlaqələrinin kəsilməsinə də səbəb oldu. Məsələn, 1989-cu ildə Çikaqo Lirik Operası onunla 15 illik münasibətləri kəsdi, çünki səkkiz il ərzində Pavarotti bu yerdə planlaşdırılan 41 tamaşadan 26-nı ləğv etmişdi.

Sən demə, Pavarotti filmdə – tənqidçilərdən mənfi rəylər alan «Bəli, Giorgio» (1982) adlı romantik komediyada rol alıb. Pavarottini eyni ildə buraxılmış «Riqoletto» operasının Jean-Pierre Ponnelin televiziya üçün uyğunlaşdırılmasında və ya 1978-ci ildən 1994-cü ilə qədər televiziyada nümayiş olunan 20-dən çox canlı opera tamaşasında da görmək olar.

2002-ci ildə Pavarotti meneceri Herbert Breslin ilə münasibətləri kəsdi. 2004-cü ildə Breslin «Kral və mən» kitabını nəşr etdirdi və orada müğənni ilə əlaqəli bir çox nüansları açıqladı. Məsələn, Pavarottinin, hesabını çətinliklə izləyə bildiyini iddia etdi, çünki praktiki olaraq hesabdan başı çıxmırdı.

1998-ci ilin 12 dekabrında o, Vanessa L.Vulyams ilə birlikdə oxuyan "Saturday Night Live”-də çıxış edən ilk (və yenə də yeganə) opera müğənnisi olub.

2000-ci illərin ortalarında Luçanoda mədəaltı vəzi xərçəngi aşkarlandı və müğənninin ölümünə də bu xəstəlik səbəb oldu. Ölümündən bir müddət əvvəl görkəmli opera müğənnisi milyonlarla vəsaitini həyat yoldaşına, bacısına və dörd qızına vəsiyyət etdi.

Məşhur opera ifaçısının sonuncu səhnə çıxışı isə 2006-cı ildə Torinoda XX Qış Olimpiya Oyunlarının açılışı zamanı olur.

Pavarotti 2007-ci ilin sentyabrında elə öz doğma şəhəri Modenada dəfn olunur.

"Yüksək do kralı”nın son sözləri isə belə olur: "Hesab edirəm ki, musiqi üçün yaşanılan həyat, ömrün əla keçməsi deməkdir və mən öz həyatımı məhz buna həsr etmişəm”.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər