• cümə, 29 Mart, 19:44
  • Baku Bakı 14°C

"Musiqi - danışmağı sevdiyim ən gözəl dildir"

29.04.20 09:00 11383
"Musiqi - danışmağı sevdiyim ən gözəl dildir"
Julia Behbudova: Bu soyadın daşıyıcısı olmaq böyük məsuliyyət tələb edir
O, dünyanın bir çox tanınmış səhnəsində ifa etdiyi operalarla böyük kütlənin diqqətini cəlb edib. Dünyanın məşhur simaları ilə eyni səhnəni bölüşüb. Yaşının az olmasına baxmayaraq, yeri gəldikdə münsif heyəti, yeri gəldikdə də peşəkar vokal aktrisası kimi adı beynəlxalq arenalarda səslənib. Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının Opera və Balet Teatrında peşəkar səhnə təcrübəsi keçib. Herzen Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsində vokal sənətinin sirlərini öyrənib. Beynəlxalq Musiqi Akademiyasının solisti kimi dünyanın bir çox peşəkar səhnəsində müxtəlif obrazlar yaradıb. Opera de Monte-Carlo Teatrında opera və konsert proqramları ilə adını tarixə yazdırmağı bacarıb.Son bir neçə ildə Azərbaycanda, Bakıda fərqli səhnələrdə müxtəlif tamaşalar və konsertlərdə çıxış edərək fəal sənət həyatı yaşayan vokalist Julia Behbudova "Kaspi"nin suallarını cavablandırdı.
- Musiqiyə olan sevgi sizdə haradan qaynaqlanır?
- Uşaqlıqdan musiqi duyumum var idi. "Niyyətin haradırsa, mənzilin də oradır" - deyirlər. Mən uşaq yaşlarımdan keyfiyyətli musiqiləri və operaları dinləyirdim. Üç yaşımda artıq musiqi duyumum formalaşmışdı. Qismətimin musiqi ilə kəsişəcəyini bilirdim. Xatırladığım qədər, bağçaya getdiyim illərdə belə, musiqi həmişə məni müşaiyət edib. Çox keçmədi ki, bağçadan sonrakı dönəmdə, elə uşaq yaşlarımda uşaq musiqi yarışmasında iştirak etdim. İlk dəfə qatıldığım müsabiqədə birinci yerə layiq görüldüm. Mükafatım isə rəngli lent yazısı olmuşdu. Uşaq yaşımda aldığım bu mükafat məni daha da həvəsləndirmişdi. Həmin an özümü çox xoşbəxt hiss edirdim. Həyatımdakı ikinci rəqabət kifayət qədər ciddi idi. Rusiyada "Dan ulduzu" adlı uşaqlar arasında keçirilən yarışa qatılmışdım. Artıq qalibiyyətin dadını bilirdim. Bu müsabiqə daha çətin və rəngarəng idi. Ciddi-cəhdlə hazırlaşdığım sözügedən müsabiqədə üçüncü yerə layiq görüldüm. Bu müsabiqədə mənə böyük tüklü ayı bağışlamışdılar. Müsabiqənin aparıcıları onu mənə təhvil verdikdə, az qala yıxılacaqdım. Kukla çox ağır idi deyə, qucağıma sığmırdı. Arxamda dayanan anamdan kömək etməsini xahiş etdim. Bu həqiqətən böyük mükafat idi! Yəni uşaqlıq xatirələrim çox saf və təmizdir. Açığı, çox ecazkar uşaqlığım olub.Uşaq yaşlarımda bədii gimnastika ilə məşğul idim, buna görə də 2001-ci ildə musiqi məktəbinə gələndə bir seçimim var idi. Mən iki peşəni eyni anda seçə bilməzdim. O həlledici məqamda mən musiqini seçdim.

- Sizin yaradıcılığınıza və keçdiyiniz sənət yoluna nəzər saldıqda, uşaqlıq illərinizdən sonrakı dönəmin də durğun olmadığını görürük.
- Mənim əsas ixtisasım fortepiano olsa da, musiqi məktəbində xor oxumada hər zaman seçilmişəm. Bu məni daha da həvəsləndirirdi. Digər tərəfdən, müəlliməm mənə tez-tez solo parçaları həvalə edirdi. Zaman keçdi və mən musiqi məktəbini bitirdikdən sonar, 2008-ci ildə musiqi kollecinin "opera oxuma" sinfinə daxil oldum. Çox sayda mövzular arasında musiqini seçdim. Musiqi məni çox dəyişdirmişdi. Bir şəxsiyyət kimi formalaşmağımda, zövqümün, keyfiyyətli musiqi duyumumun yaranmasında rol oynamışdı. Musiqi ilə mənim həyata, cəmiyyətə, çevrəmdə baş verən hadisələrə baxışlarım formalaşdı. Təhsil aldığım o illər həyatımın ən qayğısız və gözəl illəri idi. 2011-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərinə köçdüm. Təhsilimi davam etdirmək üçün orada vokal fakültəsinə daxil oldum və musiqi bacarıqlarımı inkişaf etdirməyə davam etdim. 2015-ci ildə Beynəlxalq Obraztsova Akademiyasına qəbul olundum. Hər bir musiqi qurumu mənə böyük bir fürsət verdi, yeni imkanlar yaratdı. Onlar hər biri ayrı-ayrılıqda mənə böyük bir məktəb oldular. Peterburq mədəniyyətin beşiyi hesab edilir və burada dünya mədəniyyətlərinin ortaq tədbirləri - vokal konfranslar, beynəlxalq festivallar keçirilirdi. Parlaq yaradıcılıq həyatı üçün Peterburq əlverişli şəhərdir. Təkcə buradakı mədəni tədbirlərə qatılmadım, eyni zamanda qastrol səfərlərinə gedir, səyahətlər edirdim. Bütün bunlar musiqi ideyalarımı daha da təkmilləşdirirdi. Yeni layihələr üçün mənə böyük güc və ilham gətirirdi.

- Bakıya nə zaman gəldiniz?
- 2018-ci ildə musiqi fəaliyyətimi Bakıda davam etdirdim. Bura daim məni dəstəkləyən və hər zaman yanımda olan həyat yoldaşıma görə gəldim. İllər ötdükcə, musiqiçi olmağın bir peşə deyil, şüurumu tamamilə əhatə edən, fəaliyyətimin bütün sahələrinə nüfuz edən, zənginləşdirən, ruhlandıran və ucaldan, məni daha parlaq və təmiz edən bir fəlsəfə olduğunu başa düşməyə başlayıram.
- Sizcə, musiqinin gücü sərhədləri aşacaq qədər dəyərlidirmi?
- İnsan musiqi dinlədikdə, sanki fərqli dünyanın qonağı olur. Musiqi sərhəd tanımır. Dünyanın hər bir yerində keyfiyyətli musiqi dinlənilir, sevilir. Musiqi sevgi ilə yoğrulmuş bir gücdür. Bu güc olmadan həyatımı təsəvvür edə bilmirəm. Mən uzun müddət nənə və babamla yaşamışam. Bizim böyük bir kitabxanamız vardı, orada bütün günü oxuduğum çox sayda fərqli kitablar məni yetişdirib. Bəzi kitabları oxuduqda tam dərk etmirdim, amma zaman keçdikcə, oxuduğum kitablar həyatımda silinməz iz buraxıb.

- Sizcə, musiqinin dili varmı?
- Mənə görə, musiqi birbaşa qəlbə xitab edir. Ancaq musiqinin sözlərini anlamaq üçün ifa etdiyin parçanın dilini bilmək məcburiyyətindəsən. Daha çox ingilis və fransız, eyni zamanda italyan dillərini bilir və müxtəlif dillərdə parçalar səsləndirməyi sevirəm. Bundan başqa, müxtəlif dil forumlarında iştirak etdim, insanlar üçün operalardan parçalar oxudum, onlarla söhbət etdim və möhtəşəm vaxt keçirdim! Sonra gördüm ki, insanlar məni diqqətlə dinləyirlər, duyğularımı hiss edirlər. Bu, məni daha da həvəsləndirirdi.
- Bir vokal ifaçısı üçün şans, yoxsa istedad daha önəmlidir?
- Məncə, hər şeydən əvvəl bir vokalçı üçün musiqi təhsili və zəkası önəmlidir. Təcrübən əsnasında sən o bilikləri öyrənirsən və peşəkar səhnədə heç bir şans səni vəziyyətdən çıxarmır. İstedadın, zəhmətlə əldə olunan biliyin hər zaman daha geniş imkanlar açır. Sən özünü təkmilləşdirərək addımlayırsan. Məhz təcrübələrin, biliklərin sayəsində çox şeyə nail olmaq mümkündür. Şansın gətirdiyi uğur isə sabun köpüyü kimi bir şeydir.Onu da qeyd edim ki, bir vokalçı üçün vokal texnikasına bələd olmaq, o hissləri və duyğuları olduğu kimi tamaşaçıya çatdırmaq hər şeydən daha önəmlidir. O əsərin bütün palitrasını, ifa olunan işi, dilləri bilmək, işin nə olduğunu başa düşmək üçün bir musiqi təhsili ilə kifayət deyil. Burada musiqi təhsili ilə bərabər, səhnədə aktyorluq qabiliyyətinə malik olmaq da önəmlidir. Bütün bunlarla yanaşı, tamaşaçıları valeh edəcək xarizma da böyük diqqət çəkməlidir.
- Hədəfiniz nələrdir?
- Məqsədim musiqi ilə insanlara gözəl duyğular bəxş etməkdir. Musiqi ayrı bir dünyadır. Burada böyük bir fəlsəfə var. Hislərini ifadə etmək və bunu insanlarla bölüşmək bir ifaçı üçün ən gözəl duyğudur. Ümumiyyətlə, musiqi - danışmağı sevdiyim ən gözəl dildir.
- Rəşid Behbudov kimi bütün dünyada tanınmış böyük Azərbaycan sənətkarının ailəsinə gəlin gəlmək və bu soyadı daşımaq necə bir hisdir?
- Daha əvvəl də Rəşid Behbudov haqqında məlumatlı idim. Bizim ailəmiz sovet dövrünün insanları olduğu üçün Rəşid Behbudovun mahnılarını sevərək dinləyirdi. Mənim uşaqlığım keyfiyyətli musiqiləri dinləməklə keçib. Rəşid Behbudov yaddaşımda o dərin və keyfiyyətli musiqinin qəhrəmanı kimi qalmışdı. Ailəm mənə onu bu şəkildə təqdim etmişdi.O ki qaldı bu soyadı daşımağıma, Behbudova soyadı mənim üçün bir brenddir. Bu soyadın həyatımda önəmli yeri var. Bu soyadın daşıyıcısı olmaq böyük məsuliyyət tələb edir. R.Behbudov heyrətamiz, möhtəşəm insan və dəyərli musiqiçi olub.
- Bəs, Azərbaycanda vokal sənətinə maraq necədir?
- Azərbaycan xalqı çox istedadlıdır. Azərbaycanda Şövkət Ələkbərova, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev kimi sənətkarların yaratdığı klassik vokal sənətinin ənənələri var. Bu ənənələri gənc nəsil davam etdirməkdədir. İnanıram ki, gələcək nəsillər də bu ənənəni daim yaşadacaq və uca tutacaqlar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər