• cümə axşamı, 25 aprel, 17:14
  • Baku Bakı 23°C

Mundialda himnimizin beş dəfə səsləndirilməsi qürurverici idi

15.11.18 13:30 691
Mundialda himnimizin beş dəfə səsləndirilməsi qürurverici idi
Builki dünya çempionatı pauerliftinq idmanının vətəni ABŞ-da təşkil olunmuşdu. Çempionat Florida ştatının Orlando şəhərində WPC (Dünya Pauerliftinq Konqresi) versiyası üzrə keçirildi. İki ildən bir Amerikanın ev sahibliyi etdiyi bu turnir həm də WPC-nin 35 illik yubileyinə həsr edilmişdi. Yarışda Misir, Kanada, İngiltərə, Almaniya və digər ölkələrdən güclü atletlər birincilik uğrunda mübarizə aparırdılar. Əsas rəqibimiz isə İngiltərədən olan idmançılar idi.
Bu sözləri pauerliftinq üzrə dördqat dünya, üçqat Avropa və 11 dəfə Azərbaycan çempionu olan idman ustası və fitnes üzrə təlimatçı məşqçi Zaur CəfərovAZƏRTAC-a məxsusi müsahibəsində deyib.
"Mundialda 14 güclü rəqibə qarşı mübarizə aparıb çempionatın qalibi olmağı bacardım. Azərbaycandan altı idmançı ABŞ-a yollanmışdı. Onlardan 5-i qızıl medal qazandı. Bir atletimiz isə zədələndiyi üçün mübarizəni dayandırdı”, - deyə Z.Cəfərov bildirib.
Dünya çempionatında saat fərqi və qidalanma ilə bağlı çətinliklərdən danışan idmançımız uyğunlaşma prosesinin ağır olduğunu vurğulayaraq deyib: "Bütün bu çətinliklərə baxmayaraq, əzmkarlıq nümayiş etdirib üçrəngli bayrağımızı dalğalandırdıq. Sinədən sıxma hərəkətində 275 kiloqramlıq nəticə göstərdim və bu, növbəti çempionluğum üçün yetərli oldu. Azərbaycan Respublikasının dövlət himninin ardıcıl beş dəfə ABŞ-da səsləndirilməsi çox qürurverici idi. Bu uğura ciddi hazırlıq sayəsində nail olduq. Çempionata Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin və baş məşqçi Şəmsi Bayramovun rəhbərliyi ilə ciddi hazırlaşmışdıq. Təlim-məşq toplanışında federasiya tərəfindən bizim üçün hər cür şərait yaradılmışdı”.
Dördqat dünya çempionu olmasının qarşıdakı yarışlarda məsuliyyətini daha da artırdığını vurğulayan Z.Cəfərov növbəti yarışlara hazırlıq prosesindən də danışıb: "Gələn ilin martında respublika çempionatına qatılacağam. Çempionat irimiqyaslı turnirlərə təsnifat xarakteri daşıyacaq. Həmçinin ölkə çempionatında milli komandanın heyəti formalaşdırılacaq. Həmçinin iyunda İrlandiyada qitə birinciliyində, noyabrda isə Finlandiyada dünya çempionatında yenidən gücümü sınayacağam”.
Pauerliftinq idmanında dözümlülükdən daha çox, fiziki gücün əsas götürüldüyünü qeyd edən dördqat dünya çempionu deyib ki, idmançı çıxışı zamanı hər hərəkəti bir dəfə icra edir. İdmanın bu növündə bədən quruluşu da vacib hesab olunmur. Əsasən 20-25 yaşadək gənclər pauerliftinqə cəlb edilirlər. Dünyada olduğu kimi, ölkəmizdə də idmanın bu növünə böyük maraq var. Dəfələrlə dünya rekordunu yeniləyən idmançılarımız var. Mütəmadi olaraq, idmançılarımız beynəlxalq yarışlardan medallarla qayıdırlar. Bakı ilə yanaşı, Gəncədə, Qubada, Şamaxıda və digər bölgələrdə də pauerliftinq zalları fəaliyyət göstərir. Bu idman zalları lazımi avadanlıqla təchiz olunub. Artıq iki ildir ölkəmizdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir keçirilir. Çox şadam ki, hər iki turnirdə fəxri kürsünün ən yüksək pilləsində yer almışam.
Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısının atletlərimizi daha böyük qələbələrə ruhlandırdığını deyən Z.Cəfərov Azərbaycan Prezidenti İlham Əliyevin həmişə idmançıları və onların sosial vəziyyətinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxladığını bildirib. Qeyd edib ki, pauerliftinq qeyri-Olimpiya idman növü olsa da, irimiqyaslı yarışlarda qalib gələn idmançılarımız respublikamızda Olimpiya çempionu kimi qarşılanırlar. Bu isə idmançılarımızı yeni qələbələrə həvəsləndirir. Hər bir idmançı kimi, mənim də ən böyük arzum növbəti qələbələrimi Qarabağda qazanmaqdır.
Qeyd edək ki, ABŞ-da keçirilən dünya çempionatında Zaur Cəfərov, Famil Məhərrəmov, Rövşən Xəlilov, Pərvin Quliyev və Hafiz Verdiyev bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar.
banner

Oxşar Xəbərlər