• cümə, 29 Mart, 17:38
  • Baku Bakı 14°C

“Muradın nağılları” nədən danışır?

18.05.20 14:45 1492
“Muradın nağılları” nədən danışır?
Xalq yazıçısı Anarın bu günlərdə işıq üzü görmüş "Muradın nağılları” kitabını 40 illik ədəbi fəaliyyət yoluna malik olan 82 yaşlı müəllifin yaradıcılığında yeni səhifə kimi dəyərləndirmək olar. Görkəmli söz ustasının nağıllaşdırdığı bu kitabın məzmunu oxucusunu onun "Dədə Qorqud”u povestində olduğu kimi uzaq əsrlərə aparıb çıxarmasa da, dünyamızı yenicə dərk etməyə, təzə-təzə sözlər öyrənməyə başlayan balalarımız üçün elə məşhur şifahi ədəbiyyat nümunələrimiz kimi dadlı-duzlu və ovsunlayıcıdır...
"Muradnamə”, "Əlifba”, "Sayların sərgüzəşti”, "Sözü tap, yerinə qoy” və "Yuxum qaçıb” adlı bölmələrdən tərtib olunmuş əlvan tərtibatlı nəşrin hər səhifəsinin gözoxşayan olması danılmazdır. Ümumi görünüşü qədim miniatür motivləri və el sənəti tərtibatları ilə səsləşən bu səhifələrdə yer alan misralar onun balaca oxucusu üçün çox cəlbedicidir. Odur ki, balaca oxucunun yeni söz-fikir və təzə şəkil görmək arzusu ilə kitabla davamlı olaraq baş-başa qalacağı, onu vərəqləyəcəyi hiss olunandır.
Müəllifin yaxşı bələd olduğu nəticəsini oxuculara təqdimatı və onu səciyyələndirməsindəki ("Muradnamə”) ifadə sadəliyi və şirinliyi diqqət çəkir. Növbəti bölümdə ("Əlifba”) hərflər barəsində şirin nağıl danışan Anar babanın söhbəti ünsiyyət üçün önəmli olan Əlifbanın məktəblədə öyrənilməsində gözəl əyani vasitə ola bilər. Müəllifin təqdimatında rəqəmlərin "haylı-küylü” mükaliməsi ("Sayların sərgüzəşti”) də maraqla oxunur. "Sözü tap, yerinə qoy” bölümü öz balaca oxucusunu düşünməyə vadar edir. Anar babanın radiopyes kimi qələmə aldığı "Yuxum qaçıb” hekayəti ilə tanışlıq balaca uşaqların radiodan eşitdiyi, televiziyadan baxdığı tamaşanın yazılı nümunəsinin onlara maraqlı görünəcəyi birmənalıdır.
Anar müəllim bu maraqlı kitabı qız nəticəsi Muradın ilk ad gününə həsr edib. Qənaətimizcə, "RAF POLİQRAF-2017” MMC-də nəfis şəkildə çap olunmuş bu kitab həm də forma-biçiminə və məna-məzmun tutumuna görə də Azərbaycan ədəbi məkanı üçün ilkdir. Xalq rəssamı, professor Arif Hüseynovun tərtibatı ilə ərsəyə gətirilmiş bu nəşrin ümumi ruhunda nağıl ovqatı kifayət qədər duyulandır. Onun üz qabığından başlayaraq titul vərəqinə, ayrı-ayrı səhifələrə, bölümlərin başlıqlarına, eləcə də arxa səhifəsinə kimi verdiyi təribatda, çəkdiyi çoxsaylı illüstrasyalarda milli kitab mədəniyyəti ənənələrindən yaradıcılıqla bəhrələnmə, klassik yanaşmanın müasirliyə bələnmiş təqdimatı duyulmaqdadır. Odur ki, yazıçı və rəssamın bu uğurlu yaradıcı əməkdaşlığını müasir Azərbaycan kitab mədəniyyətinə layiqli töhfə saymaq olar.
Ziyadxan Əliyev


banner

Oxşar Xəbərlər