• cümə, 19 Aprel, 13:49
  • Baku Bakı 25°C

Münaqişənin Füzuli rayonuna ziyanı

22.05.14 15:32 1233
Münaqişənin Füzuli rayonuna ziyanı
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Münaqişənin insan faktoruna vurduğu ziyanla bağlı tədqiqatların davamlı aparılması” layihəsini həyata keçirir. Layihə çərçivəsində işğal faktı nəticəsində insan resurslarına dəymiş ziyan araşdırılıb.
İB rəhbəri Əkrəm Bəydəmirlinin “Kaspi”yə verdiyi məlumata görə, layihənin həyata keçirildiyi müddətdə Füzuli rayonundan olan məcburi köçkünlərə və ümumilikdə rayona bir çox sahələrdə Ermənistanın işğalı nəticəsində vurduğu ziyan araşdırıldıqdan sonra toplanmış faktlar nəticəsinə hesabat hazırlanıb.
Belə ki, Füzuli rayonuna müasir qiymətlərlə aparılan indeksləşməyə uyğun olaraq, ümumilikdə işğal nəticəsində dəymiş zərərin məbləği 12 milyard manatdan artıqdır. “Araşdırmalar nəticəsində məlum olub ki, Füzuli rayonunun işğalı nəticəsində 21 il müddətində itirdiklərimiz 10 milyard manata yaxındır. İlkin hesablamalara görə, həm işğal nəticəsində və ümumilikdə işğaldan ötən 21 il müddətində ziyanın həcmi təxminən 22 milyard manatdan artıqdır”. İB rəhbərinin bildirdiyinə görə, rayon ərazisində mövcud olan qəbiristanlıqların, tarixi abidələrin, torpaq sahələrinin hesablanması hələ ki, tam başa çatmayıb. “Gələcəkdə bu sahə daha geniş araşdırılıb qiymətləndirildikdən sonra bu rəqəmlər şübhəsiz ki, 30 milyard manatı keçəcək. İşğal faktı Füzuli rayon iqtisadiyyatını 40-50 il geri salıb”.
İB sədri Füzuli rayonun səhiyyə strukturlarının verdiyi məlumat əsasında rayonda həmin ərazi üçün xarakterik olmayan şəkər xəstələrinin sayında artımın sürətlə davam etdiyini diqqətə çatdırıb. Belə ki, il ərzində bu artım tendensiyası həmin ərazidə yaşayan əhalidə 400-500 nəfər təşkil edir. Ürək-damar xəstəliklərinin artım sayı il ərzində 500 nəfərə yaxındır. Əsəb xəstəliklərinin artım tempi isə il ərzində rayon əhalisinin sayına görə, 20 faizdən artıqdır: “Bu münaqişə azyaşlı uşaqlarda da bir sıra fəsadlar yaradıb. Uşaqlarda ən çox nevroloji xəstəliklərdə xeyli artım var. Hazırkı dövrdə dünyaya gələn uşaqların 30 faizində bu xəstəlik müşahidə olunmaqdadır. Bundan əlavə məcburi köçkün uşaqlarının, yəni işğaldan əvvəl öz rayonunda doğulan və sonradan Bakı və ətraf qəsəbələrdə yaşayan məcburi köçkün uşaqlarında adaptasiya çox çətin olub. Məlumatlara görə, öz yaşayış yerini dəyişdiyinə görə, hər 10 uşaqdan 7-də müxtəlif xəstəliklər aşkar olunub”. İB sədrinin sözlərinə görə, qaçqın və məcburi köçkün uşaqların fiziki inkişafın müayinəsi nəticəsində alınmış göstəricilərin əsasında hormonal fiziki inkişafın proqnozlaşması aparılıb. Belə ki, vaxtı ilə çadır şəhərciyində yaşayan azyaşlılarda kəskin dishormonal inkişafın ehtimalı orta hesabla 39,4% təşkil edib, şəhər şəraitində yaşayan, yəni məcburi köçkün olmayan azyaşlılarda bu rəqəm 12,8% təşkil edib.
Füzuli rayonu ərazisində 190 mədəniyyət müəssisəsinə ciddi ziyan dəydiyini qeyd edən İB sədri bu gün işğal altında qalan Füzulinin 700 kv. km ərazisinin ermənilər tərəfindən yandırıldığını bildirib: “Bu torpaqlarda təxminən 200 hektar meşə fondu tamamilə məhv edilib. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırıb. Təəssüf ki, indi bu, qiymətli sərvətlər ermənilər tərəfindən məhv edilməkdədir”.
İB sədri müharibə nəticəsində insan faktoruna vurulan zərbənin öyrənilməsi və günahkar tərəfdən zərərçəkənlərə kompensasiyaların ödənilməsi ilə bağlı dünyada müxtəlif təcrübələrin olduğunu da diqqətə çatdırıb.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər