Musiqi körpüsünün inşaatçısı - DİASPOR
![Musiqi körpüsünün inşaatçısı - DİASPOR](https://kaspi.az/storage/posts/large/62373d9b9d876.jpg)
Cəmilə
Cavadova-Spitzberq: "Əsas işimiz Azərbaycan və Amerika arasında mədəni əlaqələrin
möhkəmləndirilməsi və inkişafıdır”
Musiqi alətlərinin
arasında ən iri həcmlisi və ən qədimi sayılan, tarixi bir neçə minillik təşkil
edən orqanın yaranması ilə bağlı müxtəlif fikirlər var. Mənə isə elə gəlir ki,
orqan işıq, şeir, musiqi – incəsənət tanrısı Apollonun verdiyi ilhamla, nəfəslə
yaranıb. Kişi gözəlliyinin timsalı olan Apollon sanki öz yaraşığından,
ucalığından bu musiqi alətinə də bir parça verib. Amma söhbətim orqan aləti haqqında
deyil. Müsahibimiz orqanın gözəl ifaçısı Cəmilə Cavadova-Spitzberqdir. Cəmilə
xanım Azərbaycan Dövlət Konservatoriyasını nəzəriyyəçi və orqan ifaçısı kimi,
Hollandiyanın Amsterdam şəhərindəki Sveelink adına Konservatoriyanı orqan
ixtisası üzrə (magistratura) bitirib, Şimali Texas Universitetində ifaçılıq sənəti
üzrə doktorluq pilləsinə qalxıb. Kral Musiqi Məktəbləri Assosiasiyasının orqan
ifaçılığı lisenziyasını qazanıb.
![](https://kaspi.az/storage/posts/large/627ba6f55a0b0.jpg)
Əslən azərbaycanlı və əsl azərbaycanlı
Əslən azərbaycanlı və əsl azərbaycanlı olan, uzun müddətdir, Amerikada yaşayıb-yaradan və
ürəyində Azərbaycan sevgisi yaşadan müsahibimiz beynəlxalq səviyyəli musiqiçi və
pedaqoqdur. Eyni zamanda Texas ştatının Arlington şəhərindəki Birinci Birləşmiş
Metodist Kilsənin əsas orqan ifaçısı, Texas Universitetinin Dallas filialının
professorudur. Bir çox ölkələrdə – ABŞ, Hollandiya, Almaniya, Fransa, Danimarka,
İngiltərə, keçmiş SSRİ-də yüksək səviyyəli konsert proqramları ilə çıxış edib.
2017-ci ildə Nyu-Yorkun "Carnegie Hall”da konsert proqramının aparıcısı və
iştirakçısı olub. Həmçinin, Vaşinqton Milli Katedralında 2017-2018-ci il
konsert proqramında solo ifa edən yeganə xanım orqan ifaçısıdır.
Azərbaycan
və Şimali Amerika arasında musiqi körpüsü yaratmaq, mədəni əlaqələri genişləndirmək
məqsədi ilə o, 2017-ci ilin noyabrında Azərbaycan-Amerika Musiqi Fondunu (AAMF)
təsis edib, onlarla irihəcmli və dəyərli layihə həyata keçirib. Hətta pandemiya
şəraitində də bu fəaliyyətini dayandırmır.
![](https://kaspi.az/storage/posts/large/627ba6f55c8e3.jpg)
"Musiqili körpü”
– Cəmilə xanım, AAMF-in təsisçisi və icraçı
direktoru olaraq maraqlı və əhəmiyyətli işlər görürsünüz.
– Bəli,
biz bir çox layihələrə imza atdıq. Bunlardan ən önəmlisi və əsas missiyamızı
nümayiş etdirən "Musiqili körpü” layihəmizdir. Bu layihəyə Azərbaycandan Humay
Qasımzadə, ABŞ-dan Uilyam Hayter kimi ifaçıları cəlb etdik. Layihə çərçivəsində
möhtəşəm konsertlər baş tutdu. Biz bu layihənin üzərində böyük həvəs və sevgiylə
işləmişdik. Nəticələr də ürəkaçan oldu.Bundan əlavə, keçən il cazmen
Vaqif Mustafazadənin 80 illik yubileyi münasibətilə "Willis Conover & Vagif
Mustafazade JAZZ HOUR” adlı albom buraxdıq. Albomun ərsəyə gəlməsində bizim
fondla yanaşı Şimali Texas Universiteti və Vaqif Mustafazadə Fondu da yaxından
iştirak etdi.Villis
Konover Vaşinqtonda "Amerikanın səsi” radiosunda dünyanın müxtəlif ölkələrindən
musiqiçiləri tanıdıb, əsərlərini yayımlayıb. Özü 1967-ci ildə Tallində keçirilən
Beynəlxalq Caz festivalında Vaqif Mustafazadə ilə görüşüb və ona radioda 3 – hələ
sağlığında – 1978-ci ildə bir, 1985-ci ildə isə iki proqram həsr edib. Albom həmin
bu üç proqramın cəmindən ibarətdir.
![](https://kaspi.az/storage/posts/large/627ba6f55efb5.jpg)
14 unikal
interpretasiya
AAMF-in ən
maraqlı və ən dəyərli işlərindən biri də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi
ilə ABŞ-da ilk dəfə olaraq bəstəkar Tofiq Quliyevin fortepiano üçün işlədiyi
"Qaytağı” əsərindən ibarət kitabların nəşri oldu. Nəşrin baş redaktoru ABŞ-ın
Massaçusets ştatında yaşayan tanınmış piano ifaçısı, Azərbaycanın Əməkdar
artisti Emil Əfrasiyabdır.AAMF Asəf
Zeynallının "Muğam stilində fantaziya” əsərinin ən yaxşı ifaçısını təyin etmək
üçün online müsabiqə də keçirib. Dünyanın müxtəlif guşələrində bu bənzərsiz əsərin
14 unikal interpretasiyası ortaya çıxıb. Müsabiqə nəinki peşəkar ifaçıların, həm
də Asəf Zeynallı kimi gözəl bəstəkarın dünya musiqiçilərinə yenidən tanıdılması
üçün böyük addım oldu.
![](https://kaspi.az/storage/posts/large/627ba6f5618cd.jpg)
"Emillə
nahar”
– Bildiyim qədərilə cazla bağlı başqa tədbirləriniz
də olub.
– 2020-ci
ilin mayında pianoçu Emil Əfrasiyab və ifaçı Leyla Babayeva-Əfrasiyabın birlikdə
çox gözəl konsertini – "Lunch with Emil”i
təşkil etdik. Konsertin digər layihələrimizdən fərqi ondan ibarət idi
ki, burada Emil Əfrasiyabın xalq mahnıları və digər Azərbaycan bəstəkarlarının əsərlərinin
yeni işləməsi səslənmişdi. Çox uğurlu və son dərəcə maraqlı bir konsert
keçmişdi.
![](https://kaspi.az/storage/posts/large/627ba6f563fce.jpg)
Beynəlxalq bəstəkarlar müsabiqəsi
Bundan
başqa, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətlə
Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin sədri Nərgiz Əliyarovanın təşəbbüsü ilə 2021-ci ilin yanvarında beynəlxalq bəstəkarlar
müsabiqəsi elan etdik. Məqsəd bəstəkarın əsərlərini plagiatdan qorumaq və Azərbaycan
mədəniyyətini təbliğ etmək idi. Müsabiqədə Üzeyir bəyin əsərlərindən seçilmiş
melodiyalar əsasında orijinal əsərin yazılması və adlıqda mənbənin qeyd
olunması əsas şərtlərdən biri idi. Müsabiqənin nəticələri bu ilin 18
sentyabrında açıqlanacaq.
Qarabağa
sülh, sevgi və ümid
Bizim qürur
yerimiz olan qələbə günümüzə həsr olunan layihəni xüsusilə qeyd etmək istəyirəm.
2020-ci ilin 8 noyabrında qələbə ilə nəticələn 44 günlük müharibənin şərəfinə
dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı incəsənət xadimlərinin
yaratdığı "Qarabağ uğrunda” həmrəylik cəmiyyəti və şəxsən mənim təşəbbüsüm və təşkilatçılığımla
"Qarabağa sülh, sevgi və ümid” adlı qlobal xeyriyyə
konserti keçirildi. Layihənin üzərində dünyanın bir çox ölkələrinin incəsənət
xadimləri işləyib, bədii rəhbəri isə özüm oldum. Həmçinin bu layihənin həyata keçməsində Amerikada fəaliyyət göstərən Diaspor təşkilat liderlərinin çox böyük əməyi olub.
![](https://kaspi.az/storage/posts/large/627ba6f566446.jpg)
Qara
Qarayev əsərləri orqanda
– Sizin Qara Qarayev yaradıcılığına da xüsusi
sevginiz var.
– 2016-cı
ildə Hollandiyanın Rotterdam şəhərində
"Grote of Sint-Laurenskerk” kilsəsində Bakı Musiqi Akademiyasının
professoru, Əməkdar incəsənət xadimi Tahirə Yaqubovanın Qara Qarayevin
fortepiano üçün yazdığı əsərlərin və eyni zamanda baletlərindən parçaların
orqan aləti üçün işləmələrini ifa edib, CD yazdırdım. Bu, Q.Qarayev irsinin dünyaya
tanıdılması üçün gözəl addım idi.
Əsas məqsəd
– Fondun yaradıcısı və təsisçisi olaraq üzərinizə
çox böyük işlər götürmüsüz. Bu işlərin başlıca məqsədi nədir?
– Əsas
işimiz Azərbaycan və Amerika arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və
inkişafıdır. Həmçinin Amerika musiqisini Azərbaycanda, Azərbaycan musiqisini
Amerikada təmsil etmək və tanıtmaqdır. Görəcəyimiz işlər planı genişdir. Layihələri
bir-bir həyata keçiririk. Biz bu işdən həm də mənəvi zövq alırıq.
Söhbətləşdi:
Xanım Aydın
![banner](/images/kaspibanner.jpg)