• çərşənbə axşamı, 19 mart, 14:59
  • Baku Bakı 8°C

“Mürdəşir də “bismillah” deyib qışqırdı” - MÜSAHİBƏ

04.12.21 12:00 1462
“Mürdəşir də “bismillah” deyib qışqırdı” - MÜSAHİBƏ
İlqar Musayev: "Teatrda tamaşaçılardan alınan sevgi, alqışlar pərdə bağlanana qədərdir. Bağlanan kim, dərhal mühit dəyişir, qəhrəmanlığın gedir”.
Azərbaycan kino və teatr səhnəsində xüsusi koloritinə, oyun tərzinə,roluna və oynadığı əsərə yanaşma tərzinə görə seçilən İlqar MusayevMədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsini bitirib və hazırdaBakı Bələdiyyə Teatrının aparıcı aktyorudur. "Cavad xan” "Seçilən”, "Bulağıstan”, "Köhnə dəyirman”, "Yaddaş”, "Dolu”, "Qorxma, mən səninləyəm 2”, "Böhtan", "Susmuş vicdan”, "Xoca”, "Uçurum” "Ağabəyovlar” kimi film və seriallarda bir-birindən fərqli və maraqlı obrazlar yaradan İlqarın aktyor olmaq arzusu "Babək”, "Amfibiya adam” və s. filmlərə baxdıqdan sonra yaranıb. Aktyor, eyni zamanda Rusiya, İran, Gürcüstan, Mərakeş, Liviyada da filmlərə çəkilib.


Plastilin qəhrəmandan film qəhrəmanına

İlqar Musayev deyir ki, "Yedi oğul istərəm” filmində Bəxtiyar, Cəlal obrazları çox xoşuma gəlmişdi. Həmin dövrlərdə hind filmləri çox məşhur idi: "Uşaq ikən efirdə gördüyümüz qəhrəmanları plastilindən düzəldir, özümüz oynayırdıq. "Yeddi oğul istərəm”, "Üç muşketyor” filminin bütün qəhrəmanlarını həvəslə – kirpiyinə, qaşına qədər oxşadırdıq. Hətta obrazlarla yanaşı, atları da düzəldir, kibrit çöpləri, qutulardan ev qururduq. Qardaşım həmişə müsbət, mənsə mənfi qəhrəmanları oynayırdıq. O, pis nə isə olanda qəbul etmir, mənsə deyirdim ki, "pisdir, yaxşıdır”, amma mənimdir. Onda hiss etdim ki, mən daha xarakterikəm. Teatrda ilk dəfə mənfi obrazı mənə Xalq artisti Amaliya Pənahova tapşırdı. Nadir şah tamaşasında şah Təhmas rolunu mənə verdi. Səhnədə düz 1 saat 55 dəqiqə oldum. Daha sonra "Ölülər”də Kefli İskəndər obrazını oynadım. Amma mən bütün rollarımı İlqar kimi oynadım, özünəməxsus oynadım.


Daha çox kino, yoxsa teatr?

"Teatr məbəddir”- belə bir məşhur ifadə var. Doğrudan da, belədir. O ki qaldı fərqə, teatrda daha sərbəst olursan. Obrazın içinə girirsən və bir az da özün olursan, özününküləşdirirsən onu, öz ştrixlərini, tonunu qatırsan ona. Əlbəttə ki, o da müəyyən çərçivədə. Çünki ola bilər ki, sən bir improvizə edərsən, qarşındakı ona uyğun oynamaz, çünki o səndən indi ssenariyə uyğun replikanı gözləyir. Amma filmdə rejissorun dediyi kimi oynayırsan. Yəni filmdə rejissorun çərçivəsindən çıxa bilməzsən.

Bır pıçıltı qədər yaxın

Teatrda tamaşaçıya bir pıçıltı qədər yaxın olursan. Sənin dediyinə, sənin hərəkətinə ordaca isti-isti reaksiyasını görürsən. Və buna uyğun, bəzən sözünü, mimikanı dəyişirsən. Nəyi bəyəndiyini, nəyə heyfsləndiyini görürük. Teatrda tamaşaçılardan alınan sevgi, alqışlar pərdə bağlanana qədərdir. Bağlanan kim, dərhal mühit dəyişir, qəhrəmanlığın gedir. Amma teatrdan çıxıb evə gedəndə yolda adam o qəhrəmanlığı içində hiss edir, elə bilirsən Fərhadsan, dağları yarıbsan. Filmdə isə başqadır. Ola bilər, çəkildiyin film5 ildən sonra gedər efirə. Amma səhəri insanların baxışında, sözündə görərsən necə oynadığını”.


