• cümə, 19 Aprel, 04:49
  • Baku Bakı 18°C

Müsavat neçə hissəyə bölünür?

18.10.14 10:48 1139
Müsavat neçə hissəyə bölünür?
Müsavat Partiyası artıq parçalanma təhlükəsi ilə deyil, real parçalanma ilə üz-üzə qalıb. Əvvəllər üzvlər partiyadan tək-tək, daha sonra yuvarlaq rəqəmlərlə istefa verirdilərsə, artıq bu dalğa daha geniş miqyas alaraq bir rayon təşkilatı həcminə çatıb. Belə ki, partiyanın Tovuz rayon təşkilatı bütün üzvləri ilə birgə, yəni, tam tərkibdə partiyadan istefa verib. Partiya üzvləri mətbuata açıqlamalarında bildiriblər ki, ən fəal rayon təşkilatlarından biri olsalar da, zaman-zaman partiyanın mərkəzi aparatından etinasızlıqlar görmələri onları bu addımı atmağa məcbur edib: “Qurultay ərəfəsində və qurultaydan sonra təşkilat daxilində baş verənlər, təşkilat rəhbərliyinin demokratik prinsipləri tapdalaması, həmin kəsimlərlə eyni çatı altında mübarizə aparmaq imkanlarını sıfıra endirir”.
Hazırkı başqanı bu cür davranmaqda qınayan bölgə təşkilatı bütün müsavatçılardan üzr istəyərək, tam tərkibdə partiya üzvlüyündən istefa verdiyini bəyan edib. Tovuz rayon təşkilatının sədri Miryaqub Ağamirli APA-ya açıqlamasında faktı təsdiqləyib.
Bu açıqlama partiya daxilində gərginliyin hansı səviyyəyə çatdığını açıq-aşkar göstərir. Deməli, vəziyyət o həddə çatıb ki, soyuq atmosfer təzyiqi Bakıdan xeyli uzağa, Tovuz rayonuna da çatıb və kəskin hava şəraiti fəsadsız ötüşməyib. Nəticə isə belədir - partiyanın xeyli sayda üzvü olan Tovuz budağı sınıb. Buna əsas səbəb kimi qurultaydan əvvəl bu rayon təşkilatının seçdiyi nümayəndələrin mandatının ləğv olunması göstərilir. Ləğvə səbəb isə həmin təşkilatın yeni başqan Arif Hacılını qəbul edə bilməyən Vurğun Əyyubun kurasiyasında olmasıdır. V.Əyyubun başqan seçkilərində Qubad İbadoğlunu dəstəkləməsi, bunun isə partiya daxilində hansı gərginlikləri yaratdığı, hansı deyişmələrə gətirib çıxardığı haqda dəfələrlə məlumat vermişik.
Onu da deyək ki, Müsavatın parçalanmasını artıq rəsmi səviyyədə təsdiq olunmuş hesab edə bilərik. Çünki Müsavat Partiyasının üzvü professor Adil Qeybulla və başqanlığa keçmiş namizəd Səxavət Əlisoy bir mövqedən çıxış edərək yeni təşkilat yaradıblar. Yeni yaratdıqları qurumun adını isə "Siyasi Dialoq və İslahatlar Mərkəzi"i (SDİM) qoyublar.
Hər hansı partiya üzvlərinin yeni bir təşkilat yaratması, birmənalı şəkildə, üzvü olduqları partiyadan ayrılmaq anlamı daşıyır. Ona görə də SDİM-in yaradılması “biz partiyadan ayrıldıq” qərarı kimi qəbul olunur. Başqanlığa keçmiş namizəd partiyadan ayrılaraq özünə ayrı bir təşkilat yaradırsa, deməli, onun tərəfdarları da buradan çıxaraq sözügedən QHT-nin sıralarına qoşulacaqlar. Bu isə partiyanın konkret şəkildə çökməsinə gətirib çıxaran məsələdir. Burada digər diqqətçəkən məqam isə odur ki, digər keçmiş namizəd Q.İbadoğlu özü partiyada qalır, lakin tərəfdarları bir-bir Müsavat sıralarından uzaqlaşırlar. Ona dəstək verən bir sıra gənclər, Gənclər Təşkilatı sədri Əhliman Abbas da partiyadan istefa verərək artıq bu qurumda mübarizə aparmağın mənasız olduğunu bildirmişdi. Maraq üçün xatırladaq ki, S.Əlisoy özü də namizədliyini Q.İbadoğlunun xeyrinə götürmüşdü.
Müsavatın faktiki olaraq parçalanmasını, daxildə yaşanan gərginliyi heç cür gizlətmək mümkün deyil. Dəfələrlə buna cəhd olunsa da, prosesləri ört-basdır etmək niyyətləri baş tutmayıb. Artıq hər kəs vəziyyətin nə yerdə olduğundan halidir. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da qurultaydan sonra Müsavat Partiyası daxilində gedən proseslərə münasibət bildirərək yaşananlara əsas səbəb kimi partiyanın tərəfdarlarının sayının azlığını, ciddi sosial dayaqlara malik olmadıqlarını göstərib: “Müsavat Partiyasının funksionerləri zaman-zaman aparılan siyasətdən narazı qaldıqları üçün istefa veriblər. Qurultaydan öncə partiyanın başqanın ətrafında bir-iki nəfərdən başqa kimsəni görmək mümkün deyildi. Düşünürəm ki, qurultaydan sonra Müsavat Partiyası aparıcı funksionerlərdən də məhrum olacaq. Bu partiyada Arif Hacılı və bir də ofis qalacaq. Hadisələrin gedişi də bunu bir daha təsdiq edir. Partiya düzgün siyasət qurmur. Məhz buna görə də partiya sıralarını tərk edənlərin sayı artır. Hazırda inkarçılıq, radikallıq, qərəzli münasibət və hadisəyə subyektiv yanaşma, vaxtilə müxalifətin aparıcı qüvvəsi olan Müsavatı zəif təşkilata çevirir”.
Göründüyü kimi, Müsavatın neçə ildir həsrətlə gözlənilən qurultayı başına bəla olub. Əvvəl qurultayın gecikməsi partiyanın ciddi problemi idisə, indi də onu nəticələri sözün əsil mənasında, baş bəlasına çevrilib və onun dağılmasına səbəb olub. Gərginliyin səngiməməsi belə deməyə əsas verir ki, bu xəmir hələ çox su aparacaq və partiyanı tərk edənlərin sayı bundan sonra daha da artacaq.
H.Əsgər
banner

Oxşar Xəbərlər