AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Münhendə tarix və siyasət dərsi: Paşinyan Əliyevin qarşısında aciz durumda

Münhendə tarix və siyasət dərsi: Paşinyan Əliyevin qarşısında aciz durumda

Siyasət
16 Fevral 2020, 20:15 1271
Regionun siyasi gündəminin əsas müzakirəsi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş panel müzakirədir.
Dünya mediasının diqqətlə izlədiyi panel Prezident Əliyevin Ermənistan Baş nazirinə tarix və siyasət dərsi keçməsiylə yadda qaldı.  Paşinyan tarixi faktları təhrif etməsi, çox zəif ingiliscəsi, həmçinin, diletant siyasi təhlili, arqumentsizliyi ilə növbəti dəfə çıxılmaz duruma düşdü.
Prezident Əliyev debat zamanı "bir qapıya oyun" taktikasından istifadə edib və siyasi diletant olan Paşinyanın arqumentlərini darmadağın edib: "Mən 19-cu əsrin əvvəllərində İrəvan əhalisinin 70 faizinin azərbaycanlılardan ibarət olması barədə danışmayacağam. Onların hər zaman danışdıqları öz müqəddəratını təyinetmə barədə fikrimi söyləyəcəyəm. Erməni xalqı öz müqəddəratını təyin edib. Onların bir erməni dövləti var. Məsləhətim budur ki, ikinci dəfə öz müqəddəratını təyin etmək üçün planetdə başqa yer tapsınlar, Azərbaycanda yox".
Onu da vurğulayaq ki, dövlət başçısı Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktına da ciddi arqumentlərlə diqqət çəkib: "Bütün erməni rəhbərləri fərqli yolla status-kvonun saxlanmasına çalışdılar. Azərbaycanlı məcburi köçkünlər öz ərazilərinə qayıtmalıdırlar. İşğal olunmuş ərazilərdəki silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar bu əraziləri əbədi saxlaya biləcəklərini düşünürlər. Heç vaxt”.
Prezident Əliyev Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakının mövqeyinə bir daha aydınlıq gətirib. Dövlət başçısı bildirib ki, bu münaqişə mərhələli şəkildə həll edilməlidir: "Ərazilərin bir hissəsi azad edilməli və məcburi köçkünlər geri qaytarılmalıdır. Dağlıq Qarabağın statusu daha sonra müəyyən edilə bilər. Status Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır".
Prezident İlham Əliyev onu da vurğulayıb ki,  Ermənistan danışıqların ən həlledici məqamında danışıqları pozmaq üçün müəyyən bəhanə axtarıblar: "Ermənistan rəhbərləri ilə danışıqlar təcrübəmdən çıxış edərək, deyə bilərəm ki, mənim cənab Paşinyanın iki sələfi ilə də danışıqları aparmaq imkanım olub. Hər zaman danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə tapıblar. Digər sözlə desək, onların hamısı status-kvonun dəyişməz olaraq qalmasını istəyiblər".
Dövlət başçısı Ermənistanın yeni siyasi rəhbərliyinin danışıqlar prosesini pozmasını da sübuta yetirib: "İndi isə Baş nazir Paşinyanın öz təklifi haqqında danışanda və söyləyəndə ki, həll variantı Azərbaycan xalqı tərəfindən qəbul edilən olmalıdır, mən buna cavab vermişəm və Azərbaycan xalqı üçün nəyin qəbul edilən olduğunu söyləmişəm. Erməni təcavüzündən əziyyət çəkmiş Azərbaycan vətəndaşları öz evlərinə qayıtmaq istəyirlər. Bu, onların fundamental hüququdur. Onlar Ermənistan rəhbərliyinə görə demək olar ki, otuz ildir bu hüquqdan məhrum ediliblər. Söhbət Dağlıq Qarabağdan getmir. Baş nazir Dağlıq Qarabağın "özünümüdafiə qüvvələrindən” danışanda, o, bir daha həqiqətə uyğun olmayan sözlər söyləyir. O, çox yaxşı bilir və mən də bilirəm ki,  "Dağlıq Qarabağ ordusu"nun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə, "Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. "Dağlıq Qarabağ respublikası” anlayışı da  yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər: Ermənistan və Azərbaycan. Dağlıq Qarabağ deyil. Nəyə görə yox? Bu, başqa sualdır. Lakin o, tərəf deyil və biz onlarla danışmayacağıq. Biz təcavüzkarla danışıqlar aparırıq. Biz Dağlıq Qarabağla danışmağa hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi maliyyələşdirməsini dayandırsın, bütün hərbi qoşunları Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin. Sonra isə bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq. Lakin nə qədər ki, onlar oradadır, bu, baş verməyəcək. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq. Ərazi bütövlüyümüz bərpa edilməlidir. İkinci hissəyə gəlincə, bu yaxınlarda biz jurnalistlərin qarşılıqlı səfərlərini təşkil etdik. Fikrimcə, bu, elə bir təcrübədir ki, biz onu qiymətləndirməliyik. Onun mənfi və müsbət tərəflərini qiymətləndirməliyik, çünki həm Ermənistan, həm Azərbaycandakı cəmiyyətin bir hissəsi bu formatı o qədər dəstəkləmədi. Lakin bu, hər iki liderin qərarı idi ki, buna bir cəhd edilsin. Biz sülh yolu ilə məsələnin həlli üçün hər bir imkanı sınaqdan keçirmək istəyirik. Erməni xalqını inandırmaq istəyirik ki, onlar daim bu cür yaşaya bilməz. Onlar bizimlə çözüm tapmalıdırlar və gələcəkdə qonşu kimi sülh şəraitində yaşamalıdırlar".
Dünya mediası bu debatda üstünlüyün birmənalı şəkildə İlham Əliyevdə olduğunu vurğulamaqla yanaşı, Paşinyan Münhendə sözlərlə manipulyasiya etdiyini yazır.  Qeyd edək ki, Paşinyan yaxın tarixi bilmədiyini növbəti dəfə sübuta yetirdi. Birincisi, Dağlıq Qarabağ  SSRİ zamanı Azərbaycana zorla birləşdirilməyib. Bu ərazilər ADR zamanı da Azərbaycanın tərkib hissəsi olub. Prezident Əliyev münaqişə barədə danışarkən beynəlxalq hüquqa, tarixi və hüquqi sənədlərə istinad edirdi. Paşinyan isə ümumiyyətlə özünü tam məlumatsız və təsadüfi bir şəxs kimi apardı, hətta arada yanında gətirdiyi kitaba müraciət etməsi də ona kömək etmədi. Ermənistan Baş nazirinin nəzərinə bir faktı çatdıraq - 1919-cu ilin avqustunda Şuşada keçirilmiş Beynəlxalq Qarabağ konfransında ermənilər özləri Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını rəsmən təsdiq ediblər.
Ölkə rəhbərinin arqumentləri qarşısında aciz durumda qalan Paşinyan növbəti savadsızlığı nümayiş etdirərək, "Dağlıq Qarabağ da Azərbaycan kimi SSRİ-nın tərkibindən çıxaraq müstəqil olub" yanaşması ilə özünü daha da çıxılmaz vəziyyətə salmış oldu. 
Ermənistana rəhbərlik edən şəxs sadə bir həqiqəti unudur ki,  Dağlıq Qarabağın SSRİ-nin tərkibindən və ittifaq müqaviləsini tərk etmək hüququ olmayıb. Digər tərəfdən, SSRİ dağıldıqdan və Azərbaycan  BMT-yə üzv olarkən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi bütün dünya tərəfindən qəbul edilib. Dağlıq Qarabağ münaqişə tərəfi deyil və Prezident Əliyevin dediyi kimi, bu ərazi Ermənistan tərəfindən işğal edilib. ATƏT-in Minsk Qrupu da məhz Ermənistanı münaqişə tərəfi kimi tanıyıb və Dağlıq Qarabağ heç bir halda danışıqlarda subyekt ola bilməz.
Müzakirələr zamanı İlham Əliyev daha bir parlaq jest etdi. Belə ki, Paşinyanın çıxışında Xocalı faciəsinin Azərbaycan tərəfindən törədilməsi ilə bağlı iddia səsləndirməsi, üstəlik, bu fikrini "gücləndirmək" üçün Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova istinad etməsinə ölkə rəhbəri olduqca tutarlı cavab verdi: "Ayaz Mütəllibov dəfələrlə Azərbaycanın Xocalı faciəsini törətməsi ilə bağlı fikir səsləndirmədiyini söyləyib". Prezident Əliyev belə iddiaların erməni jurnalistlərin fantaziyası olduğuna diqqət çəkdi. Dövlət başçısı "Xocalı faciəsini Azərbaycan törədib" yalanını Münhendə növbəti dəfə darmadağın etdi.
Müzakirələr zamanı Prezident Əliyevin vasitəçilər barədə dedikləri də media tərəfindən maraqla qarşılandı :"ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb". Prezident Əliyev çıxışında Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində mədəni irsi məhv etdiyini də diqqətə çatdırıb.
Ən maraqlı faktlardan biri də odur ki, Paşinyan debat zamanı özünü itirdi. Onun "Qafqaz Bürosu qərar çıxarmışdı ki, Qarabağ Azərbaycanın olsun" cümləsindən sonra "Üzr istəyirəm, Ermənistan" deməsini media sarkazmla qarşıladı.
Onu da vurğulayaq ki, Prezident Əliyevin Münhendəki qələbəsini Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs etiraf etdi və dəstək verdi. Qarabağ məsələsində Azərbaycanda fərqli yanaşma mövcud deyil. Bu baxımdan, Prezident Əliyev Münhendə yalnız Paşinyan üzərində  qələbə qazanmadı, eyni zamanda dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı Əliyevi və onun siyasətini dəstəkləyir, ölkədə Qarabağla bağlı Prezidentin prinsipial mövqeyinə siyasi mənsubiyyətindən asılı olmayaraq birmənalı dəstək və həmrəylik var. Daxili çəkişmələrdən əzab çəkən Ermənistan üçün bu amil də böyük önəm kəsb edir. Yekdillik nümayiş etdirən Azərbaycana qarşı parçalanmış Ermənistanın duruş gətirməsi imkansızdır.

APA