Film agenti

Bir çox ölkələrdə film və seriallara çəkilən aktyor deyir ki, Rusiyada aktyoru kastinq-direktor seçir və hər bir aktyorun mütləq şəkildə öz agenti olmalıdır: "Yoxdursa, deməli, qeyri-ciddi insan, qeyri-peşəkar aktyordur. Agent dil bilgilərini, çəkini, bədənin, ayağın, barmağın ölçüsünü - hər şeyi bilməlidir. Səni fotolarına və qısa məlumata görə seçirlər. Yəni aktyor əvvəldən bilmir hansı film, hansı obraz üçün kastinqdədir. Bilsə, ən azından o cür davranar. Yalnız seçimdən sonra ssenari ilə tanış olmaq mümkündür”.

Səhnədən səhnəyə dəyişən rejissorlar

Rusiyada sevgi səhnələrinin daha sentimental alınması üçün xanım rejissorun çəkdiyini deyir İlqar Musayev: "Göstərir, belə danış, belə yanaş, bu cür ol. Amma kişi səhnələri, məsələn, iki kişinin mübahisəsi çəkilirsə, görürsən ki, bir kişi rejissor yaxınlaşdı və başladı quruluş verməyə. Və ya döyüş səhnəsi çəkilir, onda da başqa rejissor gəldi. Xüsusi qabiliyyət tələb edən səhnələr üçün bir ayrı rejissor gəlir. Bunun üçün də, əlbəttə ki, böyük maddi dəstək lazımdır”.


Aktyor olmasaydı, hərbçi olardı
Vətən müharibəsi vaxtı xaricdə böyük bir layihədə iştirak üçün dəvət alsa da, imtina edib aktyor. Deyir ki, sentyabrın 13-də könüllü yazılmaq istəsə də, hələ səfərbərliyin olmadığını bildiriblər: "Döyüşlər başlayanda bir də getdim, 40 yaşım olduğundan aparmadılar. "Son nəfəsədək” filmini baş prodüseri Nurəddin Aslanovla birgə cəbhə xəttinə yollandıq, düşündük ki, döyüşə buraxmasalar da, heç olmasa yemək, yardım daşıyaq, cəbhə üçün biz də nə isə edək. Açıq döyüşə girə bilmədim,amma arxa cəbhədə əlimizdən gələni etdik. Bunla fəxr edirəm. Və orda hər şey aktyor kimi də beynimə yazılırdı. Hər bir detala fikir verirdim, görürdüm, yığırdım. Aktyor olmasaydım, çox güman ki, hərbçi olacaqdım”. "Peşəkar rejissor, peşəkar heyət olmasa çəkilmərəm”, – deyir aktyor: "Amma bu o demək deyil ki, pul olmasa çəkilmərəm. Şəhidlərə, millətə, vətənə bağlı sosial çarxlara, filmlərə vətəndaşlıq borcum bilib çəkilmişəm. Amma mənim üçün ən vacibi işlədiyim kollektivin, heyətin peşəkarlığı, işini bilməsidir.


Nəsə düz getmir axı...

Aktyor çəkiliş zamanı yaşanan qeyri-adi hadisə haqda da danışdı: "Azan” filminin çəkilişləri soyuq dekabr ayında olub. Ölmüşəm, mürdəşir məni yumalıdır. İçəridə hər şeyi qurdular, ürpəşib çıxdılar. Mürdəşirlə mən qaldım. İsti su tökmək olmazdı, buxar verəcək, çəkilişə mane olacaqdı. Soyuq sudan istifadə etməli olduq. Betonun üstündə uzanmışam, buz kimi soyuq suyu üstümə tökür. Özümü bloklamışam, heç nəyə reaksiya vermirəm. O da elə yuyur, elə bil elə doğrudan da,ölü yuyur. Və qəfil burnuma iri, möhkəm barmağı ilə pambıq saldı. Mən özümdən asılı olmayaraq diksindim, qışqırdım. Mənimlə birgə mürdəşir də "bismillah” deyib qışqırdı, suqabı əlindən düşdü. Mürdəşir işinə elə aludə olub ki, diri adam yuduğunu unudub. Və deyir ki, bu diri imiş ki, mən də bayaqdan fikirləşirəm, nəsə düz getmir axı, adamın bədəni istidir.

Ən diqqətli tamaşaçı

Ən diqqətli tamaşaçı uşaqlardır. Əgər səhnəyə çıxıb deyirəmsə ki, mən Məlikməmmədəm, gərək elə Məlikməmməd olam ki, o mənə inansın. Böyüyü inandırmaq daha asandır. Bir taxta yapışdır, üstündə yaz Sibir, özünü də soyuqdan titrəyirmiş kimi göstər, tamaşaçı inanacaq. Amma uşaqları inandırmaq çox çətindir.

Söhbətləşdi: Xanım Aydın
Fotolar: Rəşad Mehdiyev

banner

Oxşar Xəbərlər