Ümumidən konkretliyə: Peşə məktəblərinin ixtisaslaşması nə verəcək?
Peşə təhsili illər öncə aktual olsa da, son dövrlər
bu sahəyə maraq demək olar ki, yox səviyyəsində idi. Heç peşə məktəblərinin fəaliyyəti
də əhalinin marağına səbəb olacaq səviyyədə deyildi. Amma son proseslər
qeyri-neft sahələrinin inkişafının vacibliyini ortaya qoydu. Bu sektorda
inkişafa nail olmağın əsas səbəblərindən biri də ixtisaslı peşə kadrlarının
olmasıdır.
Peşə təhsilinin təkmilləşdirilməsi ilə bağlı müəyyən
işlərin görülməsinə artıq başlanılıb. Onlardan biri də peşə məktəblərinin
ixtisaslaşdırılması ilə bağlıdır. Artıq Nazirlər Kabinetinin qərarı ilə indiyədək
mövcud olan peşə liseylərinin bazasında peşə təhsil mərkəzləri yaradılıb. Bu qərarla
peşə təhsil mərkəzləri ayrı-ayrı ixtisaslar üzrə kadrlar hazırlayacaq. İndiyə qədər
isə hər bir peşə təhsili müəssisəsində müxtəlif peşələr üzrə kadrlar
hazırlanırdı. Peşə təhsil mərkəzləri yalnız bir qrup ixtisas üzrə təhsil verəcək,
hər biri bir sahə üzrə ixtisaslaşacaq.
Dövrün tələbi
- peşə məktəblərinin birləşdirilməsi
Təhsil
eksperti Əjdər Ağayev"Kaspi”yə açıqlamasında bildirdi ki, peşə ixtisası ilə bağlı bu gün vəziyyət
tamamilə dəyişib. O mənada ki, indi məsələlərə kompleks yanaşmaq lazımdır: "Bizim
köhnədən aşıladığımız texniki biliklər - maşının idarə edilməsindən tutmuş, hər
hansı işin tətbiqinə qədər hər şeyi texniki vərdişlərlə həll etmək aradan çıxıb.
İndi eletron sistemlər meydana gəlib. Düzdür, texnika, texniki biliklər də
lazımdır. Amma elektron sistem bir çox məsələləri birləşdirir. Elektron sistemdən
istifadə bacarıqları formalaşdırmaq lazımdır. Bu bütün peşə sahiblərinə
lazımdır”.
Ə.Ağayevin sözlərinə görə, peşə məktəblərinin birləşdirilməsi
həm də bir tələbatdan irəli gəlir: "Zamanın, dövrün, eyni zamanda təsərrüfat, sənayenin
tələbi olaraq peşə məktəbləri birləşdirilir, hər region üzrə strateji əhəmiyyətli
bir peşə məktəbi yaradılır. Peşə məktəbi müxtəlif ixtisaslar üzrə ali məktəb
tipinə bənzər, amma peşə təhsili səviyyəsində çevik peşə kadrları hazırlamaq məqsədi
daşıyır. Birləşdirilmə buna görə aparılır. Azərbaycanda yerli sənayenin və
yerli kənd təsərrüfatının inkişafı üçün bunun rolu böyükdür. Bu ixtisaslaşmada
regionun xüsusiyyətləri, təsərrüfat sahələri nəzərə alınır. Cənub zonası
subtropik bölgə olduğu üçün həmin ərazidəki peşə məktəbinin ixtisaslaşması da
subtropik sahələrlə, çayçılıqla bağlı olmalıdır. Təsərrüfatın zonalara görə
aktuallığını nəzərə alaraq həmin zonalarda birləşmiş peşə məktəbləri yaradılır.
Bu məsələ bir neçə ay bundan əvvəl qaldırılıb.
Regionlarda həmin məktəblərin mərkəzləşdirilmiş
metodik orqanları da olacaq ki, həm metodik bilgilər, həm də bacarıqlar
aşılansın. Çünki peşə məktəblərində nəzəri bilik ümumiyyətlə verilir. Amma
sonra hər şey bacarıqlardır. Onlar istər təsərrüfatlarda lazım olan mexanizmlərdə,
istərsə də innovasiyaları tətbiq etmək imkanı olan elektron sistemlərdə işləməyi
bacarmalıdırlar. Ona görə məktəblər birləşdirilib gücləndirilir, Azərbaycan
iqtisadiyyatının tələbatını ödəməyə xidmət edir. Bu, zamanın tələbidir, məktəblərin
fəaliyyətinin zəifliyi demək deyil. Bu, peşə təhsilinin zamanın, dövrün tələbinə
uyğun yeni mərhələyə keçididir”.
Kadrları
hazırlayacaq kadrlar varmı?
İxtisaslaşmış peşə məktəblərində tədrisi aparmaq
üçün kadr məsələsinə gəlincə, ekspert bildirdi ki, hələ ki bu problem ali təhsil
müəssisələrində belə tam həll olunmayıb: "Nəinki peşə məktəblərində, ali məktəblərin
özündə də yüksək ixtisaslı, müasir tələblərə cavab verən kadrlar azlıq təşkil
edir. Hər yerdə kadrların demək olar ki, 40 faizi müasirləşməyib, köhnə
texnikadan istifadə edirlər. Tutaq ki, bəzi məktəblərdə əmək təlimində dərs İKT,
kompüter, ağıllı lövhələrdən istifadə etməklə, bəzilərində isə balta, çəkiclə
aparılır. İkinci də lazımdır. Amma bu gün əsas texnologiyanı bilmək vacibdir.
Kadrlar birdən-birə istənilən səviyyədə yarana bilməz. Amma belə bir layihə
varsa, müvafiq ali təhsil müəssisələri peşə məktəbləri üçün ixtisaslı kadrlar
da hazırlamalıdır. Bu gün edilən dəyişiklik hər şeyin həll olunması demək
deyil. Bu, körpə doğuşuna bənzəyən bir məsələdir. Zamanla böyüməlidir. İldən-ilə
yeni keyfiyyətlər qazanılmalı, formalaşmalıdır. Yəqin ki, hökumət də bu müəssisələrin
kadrla təminatı haqqında fikirləşir”.
"Peşə məktəblərinin
ixtisaslara bölünməsi vacib idi”
Təhsil
eksperti Kamran Əsədov hesab
edir ki, bu ixtisaslaşmanın aparılması vacib idi: "Çox aktual mövzudur və
vaxtında atılmış addımdır. Peşə məktəbləri elə bir sahədir ki, əslində Təhsil
Nazirliyinə tabe olacaq qurum deyil. Bir neçə ay bundan əvvəl ölkə rəhbərliyi
peşə xidməti ilə bağlı Təhsil Nazirliyinin tərkibində peşə idarəsinin
yaradılması ilə bağlı sərəcam imzaladı. Yəni ayrıca bir quruma çevrildi. Sovet dövründə
Azərbaycandakı peşə məktəbləri ilə müstəqillikdən sonrakıları müqayisə edək. Bu
gün Azərbaycanda 107-yə yaxın peşə məktəbi var. Amma onların fəaliyyəti heç 2-3
peşə məktəbi kimi görünmür. Əslində peşə məktəblərinin ixtisaslara bölünməsi
vacib idi. Təsəvvür edin, hər hansı peşə məktəbində həm dülgər, həm zərgər, həm
də tikiş sahəsi üzrə müxtəxəssis hazırlanır. Burada daha peşəkar yanaşma ola
bilməz. Məsələn, qonşu Türkiyədə, tədqiqat apardığım Avropa ölkələrində hər bir
peşə məktəbi müəyyən bir istiqamətdə ixtisaslaşıb. Tutaq ki, bir saylı peşə məktəbi
ancaq dülgər, o biri tikinti üçün usta hazırlayır. Ölkə üzrə həmin istiqamətdə ən
yaxşı mütəxəssislər oraya cəlb edilir. Amma bizdə czərgərlik üzrə yaxşı mütəxəssislərin
biri bir peşə məktəbindədir, digəri başqasında. Onlar öz faydalarını yarımçıq şəkildə
tələbələrə verirlər. Amma onların bir yerə cəmlənməsi nəticənin keyfiyyətli
olmasına gətirib çıxaracaq”.
K.Əsədov deyir ki, peşə məktəblərinə marağın cəlb
edilməsi lazımdır: "Son ilin statistikasına görə, Azərbaycanda ali məktəblərə sənəd
verənlərin sayı 85 min nəfər idi. Ondan əvvəlki illərdə 90, 100 minə yaxın məktəbi
bitirmiş şəxs ali məktəblərə qəbul olmaq üçün sənədlərini vermişdi. Amma peşə məktəblərinə
sənəd verənlərin sayı 3000 nəfərdir. Nə qədər böyük fərq var. Halbuki dünya təcrübəsində
peşə məktəblərinə maraq ali məktəblərlə bərabər səviyyədədir. Hətta bəzi
hallarda peşə məktəbləri daha üstünlük təşkil edir. Ona görə də təkcə
ixtisaslar üzrə qruplaşdırmaq yox, həmçinin ali məktəblərə qəbul plan yerini
azaldıb, daha çox yeri peşə məktəblərinə vermək lazımdır. Çünki real iş
yeridir. Bunu izah etmək, maarifləndirici işlər aparmaq lazımdır”.
"Maddi-texniki
bazası çox zəif olan peşə məktəbləri var”
Ekspertin sözlərinə görə, maddi-texniki bazası zəif
olan peşə məktəblərində bu istiqamətdə işlər görülməsinə ehtiyac var: "Təhsil Nazirliyi
və ölkə rəhbərliyi tərəfindən peşə məktəblərinin yenidən qurulması, bərpası,
tikintisi ilə bağlı ciddi işlər aparılır. Amma hazırda maddi-texniki bazası çox
zəif olan peşə məktəbləri var və onlar yenilənməlidir. Çünki avtomobil ustası
kadrı hazırlayan peşə məktəbinin avtomobilə aid heç bir ləvazimatı, texniki
avadanlıqları yoxdur. Amma kağız üzərində qəbul aparılır, dərs keçilir və dövlət
vəsaiti bura cəlb olunur. Ona görə də hesab edirəm ki, bu sahələr üzrə
ixtisalaşma olsa, onların maddi-texniki bazası düzəlsə, biz sovet dövründə
gördüyümüz, istehsalatda lazım olan kadrları ali məktəblər yox, peşə məktəbləri
qısa müddətdə daha effektiv hazırlaya bilər. Bu gün maşınqayırma, cihazqayırma
kimi ixtisasları üzrə kadrları ali məktəblər hazırlayır. Amma bunlar peşə
yönümlü məktəblərin ixtisaslarıdır. Qısa müddətdə, mobil şəkildə praktika üzərində
işləmək lazımdır.
Bu gün ali məktəblərdə gəmirqayırma və s. kimi
texniki ixtisaslarda sadəcə nəzəriyyə keçilir. Təcrübə ortada yoxdur. İşə qəbul
zamanı da onlar yüksək effektli kadr vermir. Son günlər ərzində peşə məktəblərinin
ixtisaslara bölünməsi yolunda atılan addımlar bu sahənin inkişafına gətirib
çıxaracaq. Xarici mütəxəssislər cəlb olunaraq dünya təcrübəsini burada istifadə
edəcəklər. Hesab edirəm ki, Təhsil Nazirliyi və aidiyyatı qurumlar mütəxəssisləri
cəlb etməlidirlər”.
K.Əsədov onu da bildirdi ki, dünya təcrübəsində
olan daha bir mexanizmin ölkəmizdə də tətbiq olunmasını istəyir: "Peşə məktəbləri
Təhsil Nazirliyinə yox, Əmək və Əhalinin Sosial Müdafiəsi və ya İqtisadiyyat
nazirliklərinə - birbaşa əmək bazarına yönəlmiş qurumlara tabe olmalıdır. Bizə
elə gələ bilər ki, təhsil verən bütün qurumlar Təhsil Nazirliyinə tabe
olmalıdır. Xeyr. Burada kadr hazırlanır. Kard hazırlığı daha çox əmək bazarı ilə
işləyən qurumların təklif və tələbləri əsasında formalaşmalıdır. Hesab edirəm
ki, növbəti atılacaq vacib addımlardan biri də bu olacaq”.
Aygün Asimqızı