• çərşənbə, 24 Aprel, 04:06
  • Baku Bakı 14°C

Muncuq, mirvari, daş-qaş... - Fotolar

17.11.14 10:27 12757
Muncuq, mirvari, daş-qaş... - Fotolar
Muncuqlar, mirvarilər, xalça naxışları ilə işlənmiş keramika və şüşə qablar, ağac üzərində işləmələr, toxuculuq, kiçik xalçalar... Festivalda sərgilənən bütün işlərə əl əməyi, göz nuru sərf olunub. Üstəlik digərlərindən fərqli olaraq bu festivala giriş pulsuzdur və xeyriyyə məqsədi daşıyır.
Söhbət Bakıda keçirilən ikinci əl işləri festivalından gedir. “Bəzək” Yaradıcı İnsanlar Birliyinin təşkilatçılığı baş tutan festivalda diqqət çəkən məqam hazırlanan bütün əl işlərinin “Azərbaycan xalçaları”nın motivləri əsasında olmasıdır.
Biz də əl işləri ilə tanış olmaq və yaradıcı insanlarla söhbətləşmək üçün festivalın keçirildiyi “Kapelhaus” Azərbaycan-Alman Mədəniyyət Mərkəzinə yollandıq.
Göz qamaşdıran işlər
Festivalda sərgilənən əl işləri göz qamaşdırır. Üstəlik burada hər yaşda insana rast gəlmək mümkündür. Əl əməyinə olan sevgi və maraq hər yaşdan iştirakçını festivala toplayıb. Sərginin ən gənc iştirakçısı 20 yaşında qız ən yaşlısı isə 84 yaşlı qadın idi.
Festivalda insanları gülərüzlə qarşılayan sərginin təşkilatçıları Könül Allahverdiyeva və Təranə Cəfərovaya yaxınlaşdıq. Təşkilatçılar bildirdilər ki, artıq festival ikinci dəfə təşkil olunur: “Birinci tədbir iyun ayında təşkil olunub. Əl işləri həm iştirakçılar, həm də festivala təşrif gətirən insanlar tərəfindən maraqla qarşılandı. Ona görə qərara gəldik ki, bir neçə ay keçəndən sonra festivalı yenidən təşkil edək. Birinci festivaldan fərqli olaraq, ikincidə konkret mövzu müəyyənləşdirdik. Yəni hər bir iştirakçının təqdim etdiyi əl işlərində Azərbaycan xalçalarının motivləri olmalıdır. İncəsənət və yaradıcılığa olan sevgi müxtəlif peşə və dünyagörüşə malik insanları bu festivalda birləşdirdi”.
Xanımların gözəl dünyası
Təranə xanım deyir ki, festivalın təşkil olunmasında məqsəd Azərbaycan xanımlarının gözəl dünyasını cəmiyyətə göstərməkdir: “Azərbaycan xanımlarının gözəl əl qabiliyyəti var. Xüsusilə regionlarda yaşayan xanımlarımız o qədər gözəl sənət inciləri yaradır ki, onlar yalnız evlərinin rəflərində lazımsız bir əşya kimi qalır. Lakin, belə xanımları cəmiyyətə təqdim etmək, onlarda özlərinə inam yaratmaq lazımdır ki, toxuculuq, bər-bəzək kimi bizə miras qoyulan Azərbaycan mədəniyyəti, incəsənəti, inkişaf etdirilsin”.
Festivalda diqqət çəkən stendlərdən biri Günay Hidayətovaya məxsus idi. 23 yaşlı gənc sənətkar Şəkidə yaşayır və bijuteriya, muncuqdan işləmələr, müxtəlif cür tikişlərlə tablolar düzəldir. Gənc qızların bijuteriyalara maraqları olduğu üçün onların əksəriyyəti Günayın “başına” toplaşmışdı: “Yaşımın az olmasına baxmayaraq 10 ilə yaxındır ki, bu işlə məşğul oluram. Bakı sakinləri əl işlərini almaqda o qədər də həvəsli deyillər. İnsanlar müxtəlif peşə sahiblərinin hazırladığı əl işlərinə biganə yanaşırlar. Biz burada böyük məhəbbətlə öz əllərimizlə hazırladığımız işlərimizi sərgiləyirik. Hər kəsə göstərmək istəyirik ki, bu işin öhdəsindən Azərbaycan xanımları da zövqlə gələ bilər. Bizim üçün vacib olan təkcə işlərimizin satılması deyil. Önəmli olan Azərbaycanda dekorativ-tətbiqi incəsənətin inkişafı və populyarlaşmasıdır”.
“Ruhum təzələndi”
Festivalı izləməyə gələn Günel deyir ki, sərgi onun ruhunu təzələdi: “ Əl işləri, yaradıcılıq, sənət mənim üçün çox önəmlidir. Həyatda iki tükənməz və hər yerdə keçərli olan xoşbəxtlik mənbəyi varsa biri sevgi, digəri yaradıcılıqdır. Bugünkü festivalda bir-birindən maraqlı, zövq oxşayan sənət nümunələri, səmimi ortam, gülən simalar gördüm. 84 yaşlı qar kimi bəyaz saçları olan bir xanımın öz işini böyük bir sevgi ilə nümayiş etdirməsi mənə həqiqətən təsir etdi. Burada bildim ki, sənətin yaşı yoxdur. Bu festival ruhumun təzələnməsinə zəmin yaratdı. Sənət kimi bir gün keçirdim”.
Festivalda öyrəndik ki, buradan əldə olunan gəlir psixiatriya xəstəxanasında müalicə alan istedadlı, bacarıqlı insanlar üçün yeni ləvazimatlar alınmasına xərclənəcək. Burada əsas məqsəd xəstə olmasına baxmayaraq istedadlı insanları bu yöndə həvəsləndirmək və onların əl işlərini də cəmiyyətə tanıtmaqdır.
84 yaşlı sənətkar
84 yaşlı Zərifə nənənin sənət eşqi hamını heyrətə gətirirdi. Festivala ipəkdən düzəldiyi əl işlərini təqdim etmək üçün gələn həmsöhbətimiz deyir ki, gözünün nurunu itirənə qədər bu sənətlə məşğul olacaq və onu tanıdacaq. Şəklinin çəkilməsini istəməyən Zərifə nənənin əsas məqsədi onun işlərinə qiymət verilməsidir: “Qızım, 84 yaşım var. Uzun illərdir bu işlə məşğul oluram. İpək parçaların üzərində işləmələr edirəm. Əl işi sənəti bizə babalarımızdan qalıb onu qoruyub gələcək nəsillərə də öyrətməliyik. Bu yaşdan sonra şəklimin internetə düşməsini istəmirəm(gülür- A.Ə). Mənim məqsədim ilham aldığım, sevə-sevə məşğul olduğum bu peşəni gənc nəsilə aşılamaq və onlara nə isə öyrətməkdir”.
Sərgidən özünə və yoldaşlarına müxtəlif hədiyyələr alan Sevinc deyir ki, burada sərgilənən işlərdə həqiqətən böyük zəhmət və əl əməyi var: “İnanın sərgi mənim gözlərimi qamaşdırır. Bu insanlar əsl sənətkardırlar. Mənim onlardan aldığım əl işlərinin hesab edirəm ki, qiyməti yoxdur. Hər bir əl işi onlar üçün doğma uşaq kimi əzizdir. Çünki buna əl əməyi, göz nuru sərf olunur”.
Əl işlərinin qiyməti yoxdur
Festivaldakı işlərə baxdıqda görürük ki, onlar zərif əlləri ilə möcüzələr yaradır. Bu gün məişətdə işlətdiyimiz əşyalardan, sınıq şüşələrdən, ağacdan, taxtadan, müxtəlif parçalardan, balıq qulağından, bağ-bağçada istifadə olunan toxumlardan, mamırdan belə, sözün əsl mənasında, sənət əsərləri yaradıblar. Yaratdıqları əsərlər gözləri oxşayır, könülləri sevindirir. Lakin, iştirakçılar əl əməyinə lazımi qədər qiymət verilməməsindən şikayətlənirlər: “İnsanlar müxtəlif peşə sahiblərinin hazırladığı əl işlərinə biganə yanaşırlar. Ona görə də onların satışı çox aşağı səviyyədə olur. Bizim işlərimizlə tanış olanların bəziləri düşünür ki, bu baha qiymətə satılan hansısa çin malıdır. Bəziləri də düşünür ki, əgər bu işlər əllə hazırlanıbsa, deməli keyfiyyətsizdir. Üçüncülər isə fikirləşir ki, bizim işlərimiz çox bahadır. Onlar bilməlidir ki, əl əməyi sərf olunan işlərin qiyməti olmur. Bunun səbəbi isə dekorativ-tətbiqi incəsənətlə məşğul olan insanlar barədə informasiyanın olmamasıdır”.
Qeyd edək ki, 2 gün davam edən festivalda giriş pulsuz olub və 40 sənət adamının əl işləri nümayiş edilib.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər